Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-285/2022 15.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən tikinti materiallarının çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən tikinti materiallarının çıxarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı mülkiyyətində olan Abşeron rayonu Məmmədli kəndində yerləşən torpaq sahəsindən Cavabdeh tərəfindən boşaldılan tikinti materiallarının çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 0.118136 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarış əsasında, Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 0.0550 ha torpaq sahəsi isə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarış əsasında İddiaçı mülkiyyətindədir. Qeyd olunan torpaq sahələri iddiaçının öz hesabına çəkdirdiyi daş hasarla əhatə olunmuşdur. Hazırki vaxta qədər iddiaçının mülkiyyətində olan torpaq sahəsinə cavabdeh tərəfindən tikinti materialları boşaldılmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh buna məhəl qoymamış, boşaltdığı tikinti materiallarını torpaq sahəsindən çıxarmamışdır. Bununla da iddiaçının mülkiyyət hüquqları pozulmuş, bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, məhkəməyə daxil olmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/7183 saylı rəyi ilə razı deyildir. Ona görə ki, onun torpaq sahəsi hasara alınmaqla cavabdehin torpaq sahəsinin onun torpaq sahəsi ilə üst-üstə düşməsini qəbul edə bilmir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, məhkəməyə daxil olmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/7183 saylı rəyi ilə razı deyildir. Ekspert rəyinə əsasən, 0.0909 ha torpaq sahəsi hissəsinə onun torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən edilsə də, qeyd edir ki, torpaq sahəsi 2014-cü ildə alınanda Torpaq Komitəsi torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməmiş, həmçinin, torpaq sahəsinin 7 ha qalan hissəsində 2-3 dəfə alqı-satqı olunmuş, sənədlər yenilənmişdir. İddiaçıya məxsus olan torpaq sahəsində o, daş və tikinti materialları yerləşdirmiş və əsas məqsədi iddiaçı ilə torpaq sahəsinin sərhəddini müəyyən etməklə hasar quraşdırmaq olmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli № AA015718 saylı plan və ölçünün notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.118136 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas 132 saylı şəhadətnamə, xx.xx.2014-cü il tarixli 4Ə/2579 nömrəli alqı-satqı müqaviləsi olmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.118136 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 22 saylı reyestr kitabının 56 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********36 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli № AA373863 saylı plan və ölçünün notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.0550 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas 078 saylı şəhadətnamə, xx.xx.2019-cu il tarixli 4Ə/355 nömrəli alqı-satqı müqaviləsi olmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.0550 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********45 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli № AA013530 saylı plan və ölçünün surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 1.23 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas 089 saylı şəhadətnamə, 4Ə/860 nömrəli alqı-satqı müqaviləsi olmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 1.23 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 542 saylı reyestr kitabının 33 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********73 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli plan və ölçünün surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.077 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas 132 saylı şəhadətnamə, xx.xx.2020-ci il tarixli 4Ə/473 nömrəli alqı-satqı müqaviləsi olmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.077 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 1088 saylı reyestr kitabının 17 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********14 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Mülki iş materiallarına əlavə olunmuş 6 (altı) ədəd fotoşəkildən görünür ki, torpaq sahəsinə daş materialları boşaldılmışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 4-cü Binəqədi küçəsi 9 saylı evdə, Cavabdeh isə Gədəbəy rayonu Novoivanovka ərazi dairəsi Novoivanovka kəndində qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMCnin xx.xx.2022-ci il tarixli **********47 saylı rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/7183 saylı rəyindən görünür ki, "xxxx" MMC-nin Bakı LTİ-nin mühəndisi Azər Əhmədovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, daşınmaz əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı, daşınmaz əmlakın dövlət reyestrində 22 saylı reyestr kitabının 56 saylı vərəqində qeydiyyata alınmış çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan 0.118136 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində 0.0909 ha hissəsi yerində (naturada) İddiaçı faktiki istifadəsində olan 0.1835 ha hissəsi ilə üst-üstə düşür. Rəydən daha sonra görünür ki, 4 saylı Abşeron Ərazi İdarəsindən alınmış sorğuya əsasən, daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı, daşınmaz əmlakın dövlət reyestrində 542 saylı reyestr kitabının 33 saylı vərəqində qeydiyyata alınmış çıxarışa əsasən, Cavabdeh mülkiyyətində olan 1.23 ha torpaq sahəsindən alqı-satqılar olunduğundan daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014cü il tarixli RX seriyalı ******* saylı, daşınmaz əmlakın dövlət reyestrində 22 saylı reyestr kitabının 56 saylı vərəqində qeydiyyata alınmış çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan 0.118136 ha torpaq sahəsi ilə ölçüsü yerində (naturada) üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, mübahisə predmeti olan Abşeron rayonu Məmmədli kəndində yerləşən ümumi sahəsi 0.118136 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətində olmaqla bu barədə ona daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarış verilmiş və həmin çıxarışa əsasən, iddiaçının torpaq sahəsinə münasibətdə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda, iddiaçı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsində cavabdeh tərəfindən tikinti materiallarının yerləşdirildiyini iddia etdiyindən həmin materialların cavabdeh tərəfindən çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq):
152. maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (bundan sonra mətndə Torpaq Məcəlləsi adlanacaq): 9-cu maddəsinin 1. hissəsinə əsasən, Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. 9-cu maddəsinin 2. hissəsinə əsasən, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları kənd təsərrüfatı təyinatlı, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqları kateqoriyalarına bölünür. 10-cu maddəsinin 1. hissəsinə əsasən, torpaqların məqsədli təyinatı torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Qanunun tələblərindən göründüyü kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarış əsasında, Abşeron rayonu Məmmədli kəndində yerləşən 0.118136 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, həmin torpaq sahəsi kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid edilmiş və mülki iş üzrə cavabdeh torpaqların məqsədli təyinatına zidd olaraq həmin torpaq sahəsində tikinti materialları yerləşdirmişdir. Torpaq Məcəlləsinin: 13-cü maddəsinin 1. hissəsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmitədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. 13-cü maddəsinin 3. hissəsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 9-cu maddəsinin 3. hissəsinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Qanunun tələblərindən məlum olduğu kimi, kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmitədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilməli olduğu halda, torpaq sahələrinin bir kateqoriyadan digərinə keçirilməsi və başqa məqsədlər üçün istifadə edilməsi isə qanunla nəzərdə tutulmuş qaydada həyata keçirilir. Torpaq Məcəlləsinin: 80-ci maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin hüquqlarına torpaq sahəsi üzərində torpağın məqsədli təyinatına uyğun olan yaşayış evləri, istehsal, mədəni-məişət təyinatlı və digər tikililər və qurğular inşa etmək aiddir. 13-cü maddəsinin 2. hissəsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, kənd təsərrüfat təyinatlı torpaq sahələrindən yalnız məqsədli təyinatına uyğun istifadə edilməsi nəzərdə tutulduğu halda, cavabdeh tərəfindən həmin sahəyə tikinti materialları yerləşdirilmişdir ki, bu da mülki iş materiallarına əlavə olunmuş fotoşəkillər ilə öz təsdiqini tapmışdır. Mülki iş üzrə tərəflərin mülkiyyətində olan torpaq sahəsinin naturada faktiki üst-üst düşməsini müəyyən etmək və mübahisəli torpaq sahəsində cavabdeh tərəfindən həqiqətən də tikinti materiallarının yerləşdirilməsini müəyyən etmək üçün məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və məhkəməyə daxil olmuş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli **********47 saylı rəyinə və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/7183 saylı rəyinə əsasən, İddiaçı mülkiyyətində olan 0.118136 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində 0.0909 ha hissəsinin yerində (naturada) İddiaçı faktiki istifadəsində olan 0.1835 ha hissəsi ilə üst-üstə düşməsi müəyyən edilmişdir. Beləliklə də, məhkəmə ekspert və mütəxəssis rəylərini digər sübutlarla paralel şəkildə qiymətləndirib Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, əsas sübut növü kimi qiymətləndirib nəzərə alır. Bu səbəbdən də, iddiaçının mülkiyyətində olan ümumi sahəsi 0.118136 ha torpaq sahəsinin 0.0909 ha hissəsi qədərində cavabdehin torpaq sahəsi üst-üstə düşdüyündən və cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin həmin hissəsinə daş tikinti materiallarının qoyulması etiraf olunduğundan, başqa sözlə, iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsindən istifadə ilə bağlı maneələrin yaradılması iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının pozulması ilə nəticələndiyindən iddia tələbləri əsaslıdır, ona görə də qismən təmin edilməli, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu Məmmədli kəndində yerləşən 0.118136 ha torpaq sahəsinin 0.0909 ha hissəsinə düşən, Cavabdeh tərəfindən boşaldılmış tikinti materialları çıxarılmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən onun özünə, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 manat pul vəsaitinin 25 manat hissəsi iddiaçının, 25 manat hissəsi isə cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu Məmmədli kəndində yerləşən 0.118136 ha torpaq sahəsinin 0.0909 ha hissəsinə Cavabdeh tərəfindən boşaldılmış tikinti materialları çıxarılsın. Aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat pul vəsaitinin 25 (iyirmi beş) manat hissəsi İddiaçı, 25 (iyirmi beş) manat hissəsi isə Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov