Məhkəmə qərarları › İş №2(012)-289/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-289/2022

16.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-289/2022 16.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hаkim Əhmədоv Hаbil Yunis оğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) X1 kаtibliyi, İddiaçı Ləğv prosesində olan Bank of X6 Cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan Bank of X6 Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan Bank of X6 Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Mustafa oğlundan 08.06.2012-ci il tarixli 329/F23 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 2579.58 manat, faiz borcu üzrə 942.92 manat, cərimə borcu üzrə 2339.24 manat olmaqla cəmi 5861.74 manat borcun, iddia ərizəsi üçün ödənilmiş 31 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 30 manat xidmət haqqının tutularaq iddiaçı Ləğv prosesində olan Bank of Azerbaijan ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh2 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, M.Əcəmi küçəsində yerləşən 100 nömrəli, 2 mərtəbəli, ümumi sahəsi 224.1 kv.m, yaşayış sahəsi 98.0 kv.m, 126.1 kv.m köməkçi sahəsindən ibarət 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinə ilkin satış qiyməti təyin edilməklə açıq hərracdan satılması, ipoteka predmeti satıldıqdan sonra cavabdehlərin 1 ay ərzində həmin yaşayış sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan Bank of X6 Cəmiyyətinin nümayəndəsi X8 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, 16 noyabr 2017-ci il tarixdə iddiaçı Ləğv prosesində olan Bank of Azerbaijan ASC Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət etmiş, Abşeron rayon Məhkəməsinin 02 iyul 2018-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş və Cavabdeh2 08.06.2012-ci il tarixli 329/F23 saylı kredit müqaviləsinə əsasən 2579.58 manat əsas kredit borcu, 942.92 manat faiz borcu, 139.24 manat cərimə borcu olmaqla, cəmi 3661.74 manat borcun və 31 manat dövlət rüsumunun, ipotekanın qeyd alınması üçün ödənilmiş xidmət haqqı olmaqla cəmi 61 manat dövlət rüsumunun müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 Mustafa oğlundan tutularaq Ləğv prosesində olan Bank of Azerbaijan ASC-yə ödənilməsi, tutmanın Cavabdeh2 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, M.Əcəmi küçəsində yerləşən 100 nömrəli, 2 mərtəbəli, ümumi sahəsi 224.1 kv.m, yaşayış sahəsi 98.0 kv.m, 126.1 kv.m köməkçi sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi barədə qətnamə qəbul olunmuşdur. Həmin qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermis, Sumqayıt Apellyasiya Məhkəməsinin 27 avqust 2019-cu il tarixli 2(105)-462/2019 saylı qərardadına əsasən Abşeron rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, Cavabdeh2 qarşı iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı ASC-nin 23 saylı filialı ilə Cavabdeh2 arasında bağlanmış 08.06.2012-ci il tarixli 329/F23 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 24 ay müddətinə illik 18% olmaqla 35000 manat kredit verilmişdir. Bu kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 məxsus Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, M.Əcəmi küçəsində yerləşən 100 nömrəli, 2 mərtəbəli, ümumi sahəsi 224.1 kv.m, yaşayış sahəsi 98.0 kv.m, 126.1 kv.m köməkçi sahədən ibarət 4 otaqlı fərdi ev (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış, Seriya MA; №: 0216395, reyestr №: **********87-10301, Q/№: **********, Qeydiyyat tarixi: 07.06.2011-ci il tarixdə DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş) ipoteka predmeti kimi banka təqdim edilmiş və bu barədə 08 iyun 2012-ci il tarixli 329/F23 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Bundan əlavə, kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 Mustafa oğlu ilə Bank of Azerbaijan ASC-nin 23 saylı filialı arasında 08.06.2012-ci il tarixli 329/F23 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətlərin məhkəmədənkənar qaydada həll edilməsi məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Mustafa oğluna borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdehlər tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. İddiaçı ASC-nin 23 saylı filialı ilə Cavabdeh2 arasında bağlanmış 08.06.2012-ci il tarixli 329/F23 saylı kredit müqaviləsinə əsasən 26.09.2017-ci il tarixə Cavabdeh2 Ləğv prosesində olan İddiaçı ASC qarşısında əsas borc üzrə 2579.58 manat, faiz borcu üzrə 942.92 manat, cərimə borcu üzrə 2339.24 manat olmaqla cəmi 5861.74 manat borc öhdəliyi yaranmışdır. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 01.02.2016-cı il tarixli 2-1(81)-1404/2016 saylı qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, iddiaçı Ləğv prosesində olan Bank of X6 Cəmiyyəti ilə bağladığı 08.06.2012-ci il tarixli 329/F23 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən ona 24 ay müddətinə illik 18 faiz ödənilmək şərtilə 35000 manat kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi digər Cavabdeh1 bank qarşısında onun kredit borcuna zamin dayanmışdır. Həmçinin, o, mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq massivi Əcəmi küçəsində yerləşən 100 saylı fərdi yaşayış evini bank qarşısında ipoteka ilə yüklü etmişdir. Əvvəl kredit müqaviləsi üzrə öhdəliklərini icra etsə də, sonradan maddi vəziyyətində yaranmış çətinliklərdən dolayı ödənişlərində gecikmələri yaranmışdır. Hazırda, iddiaçının iddia tələbi ilə qismən razılaşır, cərimənin silinməsini xahiş edir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.02.2016-cı il tarixli 2-1(81)-1404/2016 sayli qərarından görünür ki, Bank of X6 Cəmiyyəti müflis elan edilmiş və iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu Bank of X6 Cəmiyyətinin ləğvedicisi təyin edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin 27.08.2019-cu il tarixli 2(105)-462/2019 saylı qərardadından görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron rayon Məhkəməsinin 02.07.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı Bank of X6 Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Mustafa oğluna qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. -Kreditor Bank of Azerbaijan ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 08.06.2012-ci il tarixli 329/F23 saylı kredit müqaviləsindən görünür ki, bank borcalana istehlak məqsədi ilə 24 ay müddətinə qaytarmaq, illik faiz dərəcəsi 18 faiz olmaqla 35000 manat kredit verməyi öhdəsinə götürmüşdür. -08.06.2012-ci il tarixli 329/F23 saylı kredit müqaviləsinə əlavə olan 1 saylı ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 22.07.2012-ci il tarixdən 08.06.2014-cü il tarixə qədər olan dövr ərzində borcundan hər ay 1747.34 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. -Kreditor Bank of Azerbaijan ASC ilə zamin Cavabdeh1 arasında bağlanmış 08.06.2012-ci il tarixli 329/F23 saylı zaminlik müqaviləsindən görünür ki zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh2 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 07.06.2011-ci il tarixli MA seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq Yaşayış massivi M.Əcəmi küçəsi 100 saylı fərdi yaşayış evi Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 24 saylı reyestr kitabının 14 saylı vərəqində qeydiyyata alınmışdır. -İpoteka saxlayan Bank of Azerbaijan ASC ilə ipoteka qoyan və borcalan Cavabdeh2 arasında bağlanmış 08.06.2012-ci il tarixli 329/F23 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan 08.06.2012-ci il tarixli 329/F23 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı olaraq mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi M.Əcəmi küçəsi 100 saylı fərdi yaşayış evini bank qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin 2.1-ci bəndindən görünür ki, ipoteka ilə yüklü edilmiş əmlak 22.05.2012-ci il tarixdə Royal İsteyf MMC tərəfindən 58000 manat qiymətləndirilmişdir. -İpoteka saxlayan Ləğv prosesində olan Bank of Azerbaijan ASC-nin ipoteka qoyan Cavabdeh2 və zamin Cavabdeh1 ünvanladığı 09.08.2017-ci il tarixli 2245 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, bank birgə borclulara kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. -Ləğv prosesində olan Bank of Azerbaijan ASC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə ünvanladığı 15.09.2017-ci il tarixli 2596 saylı ərizədən görünür ki, bank ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmiş, bildiriş qeydə alınmışdır. -Bank of Azerbaijan ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh2 08.06.2012-ci il tarixli 329/F23 saylı kredit müqaviləsi üzrə 26.10.2017-ci il tarixə 2579.58 manat əsas, 942.92 manat faiz, 2339.24 manat cərimə olmaqla cəmi 5861,74 manat borcu vardır, kredit müqaviləsi üzrə son ödəniş tarixi 15.09.2015-ci il tarixdə 300 manat olmuşdur. -Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti - adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarına dair, qanuni təmsilçi X2 olmasına dair 07.11.2017-ci il tarixli, **********786900 nömrə ilə çıxarış verilmiş, qurum Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 30.04.2007-ci il tarixli Fərmanına əsasən «bir pəncərə» prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 17.10.2017-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi M.Əcəmi küçəsi 100 saylı fərdi yaşayiş evində qeydiyyatdadır. -Daimi yaşamaq üçün İcazə vəsiqəsinin surətindən görünür ki, xx.xx.1951-ci il təvəllüdlü Cavabdeh1 Bakı şəhəri Nəsimi rayonu A.Mustafayev küçəsi 14 saylı evin 46 saylı mənzilinə qeydiyyata alınmışdır. -09.10.2017-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -X4 Mərkəzi MMC-nin 10.12.2021-ci il tarixli YDQ-142 saylı arayışından görünür ki, qiymətləndirmə prosesi nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi M.Əcəmi küçəsi 100 saylı fərdi yaşayış evinin bazar qiyməti: 84700 manat; likvid qiyməti: 77900 manat təşkil edir. Rəydən daha sonra görünür ki, daşınmaz əmlakın qiymətləndirilməsinə görə xidmət haqqı 300 manat təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilə üzrə Cavabdeh2 bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müyyən olunmuşdur ki, Bank of Azerbaijan ASC ilə Cavabdeh2 arasında bağlanmış 08.06.2012-ci il tarixli 329/F23 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 24 ay müddətinə qaytarmaq, illik faiz dərəcəsi 18 faiz olmaqla 35000 manat kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə 08.06.2012-ci il tarixli 329/F23 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi M.Əcəmi küçəsi 100 saylı fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyindən iddiaçı bank kredit müqaviləsi üzrə borcun tutulmasına və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən borcalan Cavabdeh2 08.06.2012-ci il tarixli 329/F23 saylı kredit müqaviləsi üzrə banka 2579.58 manat əsas, 942.92 manat faiz borcunun yaranması öz təsdiqini tapdığından iddia tələbləri bu hissədə əsaslıdır, ona görə də təmin edilməlidir. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi nəticəsində iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olduğu müəyyən olunmuşdur. Yuxarıda qeyd edildiyi kimi, Cavabdeh2 ödəmələri vaxtında icra etməməsi ona 2339.24 manat cərimənin hesablanması ilə nəticələnmişdir. Mülki Məcəllənin: 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmişdir və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə kredit müqaviləsi üzrə 2579.58 manat əsas borc üzrə hesablanmış 2339.24 manat cərimənin azaldılaraq 100 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Mülki Məcəllənin: 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən məhkəmə hesab edir ki, zamin Cavabdeh1 bank qarşısında, digər Cavabdeh2 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır və bu səbəbdən də yuxarıda qeyd olunan borc məbləği hər iki cavabdehdən müştərək qaydada tutularaq banka ödənilməlidir. Mülki Məcəllənin: 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. 319.1-ci və 319.6-cı maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra İpoteka haqqında Qanun adlanacaq) 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmini üsulu kimi mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi M.Əcəmi küçəsi 100 saylı fərdi yaşayış evi Bank of Azerbaijan ASC qarşısında ipoteka ilə yüklü edilmiş və tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən ipoteka predmetinin dəyərinin 22.05.2012-ci il tarixdə Royal İsteyf MMC tərəfindən 58000 manat qiymətləndirilməsi müəyyən edilmişdir. Bankın ipoteka hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, kredit borcu qaytarılmadığından qanuna və ipoteka müqaviləsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsas yaranmışdır. İpoteka haqqında Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iddia tələbinin tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində qeyd edir ki, iddia tələbində Cavabdeh2 məxsus Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi M.Əcəmi küçəsi 100 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti göstərilmədiyindən, tərəflər arasında 08.06.2012-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinin şərtlərinə əsasən ipoteka predmetinin dəyərinin 22.05.2012-ci il tarixdə Royal İsteyf MMC tərəfindən 58000 manat qiymətləndirilməsi və aradan keçən on il müddətində daşınmaz əmlak bazarında kəskin qiymət fərqlərinin olması istisna edilmədiyindən və mübahisəli olduğundan məhkəmə X4 Mərkəzi MMC-nin 10.12.2021-ci il tarixli YDQ-142 saylı arayışına əsasən əmlakın bazar qiymətinin likvid qiymətinin 77900 manat dəyərində müəyyən edilməsinə əsaslanaraq, Cavabdeh2 məxsus evin likvid qiymətinin 77900 manat müəyyən olunmaqla açıq hərracdan satılması qərarına gəlir. Belə ki, Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İpoteka haqqında Qanunun 47.4-cü maddəsinə əsasən həmin Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Bu baxımdan məhkəmə hesab edir ki, ipoteka predmeti olan Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi M.Əcəmi küçəsi 100 saylı fərdi yaşayış evinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına iddiaçıya ödənilməli olan borc məbləği ödənildikdən sonra əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh2 qaytarılmalıdır, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə isə qalan məbləğ Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmalıdır. İpoteka haqqında Qanunun: 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İstinad olunan maddənin məzmunundan göründüyü kimi ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri tutmanın həmin yaşayış sahəsinə yönəldilməsi və satışı ilə şərtləndirilir. 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Başqa sözlə qanunun mənasına görə ipoteka qoyulmuş yaşayış sahəsi satıldıqdan sonra bir ay ərzində ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslər evdən və ya mənzildən məhkəmə qərarı əsasında məcburi qaydada çıxarıla bilərlər. Mülki Məcəllənin 203.3.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi M.Əcəmi küçəsi 100 saylı fərdi yaşayış evi açıq hərracda çıxarılıb satıldıqdan bir ay sonra evdən Cavabdeh2 çıxarılmalı, əmlak boşaldılaraq alıcıya təhvil verilməlidir. Belə ki, iddiaçı tərəfindən digər Cavabdeh1 ipoteka predmeti olan fərdi yaşayış evində qeydiyyatda olmasına dair sənəd məhkəməyə təqdim olunmadığından iddia tələbi həmin cavabdehə münasibətdə fərdi yaşayış evindən çıxarılma hissəsində təmin edilə bilməz. Beləliklə, işin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehlərdən Cavabdeh2 iddiaçı Bank of Azerbaijan ASC-dən aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış və bununla da kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Ona görə də Bank of X6 Cəmiyyətinin xeyrinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 08.06.2012-ci il tarixli 329/F23 saylı kredit müqaviləsi üzrə əsas borca görə 2579.58 manat, faiz borcuna görə 942.92 manat, cərimə borcuna görə 100 manat olmaqla, ümumilikdə cəmi 3622.50 manat pul vəsaiti tutulmalı, tutma ipoteka qoyulmuş Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi M.Əcəmi küçəsi 100 saylı fərdi yaşayış evinə yönəldilməli, həmin ev açıq hərracdan satılmalı, ipoteka predmetinin satış qiyməti 77900 manat müəyyən edilməli, satışdan əldə olunmuş pul vəsaitindən ümumilikdə cəmi 3622.50 manat borc iddiaçı Bank of X6 Cəmiyyətinin xeyrinə ödənilməli, Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi M.Əcəmi küçəsi 100 saylı fərdi yaşayış evinə tutma yönəldikdə və o, satıldıqdan bir ay sonra Cavabdeh2 evi boşaldaraq çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının əvəzi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulub iddiaçıya verilməli, daşınmaz əmlakın qiymətləndirilməsinə görə isə 300 manat xidmət haqqı müştərək qaydada tutularaq X4 Mərkəzi MMC-nin hesabına keçirilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki-Prosessual Məcəllənin 119, 216-220, 222.2, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 08.06.2012-ci il tarixli 329/F23 saylı kredit müqaviləsi üzrə əsas borca görə 2579.58 (iki min beş yüz yetmiş doqquz manat əlli səkkiz qəpik) manat, faiz borcuna görə 942.92 (doqquz yüz qırx iki manat doxsan iki qəpik) manat, cərimə borcuna görə 100 (yüz) manat olmaqla, ümumilikdə cəmi 3622.50 (üç min altı yüz iyirmi iki manat əlli qəpik) manat borc, məhkəmə xərclərinə görə 60 manat (dövlət rüsumu 30 manat, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat, 20 manat xidmət haqqı) iddiaçı Ləğv prosesində olan Bank of X6 Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi M.Əcəmi küçəsi 100 saylı fərdi yaşayış evinə tutma yönəldilsin, həmin evin likvid satış qiyməti 77900 (yetmiş yeddi min doqquz yüz) manat olmaqla açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsaitdən cəmi 3682.50 (üç min altı yüz səksən iki manat əlli qəpik) manat pul vəsaiti iddiaçı Ləğv prosesində olan Bank of X6 Cəmiyyətinin hesabına keçirilsin. Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi M.Əcəmi küçəsi 100 saylı fərdi yaşayış evinə tutma yönəldikdə və o, satıldıqdan 1 (bir) ay ərzində Cavabdeh2 evi boşaldaraq həmin evdən çıxarılsın. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada daşınmaz əmlakın qiymətləndirilməsinə görə 300 (üç yüz) manat xidmət haqqı tutularaq X4 Mərkəzi MMC-nin hesabına keçirilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar