Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-288/2020 17.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədova Şəbnəm Çingiz qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilin açıq hərracdan satılması və satış pulunun mülkiyyətçilər arasında paylara mütənasib bölünməsi” tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinin paylara uyğun bölünməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili-nümayəndəsi X2 iddia mülki işin məhkəmə gedişatı zamanı iddia tələbinin əsası və predmetinin dəyişdirilməsi barədə ərizəylə müraciət edərək Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinin açıq hərracda satılması və satışdan əldə olunan pul vəsaitinin tərəflərin aralarında bölünməsi barədə qətnamə qəbul edlməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh mülkiyyətlərində Abşeron rayonu, Hökməli qəsəbəsində ümumi sahəsi 64,80 kv/m olan fərdi yaşayış evi vardır. Onlar rəsmi olaraq ayrılmışlar. Evdə cavabdeh yaşayır və iddiaçının evdən istifadə etməsinə icazə vermir. Buna görə də o, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinin açıq hərracda satılması və satışdan əldə olunan pul vəsaitinin tərəflərin aralarında bölünməsini xahiş etdi. Cavabdeh məhkəmə prosesində izahatında bildirdi ki, iddiaçı ilə 2016-cı il tarixdən 42-43 məhkəmə prosesi olub. Həmişə onun xeyrinə qərar qəbul edilmişdir. 3 ilə yaxın idi ki, onun əmisi ilə iddiaçının əmisi tanış idi.Onları barışdırmışdılar. 2-ci dəfə boşanma həddinə gələndə yenə ağsaqqallar barışdırmaq istəmişlər. Lakin barışıq mümkün olmamışdır. O, həmin evi 2008-ci ilin sentyabrın 15-dək tikmiş və iddiaçı 2009-cu ildə evə gəlmişdir. İddiaçı əvvəllər də bu iddia tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, işə baxılmış və iddia rədd edilmişdir. Lakin buna baxmayaraq iddiaçı yenidən eyni tələblə məhkəməyə müraciət etmişdir. İddiaçının evlə bağlı təqdim etdiyi sənədlər də saxtadır. Buna görə də o, iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikasının DƏDRX-nin RX seriyalı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, ümumi sahəsi 64.80 kv/m olan fərdi yaşayış evini paylı mülkiyyət hüququ üzrə ½ hissəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə İddiaçı və ********* qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il Cavabdeh adına dövlət qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair xx.xx.2019-cu il tarixli, 01/36036 nömrəli arayışdan görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən, torpaq sahəsi 0,0135 ha, ümumi sahəsi 64,8 kv/m, yaşayış sahəsi 41.7 kv/m, köməkçi sahəsi 23,1 kv/m olan və 3 otaqdan ibarət olan fərdi yaşayış evinin xx.xx.2019-cu il tarixinə bazar dəyəri 55000 manat təşkil edir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)- 1288/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “mənzilin açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 3982 nömrəli məhkəmə tikinti-texniki rəyindən görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinin İddiaçı və Cavabdeh arasında ½ paylar üzrə bölünməsi “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un, 1.1, 2.2, 2.4 və 2.9-cu bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyildir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsinindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxx 2014-cü il tarixli qərarının 2-ci bəndində müəyyən edilir ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin məcəllənin 220.4-cü maddəsinə əsasən, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında müəyyənləşdirdiyi hüquqi mövqeyə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllığına əməl etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ümumi sahəsi 64,80 kv/m olan fərdi yaşayış evinin açıq hərracdan satılması və satış pulunun mülkiyyətçilər arasında paylara mütənasib bölünməsi barədə iddia ərizəsi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-288/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-288/2020
17.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver