Məhkəmə qərarları › İş №2(012)-2832/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2832/2021

24.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2832/2021 24.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ X5 Səfiyevanın sədrliyi, Arzu Siyavuş qızı Əliyevanın katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə 24 may 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzbati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və onun yetkinlik yaşına çatmayan övladlarının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh oğlu Zöhrabla 2004-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan 2 övladları anadan olmuşdur. Nikah sonrası iddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən evə gəlin köçmüş, sonra isə ailə üzvləri ilə birlikdə cavabdehə məxsus Bakı şəhəri, Biləcəri qəsəbəsində yerləşən evdə yaşamışlar. Bir müddət sonra cavabdeh sonuncu evi sataraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini almışdır. Həmin evdə iddiaçı ailə üzvləri ilə birlikdə pasport qeydiyyatında olmaqla yaşamışdır. Sonradan tərəflərin ümumi vəsaiti hesabına əlavə iki mərtəbəli ev tikilmiş və onlar orada yaşamışlar. Tərəflər arasındakı münasibətlər pozulduqdan sonra Abşeron Rayon Məhkəməsinin 02 avqust 2019-cu il tarixli qətnaməsi ilə onlar arasındakı nikahın pozulması və azyaşlıların ananın himayəsinə verilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 25 noyab 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh ona qarşı “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi” barədə iddia tələbi təmin edilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı onkoloji xəstəlikdən əziyyət çəkir və himayəsində olan övladları ilə birgə kirayə evin pulunu ödəmək iqtidarında deyil. Maddi imkanı yoxdur və həmin ev onun yeganə yaşayış yeridir. Buna baxmayaraq, cavabdeh onların həmin evdə yaşamasına mane olur. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, iddiaçı həmin evə köçürülmə tələbini yalnız orada qeydiyyatda olmağı ilə əsaslandırmışdır, halbuki mənzilə köçürülmə tələbi yalnız mülkiyyət hüququ, kirayə müqaviləsi, istifadə hüququ, servitutla yüklülüyü vəya vəsiyyət tapşırığı mövcud olduqda mümkündür. Məhkəmə qətnaməsi ilə iddiaçının həmin evə istifadə hüququnun olmadığı müəyyən edilib. Həmin ev onun xüsusi mülkiyyətindədir və iddiaçının oraya köçürülmə tələbi də əsassızdır.Onu da qeyd edir ki, ev 2014-cü ildən onun mülkiyyətindədir. Həmin vaxt 3 oğaqlı, ümumi sahəsi 86,7 kv.m olmuşdur.Sonradan əlavə tikililər tikib ki, bu evin yardımçı sahələridir, bir qədər genişləndirmiş və DƏDRX-dən yenı çıxarış almışdır.Hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mülki işin materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2406/2019 saylı 02 avqust 2019-cu il tarixli qətnaməsindən müəyyən edilir ki, iddia tələbi təmin edilmiş və İddiaçı ilə Cavabdeh arasında 11 aprel 2013-cü il tarixdə Rusiya Federasiyasının Tver Vilayəti Tver şəhər Administrasiyasının VVADQ şöbəsində bağlanmış nikahın pozulması, 30 oktyabr 2005-ci il təvəllüdlü X7 və 23 mart 2008-ci il təvəllüdlü X2 boşanmadan sonra İddiaçı (ananın) yanında qalması, həmin azyaşlıların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay, hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması və alimentin tutulmasının əvvəlinin iddia ərizəsinin məhkəməyə təqdim edildiyi- 01 may 2019cu il tarixdən hesablanması qət edilmişdir. Mülki işin materiallarında olan ******* №-li 23.06.2014-cü il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən müəyyən edilir ki, satıcı X1 rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, döngə 4, dalan 3, ev 20 ünvanında yerləşən ümumi sahəsi 86.7 kv.m olan fərdi yaşayış evini alıcı Cavabdeh satır, sonuncu isə daşınmaz əmlakın dəyəri olan 53054 manat məbləğində pul vəsaitini satıcıya ödəyir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********30-10301 reyestr nömrəli, 07.01.2021-ci il tarixli çıxarışdan müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 117.6 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydə alınmışdır. Mülki işin materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-4081/2019 saylı 25 noyabr 2019-cu il tarixli qətnaməsindən müəyyən edilir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “ünvan 2-dən istifadə hüququna xitam verilməsi” barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Məhkəmə qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı həmin evdən qanunla müəyyən edilmiş istifadə hüquqları yaranmamışdır və olmayan istifadə hüququna isə məhkəmə qaydasında xitam verilməsi mümkün deyil. Mülki işin materiallarında olan Abşeron Rayon Məhkəməsinin 11.03.2021-ci il tarixli Qətanməsindən müəyyən edilir ki, İddiaçı Cavabdeh və Əhmədov Zöhrab Binnət oğluna qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir.Həmin iddia tələbində iddiaçı mübahisəli evin tikintisin çəkilmiş 100000 manat pul vəsaitinin ümumi əmlak kimi bərabər paylarla bölünərək cavabdehlərdən onun xeyrinə 50 000manat pulun tutulmasını xahiş etmişdir.Məhkəmə iddianı rədd edərkən ona əsaslanmışdrı ki, tərəflərin birgə nikahda olduqları vaxt yaşadıqları cavabdeh Binnət Əhmədovun mülkiyyətində olan mübahisəli evin tikintisinə pul vəsaitlərinin xərclənməsi hər hansı sübutla təsdiq olunmur. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçının cavabdehin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun olmaması qüvvədə olan məhkəmə qətnaməsi ilə sübut olunmuşdur. İddiaçı 2014-cü ildə mübahisəli evə köçəndən sonra orada cavabdeh tərəfindən əlavə yardımçı tikililər tikilmiş, həmin sahələrdə göründüyü kimi hazırda iddiaçının mülkiuiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı İddiaçı və onun yetkinlik yaşına çatmayan övladlarının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə iddia tələbi onun həmin evdən istifadə hüququ olmadığından əsassız hesab edilib təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-ci maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı İddiaçı və onun yetkinlik yaşına çatmayan övladlarının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar