Məhkəmə qərarları › İş №2(012)-2851/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2851/2020

14.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2851/2020 14.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” iddia tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh X4 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 və onun yetkinlik yaşına çatmayan qızı olan X5 ona məxsus ünvan 1 ünvanındakı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhərinin 27-ci məhəlləsində yerləşən, 19 nömrəli evin, 68 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. X7 onun həyat yoldaşının qardaşı oğlunun arvadı olmuşdur. X7 xx xxxxxx 2006-cı il tarixdə onun razılığı ilə Abşeron rayonu, Xırdalan şəhərinin 27-ci məhəlləsində yerləşən, 19 nömrəli evin, 68 saylı mənzilinə qeydiyyata düşmüşdür. Qeydiyyata düşərkən o heç bir notariat orqanında X3 həmin mənzildən istifadə etməsi üçün heç bir razılıq ərizəsi verməmişdir. Odur ki, X7 və onun yetkinlik yaşına çatmayan qızı olan X5 onun mülkiyyətində olan evdə qeydiyyatda qalması formal xarakter daşıyır. Eləcə də, X7 onun həyat yoldaşının qardaşı oğlundan boşanmışdır. Belə ki, X7 faktiki olaraq qeyd edilən evdə yaşamır və qeydiyyatda olması formal xarakter daşıyır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, əlavə olaraq izahatında bildirdi ki, X1 rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 19, mənzil 68 ünvanındakı mənzilinə formal olaraq qeydiyyatda olması onun həmin evə dair mülkiyyət hüquqlarını pozmaqla, onun evdən istədiyi kimi istifadə edə bilmir, əmlakına dair müstəqil sərəncam verə bilmir. İddianın təmin edilməsini xahiş etdi. Cavabdeh X7 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilməməlidir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş “Qeydiyyat Vəsiqəsi”nin surətindən müəyyən edilir ki, ünvan 1, yaşayış sahəsi 47,72 kv.m2, köməkçi sahəsi – 21,1 m2 3 (üç) otaqdan ibarət olan yaşayış evi İddiaçı adına mülkiyyət hüququ əsasında Abşeron rayon 1 saylı Dövlət Notariat Kontorunun xx xxx 2003-cü il tarixli, 4Ə/126 saylı Reyestrində qeydə alınmışdır. İş materiallarında olan AZ-İ seriyalı 140862 №-li “Nikahın pozulması haqqında” şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki,X7 ilə X10 arasında nikah ləğv edilmiş və bu barədəAbşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən “Nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında” xx xxxx 2011-ci ildə124№-si ilə qeyd edilmişdir. Mülki işin materiallarında olan Abşeron RİH MKTİİTB-nin 2 saylı MTİİTS-nin arayışından müəyyən edilir ki, X7 və X2 rayonu, Xırdalan şəhərinin 27-ci məhəlləsində yerləşən, 19 nömrəli evin, 68 saylı mənzilinə qeydiyyatdadır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilmişdir ki, cavabdeh X7 İddiaçı həyat yoldaşının qardaşı oğlunun arvadı olmaqla, İddiaçı mülkiyyətində olan mübahisəli ünvan 1 ünvanındakı mənzilə qeydiyyata düşmüş, lakin X7 ilə İddiaçı arasında hazırkı mübahisəli evdən istifadə hüququna dair müqavilə bağlanmamış və bu müvafiq qaydada qeydə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə və 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, iş materiallarından göründüyü kimi cavabdeh X7 mübahisəli evdən qanunla müəyyən edilmiş qaydada istifadə hüquqları yaranmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, olmayan istifadə hüququna isə məhkəmə qaydasında xitam verilməsi mümkün olmadığından iddia tələbi əsassız olmaqla təmin edilməməlidir.Cavabdehin qızı Aysel isə yetkinlik yaşına çatmadığından onun prosessual hüquq qabiliyyəti yoxdur. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360/ 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddiaçı cavabdeh X4 qarşı ünvan 1 ünvanındakı mənzildən istifadə hüququna xitam verilməsinə dair iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar