Məhkəmə qərarları › İş №2(012)-2776/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2776/2021

07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2776/2021 07.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hаkim Əhmədоv Hаbil Yunis оğlunun sədrliyi, X2 kаtibliyi, İddiaçı Ləğv prosesində olan X6 Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Ləğv prosesində olan X6 Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan X6 Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 10.12.2007-ci il tarixli 02 saylı kredit müqaviləsi üzrə 2374.89 Avro əsas, 0 (sıfır) Avro faiz, 0 (sıfır) Avro cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 1494.57 Avro faiz olmaqla cəmi 3869.46 Avro kredit borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın girov predmeti olan qızıl-zinət əşyalarına (kolye bilərzik - 1 dəst, kolye qolbaq zəncir - 1 dəst, kolye qolbaq kəpənək - 1 dəst, kolye - 1 ədəd, klon - 1 ədəd) yönəldilməsi, həmin qızıl-zinət əşyalarının hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və girov predmetinin satışından əldə olunan vəsait cavabdehin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehdən tutularaq iddiaçı Ləğv prosesində olan X6 Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan X6 Cəmiyyətinin nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, X6 Cəmiyyətinin Səbail rayon filialı ilə Cavabdeh arasında bağlanmış 10 dekabr 2007-ci il tarixli 02 nömrəli kredit müqaviləsinə əsasən evin təmiri məqsədi ilə cavabdehə 6 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 6000 Avro kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh məxsus olan qızıl-zinət əşyaları (kolye bilərzik - 1 dəst, kolye qolbaq zəncir - 1 dəst, kolye qolbaq kəpənək - 1 dəst, kolye - 1 ədəd, klon - 1 ədəd) girova qoyulması məqsədilə 10.12.2007-ci tarixli girov müqaviləsi bağlanmışdır. Bank ilə cavabdeh arasında bağlanılmış girov müqaviləsinin 2-ci bəndinə əsasən kreditin təminatı kimi qızıl-zinət əşyaları, yəni kolye bilərzik - 1 dəst, kolye qolbaq zəncir - 1 dəst, kolye qolbaq kəpənək - 1 dəst, kolye - 1 ədəd, klon - 1 ədəd) çıxış edir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********098 saylı 24.09.2020-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh kredit üzrə borcu cəmi 3869.46 Avro təşkil edir. Bundan 2374.89 Avro əsas, 0 (sıfır) Avro faiz, 0 (sıfır) Avro cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 1494.57 Avro faiz borcu təşkil edir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, X6 Cəmiyyətinin Səbail rayon filialı ilə bağladığı 10 dekabr 2007-ci il tarixli 02 nömrəli kredit müqaviləsinə əsasən ona evin təmiri məqsədi ilə 6 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 6000 Avro kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, ona məxsus olan qızıl-zinət əşyaları (kolye bilərzik - 1 dəst, kolye qolbaq zəncir - 1 dəst, kolye qolbaq kəpənək - 1 dəst, kolye - 1 ədəd, klon - 1 ədəd) girov qoyulması məqsədilə 10.12.2007-ci tarixli girov müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini maddi imkanı olduğu müddətdə ödəmişdir. Hazırda, iddiaçının iddia tələbləri ilə razıdır. Belə ki, girov qoyulmuş qızıl-zinyət əşyalarının açıq hərracdan satılaraq borcun ödənilməsinə etiraz etmir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.08.2016-cı il tarixli 2-1(81)-1594/2016 saylı qərardadından görünür ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının ərizəsi təmin edilmiş, lisenziyaları ləğv olunmuş və müflis elan olunmuş Atrabank ASC-yə və X8 ASC-yə təyin olunmuş ləğvedicilərin fəaliyyətinə xitam verilmiş və adları qeyd olunmuş banklara ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. -Borcverən Atrabank ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 10.12.2007-ci il tarixli 02 saylı kredit müqaviləsindən görünür ki, bank borcalana evin təmiri məqsədilə 6 ay müddətinə, 10.06.2008-ci ildən 6000 Avro həcmində illik 28%-lə birdəfəlik (hissə-hissə) kredit verməyi öhdəsinə götürmüşdür. -Girovqoyan Atrabank ASC ilə girovsaxlayan Cavabdeh arasında bağlanmış 10.12.2007-ci il tarixli girov müqaviləsindən görünür ki, bankla Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən kreditin vaxtında qaytarılması girovla təmin edilmiş və qızıl-zinət əşyaları müqavilə üzrə öhdəliklərin icrasının təminatı olaraq qoyulmuşdur. -Atrabank ASC-yə girov qoyulan əmlakın və qiymətli əşyaların siyahısından görünür ki, girov sahibi Cavabdeh dəyəri 1180 Avro olan 1 dəst kolye bilərziyi, dəyəri 710 Avro olan 1 dəst kolyeni, qolbaq-zənciri, dəyəri 480 Avro olan 1 dəst kolyeni, kəpənək qolbağı, dəyəri 590 Avro olan 1 ədəd kolyeni və dəyəri 70 Avro olan 1 ədəd klonu banka girov qoymuşdur. -Ləğv prosesində olan X6 Cəmiyyətinin 24.09.2020-ci il tarixli **********098 saylı bildirişindən görünür ki, bank tərəfindən borcalan Cavabdeh banka olan borc 3 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Atrabank ASC-nin 11.11.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 10.12.2007-ci il tarixli 02 saylı kredit razılaşması üzrə 03.11.2020-ci il tarixə 2374.89 Avro əsas, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi 5 faiz olmaqla həmin faizin hesablanma düsturu (əsas borc/100*5)/360 olmaqla hesablanmış günlük faiz məbləği 0.33 sent və gecikdirilmiş gün sayısı 4529 gün, 1494.57 Avro gecikdirilmiş vaxt üçün hesablanan faiz olmaqla, ümumilikdə 3869.46 Avro təşkil edir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 18.09.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu Saray qəsəbə ərazi dairəsi, Saray qəsəbəsində qeydiyyatdadır. -17.03.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilə üzrə Cavabdeh bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müyyən olunmuşdur ki, iddiaçı X6 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10.12.2007-ci il tarixli 02 saylı kredit müqaviləsinə əsasən evin təmiri məqsədi ilə cavabdehə 6 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 6000 Avro kredit verilmiş, kredit müqaviləsinin təminatı olaraq, cavabdehə məxsus olan qızıl-zinət əşyaları (kolye bilərzik - 1 dəst, kolye qolbaq zəncir - 1 dəst, kolye qolbaq kəpənək - 1 dəst, kolye - 1 ədəd, klon - 1 ədəd) girova qoyulması məqsədilə 10.12.2007-ci tarixli girov müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyindən iddiaçı-bank kredit müqaviləsi üzrə borcun tutulmasına və tələbin girov predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəlləsinin; 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya, borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 297-ci maddəsinə əsasən, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). 298-ci maddəsinə əsasən, girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən Cavabdeh 10.12.2007-ci il tarixli 02 saylı kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi nəticəsində 2374.89 Avro əsas borcunun yaranması tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından məhkəmə 2374.89 Avro əsas borcun tutulmasını əsaslı hesab edib təmin edir. İddia tələbində əsas borc tələbi ilə yanaşı gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan 1494,57 Avro faiz borcunun cavabdehdən tutulması göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarından kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtından qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Konstitusiya Məhkəməsi Qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərinin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Ən nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldə çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdara faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsaəsn onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüquq yaranır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından məhkəmə hesab edir ki, iddiaçının müqavilə üzrə gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan 1494,57 Avro faiz borcunu tələb etməsi əsaslıdır və təmin edilməlidir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi müqavilə şərtlərinə uyğundur və əsaslıdır. Beləliklə, işin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı Atrabank ASC ilə bağladığı 10.12.2007-ci il tarixli 02 saylı kredit müqaviləsi üzrə öhdəliklərini müqavilə üzrə müəyyən edilmiş qaydada yerinə yetirməməsi nəticəsində banka 2374.89 Avro əsas, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 1494.57 Avro faiz borcunun yaranması tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından məhkəmə iddia ərizəsinin təmin edilərək həmin borc məbləğinin cavabdehdən tutulması, tutmanın girov predmeti olan qızıl-zinət əşyalarına (kolye bilərzik - 1 dəst, kolye qolbaq zəncir - 1 dəst, kolye qolbaq kəpənək - 1 dəst, kolye - 1 ədəd, klon - 1 ədəd) yönəldilməsi, həmin qızıl-zinət əşyalarının hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və girov predmetinin satışından əldə olunan vəsait cavabdehin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehdən tutularaq iddiaçı Ləğv prosesində olan X6 Cəmiyyətinə ödənilməsinə dair tələbini əsaslı hesab edib təmin edir. Məhkəmə, eyni zamanda Cavabdeh iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri Avro ilə yaranmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan iddiaçıya ödənilməli olan pul vəsaiti manatla ödənilməlidir. Belə ki, «Məhkəmə qətnamələri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11.2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi təmin edildiyindən, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənləri nəzərə alaraq və Mülki-Prosessual Məcəllənin 119, 216-220, 222.2, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 10.12.2007-ci il tarixli 02 saylı kredit müqaviləsi üzrə əsas borca görə 2374.89 (iki min üç yüz yetmiş dörd Avro səksən doqquz sent) Avro, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 1494.57 (min dörd yüz doxsan dörd Avro əlli yeddi sent) Avro faiz olmaqla cəmi 3869.46 (üç min səkkiz yüz altmış doqquz Avro qırx altı sent) Avro kredit borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı Ləğv prosesində olan X6 Cəmiyyətinin xeyrinə tutulsun. Tələb iddiaçı X6 Cəmiyyətinə girov qismində qoyulmuş girov predmeti olan qızıl-zinət əşyalarına (kolye bilərzik - 1 dəst, kolye qolbaq zəncir - 1 dəst, kolye qolbaq kəpənək - 1 dəst, kolye - 1 ədəd, klon - 1 ədəd) yönəldilsin. Girov predmeti olan qızıl-zinət əşyaları (kolye bilərzik - 1 dəst, kolye qolbaq zəncir - 1 dəst, kolye qolbaq kəpənək - 1 dəst, kolye - 1 ədəd, klon - 1 ədəd) açıq hərrac yolu ilə satılsın, satışdan əldə olunmuş vəsaitdən cəmi 3869.46 (üç min səkkiz yüz altmış doqquz Avro qırx altı sent) Avro kredit borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı Ləğv prosesində olan X6 Cəmiyyətinin hesabına keçirilsin. Girov predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehdən tutularaq iddiaçı Ləğv prosesində olan X6 Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar