Məhkəmə qərarları › İş №2(012)-2658/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2658/2024

04.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2658/2024 04.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllədə yerləşən 2 saylı evin 35 saylı mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllədə yerləşən 2 №-li evin, 35 saylı mənzil onun xüsusi mülkiyyətindədir. Həmin mənzil ona vərəsəlik qaydasında ərindən keçmişdir. Cavabdeh onun baldızıdır. Cavabdeh 2006-cı ildə ailə qurduqdan sonra daimi yaşamaq üçün ərinin evinə köçmüşdür. O Cavabdeh ilə birlikdə onun mülkiyyətində olan mənzildə heç vaxt birlikdə yaşamamışlar və heç vaxt birgə təsərrüfat aparmamışlar. Cavabdeh onun mülkiyyətində olan evdə pasport qeydiyyatında qaldığına görə o cavabdehin əvəzinə kommunal xərclərini ödəmək məcburiyyətində qalmışam. Hazırda onun mülkiyyətimdə olan mənzilə dair sahiblik, istifadə və sərəncam hüquqları pozulmuşdur. Cavabdeh 2006-cı il tarixdən mübahisəli mənzili tərk edərək ərinin evinə köçmüşdür, belə olan təqdirdə onun mübahisəli mənzildə formal olaraq istifadə hüquqlarının saxlanması mülkiyyətçi kimi onun sözügedən mənzillə bağlı sərbəst sərəncam vermək və mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət edir. Ona görə də, göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, iddiaçının mülkiyyətində olan ev həyat yoldaşından, həyat yoldaşına isə qaynatasından vərəsəlik əsasında keçmişdir. Cavabdeh iddiaçının baldızıdır. İddiaçının qaynatası rəhmətə gedəndə cavabdeh mirasdan qardaşının xeyrinə imtina etmişdir. İddiaçının həyat yoldaşı vəfat etdikdən sonra mənzil iddiaçının mülkiyyətinə keçmişdir. Cavabdeh ailə həyatı qurmuşdur. Suraxanıda öz ailəsi ilə birlikdə yaşayır. Cavabdeh uzun müddətdir ki, o evdə yaşamamışdır. Ali Məhkəmənin belə işlərlə bağlı qərarı da vardır. Həmin qərarlardan birindən görünür ki, ata öz oğlunun istifadə hüququna xitam verilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, iddia əsassızdır. İddiaçı hüququn mövcud olduğu dövrə yox, hüququn yarandığı dövrə müraciət etmişdir. Cavabdeh 2006-cı ildə ailə qurmuşdur. Cavabdehin həyat yoldaşının mülkiyyətində daşınmaz əmlak olsa da, cavabdehin mülkiyyətində daşınmaz əmlakı yoxdur. Əvvəlki Mənzil Məcəlləsi 2000-ci ilə qədər olan münasibətləri tənzimləyir. Hesab edir ki, hazırda mübahisənin həlli 2000-ci ilə qədər olan mənzil məcəlləsi ilə tənzimlənməlidir. 2004-cü ildə cavabdehin anası rəhmətə gedəndən sonra ev cavabdehin atasının mülkiyyətinə verilmişdir. Cavabdehin atası rəhmətə gedəndən sonra ev cavabdehin qardaşının mülkiyyətinə verilmişdir. Cavabdeh 2006-cı ildə ailə həyatı qurmuşdur. Cavabdehin ailəsinin evi Suraxanı rayonunda olmasına baxmayaraq hazırkı mübahisəli evdədə yaşmışdır. Cavabdehin ailə həyatı qurması o demək deyildir ki, o həmin mənzildə yaşamamışdır. Cavabdehin qardaşı 2021-ci ildə vəfat etmiş, həmin vaxtdan etibarən isə iddiaçı onu həmin evə buraxmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra Mülki Prosessual Məcəllə adlandırılacaq) 62.1 maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid X15 ifadəsində göstərmişdir ki, o, İddiaçı atasıdır. İddiaçının qaynatası onlara 2015-ci ildə elçi gəlmişdir. O zaman qudası onlara oğlu ilə birlikdə yaşadığını, qızının ailə həyatı qurduğunu, öz ailəsi ilə birlikdə yaşadığını söyləmişdir. Qızı ailə qurduqdan sonra Xırdalandakı evə gəlin köçmüşdür. Cavabdeh orada yaşamamış, yalnız cavabdehi qonaq qismində görmüşdür. Cavabdeh ailəlidir, iki övladı var, ailəsi ilə birlikdə Suraxanıda yaşayır. Məhkəmə, tərəflərin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -xx.xx.1979-cu il tarixli Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X11 xx.xx.1979-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3721 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada “Fərəcova” soyadı verilmişdir. -Abşeron rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, AZ-İ № 077272 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2004-cü ildə qara ciyər koması səbəbindən vəfat etmişdir. - xx.xx.2006-cı il tarixli, AZ-İ № 234318 saylı Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X12 xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 539 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada “İsgəndərova” soyadı verilmişdir. -Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İ № 847868 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2017-ci il tarixində vəfat etmişdir. -Cavabdeh tərəfindən Bakı şəhəri Asan Xidmətinə yazılmış 2017-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixində vəfat etmiş atası-X2 miras qalmış əmlaklardakı ona çatası payından qardaşı- X4 xeyrinə imtina etmişdir. -xx.xx.2017-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, miras əmlak olan Abşeron rayonu, Xırdalan şəhəri, ev 2, mənzil 35dən X5 vərəsəsi X13 miras əmlakdan 1/1 hissədə pay almalıdır -Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-5358/2021 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Sumqayıt Asan Xidmət mərkəzinin Notariat ofisində X4 adına xx.xx.2017-ci il tarixində 2V-790 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, xx.xx.2017-ci il tarixində 2V-790 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş ******* reyestr nömrəli xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsi, X2 miras qalmış Abşeron rayonu, Xırdalan qəsəbəsi, 24-cü məhəllə, ev 2, 35 saylı mənzilə X1 1/3 hissədə miras payının müəyyən edilməsi qət edilmişdir. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllədə yerləşən 2 saylı evin 35 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********66-05101-093022 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-76/2023 saylı qətnaməsindən görünür ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı X1 Cavabdeh, Sumqayıt “Asan xidmət” mərkəzi notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və miras almış əmlaka payların müəyyən edilməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2158/2023 saylı qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-76/2023 nömrəli iş üzrə 01 fevral 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara aınmışdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* saylı arayışının surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. -ünvan 2t İstismar Təmir Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 821 saylı arayışdan görünür ki, Cavabdeh 1983-cü ildən ünvan 1-də qeydiyyatdadır, yaşamır. -Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1352/2024 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə qarşı “Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllədə yerləşən 2 nömrəli evin 35 saylı mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır -Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışların surətindən görünür ki, X7, xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X8 ünvan 3 ünvanında qeydiyyatdadır. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2017-ci il tarixində vəfat etmiş atası-X2 miras qalmış əmlaklardakı ona çatası payından qardaşı-X4 xeyrinə imtina etmişdir. Tərəflərin izahatına əsasən iddiaçının həyat yoldaşı X13 vəfat etdikdən sonra Abşeron rayonu Xırdalan şəhəri 24-cü məhəllə 2 saylı evin 35 saylı mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarış verilmiş və həmin çıxarışa əsasən mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********66-05101-093022 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdeh 2006-cı ildə ailə həyatı qurduqdan sonra yaşayış yerini dəyişib başqa ünvana köçdüyündən iddiaçı cavabdehin istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Göründüyü kimi, hazırki iş üzrə Cavabdeh İddiaçı baldızı olmaqla sonuncunun ailə üzvü və qohumudır. Cavabdeh 1983-cü ildən Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllədə yerləşən 2 saylı evin 35 saylı mənzilində qeydiyyatda olması, lakin yaşamaması ünvan 2t İstismar Təmir Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 821 saylı arayışla öz təsdiqini tapmışdır. Məlum olduğu kimi, ailə üzvü kimi İddiaçı həmin mənzilə gəlin köçmüş, Cavabdeh isə “ata evi” olmaqla əvvəllər orada yaşamış və 2006-cı ildə ailə həyatı qurararaq həyat yoldaşının mülkiyyətində olan evdə yaşamağa başlamışdır. Cavabdehin qeyd edilən mənzilə daimi qeydiyyata düşməsi də, onun həmin mənzildən istifadə etməsini şərtləndirən amillərdən biri olmuşdur. Cavabdeh həmin ünvana qeydiyyata alınsa da, sonradan yaşayış yerini dəyişib başqa ünvana köçmüşdür, bu hal məhkəmə araşdırması zamanı dindirilmiş şahid ifadəsi ilə öz təsdiqini tapmışdır. Belə ki, cavabdehin 2006-cı ildən nikaha daxil olaraq mübahisə predmeti olan mənzili tərk etməsinə dair şahidin ifadəsi üst-üstə düşmüşdür ki, məhkəmə şahid ifadəsini əsas sübut növü kimi götürüb digər sübutlarla paralel qiymətləndirmişdir. Beləliklə, Cavabdeh həyat yoldaşı X3 mülkiyyətində olan ünvan 3 ünvanında həyat yoldaşı və övladları ilə birlikdə yaşamaqdadır. Mülki Prosessual Məcəllənin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə müvafiq olaraq icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında xx.xx.1999-cu il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Göründüyü kimi, hazırki iş üzrə cavabdeh mübahisəli Abşeron rayonu Xırdalan şəhəri 24-cü məhəllə 2 saylı evin 35 saylı mənzilin iddiaçının həyat yoldaşının mülkiyyətinə verilməsinə dair ərizə verərək, həmin mənzildən miras payını əldə etməkdən imtina etmişdir. Qanunvericiliyin tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, hazırki iş üzrə cavabdehin mübahisə predmeti olan mənzili uzun müddət əvvəl tərk edərək başqa yaşayış ünvanına köçməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, bu hal həmin cavabdehin istifadə hüququnun da saxlanılmasını qeyri-mümkün etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. maddəsinə əsasən əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir». Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Beləliklə, məhkəmə qanunun tələblərini, Avropa məhkəmə tərcübəsini rəhbər tutub, iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllədə yerləşən 2 saylı evin 35 saylı mənzilinə formal olaraq istifadə hüququnun qalması mülkiyyətçinin öz mülkiyyəti barəsində azad sərəncam vermək hüququnu məhdudlaşdırdığından həmin cavabdehin qeyd olunan mənzilə istifadə hüquna xitam verilməlidir. Mülki Prosessual Məcəllənin: Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində onun tərəfindən ödənilmiş 136 manat dövlət rüsumunu tələb etmədiyindən dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində onun tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunu tələb etmədiyindən dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllədə yerləşən 2 saylı evin 35 saylı mənzilində istifadə hüquqlarına xitam verilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar