Məhkəmə qərarları › İş №2(012)-2913/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2913/2020

04.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2913/2020 04.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m üə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cavabdeh1 azyaşlı övladları- Rəhimova Töfə Abdulla qızı və X2 ilə birgə onun mülkiyyətində olan ünvan 1 ünvanından (keçmiş R.Axundov küçəsi, ev 32) istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, ünvan 1 ünvanında (keçmiş R.Axundov küçəsi, ev 32) daimi pasport qeydiyyatındadır və faktiki olaraq orada yaşayır. Həmin ev AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********68-10301 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli çıxarış ilə onun xüsusi mülkiyyətindədir. Həmin evdə onunla birgə oğlu- X3 daimi pasport qeydiyyatındadır və faktiki olaraq orada yaşayır. xx xxxxxx 2000-ci il tarixdə Cavabdeh1 X3 ilə rəsmi nikaha daxil olub ailə həyatı qurmuşdur, birgə nikahlarından xx.xx.2002-ci il təvəllüdlü X1, xx.xx.2005-ci il təvəllüdlü Rəhimova Töfə Abdulla qızı, xx.xx.2014-cü il təvəllüdlü X2 anadan olmuşdurlar. Cavabdeh1 və övladları - iş üzrə digər cavabdeh X1, Rəhimova Töfə Abdulla qızı, X2 onun evində qeydiyyatdadırlar. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-170/2019 saylı qətnaməsi ilə Cavabdeh1 ilə X3 arasında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh1 onun oğluna xəyanət etmişdir. Cavabdeh1 evdən çıxdıqdan sonra anasıgilə getmişdir. Hal-hazırda Cavabdeh1 və övladlarının ona məxsus olan evdə qeydiyyatda olmasına baxmayaraq, faktiki olaraq həmin evdə yaşamırlar və Cavabdeh1 ilə övladlarının qeydiyyatı formal xarakter daşıyır. O, dəfələrlə cavabdehlərdən qeydiyyatdan çıxmalarını xahiş etsə də cavabdehlər israrla qeydiyyatdan çıxmaq istəməmişlər. Bundan əlavə Cavabdeh1 faktiki yaşadığı ünvanı barəsində də məlumat vermir, o, cavabdehin sadəcə olaraq kirayədə yaşadığını bilir. Mübahisə predmeti olan ev əvvəllər onun həyat yoldaşının adına olmuşdur. Hazırda Cavabdeh1 ilə övladlarının onun mülkiyyətində olan evdə qeydiyyatda olmaları mülkiyyətçi kimi onun hüquqlarını pozur. Bu səbəbdən o, Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət edib cavabdehlərin pasport qeydiyyatından çıxarılmalarını xahiş etmişdir. Abşeron rayon Polis İdarəsinin e28-32193R320 saylı xx.xx.2020-ci il tarixli cavab məktubu ilə onun xahişi təmin edilməmiş və bildirilmişdir ki, vətəndaşların qeydiyyatdan çıxarılmaları Polis İdarəsinin səlahiyyətinə aid olmadığından ərizənin müsbət həlli mümkün deyildir. Odur ki, məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Ona görə də o, pozulmuş hüququnu bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bunlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. O, X3 ilə 2000-ci il tarixində ailə həyatı qurmuşdur və birgə nikahlarından 3 övladları dünyaya gəlmişdir. Mübahisə predmeti olan ev əvvəl qaraj olmuşdur. Onun keçmiş həyat yoldaşı qarajı düzəltmiş və orada yaşamağa başlamışlar. Daha sonradan aralarında anlaşılmazlıqlar yarandığı üçün X3 ilə arasında olan nikah pozulmuşdur. İddiaçı onun keçmiş qaynanasıdır. O, hal-hazırda övladları ilə birlikdə kirayə evdə yaşayır və yaşamağa başqa yeri yoxdur. O, mübahisə predmeti olan evdən məcbur olub çıxmışdır. Onun keçmiş həyat yoldaşı X3 ilə münasibəti yaxşıdır. Onun qeydiyyata düşməyə başqa yeri yoxdur. Odur ki, o, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. O, mübahisə predmeti olan evə böyümüşdür. Ev həyət evidir, 2 otaqlıdır. Evin yerləşdiyi həyətdə 2-3 ev var. Ya onlara kompensasiya verilsin, ya da kirayə haqları ödənilsin. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2019-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhər X5 üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-cü il tarixli, 638 №-li arayışdan görünür ki, Cavabdeh2 həqiqətən Xırdalan şəhəri, Əbdüləli Mürsəlov küçəsi, ev 138 ünvanında erləşən evdə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhər X5 üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-cü il tarixli, 662 №-li arayışdan görünür ki, Cavabdeh1 həqiqətən Xırdalan şəhəri, Əbdüləli Mürsəlov küçəsi, ev 138 ünvanında erləşən evdə qeydiyyatdadır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Cavabdeh1 xx xxxxxx 2000-ci il tarixdə iddiaçının oğlu X3 ilə rəsmi nikaha daxil olub ailə həyatı qurmuş, ailə qurduğu gündən mübahisəli evə gəlin gəlmiş, iddiaçı tərəfcavabdehin həmin evdəyaşamasına və əşyalarını yerləşdirməsinə, onlarla birgə təsərrüfat idarə etməsinə şərait yaratmış, birgə nikah dövründə qaraj formasında olan tikili cavabdehin də əməyi sayəsində yaşayış evinə düzəldilmiş, bu hal məhkəmə iddiaçı tərəfindən də qəbul edilmiş, cavabdehin həmin evdə xx.xx.2002-ci il təvəllüdlü X1, xx.xx.2005-ci il təvəllüdlü Rəhimova Töfə Abdulla qızı və xx.xx.2014-cü il təvəllüdlü X2 adlı 3 övladı dünyaya gəlmiş, ki, həmin uşaqlardan yetkinlik yaşına çatmış xx.xx.2002-ci il təvəllüdlü X1 da cavabdeh qismində göstərilmişdir və iddiaçıya məxsus bütün cehiz və digər əşyalar əvvəllər qaraj formasında olmuş, sonradan cavabdehin də əməyi sayəsində yaşayış evinə düzəldilmiş mübahisəli evdədir.Həmçinin işin faktiki hallarından görünür ki, Cavabdeh1 ilə X3 arasında olan nikah xx xxxxxx 2019-cu il tarixdə pozulduqdan sonra Cavabdeh1 3 övladı ilə birlikdə mübahisli evi məcburi olaraq tərk edərək kirayə köçmüş və cavabdehlərin özlərinə məxsus yaşayış yeri yoxdur. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdehlərin iddaçıya məxsus mülkiyyət hüququnu təstiq edən xx.xx.2019-cu il tarixli çıxarışda göstərilən evdə qeydiyyatda olmalarına baxmayaraq, mübahisəli həyətdə bir neçə evin mövcud olması, cavabdehlər həmin həyətdə əvvəllər qaraj formasında olmuş, sonradan cavabdehin də əməyi sayəsində yaşayış evinə düzəldilmiş bir tikilidə uzun illər yaşaması tərəflər arhasında yaranmış bu mübahisənin həllinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx xxxx 2001-ci il tarixli Qərarının tələbləri baxımından yanaşılması işin faktiki halları ilə uzlaşmır və bu cür yanaşma cavabdehlərin Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan mənzil hüquqlarının pozulması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ bəndinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Cavabdehlərin mübahisəli mənzillə bağlı mülki hüquq münasibətəri xx xxxxxxx 2009-cu ildən əvvəl yarandığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbinə görə cavabdehlərin mübahisəli mənzillə bağlı hüququ xx xxxxxxx 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 118 və 123-cü maddələrinin tələbləri baxımından qiymətləndirilməlidir. xx xxxxxxx 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 118-ci maddəsinə əsasən xüsusi mülkiyyətində yaşayış evi (evin bir hissəsi) olan vətəndaşlar ondan şəxsən yaşamaq üçün və ailə üzvlərinin yaşaması üçün istifadə edirlər. Onlar həmin evə (evin bir hissəsinə), başqa vətəndaşları köçürmək, habelə onu icarəyə vermək hüququna malikdirlər. Vətəndaşa xüsusi mülkiyyət hüququ ilə məxsus olan yaşayış evinin (evin bir hissəsinin) sahəsi, otaqlarının və mərtəbələrinin sayı, habelə yardımçı xidmət binalarının (zirzəmi, anbar, hamam, mətbəx və s.) sahəsi məhdudlaşdırıla bilməz. xx xxxxxxx 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildən çıxarılması Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi R.Ağalarovun şikayəti üzrə xx xxxxxxxx 2007-ci il tarixli qərarındakı hüquqi mövqe nəzərə alınmaqla həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi R.Ağalarovun şikayəti üzrə xx xxxxxxxx 2007-ci il tarixli qərarında təkrarən təstiq edir ki,xx.xx.2001-ci il tarixli qərarında olduğu kimi Mülki Məcəllənin 228.2ci maddəsindən irəli gələn tələblərin mahiyyəti ondan ibarətdir ki,o, ailə üzvlərinin və digər şəxslərin mənzildən istifadə etmək və mülkiyyət hüquqularının qanuni baxımdan hərtərəfli həllinə təminat verir. Konstitusiya Məhkəməsi Plenumunun mövqeyi ondan ibarətdir ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Bu baxımdan Mülki Məcəlləsinin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən biri – mülki hüququ subyektlərinin hüquqularının və qanuni mənafelərinin müdafiə edilməsi mühüm əhəmiyyət kəsb edir. Eyni mənzildə ailə üzvləri ( və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində ( və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cavabdeh1 azyaşlı övladları- Rəhimova Töfə Abdulla qızı və X2 ilə birgə onun mülkiyyətində olan ünvan 1 ünvanından (keçmiş R.Axundov küçəsi, ev 32) istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:ElmanMəmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar