Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2857/2021 16.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 26-da yerləşən 4 saylı evin 44 nömrəli mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 26-da yerləşən 4 saylı evin 44 nömrəli mənzilini 15.01.1993-cü il tarixində order vasitəsilə əldə etmişdir. Həmin mənzil iddiaçının adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və hal-hazırda da iddiaçının mülkiyyətindədir. Cavabdehlər həmin mənzildə heç zaman yaşamamaqla, müvəqqəti qeydiyyatdadırlar. Cavabdehlərin orada qeydiyyatda olmaları iddiaçının mülkiyyət hüquqlarını pozur və mülkiyyətində olan evə istədiyi kimi sahib ola, sərəncam verə bilmir. Buna görə də, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 26-da yerləşən 4 saylı evin 44 nömrəli mənzilindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Lakin cavabdehlər məhkəməyə 28 aprel 2021-ci il tarixli teleqram ünvanlamış və iddia tələbini qəbul etdiklərini bildirmişlər. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən ,4 saylı evin 44 nömrəli mənzilinə xüsusi mülkiyyət hüququ İddiaçı adına 15 yanvar 1993-cü il tarixdə keçmiş Abşeron rayonu X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsində qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında 21 yanvar 2021-ci il tarixli ******* №-li və Abşeron rayon İcra Hakimiyyətinin 31 iyul 2019-cu il tarixli arayışlarından görünür ki, Orucov X2 rayonu, Xırdalan şəhəri,26-cı məhəllədə yerləşən ,4 saylı evin 44 nömrəli mənzilində qeydiyyatdadır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə 28 aprel 2021-ci il tarixli teleqram göndərmiş və iddia tələbini qəbul etdiyini bildirmişlər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 və Oruclu X3 rayonu, Xırdalan şəhəri, məhəllə 26-da yerləşən 4 saylı evin 44 nömrəli mənzilinə qeydiyyata alınmış, lakin heç vaxt bu evdə yaşamamışlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, Cavabdeh1 və Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 26da yerləşən 4 saylı evin 44 nömrəli mənzilinə istifadə hüquqları mövcud olmadığından, mövcud olmayan hüququn itirilməsi də qeyri-mümkündür. Ona görə də iddia ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 26-da yerləşən 4 saylı evin 44 nömrəli mənzilinə istifadə hüquqlarının itirilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2857/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2857/2021
16.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver