Məhkəmə qərarları › İş №2(012)-2744/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2744/2022

13.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2744/2022 13.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, Ərizəçi Maraqlı şəxsnə qarşı «doğumun qeydə alınması faktının müəyyən edilməsi» tələbi barəsində ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onun 01 iyul 1993-cü ildə Daşkəsən rayonunda Nana adlı qız uşağını dünyaya gətirməyinə dair doğumun qeydə alma faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.2-ci bəndinə əsasən Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.6cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Həmçinin həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.1-ci bəndində qeyd olunmuşdur ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Mülki Prosseual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Lakin,ərizəçi ərizəsində doğumun qeydinin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlərin olduğu,vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlərin saxlanılmaması, onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün olmaması halları və həmin halları təstiq edən sübutları göstərməməklə ərizənin məzmununa riayət etməmişdir. Ona görə də, məhkəmə yuxarıda qeyd olunan bütün bunları ərizəçilər tərəfindən ərizənin məzmununa riayət etməməsi kimi qiymətləndirərək və Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə istinad edərək hesab edir ki, Ərizəçi Maraqlı şəxsnə qarşı onun 01 iyul 1993-cü ildə Daşkəsən rayonunda Nana adlı qız uşağını dünyaya gətirməyinə dair doğumun qeydə alma faktının müəyyən edilməsi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbayçan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizəçi Maraqlı şəxsnə qarşı onun 01 iyul 1993-cü ildə Daşkəsən rayonunda Nana adlı qız uşağını dünyaya gətirməyinə dair doğumun qeydə alma faktının müəyyən edilməsi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə, ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar