Məhkəmə qərarları › İş №2(012)-2949/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2949/2023

12.07.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2949/2023 12.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şirinova Nigar Nazim qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2017-ci il tarixli, 46 saylı əmrinin ləğv edilməsi, əvvəl çalışdığı peşəyə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi və maddi və mənəvi ziyana görə 50000 manat kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərmişdir ki, o, məhkəməyə müraciət etməzdən əvvəl Mediasiyaya müraciət etmiş, lakin arayış almamış, təqdim edilməmişdir. Mediator tərəfindən isə təqdim edilmiş təklif barədə sənədi iddia ərizəsinə əlavə etmişdir. Cavabdeh "xxxx" MMC-nin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, cavabdeh xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılıb iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Mediasiya prosesinin tətbiqi barədə xx.xx.2023-cü il tarixli təklifdən görünür ki, İddiaçı "xxxx" MMC-yə qarşı əmək mübahisəsi ilə bağlı mediasiyaya müraciət etmiş və qeyd olunan sənəd təklif göndərilən tərəfə ünvanlanmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: “Mediasiya haqqında Azərbaycan Respublikası Qanunu”nun (bundan sonra mətndə “Mediasiya haqqında Qanun” adlanacaq): 1.0.1. maddəsinə əsasən, mediasiya mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir. 1.0.3. maddəsinə əsasən, mediator peşəkar əsasda mediasiya prosesinin həyata keçirilməsi üçün tərəflərin cəlb etdiyi və ya mediasiya təşkilatı tərəfindən təyin olunmuş, bu Qanunun tələblərinə cavab verən fiziki şəxsdir. 3.1. maddəsinə əsasən, mediasiya aşağıdakılar üzrə tətbiq edilir: 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; 3.1.3. əmək münasibətlərindən irəli gələn mübahisələr. 4.1. maddəsinə əsasən, mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Göründüyü kimi, mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyən, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edən “Mediasiya haqqında Qanun” tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 259.0. maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.13. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda. “Mediasiya haqqında Qanun”un: 21.9. maddəsinə əsasən, aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: 21.9.1. bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə. 28.1. maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Göründüyü kimi, yeni redaksiyada verilmiş mülki prosessual qanunvericilik məhkəmə tərəfindən iddia ərizəsinin baxılmamış saxlanılması əsaslarından biri kimi tərəflərin mübahisənin məhkəmədən kənar qaydada həlli üsulu olaraq mediasiya prosesinə riayət edilməsinin zərurliyini istisna etməmişdir. Məhkəmə mülki iş materiallarını tədqiq edərkən iddiaçı tərəfindən bu qaydaya riayət edilmədiyini müəyyən etmiş, xx.xx.2023-cü il tarixli “Mediasiya prosesinin tətbiqi barədə təklif” göndərilməsinə dair sənədin mülki iş materiallarına əlavə edilməsinə baxmayaraq, həmin təklifin cavabdeh tərəfindən alınması, eyni zamanda, Mediasiyaya müraciət, Mediasiyaya müraciətin nəticəsi olaraq “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış”ı və yaxud “İlkin mediasiya sessisiyasında iştirak edilə bilməməsi barədə arayış”ı iddia ərizəsinə əlavə etməmişdir. Başqa sözlə, iddiaçı tərəfindən iddia ərizəsinə “Mediasiya prosesinin tətbiqi barədə təklif”in əlavə edilməsi onun Mediasiya prosesində iştirak etməsinə dair tələbə riayət etməsini ehtiva etmir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 23 iyul 2021-ci il tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikası Əmək Məcəlləsində, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikası Ailə Məcəlləsində, Azərbaycan Respublikası Mülki Məcəlləsində, Azərbaycan Respublikası Vergi Məcəlləsində, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Məhkəmə- Hüquq Şurası haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli, 360-VİQD nömrəli Qanununun 2.1-ci maddəsi ilə MPM-sinə əlavə edilmiş 4.6-cı maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Qanunvericiliyin tələblərindən məlum olduğu kimi, əmək mübahisəsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı məhkəməyə müraciət etməzdən öncə mediasiya prosesində iştirakı tələb olunduğu halda həmin tələbə riayət olunmasına dair məlumatı və həmin tələbə riayət edilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etmədiyindən məhkəmə iddia ərizəsinin baxılmamış saxlanılması qərarına gəlir. Mülki Prosessual Məcəllənin: 260.1. maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.2. maddəsinə əsasən, qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 260.1, 260.6, 263, 264 və 268.1. maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar