Məhkəmə qərarları › İş №2(012)-286/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-286/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-286/2021 02.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı məcburetmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə 02 iyun 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məcburetmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdehin torpaq sahələrinin sərhəddində yerləşən, cavabdehə məxsus 3 ədəd panelin hazırda durduğu yerdən götürülərək oradan uzaqlaşdırılması və yerində onun payına düşən hissənin daşla hörülərək hasarlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanındakı evin və həmin evin yerləşdiyi 0,10 ha torpaq sahəsinin mülkiyyətçisidir. Cavabdeh da ünvan 2 ünvanındakı evin və həmin evin yerləşdiyi 0,10 ha torpaq sahəsinin mülkiyyətçisi olaraq 20 ildən artıqdır ki, orada yaşayır. Tərəflərin torpaq sahələrinin sərhədində aralarındakı hasarı (çəpəri) əvəz edən, cavabdehə məxsus hər birinin uzunluğu 6,5 metr, eni 1,85 metr, qalınlığı 20 sm olan 3 panel vardır. Panellərin ölçülərindən də göründüyü kimi onlar təhlükəsizlik standartlarına, norma və qaydalarına uyğun deyildir. Üstəlik cavabdeh öz torpaq sahəsində satış məqsədi ilə ilin 12 ayını fasiləsiz olaraq göy-göyərti əkib becərir. Bunun üçün əkdiklərini kiçik fasilələrlə dəfələrlə suladığından, bu səbəbdən möhkəm özül üzərində deyil, yerin səthində duran panellərin durduğu torpaq sahələri yumşaldığından, bu panellərdən ikisi iddiaçının torpaq sahəsinə, biri isə iddiaçının yaşadığı evin üzərinə tərəf əyilmişdir. Bu qəzalı vəziyyət iddiaçının ailə üzvülərinin sağlamlığına, eləcə də mənzilinin dayanıqlığına və möhkəmliyinə ciddi təhlükə yaratmışdır. Sözügedən panellər keyfiyyətsiz və yararsız olduğundan bunlarda çoxlu sayda çatlar, qırılıb qopmalar əmələ gəlmişdir. Zəlzələ hadisəsi nəticəsində panellər çox asanlıqla uçub dağıla bilər. Təbii ki, heç vaxt heç bir təbii hadisələrdən sığortalanmamışlar. Qəzalı vəziyyətin qarşısını müvəqqəti olaraq almaq məqsədi ilə iddiaçı onun torpaq sahəsinə doğru əyilmiş panellərin yanına çoxlu sayda daşlar yığmışdır ki, heç olmasa az da olsa bu təhlükədən özlərini qoruya bilsinlər. İddiaçı bu qəzalı vəziyyətdə torpaq sahəsindən sərbəst, təhlükəsiz və maneəsiz istifadə edə bilmir. Yağışlı və qarlı havalarda iddiaçının evinin arxasına yığılan suyun oradan götürülməsinə olduqca mənəvi və fiziki əzab-əziyyət çəkir. İddiaçı panellərin olduğu yerdən götürülməsini cavabdehdən dəfələrlə xahiş etsə də, hər dəfə cavabdehin təhqir və hədə-qorxuları ilə üzləşmişdir. Axırıncı dəfə 12 iyun 2020-ci il tarixində cavabdeh iddiaçını bacısının, arvadının, yeznəsinin yanında təhqir etmişdir. Göstərilənlərə əsasən torpaq sahələrinin sərhəddində yerləşən, cavabdehə məxsus 3 ədəd panelin hazırda durduğu yerdən götürülərək oradan uzaqlaşdırılması və yerində onun payına düşən hissənin daşla hörülərək hasarlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi və fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 119 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə 04.05.2010-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 aprel 2021-ci il tarixli 10/3341 nömrəli rəyindən görünür ki, baxış zamanı müəyyən olunmuşdur ki, mübahisəli divar iddiaçı və cavabdehin faktiki istifadələrində olan torpaq sahələrinin sərhəd hasarıdır. Hasar beton panellərdən quraşdırılmışdır. Hasarın ümumi uzunluğu 24,5 metr, hündürlüyü 1,8 metr, iddiaçının fərdi yaşayış evinin arxasında düşən hissəsinin uzunluğu isə 12,2 metrdir. İddiaçının fərdi yaşayış evi ilə hasar arasında məsafə 0,8 metrdir. Baxış zamanı sözügedən hasarın iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə doğru əyildiyi, panellərin üzərində iril xırdalı çatların və aralanmaların mövcud olduğu müəyyən olunmuşdur. Faktiki olaraq panel hasarın həyətyanı sahəyə və fərdi yaşayış evinə tərəf aşmasının qarşısını almaq məqsədilə iddiaçı tərəfindən öz torpaq sahəsi tərəfdən mişar daşından müxtəlif ölçüdə 5 ədəd sütun quraşdırmışdır. Bu sütunlardan iki ədədi iddiaçının fərdi yaşayış evi ilə mübahisəli panel hasar arasındadır. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır; 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Məhkəmə tərəfindən iş üzrə keçirilmiş ekspertiza rəyi ilə müəyyən edildi ki, Abşeron rayonu, Saray qəsəbəsi, K.Axundov küçəsində İddiaçı ilə Cavabdeh torpaq sahələrinin sərhədində yerləşən cavabdehə məxsus 3 ədəd panel iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə doğru əyilmiş və panellərin üzərində iril - xırdalı çatlar və aralanmalar mövcuddur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, Abşeron rayonu, Saray qəsəbəsi, K.Axundov küçəsində İddiaçı ilə Cavabdeh torpaq sahələrinin sərhədində yerləşən cavabdehə məxsus 3 ədəd panel iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə doğru əyildiyindən və panellərin üzərində iril - xırdalı çatlar və aralanmalar mövcud olduğundan, iddia təmin edilməli, Abşeron rayonu, Saray qəsəbəsi, K.Axundov küçəsində İddiaçı ilə Cavabdeh torpaq sahələrinin sərhədində yerləşən Cavabdeh məxsus 3 ədəd panel durduğu yerdən götürülərək oradan uzaqlaşdırılmalı və həmin yerdə cavabdehin payına düşən hissənin daşla hörülərək hasarlanması vəzifəsi Cavabdeh üzərinə qoyulmalı, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron rayonu, Saray qəsəbəsi, K.Axundov küçəsində İddiaçı ilə Cavabdeh torpaq sahələrinin sərhədində yerləşən Cavabdeh məxsus 3 ədəd panel götürülərək oradan uzaqlaşdırılsın və həmin yerdə cavabdehin payına düşən hissəsi daşla hörülərək hasarlanması vəzifəsi Cavabdeh üzərinə qoyulsun. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar