Məhkəmə qərarları › İş №2(012)-2695/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2695/2022

14.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2695/2022 14.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Əlibala qızına və Cavabdeh2 qarşı evə köçürülmə tələbi barədə iddia ərizəsinə dair mülki işə 14 iyun 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Əlibala qızına və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsi, ev 5A-da özbaşına tikdiyi 37 kv.m sahəyə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1961-ci ildə Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsi ev 5A-da anadan olmuş, hal-hazıra kimi həmin evdə ailəsi ilə birlikdə yaşayır. Ailədə 4 nəfərdirlər 2 qızı var. Evlər balaca olduğundan o, anasına məxsus evin yanında, 37 kv.m. sahəsi olan 1 otaq tikmiş və anası da ona mətbəx kimi istifadə etmək üçün 8,8 kv.m. olan bir otaq vermişdir. O ailəsi ilə anasına məxsus evdə qeydiyyatda olmaqla orada yaşayır. Hazırda müxtəlif səbəblərdən aralarında narazıçılıq yaranmış, onu ailəsi ilə birlikdə evə buraxmırlar. Cavabdeh bacısı Cavabdeh2 anasını öyrədir ki, onu ailəsi ilə birlikdə evə buraxmasın. Odur ki, iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 Əlibala qızı və Cavabdeh2 ərizə ilə məhkəməyə ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılaraq ədalətli qərar çıxarılmasını xahiş etmişlər. Cavabdeh1 Əlibala qızı məhkəmə iclasında iddianı etiraf edərək, izahatında bildirdi ki, Abşeron rayonu, Fatmayi kəndi, C.Cavadov küçəsində yerləşən 30 saylı ev ona məxsusdur. O, İddiaçı həmin evdə yaşamasına razıdır. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanan sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıdakılara əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsində yerləşən 2 yaşayış olmaqla, yaşayış sahəsi-27.2 kv.m köməkçi sahəsi-19,2 kv.m ibarət 5A nömrəli yaşayış evi Abşeron rayon XDS İcraiyyə Komitəsinin 08/08 nömrəli 29 yanvar 1988-ci il tarixli qərarı əsasında Cavabdeh1 adına qeydə alınmışdır. İşin materiallarında olan Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsində yerləşən 5A saylı evin texniki pasportundan görünür ki, faktiki tikinti altı sahə 76 kv.metrdir. Mülki iş materiallarında olan Abşeron RİHB-nın Xırdalan şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 86 nömrəli arayışdan görünür ki, Axundov X5 rayonu, Xırdalan şəhəri, Əbdüləli Mürsəlov (keçmiş R.Axundov) küçəsi, ev 5A ünvanında aşağıdakı ailə üzvləri ilə qeydiyyatdadır: X1 – 1962 - h/yol, X6 – 1989 - qızı, X10 – 2015 - nəvə, X12 – 2013 - nəvə, X2 – 1993 - qızı, X3 - 2012 - nəvə, X4 – 2014 – nəvə. İşin araşdırılan hallarında görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsində yerləşən 2 yaşayış olmaqla, yaşayış sahəsi-27.2 kv.m köməkçi sahəsi-19,2 kv.m ibarət 5A nömrəli yaşayış evi Cavabdeh1 xüsusi mülkiyyətindədir,həmin ünvanda onun xüsusi mülkiyyətində olan yaşayıç və köməkçi sahədən başqa, digər özbaşına tikililərdə vardır.İddiaçı tərəfin izahatından və işin materiallarında olan sənədlərdən, o cümlədən texniki pasportdan müəyyən edilir ki, cavabdeh özünün mülkiyyətində olan sahədən sahəsi 8,8 kv.m olan qeyri-yaşayış sahəsini iddiaçının istifadəsinə vermiş, iddiaçı həmin evə bitişik sahəsi 37 kv.m. olan tikili tikmiş,həmin tikilidən yaşayış sahəsi kimi, sahəsi 8,8 kv.m olan hissəədən isə mətbəx sahəsi kimi artıq uzun illərdir ki, ailəsi ilə birlikdən oradan istifadə edir.Son zamanlar ailədaxili mübahisələr zəminində həmin yaşayış sahəsinə buraxılmırlar. İddiaçı tərəfindən tikilmiş sahəsi 37 kv.m. olan tikilinin yerləşdiyi torpaq sahəsinə dair cavabdehin adına hüquqmüəyyənedici sənəd yoxdur.Hazırda iddiaçı ailəsi ilə birlikdə özü tərəfindən tikilmiş sahəsi 37 kv.m. olan tikiliyə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MM-nin 11.5-ci maddəsinə əsasən, mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Ona görə də məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə yaranmış mübahisə Azərbaycan Respublikası MPM-nin 13.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürməklə həll edilməlidir. Belə ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq hüququ, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni ilkin iddiaçı köçmək istədiyi evdə yaşayıb və keçmiş əri (ərinin ailə üzvləri) güc tətbiq etməklə onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehlərin ev üzərində hüquqları olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdikləri məhrumetmə (güc tətbiq etməklə evdən çıxarma) qanunsuzdur. Beləliklə, iddia üzrə cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşlar, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə ilkin iddiaçı uşaqları ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin «O.ROUK Birləşmiş Krallığa qarşı» işində ərizənin qəbul edilənliyi barədə qərarında və «Gillounun Birləşmiş krallığa qarşı» işi üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflər özbaşına tikintiyə dair sərəncam vermək, onu satmaq hüququ, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı olmasa da, MM-nin 180.2 və 180.4-cü maddələrinin məzmununa əsasən həmin özbaşına tikilinin mövcud olduğu müddətdə orada əvvəllər məskunlaşmış şəxslərin oradan istifadə hüququ müəyyən oluna bilməz, lakin həmin vətəndaşların oraya köçürülməsinə də qadağalar qoyula bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının mübahisəli tikiliyə köçürülməsi hissəsində iddia tələbi əsaslı olduğundan təmin edilməli, iddiaçı Axundov X5 rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsi, ev 5A-da özbaşına tikdiyi 37 kv.m sahəyə köçürülməlidir.İddiaçının digər ailə üzvlərinin kimliyi, müəyyən edilmədiyindən ,onların adından iddia qaldırılmadığından iddia tələbi digər hissədə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən məhkəmə xərci – 50 manat dövlət rüsumunun 25 manatı bərabər qaydada cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxanda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 6-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Axundov X5 rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsi, ev 5A-da özbaşına tikdiyi 37 kv.m sahəyə köçürülsün. İddia ərizəsi verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun 25 manatı bərabər qaydada Cavabdeh1 Əlibala qızından və Cavabdeh2 alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar