Məhkəmə qərarları › İş №2(012)-2769/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2769/2021

09.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2769/2021 09.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X6 qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 09 iyun 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X6 qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X5 ünvan 1 ünvanında yerləşən 48 saylı mənzildən istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 48 saylı mənzilə dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən iddiaçının adınadır. Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X8 iddiaçının mənzilində formal qeydiyyatdadırlar. Həmin mənzil 26.02.2020-ci il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında iddiaçı X4 tərəfindən iddiaçıya bağışlanmışdır. Cavabdeh1 və onun ailəsi də iddiaçıya məxsus mənzildən olan istifadə hüquqlarının itirilməsinə etiraz etmir. İddiaçı hazırda mülkiyyətçi kimi cavabdehlərin təqsiri səbəbindən öz şəxsi mənzilindən sərbəst istifadə edə bilmir. Müəyyən sənədləşmə işləri zamanı cavabdehlər iddiaçıya mane olur. Cavadehlərin onun mənzilində qeydiyyatda olmaları səbəbindən mənzilindən sərbəst surətdə istifadə edə bilmədiyi və müəyyən problemlərlə üzləşdiyi üçün iddiaçı cavabdehlərin istifadə hüquqlarının itirilməsi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul edərək izahatında göstərdi ki, sözügedən ünvan 1 ünvanında yerləşən 48 saylı mənzili X1. Digər cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Zərifə Quliyeva onun ailə üzvləridir. Onun və digər cavabdehlər olan ailə üzvlərinin sözügedən mənzildən istifadə hüquqlarının itirilməsinə və mənzildən qeydiyyatdan çıxarılmalarına etiraz etmir. İddiaçı və digər cavabdehlər Cavabdeh3, Cavabdeh2 və X8 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmaqlarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxmağı mümkün saymışdır. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilməlidir. Mülki işin materiallarında olan 04 noyabr 2004-cü il tarixli, 237023 №-li müqavilənin müvafiq qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, satıcı Cavabdeh1 özünə məxsus olan Abşeron rayonu, Xırdalan qəsəbəsi, 28-ci məhəllə, 14 nömrəli evin yaşayış sahəsi 61,3 kv.m, köməkçi sahəsi 17,8 kv.m olan 4 otaqdan ibarət 48 saylı mənzilini 98.000.000 (doxsan səkkiz milyon) manat (Köhnə manatla) müqabilində alıcı X1. Mülki işin materiallarında olan 26 fevral 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, “Həddiyə verən” X4 tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 1, mənzil 48 ünvanında yerləşən ümumi sahəsi 79.1 kv.m, yaşayış sahəsi 61.3 kv.m, yardımçı sahəsi 17.8 kv.m olan mənzili qızı olan “Həddiyyə alan” İddiaçı bağışlamışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 17.03.2020-ci il qeydiyyat tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 14 saylı evin 48 saylı mənzilin mülkiyyətçisi İddiaçıdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 18.03.2021-ci il tarixli ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 14 saylı evin 48 saylı mənzilində xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2001-ci il təvəllüdlü X8 qeydiyyatdadırlar. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilmişdir ki, cavabdeh Quliyev X9 rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 14 saylı evin 48 saylı mənzili alqı-satqı müqaviləsi əsasında 04 noyabr 2004-cü il tarixdə hazırki mülki iş üzrə İddiaçı anası X2 və həmin mənzilə mülkiyyət hüququ G.Alıcanovaya keçmişdir. Cavabdeh1 və onun ailə üzvləri olan digər cavabdehlər sözügedən mənzili satmaqla həmin mənzilə olan istifadə hüquqlarını itirsələr də, cavabdehlər mənzili satdıqdan sonra ordan köçüb başqa yaşayış yerinə getsələr də, hələ də orada formal olaraq qeydiyyatdadırlar. Daha sonra sözügedən mənzil 26 fevral 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Gülnarə Alıcanova tərəfindən qızı hazırki mülki iş üzrə İddiaçı bağışlamışdır. Hazırda mənzilin mülkiyyətçisi İddiaçıdır. Cavabdeh1 onun və ailə üzvləri olan digər cavabdehlərin həmin mənzilə mülkiyyət hüquqlarının itirilməsinə və həmin mənzildən qeydiyyatdan çıxmalarına etirazı yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinin tələbinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinin tələbinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası” nın 1 saylı Protokolin 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir, birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallığa qarşı). Məhkəmə iddia tələbi ilə bağlı hesab edir ki, İddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir ki, onun bu hüquqları cavabdehlər tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Məhkəmə həmçinin iddia tələbi ilə əlaqədar qeyd edir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 14 saylı evin 48 saylı mənzili satıldıqdan sonra cavabdehlər həmin mənzildən daimi yaşamaq üçün başqa ünvana köçmüş və cavabdehlərin mübahisəli mənzildə yaşamamaları hər hansı bir üzürlü səbəblərlə əlaqədar olmayıb, səbəb, mübahisəli mənzili yeni mülkiyyətçiyə təhvil verildiyi üçün cavabdehlərin daimi yaşamaq məqsədilə başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır. Ona görə də, cavabdehlər mübahisəli ünvanda yaşamadıqları üçün onların həmin ünvana dair yaşayış yeri üzrə qeydiyyatları formal xarakter daşıyır və cavabdehlərin həmin mənzildən istifadə hüquqları itirilməlidir. Beləliklə, qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqları olmuş, lakin mənzilin satılması ilə artıq həmin mənzilə istifadə hüquqlarını itirmişlər. Ona görə də, məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X5 İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 14 saylı evin 48 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Cavabdehlərin mübahisəli mənzildən qeydiyyatdan çıxarılması məhkəmənin birbaşa səlahiyyətinə aid olmasa da, istifadə hüquqlarının itirilməsi qeydiyyatdan çıxarılma üçün də əsas hesab edilir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X5 İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 14 saylı evin 48 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X5 Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 14 saylı evin 48 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar