Məhkəmə qərarları › İş №2(012)-2754/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2754/2021

20.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2754/2021 20.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Dostiyeva Aytac Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh, ona, yəni İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 11 saylı evin 49 saylı mənzili mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Bununla bağlı İddiaçı adına 25.07.2012-ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. İddiaçı Cavabdeh ilə 12.09.2013cü il tarixində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Nikaha daxil olduqdan sonra cavabdeh iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 11 saylı evin 49 saylı mənzilinə gəlin köçərək orada birgə yaşamağa başlamışlar. Tərəflərin birgə nikahlarından 28.07.2014-cü il təvəllüdlü X2 adlı övladları anadan olmuşdur. Bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri kəskinləşmiş və ailə münasibətlərinin bərpa olunması mümkün olmamışdır. Bu səbəbdən İddiaçı nikahın pozulması barədə iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və Məhkəmənin 02.02.2021-ci il tarixli 2(006)-740/2021 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 12.09.2013-cü il tarixdə bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş 28.07.2014-cü il təvəllüdlü X2 anası Cavabdeh yanında saxlanılmış, habelə azyaşlı uşağın saxlanılması üçün alimentin tutulması müəyyən edilmişdir. Nikahlarının məhkəmə qaydasında pozulmasına baxmayaraq, Cavabdeh İddiaçı Əlisəfa oğlu ilə birgə yaşadığı sonuncuya məxsus ünvan 1 ünvanda yerləşən mənzildən çıxmamış, həmin mənzildə yaşamaqda davam etmişdir. Halbuki mübahisəli mənzili İddiaçı Cavabdeh ilə nikaha daxil olmamışdan əvvəl yəni, 25.07.2012-ci il tarixdə almışdır və həmin vaxtdan mənzilin mülkiyyətçisidir. Hazırda cavabdeh mənzildən çıxmaqdan imtina edir. Beləliklə, cavabdehin qeyri-qanuni əməlləri nəticəsində iddiaçı özünə məxsus olan əmlaka dair istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verməklə bağlı hüquqlarını həyata keçirə bilmir. Bu səbəbdən onun həmin mənzildən çıxarılması üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28ci məhəllə, 11 saylı evin 49 saylı mənzilinə xüsusi mülkiyyət hüququ İddiaçı adına 25 iyul 2012-ci ildə Daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 52 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02.02.2021-ci il tarixli, 2(006)-740/2021 saylı qətnaməsindən müəyyən edilir ki, İddiaçı və Cavabdeh arasında 12.09.2013-cü il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahdan anadan olmuş 28.07.2014-cü il təvəllüdlü X1 anası Cavabdeh yanında qalması, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə hər ay 175 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, mübahisəli mənzil hazırda tam mülkiyyət hüququ ilə 2012-ci ilin iyul ayından iddiaçının mülkiyyətindədir, cavabdeh isə iddiaçının keçmiş həyat yoldaşıdır. Cavabdeh 2013-cü ilin sentyabr ayında iddiaçı ilə rəsmi nikaha daxil olmuş və həmin tarixdən gəlin kimi iddiaçının mülkiyyətində olan mübahisəli mənzilə köçmüşdür. Ailə münasibətləri pozulsa da, cavabdeh mənzildən çıxmaqdan imtina etdiyindən iddiaçı onun mübahisəli mənzildən məhkəmə qaydasında çıxarılmasını tələb edir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsində göstərilmişdir ki, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Konstitusiyanın 43-cü maddəsinin tələbinə görə isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Qeyd olunan təminatların əsas mahiyyəti həm də ondan ibarətdir ki, qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzilin sahibinin iradəsi ziddinə heç kəs mənzilə zorla daxil ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 158-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüquqları da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 165-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 2009-cu ilin oktyabr ayının 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququnu əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 oktyabr 2010cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Məhkəmə işin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verib hesab edir ki, mübahisə predmeti olan mənzil iddiaçıya məxsusdur. Cavabdehlə mübahisəli mənzilin sahibi olan iddiaçı arasında mənzildən istifadə ilə bağlı hər hansı razılaşma və müqavilə bağlanmamışdır. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30.3-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Bununla bağlı məhkəmə qeyd etməyi lazım bilir ki, Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən məhkəməyə gəlmədiyindən onun mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanmasının zəruriliyi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 11 ünvanında yerləşən 49 saylı mənzildən çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 11 ünvanında yerləşən 49 saylı mənzildən çıxarılsın. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar