Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2876/2022 21.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Əhmədov Habil Yunis oğlu, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasına xitam verilməsi tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasına xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin Abşeron rayonu Xırdalan şəhəri 6 saylı evin 13 saylı mənzilindən qeydiyyatına xitam verilməklə onun həmin mənzildən pasport qeydiyyatından çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəni və ərizəyə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 153.2.1-ci maddəsinin tələblərinə cavab vermədiyindən, həmin ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, İddiaçı Cavabdeh qızı ilə bağladığı alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 6 saylı evin 13 saylı mənzilini almış, müqavilə üzrə cavabdeh 14.02.2021-ci il tarixədək mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürsə də, öhdəliyini icra etməmiş, bu səbəbdən də iddiaçının məhkəmə qaydasında hüquqlarının müdafiəsi üsulu yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. 9-cu maddəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Mülki iş materiallarına əlavə olunmuş Abşeron rayon Polis İdarəsinin 12.04.2022-ci il tarixli məktubuna əsasən, ərizəçinin mənzilin keçmiş mülkiyyətçisinin qeydiyyatdan çıxarılması ilə bağlı müraciətindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarındakı hüquqi mövqeyə əsasən, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması əsasları ilə yanaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını da nəzərdə tutmuşdur. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Həmçinin, Plenum Qərarındakı hüquqi mövqeyə əsasən, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Məhkəmə Plenum Qərarındakı hüquqi mövqeyə istinad edərək qeyd edir ki, mənzilin keçmiş mülkiyyətçisi olan, hazırki iş üzrə Cavabdeh qeydiyyatına xitam verilməsi ilə bağlı mülki işlərə inzibati qaydada baxıldığından və iddiaçının cavabdehin mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı müraciətinə dair Polis İdarəsinin qərarından şikayət ilə müraciət etmək hüququ olduğundan, hazırki ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə və mülki iş materiallarına istinad edərək qeyd edir ki, həmin tələbə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz və ərizənin yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Mülki Prosessual Məcəllənin 153.2.1. maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 153.2.1. maddəsində «ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə» ifadəsi işə yalnız məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə ixtisaslaşdırılmış məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinin təsir dairəsinə düşür. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 35.1, 152.1.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasına xitam verilməsi tələbinə dair iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-2876/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2876/2022
21.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver