Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2657/2021 31.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Abaszadə Sevda Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi X5, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müalicə, müayinə və cərrahiyyə əməliyyatı üçün çəkilmiş 4968,54 manat maddi, 5 min manat mənəvi ziyan olmaqla cəmi 9968,54 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X7 iddia ərizəsini müdafiə edərək onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə 27.10.2019-cu il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından 18.10.2020-ci il təvəllüdlü X3 anadan olmuşdur. Cavabdehin ailəyə yaraşmayan hərəkət və ya hərəkətsizlikləri üzündən iddiaçı cavabdehlə faktiki olaraq ayrılmış, hamiləlik dövründən bu günə kimi hətta uşaq anadan olduqdan sonra iddiaçı bir azyaşlı qızı ilə birlikdə valideynlərinə məxsus evdə yaşamağa başlamışdır. Hazırda da iddiaçının qızı onun himayəsində qalmaqla uşağın saxlanılmasını valideynlərinin maddimənəvi köməkliyi ilə əldə edilmiş gəlir hesabına təmin edir. Tərəflər faktiki ayrı yaşamağa başladıqları dövrdən sonra iddiaçının hamiləliyi dövründən bu günə kimi, həmçinin azyaşlının saxlanılması üçün cavabdehdən nə aliment tutulmuş, nə də ki, uşağın saxlanılması üçün cavabdeh heç bir maddi və mənəvi tələbatlarla təmin etməmişdir. Hamiləlik dövründə də uşaq dünyaya gəldikdən sonra da bütün müayinə və müalicə xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh bir dəfə də olsun azyaşlı qızına baxmır və ona və iddiaçıya qarşı çox laqeyd və naqis münasibətlər göstərir. Dəfələrlə uşağın maddi cəhətdən təmin edilməsini cavabdehdən tələb etsələr də cavabdeh pulunun olmadığını və ya “Pul vermirəm” ifadələrini işlətməklə öz vicdanlılıq, atalıq borcunu yerinə yetirməkdən bu və ya digər yollarla imtina etmişdir. Cavabdeh dəfələrlə mütamadi şəkildə iddiaçını və valideynlərini söyüb təhqqir etmiş, əsassız yerə iddiaçını döymüşdür. Bu vaxta qədər bütün müayinə və müalicə xərclərini iddiaçının valideyinləri həyata keçirmişdir. İddia ərizəsinə əlavə edilmiş arayış və qəbzlərdə istənilən xeyli miqdarda ödənilən pullar valideynləri tərəfindən ödənilmişdir. Belə ki, keysəriyyə əməliyyatı üçün 1100 manat, müxtəlif tarixlərdə müayinələr üçün 02.09.2020-ci ildə 167,36 manat, 15.09.2020-ci ildə 36.32 manat, 06.10.2020-ci ildə 29,86 manat, 25.09.2020-ci ildə dörd ədəd qəbzlə 90 manat, 11.05.2020-ci ildə üç ədəd qəbzlə 222 manat, 24.07.2020-ci ildə iki ədəd qəbzlə 33 manat, 30.10.2020-ci ildə bir ədəd qəbzlə 30 manat, 31.08.2020-ci il tarixli beş ədəd qəbzlə 151 manat, 19.06.2020-ci ildə üç ədəd qəbzlə 109 manat və s. Qəbzlərlə göstərilənlər əsasında cəmi 2168,54 manat əməliyyat və müayinə müalicə üçün xərcləri çıxmışdır. Bundan başqa müxtəlif vaxtlarda həkim təyinatlarına görə resept əsasında xeyli miqdarda dərman preaparatları almaqla, maddi və mənəvi ziyanlara düşmüşdür. Uşağa və iddiaçıya qarşı cavabdehin biganəliyi iddiaçını çox güclü ruhi sarsıntılara məruz qoymuşdur. Dərman preparatlarına isə təxminən bu aylar ərzində 2800 manat olmaqla cəmi 4968,54 manat maddi ziyana düşmüşdür. Ona görə də cavabdehin hərəkətləri üzündən iddiaçı mənəvi iztirab və streslərə məruz qaldığından hesab edir ki, mənəvi ziyanlar da ödənilməli, təxminən 5000 manat həcmində mənəvi ziyanlar cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Eyni zamanda bildirir ki, cavabdeh birgə nikahlarından olan uşağı ilə maraqlanmamış, uşağın üzünü bir dəfə də olsun görməmişdir. Uşaq doğulan gündən anası ilə birlikdə onun himayəsindədir. Azyaşlı uşaq tərəflərin birgə nikahlarından dünyaya gəlmişdir, tərəflərin nikahı aprel ayında pozulmuş, iş üzrə qətnamə çıxmış, lakin hələ qanuni qüvvəsini almamışdır. Ona görə də göstərilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X6 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh qarşı pul tələbi, maddi-mənəvi ziyanların cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, müalicə, müayinə və cərrahiyyə əməliyyatı üçün çəkdiyi 4968,54 manat maddi, 5000 manat mənəvi ziyan olmaqla cəmi 9968,54 manat maddi və mənəvi ziyanların və 30 manat dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı ilə 27.10.2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından 18.10.2020-ci il təvəllüdlü X3 anadan olmuşdur. İddiaçı yazdığı iddia ərizəsində haqsız olaraq hamilə olduğu dövrdə bütün müayinə və müalicə xərclərinin özü və ailəsi tərəfindən ödənildiyini qeyd etmişdir. Halbuki cavabdehin övladı Medical Plaza tibb mərkəzində dünyaya gəlmiş və bütün xəstəxana ödənişlərinin cavabdeh tərəfindən ödənildiyi kamera görüntüləri ilə öz təsdiqini tapar. Ümumiyyətlə isə cavabdehin qaldırdığı iddia tam əsassızdır. İddiaçının istinad etdiyi halları əsaslandıracağı qanunvericilikdə müddəalar yoxdur. Belə ki, nə ailə qanunvericiliyində, nə də ki, mülki qanunvericilikdə qadının müayinə xərclərinin mütləq şəkildə əri tərəfindən çəkilməsi nəzərdə tutulmamışdır. Buna baxmayaraq, iddiaçı müayinə və müalicə xərclərinin məhz özü və valideynləri tərəfindən çəkilməsini təsdiq edən sübutları iddia ərizəsinə əlavə edə bilməmişdir. İddiaçının iddia tələbi tamamilə əsassızdır, belə ki, iddiaçı hamiləlik dövründə nə qədər xərc gərəkirdisə cavabdeh həmin xərclərin ödənilməsində yardım göstərmiş, pulu iddiaçıya təhvil vermişdir. Əgər iddiaçı xərc çəkmişşə cavabdeh həmin məbləğin hamısının birdəfəlik onun tərəfindən ödənilməsinə dair öhdəlik daşımır. Belə ki, qanunvericilik doğum xərcinin mütləq şəkildə kişi tərəfindən ödənilməsi ilə bağlı müddəaları tənzimləmir. Ona görə də göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlandırılacaq) 184.2. maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -X2 1 tərəfindən verilmiş 10.02.2021-ci il tarixli 54 saylı arayışdan görünür ki, 1992-ci il təvəllüdlü İddiaçı həqiqətən də 18.10.2020-ci il tarixində X2 1 klinikasında keysəriyyə kəsiyi əməliyyatı keçirmiş və bir qız övladı dünyaya gətirmişdir. Klinikaya 1100 (bir min yüz) manat ödəniş edilmişdir. Ödəniş keçmiş tarixdə olduğuna görə kassa qəbzinin təkrar təqdim olunması qeyri-mümkündür. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əvəzləmə kartı Doğum evinin, xəstəxananın, doğum şöbəsinin doğulmuş uşaq haqqında məlumatından görünür ki, İddiaçı 18.10.2020-ci il tarixdə hamiləliyin 38-ci həftəsində 1-ci hamiləlikdən çəkisi 3400 qram, boyu 53 sm olan bir qız övladı dünyaya gətirmiş, doğuşdan iki gün sonra 20.10.2020-ci il tarixdə xəstəxananı tərk etmişdir. -X2 1 tərəfindən verilmiş ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən analizlərə görə 11.05.2020-ci il tarixdə 30 manat, 35 manat, 157 manat, 19.06.2020-ci il tarixdə 35 manat, 44 manat, 31.08.2020-ci il tarixdə 33 manat, 33 manat, 20 manat, 30 manat, 35 manat, 25.09.2020-ci il tarixdə 8 manat, 17 manat, 20 manat, 45 manat, 30.10.2020-ci il tarixdə 30 manat ödənişlər etmişdir. - AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh Azərbaycan Respublikasının vətəndaşıdır. - AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Beləliklə, məhkəmə iclasında işin araşdırılan hallarından müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə 27.10.2019-cu il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından 18.10.2020ci il təvəllüdlü X3 anadan olmuşdur. İddiaçı cavabdehlə faktiki olaraq ayrılmış, hamiləlik dövründən iddiaçı azyaşlı qızı ilə birlikdə valideynlərinə məxsus evdə yaşamağa başlamışdır. İddiaçının sözlərinə görə cavabdeh iddiaçıya maddi köməklik göstərməmişdir. Ona görə də, o hamiləlik dövründə müayinə, eyni zamanda uşağın doğulması və müalicəsi ilə bağlı çəkdiyi xərclərə gorə maddi və mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edərək iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia tələbindən göründüyü kimi iddiaçı hamiləlik dövründə və uşaq doğulduqdan sonra çəkdiyi müayinə, müalicə və cərrahiyyə əməliyyatı xərclərinin cavabdehdən tutulmasını xahiş etmişdir. İddia ərizəsindən məlum olur ki, iddiaçı tərəfindən müayinə, müalicə və cərrahiyyə əməliyyatı özəl xəstəxanada aparılmış və ödənişlər edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, pasient tərəfindən özünün hər hansı müalicəmüayinə edilməsi onun seçimindən asılıdır. Belə ki, ölkədə səhiyyə xidmətləri özəl və dövlət tibbi xidmətlərdən ibarətdir. Dövlət səhiyyə xidməti vətandaşlar üçün pulsuz, özəl tibbi xidmətlər isə ödənişli həyata keçirilir. Əhalinin sağlamlığının qorunması haqqında 26 iyun 1997-ci il tarixli Qanunun 4 cü maddəsinə əsasən dövlət səhiyyə sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), dövlət tabeçiliyindəki müalicə-profilaktika, elmitədqiqat, təhsil, əczaçılıq, sanitariya-profilaktika müəssisələri, eləcə də səhiyyənin madditexniki təchizatı ilə məşğul olan, tibbi texnika və dərman vasitələri istehsal edən müəssisələr, sanitariya-epidemiologiya xidməti, məhkəmə-tibb ekspertizası daxildir. Həmin Qanunun 5-ci maddəsinə əsasən Qeyri-dövlət səhiyyə sisteminə qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən və əmlakı xüsusi mülkiyyətə, yaxud icarə müqaviləsi əsasında istifadə olunan mülkiyyətə əsaslanan özəl tibb müəssisələri, o cümlədən əmlakını bələdiyyə mülkiyyəti təşkil edən tibb və əczaçılıq müəssisələri, özəl tibbi praktika və əczaçılıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər daxildir. Həmin Qanunun 10-cu maddəsinə (əvvəlki redaksiyada) əsasən Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorunmaq və tibbi yardım almaq hüququ vardır. Dövlət tibb müəssələrində tibbi xidmət pulsuzdur, yalnız bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla pullu ixtisaslaşdırılmış tibbi yardımın növləri müafiq icra hakimmiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 12-ci maddəsinin yeni redaksiyasında isə xəstələndikdə, əmək qabiliyyətini itirdikdə və digər hallarda vətəndaşların tibbi-sosial yardım almaq hüququ vardır. Tibbisosial yardım dövlət və qeyri-dövlət səhiyyə sistemi, eləcə də sosial müdafiə sistemi müəssisələrində göstərir. Vətəndaşlar tibbi sığorta sistemindəki tibb müəssisələrində qanunvericiliyə uyğun olaraq icbari tibbi sığorta əsasında tibbi yardımla təmin edilirlər. Vətəndaşların könüllü tibbi sığorta əsasında, eləcə də müəssisələrin, təşkilatların ayrıayrı şəxslərin vəsaitləri və qanunvericilikdə qadağan edilməyən digər mənbələr hesabına tibbi yardım almaq və digər əlavə tibbi xidmət növləri ilə təmin olunmaq hüququ vardır. Tibbi sığorta haqqında 28 oktyabr 1999-cu il Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2018-ci il tarixli 418 nömrəli Fərmanına əsasən vətəndaşlar icbari tibbi sığortadan istifadə etməklə özlərini müalicə etdirmək hüququndan istifadə edə bilərlər. Qanunun hər iki halında pasient özlərini pulsuz və eyni zamanda icbari sığorta vasitəsilə müalicə etdirmək hüququndan istifadə edə bilərlər. Göründüyü kimi iddiaçı Qanunun ona verdiyi pulsuz müalicədən istifadə etmək hüququndan istifadə etməmiş könüllü olaraq ödənişli özəl tibbi xidmətlərdən yararlanmışdır. Bundan əlavə Ailə Məcəlləsinin 81-ci maddəsi Valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakını tənzimləyir. Həmin məcəllənin 81.1. maddəsinə əsasən Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Qərarında göstərilmişdir ki, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Qanunun məzmunundan və Konstitusiya Məhkəməsinin qərarından aydın olur ki, uşaqların xəstəliyi ilə əlaqədar əlavə xərclərə valideynlər o vaxt cəlb olunur ki, uşaqlar ağır xəstə, şikəst olması ilə yanaşı bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyində göstərildiyi kimi valideynin uşaqlara görə əlavə xərclərdə iştirakının təmin edilməsi uşaqlarda olan ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s xəstəliklərlə bağlı oluğu təqdirdə mümkündür. Hazırkı iddia tələbində isə uşaqda göstərilən xəstəliklərlə bağlı hər hansı hal aşkar olunmur. Beləliklə məhkəmə xatırladır ki, iddiaçı özəl tibbi xidmətdən istifadə edərkən onun ödənişli olduğunu və ödənişli xidmətindən istifadə edəcəyini bilirdi və könüllü olaraq həmin xidmətlərdən istifadə etmişdir. Lakin eyni zamanda iddiaçı dövlətin pulsuz tibbi xidmətlərindən istifadə etmək hüququ olduğunu bildiyi halda həmin xidmətlərdən istifadə etməmişdir. Həmçinin iddiaçı özəl tibb müəssisəsinin xidmətlərindən istifadə edəcəyini cavabdehlə razılaşdırmamışdır. Ona görə də cavabdeh, iddiaçının özəl tibbi xidmətlərə çəkdiyi xərclərə görə cavabdehlik daşımamalıdır. Bütün bunlara əsasən iddianın maddi ziyan hisssindəki tələb əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddianın mənəvi zərərin ödənilməsi ilə bağlı hissədə isə aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göstərilənə əsasən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq olaraq, iddiaçı tərəfindən məhkəməyə əsaslandırıcı sübut və dəlillər təqdim olunmadığından iddia tələbi həmin hissədə əsassız hesab edilərək rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında dövlət rüsumunun ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə Məhkəmə, işin araşdırılan hallarını təhlil edib, qanunun yuxarıda göstərilən normalarını əsas tutub hesab edir ki, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 17.4 maddəsinə müvafiq olaraq məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu xərci İddiaçı aid edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov.
Məhkəmə qərarları › İş №2(012)-2657/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2657/2021
31.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver