Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2706/2021 07.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin evdən istifadə hüquqlarının itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin evdən istifadə hüquqlarının itirilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 01.06.2017-ci il təvəllüdlü övladı X22 ilə birlikdə Abşeron rayonu Məmmədli kəndi Alı Mustafayev küçəsində yerləşən 1 saylı evə istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş 03.07.2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən Abşeron rayonu Məmmədli kəndi Alı Mustafayev küçəsində yerləşən 1 saylı ev onun xüsusi mülkiyyətindədir. Belə ki, Cavabdeh2, Cavabdeh1 və onun azyaşlı övladı X10 onun evində qeydiyyatları formaldır, həmin evdə cavabdehlər heç vaxt yaşamamışlar. Cavabdeh2 onun bacısı qızı olmaqla onun evində heç vaxt yaşamamışdır və qeydiyyatı formal xarakter daşıyır. Cavabdeh1 və onun azyaşlı övladı X15, ümumiyyətlə, tanımır və görməmişdir. Hansı əsasla mülkiyyətində olan evə qeydiyyata alınmaları maraq doğurur. O, hazırda mülkiyyətçi kimi öz evindən sərbəst istifadə edə bilmir, müəyyən sənədləşmə işləri zamanı cavabdehlərin qeydiyyatda olmaları ona maneə yaradır. Cavabdehlərin onun evində qeydiyyatda olmaları səbəbindən öz evindən sərbəst surətdə istifadə edə bilmədiyi və müəyyən problemlərlə üzləşdiyi üçün cavabdehlərin və azyaşlı uşağın evdən istifadə hüquqlarının itirilməsi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də göstərilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək izahatında İddiaçı mülkiyyətində olan Abşeron rayonu Məmmədli kəndi Alı Mustafayev küçəsində yerləşən 1 saylı evə olan qeydiyyatının formal xarakter daşıdığını və həmin evdə heç vaxt yaşamadığını bildirərək bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 03.07.2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Abşeron rayonu Məmmədli kəndi Alı Mustafayev küçəsində yerləşən 1 saylı ev İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 188 saylı reyestr kitabının 41 saylı vərəqində qeydiyyata alınmışdır. - 15.03.2021-ci il tarixli ******* saylı arayışdan müəyyən olunur ki, İddiaçı, Cavabdeh1, Cavabdeh2 və 01.06.2017-ci il təvəllüdlü X2 rayonu Məmmədli kəndi Alı Mustafayev küçəsində yerləşən 1 saylı evdə daimi qeydiyyatdadırlar. - Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 02.05.2018-ci il tarixli 01/22831 saylı arayışdan görünür ki, İddiaçı 12.04.2018-ci il tarixli ********** №-li ərizəsinə və 12.04.2018-ci il tarixli ********** №-li müqaviləyə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən, mülkiyyətində (icarəsində, istifadəsində) olan torpaq sahəsi üçün qiymətləndirilmə işi aparılmışdır. Abşeron rayonu, Məmmədli kəndi 0,0325 ha torpaq sahəsinin qiymətləndirilməsi zamanı daşınmaz əmlak bazarında analoji torpaq sahələrinin bazar dəyəri üçün əsas olan parametrlər və bazar trendi nəzərə alınmaqla müvafiq qiymətləndirmə metodu tətbiq edilmişdir. Obyektin 02 may 2018-ci il tarixinə bazar dəyəri 12000 manat təşkil edir. - Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 28.06.2018-ci il tarixli 01/24903 saylı arayışdan görünür ki, İddiaçı 07.06.2018-ci il tarixli ********** №-li ərizəsinə və 07.06.2018-ci il tarixli ********** №-li müqaviləyə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən, mülkiyyətində (icarəsində, istifadəsində) olan yaşayış evi üçün qiymətləndirilmə işi aparılmışdır. ünvan 1 ünvanının qiymətləndirməsi zamanı daşınmaz əmlak bazarında analoji yaşayış evi sahələrinin bazar dəyəri üçün əsas olan parametrlər və bazar trendi nəzərə alınmaqla müvafiq qiymətləndirmə metodu tətbiq edilmişdir. Obyektin 28.06.2018-ci il tarixinə bazar dəyəri 54000 manat təşkil edir. - Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Məmmədli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 06.04.2021-ci il tarixli 50 saylı məktuba əsasən, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndi, A.Mustafayev küçəsində yerləşən 1 saylı fərdi yaşayış evində həmin ərazidə yaşayan qonşularla aparılan araşdırmalara və Bakı şəhəri 39 saylı notariat ofisində 03.04.2021-ci il tarixli 1032 saylı reyestr nömrəsi ilə təsdiq olunmuş qonşular tərəfindən bağlanmış akta əsasən xx.xx.1986cı il təvəllüdlü Cavabdeh1, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh2 və 01.06.2017-ci il təvəllüdlü X10 qeyd olunan ünvanda yaşamamaları müəyyən edilmişdir. - ünvan 2muş Abşeron rayonu Məmmədli kəndində qeydiyyatda olan X11, X16 və X3 03.04.2021-ci il tarixli ərizələrindən görünür ki, onlar həqiqətən Cavabdeh1, Cavabdeh2 və X10 Abşeron rayonu, Məmmədli kəndi, A.Mustafayev küçəsində yerləşən 1 saylı evdə yaşamadıqlarını təsdiq etmişlər. - Asan 5 tərəfindən verilmiş 02.03.2016-cı il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı Bakı şəhəri Nəsimi rayonu B.Bağırova küçəsi 35 saylı evdə qeydiyyatdadır. - Abşeron RPŞ tərəfindən verilmiş 12.08.2011-ci il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Akçay X8 rayonu Məmmədli kəndi Alı Mustafayev küçəsində yerləşən 1 saylı evdə qeydiyyatdadır. - X1, X24, X18, Cavabdeh1, X7 və X13 ilə alıcı Hacıyev Zakir oğlu arasında bağlanmış 03.05.2019-cu il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar Abşeron rayonu Məmmədli kəndində yerləşən ümumi sahəsi 0.129611 ha torpaq sahəsini alıcıya 3000 manat qarşılığında satmışlar. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 16.10.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Abşeron rayonu Məmmədli kəndində yerləşən 0.129611 ha torpaq sahəsi X17, X5, X9, Cavabdeh1, X4 və X6 adına paylı mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 813 saylı reyestr kitabının 78 saylı vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1, Cavabdeh2 və azyaşlı 01.06.2017-ci il təvəllüdlü X2 rayonu Məmmədli kəndi Alı Mustafayev küçəsində yerləşən 1 saylı evə qeydiyyata alınmış, lakin heç vaxt bu evdə yaşamamışlar. Məhkəmə qeyd edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan evə qeydiyyata alınması faktına onun bu mənzilə istifadə hüquqlarnın yaranması kimi qiymət verilməsi qanunun tələblərinə ziddir. Belə ki, yuxarıda istinad edilən maddi hüquq normalarının məzmunundan müəyyən olunur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Göründüyü kimi 2000-ci ilin sentyabrın 1-dən qüvvəyə minmiş MM-in 228.1-ci maddəsi müəyyən etmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, bu hüququn yaranması üçün mülkiyyətçi ilə notariat qaydasında təsdiq olunmuş müqavilə bağlansın və həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə uyğun olaraq, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması dedikdə, ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən və ya yaşayış yerini dəyişdirmiş vətəndaşın yeni yaşayış yerinə gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması başa düşülür. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsaslardan biri yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd, digəri isə vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsidir. Qeyd edilən normaya əsasən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd dedikdə, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd başa düşülür. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün digər əsas olan yaşayış sahəsinin mülkiyyətçisinin verdiyi ərizə ilə ona məxsus yaşayış sahəsinə vətəndaşın qeydiyyata alınmasına icazə verilir. Qərardan daha sonra görünür ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Konstitutsiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən, 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, Cavabdeh1, Cavabdeh2 və azyaşlı 01.06.2017-ci il təvəllüdlü X10 Abşeron rayonu Məmmədli kəndi Alı Mustafayev küçəsində yerləşən 1 saylı evə istifadə hüquqları mövcud olmadığından, mövcud olmayan hüququn itirilməsi də qeyri-mümkündür. Ona görə də iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin azyaşlı 01.06.2017-ci il təvəllüdlü X22 ilə birlikdə Abşeron rayonu Məmmədli kəndi Alı Mustafayev küçəsində yerləşən 1 saylı evdən istifadə hüquqlarının itirilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2706/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2706/2021
07.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver