Məhkəmə qərarları › İş №2(012)-2770/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2770/2022

22.07.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2770/2022 22.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İlk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi Nümayəndə2, İlk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi Nümayəndə1, eyni zamanda, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınması və ya pul tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair ilk iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, 0.02 ha torpaq sahəsini boşaltması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh öz növbəsində, cavabdeh İddiaçı qarşı torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınması və ya pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun 0.02 ha torpaq sahəsinə və həmin torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınması və dövlət qeydiyyatına alınması vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Abşeron Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, ilk iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun ailə üzvləri olan atası Nümayəndə1, həyat yoldaşı X7, qızları X8, X9 və digər şəxslərin ona məxsus olan Abşeron rayonu Qobu qəsəbəsi ünvanında yerləşən 0.02 ha torpaq sahəsi və üzərində yerləşən tək qat tikili olan mülkiyyətindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia tələbinin qalan hissədə saxlanılmaq şərtilə, həmin tələbin təmin olunması, əks təqdirdə, cavabdeh İddiaçı ona vurduğu 49700 manat maddi zərər və 50000 manat mənəvi zərər olmaqla, ümumilikdə, cəmi 99700 manat zərərin ödənilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Abşeron rayonu Qobu qəsəbəsi X21 yaşayır. 2018-ci ildə ona məxsus üzərində tikili olan 0.02 ha torpaq sahəsini Cavabdeh notarial qaydada etibarnamə ilə satmış, ona az məbləğdə pul verildikdə o, etirazını bildirərək etibarnaməni ləğv edəcəyini bildirmişdir. Cavabdeh qalan pulu bir ay ərzində qaytaracağını vəd edərək onu razı salmış, lakin verdiyi vədə baxmayaraq, iki ildən çoxdur ki, pulu verməmişdir. Nəticədə, o, cavabdehə verdiyi etibarnaməni ləğv edərək ona verdiyi pulu qaytaracağını bildirmiş və torpaqdan çıxmağı tələb etmişdir. Cavabdeh borclu olduğu halda, onun barəsində polis əməkdaşlarına şikayət edib, haqqında şər-böhtan xarakterli ifadələr vermişdir. 2018-ci ildən hazırki günə qədər cavabdeh onun və onun ailə üzvləri ilə normal münasibət qura bilməmiş və bu səbəbdən də, cavabdehə heç bir güvəni qalmamışdır. Ona görə də o, cavabdehin ona verdiyi 4700 manat pul məbləğini geri qaytarmaq şərti ilə mülkiyyətindən çıxmasını tələb edir. Həmçinin, qeyd edir ki, torpağın qiyməti 6600 manat, üzərində olan tikilinin isə qiyməti 6800 manatdır. Cavabdehin atası onun mülkiyyətində olan torpaq sahəsindən çıxacaqlarına dair vəd vermiş, lakin vədinə əməl etməmişdir. Mart ayının 2-si onun anası həmin ünvana gedərək bir daha mülkiyyətdən çıxmalarını xahiş etmiş, lakin cavabdeh hədələyərək bir daha bura gəlməmələrini bildirmişdir. Cavabdeh torpaq sahəsi üzərində fərdi yaşayış evini tikib qurtardıqdan sonra 300 manat pul vəsaiti qarşılığında onun adına sənədləşdiriləcəyini qeyd etmiş, lakin bu, bir yalandır. Aralarında belə bir razılaşma olmamışdır. Razılaşma ondan ibarət olmuşdur ki, cavabdeh ona olan borcunu tam şəkildə ödəməyənə qədər həmin torpaq sahəsində heç bir tikinti işi apara bilməzdi. O, razılaşmanı pozaraq ona olan borclarını vermək istəmədiklərini görüb etibarnaməni özlərinə xəbərdarlıq etdikdən sonra ləğv etmişdir. Borcun ödənilməsi üçün istənilən müddət 1 (bir) ay olub, lakin 3 (üç) il keçməsinə baxmayaraq, borc bu günki günə qədər ödənilməmişdir. O, xx.xx.2021-ci il tarixdə etibarnamənin ləğv olunmasından iki ay sonra həmin torpaq sahəsindəki yarım tikilini sökərək yerində tək qat daşla biraz daha ucuz başa gələn 8.20x8.20 ölçüdə tikinti aparmışdır. Tikintini aparmazdan əvvəl Abşeron Rayon İcra Hakimiyyətinə məktubla yazılı müraciət etmiş, xx.xx.2021-ci il tarixdə evin dam örtüyünü vuraraq tikintini tam şəkildə tamamlamışdır. Evin damında bitmə tarixini yazaraq qeyd etmiş və foto şəklini çəkib saxlamışdır. O, evi tikərkən kiməsə nəsə sübut etmək fikrində olmamışdır. Qarşı tərəfin məhkəməyə təqdim etdiyi foto şəkillər isə planlı şəkildə çəkilmişdir. Belə ki, şəkillərə diqqətlə baxdıqda havanın qaralmasına yaxın çəkildiyini görmək olur. Bundan belə anlaşılır ki, o, tikinti işini bitirdikdən sonra günün sonunda cavabdeh planlı şəkildə gəlib tikintinin üzərində fotoşəkillər çəkdirmişdir. Cavabdeh tikilinin inşası üçün 45000 manat pul vəsaiti xərcləndiyini qeyd etsə də, bu, bir absurtdur. Cavabdeh kirayələrdə yaşayan bir insan olmuşdur. Abşeron rayonunun Sulutəpə, Xocasən, Hökməli, Qobu qəsəbəsi ərazilərində yer dəyişərək yaşamışdır. Buna səbəb kirayə pulunu ödəməməsi olmuşdur. Qobu qəsəbəsində son kirayə qaldığı evdən çıxarıldıqdan sonra onun tikdiyi evə girmişdir. Evin tikintisində istifadə olunan materiallar 3300 ədəd kubik daş, 55 ədəd sement, 9 kub qum, 132 m, 12 mm-lik armatur, pəncərə, qapı üstü üçün əlavə 40 m, 14 mm-lik, taxta 11 ədəd 4 m-lik, 5x15 millər üçün, 6 ədəd 6 m.lik, 5x15 tavan milləri üçün, 44 ədəd böyük və kiçik ölçüdə 5x10 dam örtüyü üçün, dam örtüyü yaşılı parlaq profnasteli markalı dəmir şifer bütün dəst hissələri ilə birlikdə olmaqla sərf olunmuşdur. Ona görə də göstərilənlərə əsasən, ilk iddia ərizəsinin təmin, qarşılıqlı iddia ərizəsinin isə təmin edilməməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, bu günki gündə mübahisənin yaranma səbəbi cavabdehin ona olan borcunu ödəməmiş olmasıdır. Əgər borc ödənilmiş olsa idi, məhkəməyə müraciət etməyəcəkdir. Cavabdeh özü də çox gözəl bilir ki, o, həmin torpaq sahəsini hansı şərtlər daxilində satmışdır. Üstəlik, o, torpaq sahəsini tikili ilə birlikdə satmış, çox güzəştlər etmişdir. Torpağın qiyməti 6600 manatdır, cavabdeh isə 4700 manat pul ödəmişdir. 1900 manat borcu olduğu halda, cavabdehin 300 manat borcunun qalması mümkün deyildir. Cavabdeh həmin pul vəsaitini isə etibarnamə veriləndən sonra vermişdir. 4700 manat pul verən zaman o, etirazını bildirmiş və razılaşdıqları məbləğin verilmədiyini qeyd etmişdir. Bir ay ərzində həmin pul vəsaiti ödənilməli idi. Artıq həmin vaxtın üzərindən 3 il keçmişdir. Dəfələrlə həmin pulun qaytarılması barədə xəbərdarlıqlar etmişdir. Cavabdeh 1900 manat pul vəsaitini gətirdiyini qeyd etsə də, gətirdiyi zaman pulu ona təqdim etməmişdir. Onun cavabdehə mənəvi zərər vurması, eyni zamanda, cavabdeh ilə də hər hansı bir barışığın əldə edilməsi mümkün deyildir. Hesab edir ki, cavabdeh tərəfindən tələb olunan məbləğ həddən ziyadə şişirdilmişdir. Cavabdeh tikilinin inşa edilməsinə 45000 manat sərf etdiyini qeyd etsə də, həmin məbləğin nədən ibarət olduğunu bilmir. O, torpağını sırf ehtiyac üzərindən satmışdır. Əslində, torpaq sahəsinin satışı 7000 manat olmaqla razılaşdırılmışdır. Cavabdehin atası xahiş etdiyindən 6600 manata satılması barədə razılıq əldə olunmuşdur. Notariusa gedəndə həmin məbləğ ödənilməli idi, lakin notariusda ödəniş edilmədiyindən o, etibarnamənin verilməsinə etiraz etmək istədi. Etibarnamə verilmədən öncə ona 4000 manat verilmiş, 15 gün sonra isə 700 manat verilmişdir. Şərtə əsasən, ona bir ay müddətində ödəniş edilmiş olsa idi, ucuz qiymətə torpaq satılacaqdı. Əgər verilməmiş olsaydı cavabdeh həmin məbləği geri alacaqdı. 2018-ci ildə satılmış torpaq sahəsinin qalan ödənişi ödənilmədiyindən o, borcun 6600 manat pul vəsaitindən qalıq qalan 1900 manat pul vəsaitinin ödənilmədiyini görüb etibarnaməni ləğv etmiş və hazırki mübahisə ortaya çıxmışdır. Torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi onun tərəfindən inşa edilmiş və bu barədə fotoşəkillər mövcuddur. Lakin evin hissə-hissə inşa edilməsini sübuta yetirən sənədləri mövcud deyildir və bu, mümkün olmayan bir haldır. Cavabdeh ona 4700 manat pul vəsaiti versə də, onun hazırda, cavabdehə həmin pulu qaytarmamasının səbəbi vardır. Belə ki, cavabdeh onun qardaşına 700 manat, daha dəqiq şəkildə isə 740 manat borcu vardır. Cavabdehin onun qardaşına olan borcu nəzərə alaraq, 4700 manat pul vəsaitindən 700 manatı qardaşına olan borc olmaqla çıxır, qalıq qalan 4000 manat pul vəsaitini isə 700 manat və 3300 manat olmaqla iki hissəyə qaytaracaqdır. Başqa sözlə, o, pulu qaytararkən cavabdehin ona ödəniş etdiyi şəkildə, yəni, iki hissəyə bölməklə qaytarılmasını təmin edəcəkdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə2 ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək İddiaçı izahatı ilə eyni məzmunlu izahat vermiş və əlavə olaraq, izahatında göstərmişdir ki, Cavabdeh daima onun oğlunu, onun özünü təhqir etmişdir. Cavabdeh özü müxtəlif yerlərdə, Hökməli, Xocasən, Sulutəpə ərazilərində kirayə yaşamış, lakin kirayə haqqı ödəmədiyindən qovulmuşdur. Onun dörd oğlu var, oğlanları hamısı Abşeron rayonu Qobu qəsəbəsində yaşayır. Hazırda, oğlu İddiaçı isə sağlamlığı ilə əlaqədar olaraq dəniz kənarında kirayə yaşayır. Cavabdeh Qobu qəsəbəsində olan zaman atası ona yalvarmış və torpaq sahəsini satmağı xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Qobu qəsəbəsindəki 0.02 ha torpaq sahəsini İddiaçı 26 iyul 2018-ci il tarixdə ondan 4700 manat pul vəsaiti alaraq 50 illik etibarnamə əsasında satmış və torpaq sahəsinin üzərində fərdi yaşayış evini tikdirib qurtardıqdan sonra iddiaçıya əlavə olaraq 300 manat pul vəsaiti verməklə 0.02 ha torpaq sahəsində tikiləcək fərdi yaşayış evinin öz adına sənədləşdirəcəyinə dair razılığa gəlmişlər. Etibarnamədə bütün səlahiyyətlər də ona verilmişdir. İddiaçının ona verdiyi səlahiyyətlər sübuta yetirir ki, İddiaçı razılaşdıqları qaydada pulunu almış və 200 kv.m torpaq sahəsini ona satmış, hətta həmin torpaq sahəsini başqasına satmaq səlahiyyətlərini də vermişdir. İddiaçı həmin torpaq sahəsini 4000 manata satışa qoymuşdu. Həmin torpaq sahəsi və İddiaçı ilə tanışlığı Ramin adlı şəxs etmişdir. İddiaçı onu görən kimi içərisində bir qədər kubik daşlar olan 4000 manata satışa qoyduğu torpaq sahəsini 5000 manata satacağını bildirmişdir. O, razılaşmış, 4700 manat verərək tikdirəcəyi evlə birlikdə torpaq sahəsini onun adına sənədləşdirəndə qalıq 300 manatı da ödəməyə dair razılaşmışdır. Həmin vaxt Qobuda torpaq sahəsinin bir sotunu 1200 manata satırdılar. İddiaçının torpaq sahəsi yola yaxın yerdə olduğu üçün və həm də torpaq sahəsində kubik daşı olduğu üçün o, razılaşmışdır. xx.xx.2022-ci il tarixdə təqdim edilən fotoşəkillər də, tikintiyə dair layihə smeta sənədləri də sübut edir ki, torpaq sahəsində tikinti olmamışdır. Layihə smeta sənədləri onun tərəfindən sifariş edilərək hazırlanmış, tikinti işləri də layihə smeta sənədlərinə uyğun aparılmışdır. İddiaçının iddia ərizəsində qeyd etdikləri düzgün deyildir. Fotoşəkillərdə də tikinti işlərinin başlandığı, kubik daşlar arasındakı sement məhlulunun qurumadığı, eyni zamanda, tikinti işləri aparılan zaman onun şəkli də aydın görünür. Tikinti işləri onun sifarişi əsasında hazırlanmış layihəyə uyğundur. Fotoşəkillər də, layihə smeta sənədləri də sübut edir ki, tikinti işlərini şəxsən o, özü yerinə yetirmişdir. Onun İddiaçı 300 manat borcu qalır ki, razılaşdıqları kimi həmin 300 manatı da sənədləşmə zamanı ödəməli idi. İddia ərizəsi İddiaçı tərəfindən həqiqətə uyğun olmayan sübutlarla əhatə olunmuşdur. Beləliklə də, iddiaçının əsas niyyəti əvvəlcədən onu aldatmaq olmuşdur. 2018-ci ildən etibarən başladığı fərdi yaşayış evinin tikintisi onun tərəfindən şəxsi maliyyə hesabına aparılmış, torpaq sahəsinə və içərisindəki daş topası ilə birlikdə ümumilikdə 5000 manata razılaşdırılmış, razılaşdıqları məbləğin 4700 manatını ödəmiş, qalan 300 manatını isə evi öz adına sənədləşdirəndə verəcəyini bildirmişdir. Əgər bu gün iddiaçı torpaq sahəsinin qaytarılmasını tələb edirsə, o, həmin sahədə özbaşına tikinti aparmamış, 50 illik notarial razılaşmaya əsasən tikinti işləri aparmış, onun çəkdiyi xərcləri ödədikdən sonra qeyd edilən torpaq sahəsi İddiaçı qaytarıla bilər. Etibarnamə birtərəfli əqddir, amma İddiaçı etirafından sonra, yəni etibar edilmiş şəxsdən torpaq sahəsinin əvəzində 4700 manat pul vəsaitini alaraq birtərəfli əqd əvəzli müqaviləyə çevrilmişdir. Artıq bu hadisədə tərəflər bir-biriləri ilə müqavilə razılığına gəlmişlər ki, pul vəsaiti alan iddiaçı torpaq sahəsinin pulunu alaraq söz verir və notarial qaydada razılıq verir ki, həmin torpaq sahəsində o, fərdi yaşayış evi tikməli, həmin razılığa əsasən o isə İddiaçı verdiyi etibarnamədəki səlahiyyətlərə inanaraq həmin torpaq sahəsində 45000 manat pul vəsaiti sərf edərək ailəsi üçün fərdi yaşayış evi tikdirmişdir. O, qarşılıqlı razılığa və etibarnaməyə əsaslanaraq həmin torpaq sahəsində 4700 manatlıq torpaq sahəsi üzərində 45000 manatlıq fərdi yaşayış evi inşa etmişdir. Ona bu işdə 49700 maddi zərər vurulmuşdur. Maddi zərərdən əlavə, ona ailəsi və atası ilə birlikdə 4 il ərzində İddiaçı və anası tərəfindən 50000 manat mənəvi zərər də vurulmuşdur. Nəticədə, pul vəsaitini alaraq ona fərdi yaşayış evi tikdirmək məqsədilə satdığı torpaq sahəsini boşaltmağı tələb edən İddiaçı torpaq sahəsinin satışına görə aldığı 4700 manatı, torpaq sahəsi üzərində fərdi yaşayış evinin tikintisinə xərclənən 45000 manat pulu və bu dörd il ərzində ona və ailəsinə vurduğu 50000 manat miqdarında mənəvi ziyanı ödəməlidir. Ona görə də göstərilənlərə əsasən, ilk iddia ərizəsinin rədd, qarşılıqlı iddia ərizəsinin isə təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh ilk iddia ərizəsini qəbul etməyib, qarşılıqlı iddia ərizəsini müdafiə edərək izahatında əlavə olaraq göstərmişdir ki, o, özü usta kimi fəaliyyət göstərir, səhər saat 10:00-da evdən çıxaraq en tezi saat 01:00-da evə gəlib çatmışdır. Əksinə, Nümayəndə2 görən kimi o, özünü görməməzliyə vurmuşdur. Onun iddiaçını təhqir etməsi mümkün deyildir. Həmin evi o, inşa etdirmiş, ev ona məxsusdur. Həmin torpaq sahəsi onun xəbəri olmadan ondan əvvəl Şakir Qədirov adlı şəxsə satılmış, həmin şəxsi şərləmişlər, hazırda isə o, şər-böhtana məruz qalmışdır. Qeyd olunan yerdə hamam-tualet, dörd daş tikili inşa edilmişdir. Həmin yeri o, sökmüş, özü ev inşa etməyə başlamış, 2019-cu ildə inşa etməyə başladıqdan sonra 2021-ci ilin avqust ayında tikilinin damını və pəncərəsini düzəldib tikdiyi evdə yaşamağa başlamışdır. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə1 ilk iddia ərizəsini qəbul etməyib, qarşılıqlı iddia ərizəsini müdafiə edərək Cavabdeh izahatı ilə eyni məzmunlu izahat vermiş və əlavə olaraq, izahatında göstərmişdir ki, onun oğlu kirayədə yaşadığı üçün torpaq sahəsi alıb fərdi yaşayış evi tikdirmək qərarına gəlmişdir. İddiaçı torpaq sahəsini 5000 manata satmış, 4700 manat pul vəsaiti ödənilmiş, 300 manat borc qalmışdır. Əgər o, iddiaçının anasını görmüş olsaydı, onlardan torpaq sahəsini qəti şəkildə almazdı. Faiz kimi iddiaçı ondan pul istəmiş və o, rayonda təsərrüfatını satandan sonra ödəniş edə biləcəyini qeyd etmişdir. Əksinə, iddiaçının anası onu təhqir etmişdir. Sonradan razılıq pozularaq, iddiaçı evin bir tərəfinin onun, digər tərəfinin isə cavabdehin olacağını qeyd etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil ilk iddia ərizəsini qəbul etməyib, qarşılıqlı iddia ərizəsini müdafiə edərək Cavabdeh izahatı ilə eyni məzmunlu izahat vermiş və əlavə olaraq, izahatında göstərmişdir ki, Cavabdeh İddiaçı aldığı torpaq sahəsində 45000 manat pul vəsaiti sərf edərək tikili inşa etdirmişdir. Əgər iddiaçı cavabdehin həmin sahədən çıxmağını tələb edirsə, həmin pulu, eyni zamanda, 4 il ərzində cavabdehə yaşatdığı stress nəzərə alınmaqla 50000 manat pul vəsaitini də ödəməlidir. İddiaçı səlahiyyət vermədiyi təqdirdə, cavabdeh həmin ərazidə tikili inşa etməzdi. İddiaçının ilkin iddia ərizəsində dedikləri həqiqətə uyğun deyildir. Baş etibarnamədə torpağın satılması nəzərdə tutulmuş və iddiaçının dediyi kimi, 4700 manata satılmış və 300 manat borc qalmışdır. 1900 manat pul vəsaiti isə sonrakı söhbətlər əsasında yaranmışdır. İddiaçı 50 il müddətinə etibarnamə vermiş və bütün səlahiyyətləri həmin etibarnamə əsasında etibar etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1 maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, o, İddiaçı yaxından tanımasa da, usta kimi həmin məhəllədə çalışmışdır. Həmin məhəllədə ev inşa edən zaman İddiaçı onu görmüş, işini bəyənmişdir. O, daş ustası kimi fəaliyyət göstərir. Keçən ilin avqust ayında İddiaçı üçün iki otaqlı ev olmaqla koridor, hamam-tualet, mətbəx inşa etmişdir. Üç daş yerdən tikmiş, tək qatlı olmaqla beton və hörgü işlərini o, həyata keçirmişdir. Cavabdeh isə görməmiş, onu və ailə üzvlərini tanımır. Çox evlər inşa etdiyindən təxmini xatırlayır ki, evin ölçüsü 8x8, 8x20 ölçüsündədir. Girişə daxil olanda solda mətbəx, irəlidə iki otaq var. Onunla birlikdə fəhlə olan Torğul adlı şəxs də çalışmış və həmin oğlan hazırda, Rusiya Federasiyasındadır. 2021-ci ilin avqust ayında işə başlamış və 15-16 gün iş görmüşdür. O, tikilini inşa edən zaman başqa şəxsləri görməmiş və zəhmət haqqını da İddiaçı almışdır. Həmin ev məhəllədən aşağıya doğru hərəkət etdikdə ərzaq mağazasının yanında yerləşən evin yanında yerləşir. Həmin mağaza Rövşən adlı şəxsə məxsusdur. Həmin məhəllədə o, haradasa, yeddiyə yaxın ev tikmişdir. Məhkəmə, tərəflərin izahatını, şahid ifadəsini dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia ərizələri aşağıda göstərilənlərə əsasən, qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayonu X19 xx.xx.2007-ci il tarixli 16 saylı qərarının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Qobu bələdiyyəsinin bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında İddiaçı fərdi mənzilin tikintisi məqsədilə 0.08 ha torpağın satılması barədə rayon Torpaq şöbəsi tərəfindən hazırlanmış sənədlərin alınması, Qobu bələdiyyə ehtiyat fondundan alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi mənzilin tikintisi məqsədilə 0.08 ha torpaq sahəsinin satılması qərara alınmışdır. -xx.xx.2007-ci il tarixli aktın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Qobu bələdiyyəsinin nümayəndələri olan üzvləri Ə.N.Əmiraslanov, S.B.X2 16 saylı 26 iyul 2007-ci il tarixli qərarına əsasən, 0,08 ha torpaq sahəsini yerində ölçüb ayırmış, bütün sərhəd dönüşlərində naturada qeyd olunmuş daimi nişangahlar qoymuş və İddiaçı yerində təhvil vermişdir. Digər tərəfdən, Abşeron rayonu Qobu Bələdiyyəsinin ərazisində fərdi yaşayış evinin tikintisi məqsədi ilə layihələndirilməsi üçün 0,08 ha 211 saylı torpaq sahəsini vətəndaş İddiaçı cizgidə olduğu kimi qəbul etmişdir. -xx.xx.2018-ci il tarixli ƏN-İ № 718072 saylı etibarnamənin surətindən görünür ki, mülkiyyətçi İddiaçı Cavabdeh 50 il müddətinə, Abşeron rayon Qobu bələdiyyəsinin 26 iyul 2007-ci il tarixli, 16 saylı qərarına əsasən, Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsindən 0,02 ha torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsində, İcra Hakimiyyətində, X12 Komitəsində, Notariat kontorlarında, bələdiyyələrdə və sair idarə, təşkilatlarda, banklarda nümayəndə olmağı, çıxarış, texniki pasport almağı, torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqavilə bağlamağı, imza etməyi, notariat kontorunda bütün əqdlər bağlamağı, imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. -Elektron Notariat Avtomatlaşdırılmış İnformasiya Sistemindən çıxarışdan görünür ki, Abşeron rayonu 2 saylı notariat ofisində etibar edən mülkiyyətçi İddiaçı tərəfindən etibar edilən Cavabdeh verilmiş xx.xx.2018-ci il tarixli 4345 reyestr nömrəli etibarnaməyə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. -Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli 392 saylı arayışdan görünür ki, hərbi hissənin hərbi qulluqçusu leytenant İddiaçı həqiqətən də Ağdam rayonunda döyüş bölgəsində yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edir. -Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli 1455 saylı arayışdan görünür ki, N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu leytenant İddiaçı həqiqətən, xidmət etdiyi müddət ərzində torpaq sahəsi və mənzil ilə təmin olunmamışdır. -Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 745 saylı məktubundan görünür ki, Nümayəndə2 Abşeron Rayon İcra Hakimiyyətinə ünvanladığı müraciət memarlıq və tikinti şöbəsində araşdırılmış, torpaq sahəsi üzərindəki mülkiyyət hüquqlarına dair sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərini, şəxsiyyəti təsdiq edən sənədin surətini və layihə sənədlərini RİH-nə təqdim etdikdən sonra müraciətə yenidən baxılacaqdır. Həmçinin, müraciətdə evin tikintisinə maddi köməklik edilməsini xahiş etmiş, Rayon İcra Hakimiyyətinin balansında bu məqsədlər üçün maliyyə vəsaiti olmadığından, yerli özünüidarəetmə orqanlarına müraciət etmək tövsiyə edilmişdir. -xx.xx.2021-ci il tarixli ******* saylı qaimə fakturadan görünür ki, İddiaçı Qobu qəsəbəsində fəaliyyət göstərən usta Fətəli adlı şəxsdən tikinti materialları almışdır. -**********3049 saylı tədiyyə bildirişindən görünür ki, İddiaçı etibarnamə əsasında etibar edilən Cavabdeh Abşeron rayonu Qobu Bələdiyyəsinə əmlak vergisinə görə 11.1 manat, torpaq vergisinə görə 1 manat ödəniş etməsi nəzərdə tutulmuşdur. xx.xx.2022-ci il tarixinədək 6.05 manat, xx.xx.2022-ci il tarixinədək 6.05 manat, ümumilikdə ödəniləcək məbləğ olaraq 45.95 manat pul vəsaitinin ödənilməsi müəyyən olunmuşdur. -Mülkiyyətçi-Layihə MMC memarlıq-planlaşdırma bölməsi tərəfindən verilmiş eskiz layihədən görünür ki, Cavabdeh Abşeron rayonu Qobu qəsəbəsi ünvanında tikintisi nəzərdə tutulmuş fərdi yaşayış evinin eskiz layihəsi tərtib olunmuşdur. -X25, X16, X17 tərəfindən imza edilməklə tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Abşeron rayonu Qobu Bələdiyyəsinin 26 iyul 2007-ci il tarixli qərarına əsasən İddiaçı məxsus ayrılmış torpaq sahəsinin 0.02 ha sahəsində tikilmiş birmərtəbəli yaşayış evi İddiaçı tərəfindən tikilmişdir. -Abşeron Rayon Qobu Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 356 saylı məktubdan görünür ki, İddiaçı Abşeron rayon Qobu bələdiyyəsinə şifahi müraciət edərək, Abşeron rayon Qobu bələdiyyəsinin 26 iyul 2007-ci il tarixli 16 nömrəli qərarı ilə həmin vətəndaşa fərdi mənzilin tikintisi məqsədilə torpaq sahəsinin ayrılması ilə bağlı arayış tələb etmişdir. Lakin Abşeron rayon Qobu bələdiyyəsinin 2013-cü ilə qədər olan torpaqayırma ilə bağlı qərarları mühafizə olunması üçün Abşeron rayon Dövlət Arxiv İdarəsinə göndərilmişdir. Odur ki, vətəndaş İddiaçı bu məsələ ilə əlaqədar Abşeron rayon Dövlət Arxiv İdarəsinə müraciət etməsi tövsiyyə olunmuşdur. -X3, X5, X16, X4, X17 tərəfindən imza edilməklə tərtib olunmuş, Abşeron Rayon İcra Hakimiyyəti başçısının İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi E.Məmmədov tərəfindən təsdiq olunmuş ərizədən görünür ki, məhəllə sakinləri və qonşular olaraq onlar İddiaçı tanıyır, şəkildə görülən yaşıl dam örtüklü, tək qat daşla tikilmiş evin İddiaçı məxsus olduğunu bildirir və həmin evi özü tikərək ərsəyə gətirdiyini, dam örtüyünü örtdüyünü görmüşlər. -Abşeron rayonu Qobu Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022ci il tarixli 378 saylı məktubdan görünür ki, məhkəmənin şifahi sorğusuna əsasən, İddiaçı Abşeron Rayon Dövlət Arxiv idarəsindən təqdim etdiyi xx.xx.2007-ci il tarixli 16 saylı Qərarı əsasında Qobu bələdiyyəsi tərəfindən ayrılmış 0.08 ha torpaq sahəsi vətəndaş İddiaçı istifadəsindədir. -Məhkəməyə təqdim edilmiş fotoşəkillərdən görünür ki, torpaq sahəsində bir daş üzərində fərdi yaşayış evinin inşasına başlanılmışdır. -Asan-Sumqayıt tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Abşeron rayonu Qobu qəsəbəsi S.Vurğun küçəsi 9 saylı evdə qeydiyyatdadır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Ağdam rayonu Sarıcalı ərazi dairəsi Sarıcalı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq):

152. maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.8. maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi olan Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinin İddiaçı Abşeron rayonu Qobu Bələdiyyəsi tərəfindən xx.xx.2007-ci il tarixli 16 saylı Qərarı əsasında satılması qərara alınmış, eyni zamanda, Abşeron rayon Qobu Bələdiyyəsi sədrinin, Abşeron rayon İcra Hakimiyyəti və Memarlıq Tikinti şöbəsinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətli nümayəndələri tərəfindən mübahisəli torpaq sahəsi yerində ölçülüb ayrılmaqla, daimi nişangahlar qoyulmaqla İddiaçı təhvil verilmişdir. Mülki Məcəllənin 139-1.1.1. maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun tələblərinə istinad edərək, məhkəmə Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinin hüquqi təyinatına qiymət verərək qeyd edir ki, sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla Qobu bələdiyyəsinin qərarı əsasında iddiaçıya satılmış və hazırda, iddiaçının 0.08 ha torpaq sahəsində sahiblik və istifadə hüquqları olmaqla daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasına əsas olmuş, başqa sözlə, iddiaçının torpaq sahəsinə “gözlənilən mülkiyyət hüququ” yaranmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun adlanacaq): 8.0.1. maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Mülki qanunvericiliyin, eyni zamanda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, bələdiyyə mülkiyyətində olmuş Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinin bələdiyyə sənədi əsasında İddiaçı satılması iddiaçının həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarının yaranmasına səbəb olmuşdur ki, bu hal mülki işin mübahisələndirilməyən tərəfidir. Mülki iş materiallarına əlavə olunmuş Abşeron rayonu 2 saylı Dövlət Notariat Kontorunda təsdiq olunmuş xx.xx.2018-ci il tarixli ƏN-İ № 718072 saylı etibarnamədən göründüyü kimi, mülkiyyətçi İddiaçı Cavabdeh 50 il müddətinə, Abşeron rayon Qobu bələdiyyəsinin 26 iyul 2007-ci il tarixli, 16 saylı qərarına əsasən, Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsindən 0,02 ha torpaq sahəsi üzərində səlahiyyətləri həyata keçirməyi etibar etmişdir. Beləliklə, həmin etibarnamə cavabdehin mübahisəli torpaq sahəsi üzərində sahiblik və istifadə hüququnu tanısa da, sərəncam vermə hüququnun yaranmasına əsas olmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi, eyni zamanda, Mülki Məcəllənin 139-1.1-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan konkret sənədlər siyahısını müəyyən etmişdir ki, etibarnamənin verilməsi mülkiyyət hüququnun yaranması üçün əsas deyildir və bu barədə qanunvericilikdə imperativ norma nəzərdə tutulmamışdır. Mülki Məcəllənin: 362.1. maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. 362.2. maddəsinə əsasən, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. 363.1. maddəsinə əsasən, bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. 365.1.3. maddəsinə əsasən, etibarnaməni vermiş şəxs tərəfindən etibarnamə ləğv edildikdə etibarnamənin qüvvəsinə xitam verilir. Qanunun tələblərinə istinad edərək məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinin 0.02 ha torpaq sahəsi cavabdehin sahibliyinə və istifadəsinə verilmiş olsa da, həmin etibarnamə iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Bununla da, cavabdehə həmin torpaq sahəsinə dair verilmiş səlahiyyətlər etibarnamənin xitam verilməsi ilə ləğv olunmuşdur. Etibarnamənin ləğv olunmasına əsas səbəb tərəflər arasında şifahi qaydada bağlanmış torpağa dair alqı-satqı olmuşdur ki, ilkin iddiaçı tərəfindən cavabdehə satılmış torpağın pulu cavabdeh tərəfindən tam ödənilməmiş bu isə etibarnamənin ləğvinə səbəb olmuşdur. İddia tələblərindən göründüyü kimi, iddiaçı ilkin iddia ərizəsində cavabdehin və onun ailə üzvlərinin sözügedən torpaq sahəsindən və üzərində inşa edilmiş tikilidən çıxarılmasını, cavabdeh isə qarşılıqlı iddia ərizəsində mübahisəli torpaq sahəsi və fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınmasını, əks təqdirdə, həmin əmlaklara sərf olunmuş maddi və mənəvi ziyanın tutulmasını məhkəmədən xahiş etmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1 və 2.2-ci maddələrinə əsasən, 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 2.2. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. 4.0. maddəsinə əsasən, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək. “X23rşı” məhkəmə işində Avropa məhkəməsi vurğulayıb ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir, bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. Avropa Məhkəməsinin presedentlərindən məlum olur ki, şəxslərin hətta dövlətə məxsus torpaq sahəsində heç bir icazə almadan inşa etdikləri tikililərə dövlətdən reaksiyası olmursa, Avropa Məhkəməsi dövlətin susmaqla həmin tikiliyə şəxsin mülkiyyət hüququnu tanıması kimi qiymətləndirir. Özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin: 180.1.-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2.-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, həmçinin, şahid ifadəsi əsasında müəyyən olunmuşdur ki, Abşeron rayonu Qobu qəsəbəsi ərazisində yerləşən 0.08 ha torpaq sahəsinin 0.02 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi İddiaçı tərəfindən inşa edilməklə həmin tikili iddiaçıya məxsusdur. Həmin tikili iddiaçıya məxsus olması şahid ifadəsi və qonşular tərəfindən tərtib edilmiş Akt əsasında öz təsdiqini tapır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, eyni zamanda, tərəflərin izahatı əsasında məhkəmə müəyyən etmişdir ki, xx.xx.2018-ci il tarixli ƏN-İ 718072 saylı etibarnamə əsasında Abşeron rayonu Qobu qəsəbəsi ərazisində yerləşən 0.08 ha torpaq sahəsinin 0.02 ha hissəsi Cavabdeh sahiblik və istifadəsinə verilməklə, həmin etibarnamə xx.xx.2021-ci il tarixdə iddiaçı tərəfindən ləğv olunmuşdur. Göründüyü kimi, sözügedən torpaq sahəsinə dair cavabdehin hər hansı bir hüququ olmaqla, iddiaçının isə gözlənilən mülkiyyət hüququ qorunub saxlanılmaqdadır. Bu səbəbdən də, ilkin iddia ərizəsi qismən təmin edilməklə, Cavabdeh İddiaçı sahiblik və istifadəsində olan Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinin 0.02 ha hissəsindən və həmin torpaq sahəsində inşa edilmiş tikilidən çıxarılmalı, ilkin iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı ilkin iddia ərizəsində cavabdehin ailə üzvləri ilə birlikdə torpaq sahəsindən və tikilidən çıxarılmasını xahiş etsə də, həmin hallara dair mötəbər sübutunu məhkəməyə təqdim etməmiş, sözügedən şəxslərin həqiqətən də həmin ünvanda yaşamasını sübuta yetirə bilməmişdir. Bu səbəbdən də, ilkin iddia ərizəsi yalnız Cavabdeh münasibətdə təmin edilməklə həmin şəxsin torpaq sahəsindən və tikilidən çıxarılması qənaətinə gəlinir. Qarşılıqlı iddia ərizəsində Cavabdeh tələbində Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinin 0.02 ha torpaq sahəsinə və həmin sahədə inşa edilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun yaranması, əks təqdirdə, torpaq sahəsinə görə 4700 manat, fərdi yaşayış evinin tikintisi üçün 45000 manat, mənəvi zərərə görə isə 50000 manatın tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Belə ki, məhkəmə araşdırması zamanı mübahisəli torpaq sahəsinin cavabdehə etibarnamə əsasında satılması, nəticədə, etibarnamənin ləğv olunması müəyyən edilməklə cavabdehin torpaq sahəsinə dair hər hansı bir hüququnun olmaması, inşa edilmiş fərdi yaşayış evinin isə iddiaçı tərəfindən tikilməsi təsdiq olunmuşdur. Bu səbəbdən də qarşılıqlı iddia ərizəsi sözügedən daşınmaz əmlaklara cavabdehin mülkiyyət hüququnun tanınması hissəsində əsaslı hesab edilib təmin edilə bilməz. Məhkəmə eyni zamanda, qeyd edir ki, məhkəmə araşdırması zamanı Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsinin 6600 manata satılması barədə razılaşma əldə olunsa da, cavabdeh tərəfindən 4700 manat ödəniş edilməsi, iddiaçı tərəfindən isə həmin məbləğdə pul vəsaitinin alınması tərəflərin izahatı ilə öz təsdiqini tapmışdır. Bu səbəbdən də, məhkəmə qeyd edir ki, sözügedən torpaq sahəsindən Cavabdeh çıxarılması müəyyən olunduğundan, cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 4700 manat pul vəsaiti də İddiaçı tərəfindən Cavabdeh qaytarılmalıdır. Qarşılıqlı iddia ərizəsində Cavabdeh fərdi yaşayış evinin tikintisinə sərf olunmuş 45000 manat pul vəsaitinin tutulmasını tələb etsə də, sübutetmə yükü daşıyan qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı həmin hallara dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, qarşılıqlı iddia ərizəsi maddi ziyanın tutulmasına dair yalnız 4700 manat pul vəsaitinin tutulması hissəsində təmin edilir ki, həmin məbləğdə ödənişin Cavabdeh tərəfindən İddiaçı ödənilməsi məhkəmə araşdırması zamanı tərəflərin izahatı əsasında öz təsdiqini tapmışdır. Məhkəmə qarşılıqlı iddianın mənəvi zərərin ödənilməsi ilə bağlı hissədə isə aşağıdakıları qeyd etməyi zəruri bilir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göstərilənə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində Mülki Prosessual Məcəllənin 77.1. maddəsinə müvafiq olaraq, qarşılıqlı iddiaçı tərəfindən məhkəməyə əsaslandırıcı sübut və dəlillər təqdim olunmadığından qarşılıqlı iddia tələbi həmin hissədə əsassız hesab edilərək rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və X6 haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və X6 haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini, mülki iş materiallarını paralel şəkildə qiymətləndirərək belə qənaətə gəlir ki, ilkin və qarşılıqlı iddia ərizələri qismən təmin edilməli, Piriyev X18 rayonu Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinin 0.02 ha hissəsindən və 0.02 ha torpaq sahəsində inşa edilmiş tək qat tikilidən çıxarılmalı, İddiaçı isə Cavabdeh xeyrinə 4700 manat pul vəsaiti tutulmalı, ilkin və qarşılıqlı iddia ərizələri qalan hissələrdə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizələrinin verilməsinə görə ödənilmiş dövlət rüsumu məbləği iddiaçı və cavabdeh tərəfindən tələb edilmədiyindən dövlət rüsumu məbləği həmin tərəflərin özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İlkin və qarşılıqlı iddia ərizələri qismən təmin edilsin. Piriyev X18 rayonu Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinin 0.02 ha hissəsindən və 0.02 ha torpaq sahəsində inşa edilmiş tək qat tikilidən çıxarılsın. İddiaçı Cavabdeh xeyrinə 4700 (dörd min yeddi yüz) manat pul vəsaiti tutulsun. İlkin və qarşılıqlı iddia ərizələri qalan hissələrdə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar