Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2852/2023 04.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Abiyev Elnur Elman oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə inşa edilmiş evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə 04 iyul 2023-cü il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə inşa edilmiş evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdehlə birgə nikah dövründə əldə edilmiş Abşeron rayon, Mehdiabad qəsəbəsi, Fermanın həyəti adlanan 4 sot torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh xx.xx.1975-ci ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.1980-ci il təvəllüdlü X3, xx.xx.1982-ci il təvəllüdlü X2 doğulmuşlar. 2011-ci ildə Abşeron rayon, Mehdiabad qəsəbəsi, Fermanın həyəti adlanan 4 sot torpaq sahəsi alaraq 2 ədəd ayrı-ayrı fərdi yaşayış evi inşa etdirərək cavabdehlə birgə yaşamağa başlamışlar. Həmin evlərin tikintisinə ümumilikdə 40000 manat vəsait xərcləmişlər. Həmin fərdi yaşayış evlərindən biri 2 otaq, 1 zal, 1 mətbəxdən ibarətdir. Digər fərdi yaşayış evi isə 2 otaq, mətbəx, sanitar qovşaqdan ibarətdir. Hazırda cavabdeh onu evə buraxmır, özünün isə qalmağa yeri yoxdur. Odur ki, onun həmin fərdi yaşayış evinə köçürülməsi haqqında qətnamə qəbul edilməsinə zərurət yaranmışdır. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddiaçının 2022-ci ilə qədər cavabdehlə birgə yaşadığını, hazırda cavabdehin iddiaçının həmin evdə yaşamağa imkan vermədiyini, iddiaçının kirayədə yaşadığını bildirdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəbin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, sözügedən ünvanda yerləşən həyətdə 2003-cü ildə iki ədəd ayrı-ayrı evlərin mövcud olduğunu, iddiaçının hazırda həmin evdə yaşadığını bildirərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan AZ seriyalı 304264 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X1 21 may 1975-ci ildə 33 saylı rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Qasımova soyadı verilmişdir. İş materiallarında olan Bələdiyyə MMC tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli “Fiziki və hüquqi şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair” hesabat cədvəlinin surətindən görünür ki, İddiaçı ilə Mehdiabad Bələdiyyəsi arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən Abşeron rayonu Mehdiabad qəsəbəsi Fermanın həyətində yerləşən torpaq sahəsində ümumi sahəsi 99,0 kv.m-dən ibarət evin tikintisinə icazə verilmiş, bu barədə tikintinin planı təsvir olunmuş, hesablanmış obyektlərin inventar dəyəri 31046 manat müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından 2 uşaqları anadan olmuşdur. Birgə nikahda olduqları müddətdə Abşeron rayonu Mehdiabad qəsəbəsi Fermanın həyəti adlanan ünvanda 2003-cü ildə fərdi yaşayış evi tikmiş, orada yaşamağa başlamışlar. Tərəflər arasında münasibətlər pisləşdiyindən iddiaçı hazırda kirayədə yaşayır. İddiaçı hazırkı mübahisəli evə köçüb orada yaşamaq istəyir. Sözügedən ev üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmamışdır, ev özbaşına tikilidir. Hazırda iddiaçı cavabdehlə birgə nikah dövründə inşa etdikləri evə köçürülməsini məhkəmədən xahiş edir. Cavabdeh isə iddiaçının hazırda mübahisəli tikilidə yaşadığını bildirsə də, bunu iddiaçının vəkili nümayəndəsi qəbul etməmişdir. Məhkəmə araşdırmaları zamanı tərəflərin izahatından və iş materiallarına əlavə edilmiş sübutlardan müəyyən olunur ki, tərəflər arasında evdən istifadə edilməsi ilə əlaqədar mübahisəli hüquq münasibətləri 2003-cü ildə yaranmışdır. Bu isə o deməkdir ki, mövcud mübahisə hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarına uyğun həll edilməlidir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Tikiliyə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Məhkəmə mübahisəli evin hüquqi statusunu, bununla da onun mülkiyyət formasını müəyyən edərkən mülkiyyət formalarından hər hansı birinə aid olmamasını, özbaşına tikinti olmasını, mübahisəli evin tikildikdən sonra daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməməsini, bununla da mübahisəli evin xüsusi mülkiyyət kimi qeydiyyatdan keçməməsini, habelə mübahisəli evin cavabdehin mülkiyyətində olmamasını nəzərə alıb, hesab edir, mövcud mübahisə Azərbaycan Respublikasının mülki qanunvericiliyinin ümumi prinsipləri (hüququn analogiyası), Azərbaycan Respublikasının hüquq qaydalarının ideya və prinsipləri əsas götürülməklə kirayəçi və onun ailə üzvləri arasında olan münasibətlər müstəvisində həll edilməlidir. Azərbaycan Respublikası MM-nin 11.5-ci maddəsinə əsasən, mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Ona görə də məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə yaranmış mübahisə Azərbaycan Respublikası MPM-nin 13.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürməklə həll edilməlidir. Belə ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq hüququ, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni ilkin iddiaçı köçmək istədiyi evdə yaşayıb və keçmiş əri (ərinin ailə üzvləri) güc tətbiq etməklə onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehlərin ev üzərində hüquqları olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdikləri məhrumetmə (güc tətbiq etməklə evdən çıxarma) qanunsuzdur. Beləliklə, iddia üzrə cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşlar, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə ilkin iddiaçı uşaqları ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin «O.ROUK Birləşmiş Krallığa qarşı» işində ərizənin qəbul edilənliyi barədə qərarında və «Gillounun Birləşmiş krallığa qarşı» işi üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin özbaşına tikintiyə dair sərəncam vermək, onu satmaq hüququ, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı olmasa da, MM-nin 180.2 və 180.4-cü maddələrinin məzmununa əsasən həmin özbaşına tikilinin mövcud olduğu müddətdə orada əvvəllər məskunlaşmış şəxslərin oraya köçürülməsinə qadağalar qoyula bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, iddiaçı həmin tikiliyə köçürülməlidir. Göstərilənlərlə əlaqədar olaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olaraq cavabdehlə birgə nikah müddətində tikilmiş tikilidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Gillounun işi”nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə “mənzil” qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardı. Məhkəmə həmçinin qeyd edir ki, evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Bu səbəbdən də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Fermanın həyəti adlanan ərazidə yerləşən fərdi yaşayış evi özbaşına tikili olduğundan, iddiaçı cavabdeh ilə birlikdə həmin evə bərabər hüquq və vəzifələrə malik olduğundan iddia tələbləri əsaslıdır, ona görə də təmin edilməli, İddiaçı cavabdehin yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Fermanın həyəti adlanan 4 sot torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 50 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 4-cü, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Fermanın həyəti adlanan 4 sot torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülsün. Cavabdeh 50 manat məbləğində dövlət rüsumuna görə pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2852/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2852/2023
04.07.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver