Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2861/2021 25.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ X6 Kazımovun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, övladları 18 sentyabr 2006-cı il təvəllüdlü X3 və X1 iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən onun adına 29.04.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Cavabdehlər ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin əvvəlki sahibinin oğlu və gəlinidir. Onlar sadəcə olaraq həmin ünvanda pasport qeydiyyatındadır. Artıq 2 ildir ki, cavabdehlər həmin ünvanda yaşamır və onların faktiki olaraq harada yaşamaları barədə heç bir məlumatı yoxdur. Cavabdehlərin həmin ünvanda yaşamadığı halda qeydiyyatda olması onun mülkiyyəti üzərində sərəncam verməsi və kommunal xərclərin ödənilməsinə maneçilik törədir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlərin onun mülkiyyətində olan evdə qeydiyyatda olmaları mülkiyyət hüququnun əsas elementi olan sərəncam vermək hüququnu məhdudlaşdırır. Bu isə qanunvericiliklə yolverilməzdir. Odur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, övladları 18 sentyabr 2006-cı il təvəllüdlü X3 və X1 ona məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında Cavabdeh1 iddia tələbini qəbul edərək izahatında bildirdi ki, o, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı satmış və aralarında rəsmi alqı-satqı müqaviləsi imzalanmışdır. Hazırda o, ailə üzvləri ilə birlikdə “xxxx” MMC-nin inşa etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, 27-ci məhəllə, 1-ci blok, 38 saylı mənzilində yaşayırlar, lakin keçmiş ünvanda qeydiyyatda qalmışlar. Onun və ailə üzvlərinin istifadə hüquqlarına xitam verilməsinə etiraz etmir. Odur ki, o, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən, həmçinin proses iştirakçılarının rəylərini nəzərə alaraq, məhkəmə işə digər Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş 29.04.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydə alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh2 və 18.09.2006-cı il təvəllüdlü X3 və X2 18 may 2019-cu il tarixdən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatdadır. “xxxx” MMC tərəfindən verilmiş 36 saylı, 25 may 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 “xxxx” MMC-nin inşa etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, 27-ci məhəllə, 1-ci blok, 38 saylı mənzildə yaşayır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur, Konstitusiyanın 29-cu maddəsinin İİİ və İV hissələrinə görə isə, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” Protokolunun (Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Yuxarıda qeyd olunan Konstitusiya normalarından irəli gələn və onu inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1-ci maddəsindən görünür ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi, mübahisələndirilən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətində olduğu üçün cavabdehlərin həmin mənzildə qeydiyyatda qalması onların mənzildən istifadə hüquqlarının davam etməsinə gətirib çıxarmaqla, iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Eyni zamanda, bu qeydiyyat formal xarakter daşıyır və mübahisələndirilən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Bu baxımdan iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, övladları X3 və X1 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, övladları---18 sentyabr 2006-cı il təvəllüdlü X3 və X1 İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-2861/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2861/2021
25.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver