Məhkəmə qərarları › İş №2(012)-271/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-271/2023

17.01.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-271/2023 17.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh MTK-nın nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh MMC tərəfindən 82 kv.mdən ibarət mənzillə təmin olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, ona dəymiş 55000 (əlli beş min) manat maddi ziyanın Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, ona dəymiş 55000 (əlli beş min) manat maddi ziyanın Cavabdeh MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Kəlbəcər rayonundan məcbur köçkün düşdükdən sonra, 1996-cı ildə Abşeron rayonu, Xırdalan şəhəri, ət emalı kombinatının katyolunun ərazisində 82 kv.m-dən ibarət fərdi yaşayış evi tikərək ailəsiylə birlikdə orada yaşamağa başlamışdır. Bu barədə Abşeron Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin və Abşeron rayonu, Xırdalan şəhəri 5 saylı MTİİTS-nin arayışları da mövcuddur. Qeyd edir ki, ailəsiylə birlikdə uzun illər yaşadığı sözügedən fərdi yaşayış evi 2014-cü ildə Cavabdeh MMC tərəfindən sökülmüşdür. Onu da bildirir ki, ona məxsus olan fərdi yaşayış evi cavabdeh tərəfindən sökülərkən ailə üzvləri evdə olmuşlar və bu hadisədən sonra həyat yoldaşı qorxaraq ağır xəstəlik keçirtmişdir. Məlumat üçün bildirir ki, cavabdeh şirkət olan Cavabdeh MMC yaşadıqları həmin fərdi yaşayış evini sökərkən bildirmişdir ki, onu və ailəsini başqa bir mənzillə təmin edəcəkdir. Lakin cavabdeh verdiyi bu sözə əməl etməmiş və o, məcbur qalaraq sökülmüş evin bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş və həmin tələblə bağlı məhkəmə işinə Sumqayıt Apellyasiya Məhkəməsində baxılarkən, cavabdeh və nümayəndəsi onu aldadaraq onu və ailəsini evlə təmin edəcəklərinə dair söz vermişlər və onun savadsızlığından istifadə edərək, məhkəmə işindən imtina etməyi barədə ona ərizə yazdırmışlar və bununla da Sumqayıt Apellyasiya Məhkəməsində olan işə xitam verilmişdir. Qeyd edir ki, bu dəfə də cavabdeh verdiyi sözə əməl etməyərək onu və ailəsini mənzillə təmin etməmişdir. Həyat yoldaşı isə evdə olarkən evin sökülməsi zamanı qorxaraq aldığı sarsıntıdan və həmin xəstəlik nəticəsində 3 il xəstəxanada yatdıqdan sonra 2020-ci ildə dünyasını dəyişmişdir. Hazırda isə o, məhkəməyə artıq sökülmüş evinin bərpası ilə bağlı deyil, cavabdeh tərəfindən onun başqa bir mənzillə təmin olunmağı barədə müraciət edir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh MTK-nın nümayəndəsi X5 məhkəmə iclasında izahatında göstərdi ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MTK tərəfindən 82 kv.metrdən ibarət mənzillə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəyişərək 55000 manat maddi ziyanın Cavabdeh MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla bağlı bildirir ki, 2016-cı ildə İddiaçı və həyat yoldaşı X2 Cavabdeh MTK-ya qarşı Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək mənzillə təmin olunmalarını xahiş etmişlər. Həmin tələb əsassız olduğundan iddiaları təmin edilməmiş, həmin qətnamədən iddiaçılar tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya baxışı zamanı iddiaçılar məhkəməyə rəsmi qaydada ərizə ilə müraciət edərək həm apellyasiya şikayətlərindən, həm də iddia tələblərindən imtina etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin 19 iyul 2016-cı il tarixli qərardadı ilə, iddiaçıların iddia tələbindən və apellyasiya şikayətindən imtinaları qəbul edilmiş və iş üzrə icraata xitam verilmişdir. Qeyd olunan mülki mübahisənin üzərindən 6 il keçəndən sonra eyni əsasla iddiaçıların məhkəməyə müraciət etmələri absurddur və əsassızdır. Belə ki, iddia ərizəsində qeyd edilər ki, guya MTK onlara mənzil söz verdiyinə görə həmin vaxt apellyasiya şikayətindən imtina etmişlər. Əgər MTK mənzil söz vermiş olsa idi, 6 il ərzində bu barədə iddiaçılar dəfələrlə müraciət edərdi və tələb edərdi, eyni zamanda şikayətlər edər və məhkəmədə mübahisələndirib haqqlarını tələb edərdilər. İddia ərizəsindən də görünür ki, bütün yazılanlar ziddiyyət təşkil edir, əsassızdır və böhtan xarakterlidir. Bundan başqa, onu da qeyd edir ki, İddiaçı Xırdalan şəhərində yerləşən Ət emalı kombinatında məskunlaşdığını və həmin ərazidə guya onun fərdi yaşayış evinin olduğunu, həmin evin onun tərəfindən tikildiyini bildirir və MTK tərəfindən də həmin evin söküldüyünü iddia edir. Halbuki, iddiaçının qeyd etdiklərini sübut edən hər hansı bir dəlil mövcud deyildir, bu barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Ona görə ki, iddiaçının qeyd etdiyi ərazidə nə tikilisi olmuş, nə də o, həmin ərazidə yaşamışdır. Bununla bağlı bildirir ki, iddiaçının qohumları həmin ərazidə MTK-ya məxsus ət emalı kombinatının binalarında məskunlaşmış və onların MKSİF tərəfindən qeydiyyata alınaraq mənzil veriləcəyi barədə məlumat əldə etdikdən sonra, dərhal iddiaçı həmin qohumlarının yanında özbaşına olaraq məskunlaşmağa cəhd etmiş, lakin, iddiaçının Bərdə rayonunda qeydiyyatda olması və yaşaması MKSİF-ə məlum olduqdan sonra, iddiaçı və ailə üzvləri ət emalı kombinatının ərazisində yaşayanların siyahısına daxil edilməmiş və bildirilmişdir ki, iddiaçı bu ərazidə məskunlaşmamışdır. Bu səbəbdən də iddiaçı mənzillə təmin edilə bilməz. İddiaçı bununla bağlı uzun illər çoxsaylı müraciətlər etmişdir ki, onu da qeydiyyata alıb mənzillə təmin etsinlər. Lakin iddiaçının bu tələbi əsassız olduğu üçün o MKSİF tərəfindən mənzillə təmin edilməmişdir. Bundan sonra, iddiaçı ət emalı kombinatının sərhəd ərazisi yaxınlığında torpaq sahəsi zəbt edərək orada özünə hər cürə şəraiti olan yaşayış evi tikmiş və ailə üzvləri ilə həmin evdə yaşamışdır, hal-hazırda da yaşayır. Bu fakt iş materiallarında olan Xırdalan şəhəri 5 saylı MTİİTS-nın xx.xx.2016-cı il tarixli arayışı ilə də öz təsdiqini tapır. Bundan başqa, iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddia ərizəsində qeyd olunanlar tam ziddiyyətlidir, iddiaçı iddia etdiyi, MTKya məxsus ərazidə yaşamamış, orada məskunlaşmamış, həmin ərazidə onun heç bir tikilisi olmamışdır. İcra Hakimiyyətinin məktubundan da bəllidir ki, iddiaçı Bərdə rayonunda məskunlaşmışdır və onlara aidiyyatı yoxdur. Məcburi köçkünlərə ev vermək MTK-nın səlahiyyətində deyildir, ev Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən verilir. Bunu iddiaçıya dəfələrlə izah etsələr də, heç bir nəticəsi olmamışdır. Onlar heç kəsin evini sökməmişlər. Başqasının xüsusi mülkiyyətində olan torpaq sahəsində digər bir şəxsin ev tikməsi və orada yaşaması qeyri-mümkündür, yolverilməzdir, MTK da bu qanunsuz hərəkətlərə yol verilməsinə imkan verməz. İddiaçının ət emalı kombinatının ərazisində evi olsa idi, o, həmin evdə yaşayışla bağlı kommunal ödənişlər barədə, tikinti materiallarının alınması, orada fərdi yaşayış evinin tikilməsi barədə rəsmi sənədlər və sübutlar təqdim edərdi. İddiaçının 6 ildən sonra yenidən eyni mahiyyətli iddia qaldırması və sonradan iddia tələbini dəyişməsi özü onu təsdiq edir ki, iddia tələbləri qanunsuz və əsassızdır. Həmçinin iddia ərizəsində qeyd olunur ki, guya 2014-cü ildə MTK iddiaçının evini söküb, buna görə də 8 ildən sonra hazırda pul tələb edir. Hətta nəzərə alsaq ki, iddiaçının bu cəfəngiyat tələbi “əsaslıdır”, bu zaman da o, pul tələbi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini də ötürmüşdür. Yuxarıda qeyd olunanlardan da aydın olur ki, İddiaçı hazırkı iddia ərizəsində göstərdiyi tələbləri tam qanunsuz və əsassızdır. Yuxarıda göstərilənlərə əsasən, İddiaçı Cavabdeh MTK-ya qarşı «pul» tələbinə dair iddiasının təmamilə əsassız olması səbəbindən bütünlüklə rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 08 yanvar 2016-cı il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı, X1 Cavabdeh MTK-ya qarşı qeyri-qanuni sökülmüş tikilinin bərpa edilməsi tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1115/2016 saylı, 19 iyul 2016-cı il tarixli qərardadından görünür ki, iddiaçılar İddiaçı və X1 apellyasiya şikayətlərindən imtina barədə ərizəsi təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 08 yanvar 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmədə işin müəyyən edilmiş faktiki hallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 08 yanvar 2016-cı il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı, X1 Cavabdeh MTK-ya qarşı qeyri-qanuni sökülmüş tikilinin bərpa edilməsi tələbinə dair iddianın təmin edilməməsi qət edilmiş, iddiaçılar İddiaçı və X2 qətnamədən apellyasiya şikayəti vermiş, daha sonra iddiaçı Cavabdeh MTK-ya qarşı iddia tələblərindən və apellyasiya şikayətindən imtina etdiklərini, heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1115/2016 saylı, 19 iyul 2016-cı il tarixli qərardadından görünür ki, iddiaçılar İddiaçı və X1 ərizəsi təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 08 yanvar 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Hazırda iddiaçı iddia ərizəsi ilə müraciət edərək, ona dəymiş 55000 manat maddi ziyanın Cavabdeh MMC-dən tutularaq ona ödənilməsini xahiş etsə də, İddiaçı Cavabdeh MTK tərəfindən ona 55000 manat maddi ziyanın dəyməsinə dair özünün izahatından başqa iddiaçı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etmədiyindən məhkəmə iddianın rədd edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli Plenum qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyıl, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə qeyd olunanlara əsaslanaraq hesab edir ki İddiaçı ona dəymiş 55000 (əlli beş min) manat maddi ziyanın Cavabdeh MTK-dan tutularaq ödənilməsi tələbinə dair iddiaçının izahatı digər sübutlarla təstiqini tapmadığından həmin izahata tənqidi yanaşılmalıdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyıl, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbayçan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı ona dəymiş 55000 (əlli beş min) manat maddi ziyanın Cavabdeh MTK-dan tutularaq ona ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar