Məhkəmə qərarları › İş №2(012)-2935/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2935/2021

26.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2935/2021 26.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ X2 Kazımovun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı, cavabdeh Dadaşova (Bayramova) Gülyaz Hacağa qızının iştirakları ilə, İddiaçı cavabdeh Dadaşova (Bayramova) Gülyaz Hacağa qızına qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dadaşova (Bayramova) Gülyaz Hacağa qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dadaşova (Bayramova) Gülyaz Hacağa qızının iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Nəvai küçəsi, 4-cü döngə, 12 saylı fərdi yaşayış evindən çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, cavabdehlə 24 may 2017-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” Mərkəzi qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Əvvəllər ailə münasibətləri yaxşı olsa da, sonradan aralarında yaranan kəskin münaqişə və anlaşılmazlıq nəticəsində münasibətləri pozulmuşdur. Onların birgə nikahlarından uşaqları yoxdur. O, nikahlarının ləğv edilməsi ilə əlaqədar Quba Rayon Məhkəməsinə müraciət etmiş və Məhkəmənin 18 fevral 2021-ci il tarixli, 2(027)-155/2021 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Artıq bir evdə yaşamaları mümkün olmadığından, cavabdeh Dadaşova (Bayramova) Gülyaz Hacağa qızından mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Nəvai küçəsi, 4-cü döngə, 12 saylı fərdi yaşayış evindən çıxmasını tələb etsə də, sonuncu evdən çıxmır. Hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin heç bir qanuni əsası olmadan ona məxsus evdə yaşamağa hüququ yoxdur. Onun mülkiyyətçi kimi hüquqları bərpa edilməli və cavabdeh evdən çıxarılmalıdır. Odur ki, cavabdeh Dadaşova (Bayramova) Gülyaz Hacağa qızının onun mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Nəvai küçəsi, 4-cü döngə, 12 saylı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında cavabdeh Dadaşova (Bayramova) Gülyaz Hacağa qızı iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, 2017-ci ildə İddiaçı ilə rəsmi nikaha daxil olmuş, elə həmin ildən ünvan 1 ünvanında qeydiyyata düşmüşdür. Lakin sonradan ailə münasibətləri pozulmuş və 2021-ci ildə nikahları məhkəmə qaydasında pozulmuşdur. O, halda mənzildən çıxa bilər ki, iddiaçı evə görə çəkdiyi xərci ona ödəsin. Belə ki, həmin evin təmiri üçün o, 15.000 manata yaxın pul xərcləmişdir. Bundan başqa, onun həmin evdən başqa yaşayış yeri yoxdur və məhkəmədən bunun nəzərə alınmasını xahiş edir. Məhkəmə iddiaçı və cavabdehin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Nəvai küçəsi, 4-cü döngə, 12 saylı fərdi yaşayış evi ********* qeydiyyat nömrəsi ilə 05.09.2014-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Quba Rayon Məhkəməsinin 2(027)-155/2021 saylı, 18 fevral 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Dadaşova (Bayramova) Gülyaz Hacağa qızı arasında 1 saylı Bakı “ASAN xidmət” Mərkəzi qeydiyyat şöbəsində 24 may 2017-ci il tarixdə bağlanmış və 1349 nömrə ilə qeyd edilmiş nikah qeydi pozulmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Qeyd olunan Konstitusiya normalarından irəli gələn və onu inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.2-ci maddələrin ümumi məzmununa görə, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirmək hüququ mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik hüququnun əsasını təşkil edir. Həmin Məcəllənin 157.2-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Yenə həmin Məcəllənin 157.4-cü maddəsindən görünür ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Mülki Məcəllənin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Həmin Məcəllənin 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Məhkəmə tədqiqatı nəticəsində müəyyən olundu ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Nəvai küçəsi, 4-cü döngə, 12 saylı fərdi yaşayış evi 2014-cü il tarixdən İddiaçı mülkiyyətində olmuşdur. Həmin fərdi yaşayış evi iddiaçıya məxsusdur və cavabdehdən dəfələrlə evindən çıxmasını xahiş etmişdir. Lakin, iddiaçı cavabdehi ona məxsus evdən başqa qaydada çıxara bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, İddiaçı ona məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Nəvai küçəsi, 4-cü döngə, 12 saylı fərdi yaşayış evindən cavabdeh Dadaşova (Bayramova) Gülyaz Hacağa qızının çıxarılması tələbində haqlıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə, qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, cavabdeh Dadaşova (Bayramova) Gülyaz Hacağa qızı İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Nəvai küçəsi, 4-cü döngə, 12 saylı fərdi yaşayış evindən çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Dadaşova (Bayramova) X1 Vahid Əziz oğlunun mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Nəvai küçəsi, 4-cü döngə, 12 saylı fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar