Məhkəmə qərarları › İş №2(012)-2655/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2655/2021

18.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2655/2021 18.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair mülki işə 18 may 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında 28 aprel 2020-ci il tarixdə bağlanmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 28 aprel 2020-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Onlar 2019-cu ilin dekabr ayında el adət-ənənəsi ilə nişanlanmışdır. Hər ikisinin məqsədi el adəti ilə toy etmək olsa da, mövcud pandemiya ilə bağlı olaraq toy şənliyini keçirmək mümkün olmamışdır. Bu səbəbdən də iddiaçı cavabdehə toysuz gəlin köçməyi təklif etsə də, cavabdeh bundan imtina etmişdir. Nikahları qeydə alınsa da, faktiki olaraq onlar ailə münasibətlərində olmamışdırlar. Qeyd edilənlərə əsasən iddiaçı hazırda onlar arasında olan nikahın məhkəmə qaydasında etibarsız hesab edilməsi tələbi ilə müraciət etmişdir. Cavabdehin buna etirazı yoxdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh da iddia tələbini qəbul etdiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki iş materiallarında olan 392481 №-li nikah haqqında şəhadətnamədən müəyyən edilir ki, İddiaçı və X1 arasında Sumqayıt «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində 28 aprel 2020-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 741 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Zahidova” soyadı verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2-ci maddəsinə əsasən nikah qadınla kişinin könüllülüyü əsasında bağlanılır. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən bu Məcəllənin 28.5-ci, 28.6-cı və 28.7ci maddələri ilə müəyyən olunmuş hallar istisna olmaqla etibarsız hesab edilmiş nikah ərarvadın qarşılıqlı hüquq və vəzifələrini yaratmır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı və cavabdeh rəsmi nikaha daxil olsalar da, faktiki ər-arvad münasibətlərində olmamışlar.Onların ailə qurmaq niyyətləri yoxdur, nikah formal xarakter daşıııııyır. Hazırda iddiaçı nikahın etibarsız hesab edilməsini iddia edir. Cavabdehin buna etirazı yoxdur. Beləliklə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında Sumqayıt «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində bağlanmış 28 aprel 2020-ci il tarixli, 741 nömrə ilə qeyd edilmiş nikah etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı və Cavabdeh arasında Sumqayıt «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində bağlanmış 28 aprel 2020-ci il tarixli, 741 nömrə ilə qeyd edilmiş nikah etibarsız hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar