Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2953/2025 22.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə 3 saylı Bakı “Asan Xidmət” X1ndə qeydə alınmış 1304 nömrəli rəsmi nikahlarının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, onunla Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə 3 saylı Bakı “Asan Xidmət” X1ndə 1304 saylı rəsmi nikahları qeydə alınmışdır. Bu nikaha girmək onun öz istəyi ilə deyil, valideynlərinin təkidi əsasında olmuş və əslində onların aralarında sevgi hisləri olmamışdır. Onların nişanı olmamış, hə alma mərasimi evdə ailə üzvləri arasında keçirilmişdir. Nikahı rəsimləşdirdikdən sonra o, başa düşmüşdür ki, bu addımı atmaqda aldadılmışdır. Bu barədə valideyinlərinə və qohumlarına bildirməklə həmin şəxslə ailə qurmaqdan imtina etmişdir. Onların toyları baş tutmamış və nikah yalnız kağız parçası üzərində olmuşdur. Həmçinin bildirir ki, onlar arasında yaş fərqi olduğundan və xasiyyətləri uyğun gəlmədiyindən, münasibətləri pozulmuşdur. Bu səbəbdən də nikahın etibarsız hesab edilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, onların ailələri bir-birlərini tanımışlar. Belə ki, ailələrinin məsləhəti ilə onlar evlilik niyyəti ilə daha yaxından tanış olmuş və münasibət qurmuşlar. Nişan mərasimləri olmamış, hə alma mərasimi isə evdə baş tutmuşdur. Lakin sonradan onların xasiyyətləri tutmamış, aralarında tez-tez mübahisələr yaranmışdır. Bu səbəbdən onlar toy etmək niyətindən daşınmışlar. Ona görə də o, iddia tələbinin təmin edilməsinə etiraz etməmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -3 saylı Bakı «ASAN xidmət» X1 tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-5/8-69- 1642/2024 nömrəli arayışdan görünür ki, İddiaçı ilə X2 arasında xx.xx.2024-cü il tarixli, 304 nömrəli rəsmi nikah bağlanmış və nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25.1. və 25.2. maddələrinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 26.1.7. maddəsinə əsasən saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. İşin məhkəmə iclasında araşdırılan hallarından müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə 3 saylı Bakı «ASAN xidmət» X1 tərəfindən 304 nömrəli nikahları qeydə alınmışdır. İddiaçı izahatında, cavabdehlə ailə qurmaq istəmədiyini və valideynlərinin göstərişi ilə nikaha daxil olduğunu göstərmiş, cavabdeh isə əksinə iddiaçı və özünün ailə qurmaq niyyəti ilə nikaha girdiklərini, nişan mərasiminin olmadığını, lakin evdə hə alma mərasiminin olduğunu, amma iddiaçı ilə xasiyyətlərinin tutmaması nəticəsində münasibətlərinin pozulduğunu bildirmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı izahatında cavabdehlə ailə qurmaq niyyəti olmadan nikaha girdiyini bildirsə də, tələbin sübut edilməsi vəzifəsi iddiaçının üzərinə düşsə də, iddiaçı tərəfindən heç bir tutarlı sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə cavabdeh tərəfindən iddiaçının dedikləri təkzib edilmiş, onların ailə qurmaq niyyətləri olduğu qeyd edilmişdir. Eyni zamanda iddia ərizəsindən və tərəflərin izahatlarından görünür ki, tərəflər arasında el adət-ənənəsi ilə hə alma mərasimi olmuşdur. Bütün bunlar onu təsdiq edir ki, tərəflərin həqiqətən də ailə qurmaq məqsəd və niyyəti olmuşdur, əks halda hə alma mərasimini keçirməyə ehtiyac olmazdı. Bütün bunlar onu sübut edir ki, tərəflər arasında bağlanmış nikah saxta nikah deyil, ailə qurmaq məqsədi ilə bağlanmış nikahdır, iddiaçı tərəf iddia tələbində qeyri-səmimidir və həmin tələbi irəli sürməkdə qanunla nəzərdə tutulmuş digər məsuliyyətdən yayınmaq məqsədi daşıyır, ona görə də iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Eyni zamanda Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia tələbində ödənilmiş dövlət rüsumunu cavabdehdən tələb etmədiyi üçün həmin rüsum iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-2953/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2953/2025
22.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver