Məhkəmə qərarları › İş №2(105)-550/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-550/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-550/2021 06.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin cavabdehlər Cavabdeh oğluna və Zamin qarşı borc və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 29 iyun 2020-ci il tarixli, 2(027)-51/2020 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan “xxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 29 iyun 2020-ci il tarixli, 2(027)-51/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Ləğv prosesində olan «xxxx” ASC-nin xeyrinə əsas borc üzrə 14892.32 (on dörd min səkkiz yüz doxsan iki manat otuz iki qəpik) manat, faiz borcu üzrə 1540.79 (on beş min qırx manat yetmiş doqquz qəpik) manat, Konstitusiya Məhkəməsinin pleniumunun qərarına əsasən hesablanan 124.12 (yüz iyirmi dörd manat on iki qəpik) faiz borcu olmaqla, cəmi 16557.23 (on altı min beş yüz əlli beş manat iyirmi üç qəpik) manat məbləğində borc pulun tutulması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutularaq, iddiaçının hesabına ödənilməsi, ödənilməmiş əlavə 10 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb Azərbaycan Respublikası dövlət büdcəsinə ödənılməsi qət edilmişdir (hakim Rahim Həsənov). Qətnamədən iddiaçı ləğv prosesində olan “xxxx” ASC tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi, iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İ Ş İ N H A L LA R İ: Ləğv prosesində olan «xxxx” ASC-nin Quba filialı ilə Cavabdeh arasında 03 iyun 2015-ci il tarixli 2652 kredit müqaviləsinə xitam verilməsi; həmin kredit müqaviləsi üzrə hesablanmış 14892.32 manat əsas borc, 649.84 manat məbləğində faiz borcu olmaqla, cəmi 15542.16 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması; tələbin ipotekaya qoyulmuş DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən verilmiş seriya RX 0523013) Çıxarışa əsasən Zamin mülkiyyətində olan Quba rayonu, Vəl- Vələ kəndində yerləşən 0.1348 ha torpaq sahəsində 1 mərtəbəli , 3 otaqlı, 67.0 kv.m ümumi, 54.0 kv.m yaşayış sahəsindən, 13 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin açıq hərracda satılması, ipoteka ilə yüklü edilmiş evin ilkin satış qiymətinin 25000 manat məbləğində müəyyən edilməsi, İpoteka ilə yüklü edilmiş DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən verilmiş seriya RX 0523013, Çıxarışa əsasən Zamin mülkiyyətində olan Quba rayonu, Vəl- Vələ kəndində yerləşən 0.1348 ha torpaq sahəsində Zamin ailə üzvləri ilə birlikdə çıxarılması, ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinin açıq hərracda satılması,satışdan əldə olunan vəsaitdən Ləğv prosesində olan «xxxx” ASC-yə olan borcunun ödənilməsi, vəsaitin artıq qalan hissəsinin cavabdeh tərəfə qaytarılması barədə qətnamə qəbul eilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 06.07.2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 03 iyun 2015-ci il tarixli 2652 saylı kredit müqaviləsi üzrə 14892.32 manat əsas borcu, 1540.79 manat məbləğində faiz borcu, Konstitusiya Məhkəməsinin plenimunun qərarına əsasən hesablanan 124.12 faiz borcu olmaqla, cəmi 16 557.23 manat məbləğində qalıq borcunun Cavabdeh tutularaq, Ləğv prosesində olan «xxxx” ASC-nin hesabına ödənilməsi; İpoteka qoyulmuş Zamin şəxsi mülkiyyəti olan Quba rayonu, Vəl-Vələ kəndində yerləşən 0.1348 ha torpaq sahəsində yerləşən, 3 otaqlı, yaşayış evinə tutma yönəldilməsi, həmin ünvanda yaşayan şəxslərin evdən istifadə hüquqlarına xitam verilərək, həmin ev açıq hərrac yolu ilə satılması, hərracda satıldıqdan sonra ən azı 1 ay ərzində evin boşaldılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, Quba Rayon Məhkəməsinin 29.06.2020-ci il tarixli, 2(027)-51/2020 saylı qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Azərbaycan Respublikası Mülki Məcəlləsi, Mülki Prosessual Məcəlləsindən irəli gələn maddi və prosessual hüquqlarını pozmuşdur. İş materiallarından göründüyü kimi, “xxxx” ASC ilə Cavabdeh arasında imzalanmış 03.06.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 16.000 (on altı min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq cavabdeh Zamin ilə 09.06.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Zamin xüsusi mülkiyyət hüququ ilə məxsus olan Quba rayonu, Vəl-Vələ kəndində yerləşən 0.1348 ha torpaq sahəsində yerləşən, 3 otaqlı yaşayış evi Cavabdeh kredit öhdəliyinin təmin edilməsi üçün “xxxx” ASC-də ipoteka ilə yüklü edilmişdir. Quba Rayon Məhkəməsi 2(027)-51/2020 saylı mülki iş üzrə 29.06.2020-ci il tarixdə qəbul etdiyi qətnamədə əsassız olaraq iddia tələbinin cavabdeh Zamin ilə “xxxx” ASC arasında bağlanmış ipoteka müqaviləsi üzrə əmlaka tutma yönəldilməsi, əmlakın açıq hərracda satılması, cavabdehin ailə üzvləri ilə birlikdə çıxarılması hissəsində təmin edilməməsi qənaətinə gəlmişdir. Hesab edir ki, bu hissədə tələb haqlıdır və iddia tələbi tam təmin olunmalıdır. Belə ki, bankla Zamin arasında 09.06.2015-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən Zamin xüsusi mülkiyyət hüququ ilə məxsus olan Quba rayonu, Vəl-Vələ kəndində yerləşən 0.1348 ha torpaq sahəsində yerləşən, 3 otaqlı yaşayış evi “xxxx” ASC-də ipoteka ilə yüklü edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi (34.1.1.), ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi (34.1.3.) ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir. Hesab edirik ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir, ona görə də apelyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 29.06.2020-ci il tarixli, 2(027)-51/2020 saylı qətnaməsi iddia tələbi təmin olunmayan hissədə ləğv edilməli və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə cavabdehlər Cavabdeh oğluna və Zamin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2ci maddəsinə əsasən məhkəmə iş üzrə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı təşkilat birinci instansiya məhkəməsinin qətnaməsini yalnız iddia tələbinin təmin edilməyən, tələbin ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, həmin ünvanda yaşayan şəxslərin istifadə hüququna xitam verilməsi, hərracda satıldıqdan sonra ən azı 1 ay ərzində evin boşaldılması, satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi hissəsində təmin edilməməsini mübahisələndirmişdir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 29.06.2020-ci il tarixli, 2(027)-51/2020 saylı qətnaməsi qismən, iddia tələbinin təmin edilməyən - tələbin ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, həmin ünvanda yaşayan şəxslərin istifadə hüququna xitam verilməsi, hərracda satıldıqdan sonra ən azı 1 ay ərzində evin boşaldılması, satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi -hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ləğv prosesində olan «xxxx” ASC-nin Quba filialı ilə Cavabdeh arasında 03 iyun 2015-ci il tarixli 2652 saylı kredit müqaviləsi bağlanmış, bank tərəfindən heyvandarlığın inkişaf etdirilməsi məqsədilə Cavabdeh 36 ay müddətinə, illik 6% olmaqla, 15 000 manat kredit ayrılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin banka 14892.32 manat əsas borcu, 1540.79 manat məbləğində faiz borcu, 124.12 manat Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu vardır. İş materiallarında olan 09 iyun 2015-ci il tarixli 2652 saylı notarial qaydada təsdiq olunmuş Zamin ilə Ləğv prosesində olan «xxxx” ASC arasında bağlanmış İpoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üçün DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi **********12, qeydiyyat nömrəsi **********, seriya RX 0523013) 07.11.2014-cü il tarixli Çıxarışa əsasən Zamin məxsus Quba rayonu, VəlVələ kəndində yerləşən 0.1348 ha torpaq sahəsində 1 mərtəbəli , 3 otaqlı,67.0 kv.m ümumi, 54.0 kv.m yaşayış sahəsindən, 13 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi ipotekaya qoyulub. İş materiallarında olan 21.07. 2017-ci il tarixli, TT899256 saylı qəbzdən görünür ki, iddiaçı təşkilat tərəfindən hazırki iddianın qaldırılması ilə əlaqədar 30 manat dövlət rüsumu ödənilib. İş materiallarında olan DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi 3071412-10301, qeydiyyat nömrəsi **********, seriya RX 0523013) 06.07.2006-cı il tarixli Çıxarışa əsasən Quba rayonu, Vəl-Vələ kəndində yerləşən 0.1348 ha torpaq sahəsində 1 mərtəbəli, 3 otaqlı,67.0 kv.m ümumi, 54.0 kv.m yaşayış sahəsindən, 13 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi Zamin məxsusdu, onun mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası “xxxx” MMC-nin 31.05.2018-ci il tarixli, 93 nömrəli qiymətləndirmə hesabatından görünürki, Zamin məxsus Quba rayonu, VəlVələ kəndində yerləşən fərdi yaşayış evinin qiyməti 10 000 manat, Quba rayonu, VəlVələ kəndində yerləşən fərdi yaşayış evinin 0.1348 ha torpaq sahəsinin qiyməti 25 000 manat təşkil edir. İş materiallarında olan “xxxx” MMC-nin əmlakın qiymətləndirilməsi barədə 30.03 2020-ci il tarixli hesabatından görünür ki, ipoteka predmeti olan Zamin məxsus Quba rayonu, Vəl- Vələ kəndində yerləşən 0.1348 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 67.0 kv.m ümumi, 54.0 kv.m yaşayış sahəsindən, 13 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evininin qiyməti 16 000, torpaq sahəsi isə 25.000 manat dəyərində təşkil edir. Birinci instansiya məhkəməsi cavabdeh Zamin ilə iddiaçı arasında ipoteka müqaviləsi bağlansa da ipoteka predmeti dövlət qeydiyyatında yüklü edilməməsini müəyyən edərək iddianı qeyd edilən hissədə təmin etməmiş, gəldiyi nəticəni Mülki Məcəllənin 309.1, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 10.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələ ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1 maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1 maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 309.1 maddəsinə əsasən Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdı. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Hazırki işdən görünür ki, Ləğv prosesində olan «xxxx” ASC-nin Quba filialı ilə Cavabdeh arasında 03 iyun 2015-ci il tarixli 2652 saylı kredit müqaviləsinin təminatı kimi Zamin ilə Ləğv prosesində olan «xxxx” ASC arasında 09 iyun 2015-ci il tarixli 2652 saylı İpoteka müqaviləsi bağlanmışdır. İş materiallarından müəyyən edlir ki, borcalan Cavabdeh 03 iyun 2015-ci il tarixli 2652 saylı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə banka cəmi 16557.23 manat borcu yaranmışdır. Eyni zamanda ipoteka müqaviləsi borcalanın öhdəliklərinin icrasının təminatı kimi bağlanmışdır. İş materiallarında olan zaminlik müqaviləsinin 1-ci maddəsindən görünür ki, ipoteka ilə təmin edilmiş tələb- borcalan tərəfindən ödənilməli olan kredit və faiz (dəbbə pulu, dəymiş zərər, məhkəmə xərcləri daxil olmaqla) borcu və sairdir. Belə olan halda kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyindən tələbin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən xüusata dair gəldiyi nəticəyə qiymət verərək qeyd edir ki, ipoteka predmeti iddiaçı bankla mülkiyyətçi arasında bağlanmış ipoteka müqaviləsinə əsasən banka yüklü edilmişdir və hazırki gündə də qeyd edilən ipoteka müqaviləsi qanuni qüvvəsindədir, hər hansı şəxs və ya orqan tərəfindən mübahisələndirilməmiş və ləğv edilməmişdir. Məhkəmə kollegiyası iddia tələbinin tutmanın ipoteka predmetinə yönəldikdən sonra açıq hərracda satılması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1 maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1 maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Qanunun 34.1.1-ci maddəsində də əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmadığı halda ipoteka predmetinə tutmanın yönəldilməsi nəzərdə tutulmuşdur. Həmin Qanununun 39.3.3-cü maddəsinə əsasən işə baxan məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini çıxardığı qərarda göstərməlidir. İpoteka predmetinin açıq hərracda satılması üçün fərdi yaşayış evinin satış qiymətinə gəldikdə, iş materiallarında olan “xxxx” MMC-nin əmlakın qiymətləndirilməsi barədə 30.03 2020-ci il tarixli hesabatına əsasən ipoteka predmeti olan Zamin məxsus Quba rayonu, Vəl- Vələ kəndində yerləşən 0.1348 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı,67.0 kv.m ümumi, 54.0 kv.m yaşayış sahəsindən, 13 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evininin qiyməti 16 000, torpaq sahəsi isə 25.000 manat dəyərində təşkil edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, tutma ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməli, fərdi yaşayış evi açıq hərracda satılmalı, əldə olunan vəsait borcun ödənilməsinə yönəldilməlidir. Bundan əlavə məhkəmə kollegiyası iddia tələbinin ipoteka predmeti olan fərdi yaşayış evində yaşayan şəxslərin istifadə hüququna xitam verilməsi, hərracda satıldıqdan sonra ən azı 1 ay ərzində evin boşaldılması barədə tələbə qiymət verərək qeyd edir ki, tələb həmin hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası «İpoteka haqqında» Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İstinad olunan maddənin məzmunundan göründüyü kimi ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri tutmanın həmin yaşayış sahəsinə yönəldilməsi və satışı ilə şərtləndirilir..Həmin Qanunun 59.4-cü maddəsinə əsasən ipoteka qoyan və onunla birlikdə yaşayan üzvləri və digər şəxslər ipotekaya qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər məhkəmənin qərarı əsasında məcburi qaydada çıxarılırlar. Sadalanan qanunvericilik normasına istinadən məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra mülkiyyətçi Zamin və ailə üzvlərinin fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməli, fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra ən azı 1 ay ərzində ev boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "X.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “...məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinin tələbinə əsasən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.1, 385.1.2 və 385.1.3-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, işüçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməli, qətnamə qismən – tələbin ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, həmin ünvanda yaşayan şəxslərin istifadə hüququna xitam verilməsi, hərracda satıldıqdan sonra ən azı 1 ay ərzində evin boşaldılması satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsinə dair iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə də təmin edilməli, tutma ipoteka predmeti olan Zamin məxsus Quba rayonu, Vəl- Vələ kəndində yerləşən 0.1348 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı,67.0 kv.m ümumi, 54.0 kv.m yaşayış sahəsindən, 13 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evininə yönəldilməli, ipoteka predmeti olan fərdi yaşayış evi açıq hərracda satılmalı, ipoteka predmeti olan Quba rayonu, Vəl- Vələ kəndində yerləşən 0.1348 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı,67.0 kv.m ümumi, 54.0 kv.m yaşayış sahəsindən, 13 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evininin qiyməti satış qiyməti 16 000, torpaq sahəsinin satış qiyməti 25.000 manat müəyyən edilməli, Zamin məxsus Quba rayonu, Vəl- Vələ kəndində yerləşən 0.1348 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı,67.0 kv.m ümumi, 54.0 kv.m yaşayış sahəsindən, 13 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evininə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Zamin və ailə üzvlərinin istifadə hüququ itirilməli, həmin evdən çıxarılmalı, satışdan əldə oluann vəsait borcun ödənilməsinə yönəldilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının apelyasiya şikayəti təmin olunsun. Quba Rayon Məhkəməsinin 29 iyun 2020-ci il tarixli, 2(027)-51/2020 saylı qətnaməsi qismən, tələbin ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, həmin ünvanda yaşayan şəxslərin istifadə hüququna xitam verilməsi, hərracda satıldıqdan sonra ən azı 1 ay ərzində evin boşaldılması satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsinə dair iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə də təmin edilsin. Tutma ipoteka predmeti olan Zamin məxsus Quba rayonu, Vəl- Vələ kəndində yerləşən 0.1348 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı,67.0 kv.m ümumi, 54.0 kv.m yaşayış sahəsindən, 13 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evininə yönəldilsin. İpoteka predmeti olan fərdi yaşayış evi açıq hərracda satılsın. İpoteka predmeti olan Quba rayonu, Vəl- Vələ kəndində yerləşən 0.1348 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı,67.0 kv.m ümumi, 54.0 kv.m yaşayış sahəsindən, 13 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evininin qiyməti satış qiyməti 16 000, torpaq sahəsinin satış qiyməti 25.000 manat müəyyən edilsin. Zamin məxsus Quba rayonu, Vəl- Vələ kəndində yerləşən 0.1348 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı,67.0 kv.m ümumi, 54.0 kv.m yaşayış sahəsindən, 13 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evininə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Zamin və ailə üzvlərinin istifadə hüququ itirilsin. Cavabdeh Zamin ailə üzvləri ilə həmin evdən çıxarılsın. Satışdan əldə oluann vəsait borcun ödənilməsinə yönəldilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar