Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2987/2020 30.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi ilə, Tağıyev Namiq Musa oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun, yəni İddiaçı azyaşlı uşaqları, xx xxxx 2012-ci il təvəllüdlü X3 və xx xxxxx 2016-cı il təvəllüdlü X8 ilə birlikdə Abşeron rayonu, “Stansiya ünvan 1 ünvanına köçürülməsini xahiş etmişdir. Məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, Cavabdeh ilə xx xxxx 2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx xxxx 2012-ci il tarixdə X3 və xx xxxxx 2016-cı il tarixdə X8 anadan olmuşdur. Onlar Abşeron rayonu Stansiya Sumqayıt ərazisində inşa olunmuş yaşayış kompleksi 1001 binada yerləşən 3 otaqlı 31 saylı mənzildə ailəliklə məskunlaşmışlar. Cavabdeh onu və övladlarını qərəzli şəkildə mənzilə buraxmır. Hazırda onun cehiz əşyaları həmin mənzildədir. Bu səbəbdən məcbur olaraq məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, onu, azyaşlı uşaqları, xx xxxx 2012-ci il təvəllüdlü X3 və xx xxxxx 2016-cı il təvəllüdlü X8 ilə birlikdə Abşeron rayonu, “Stansiya ünvan 1 ünvanına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, cavabdehi evdən qovmamış, özü getmişdir. Bundan sonra, o, iddiaçının anasından əşyalarını aparmasını xahiş etmiş və sonuncu da gəlib əşyaları evdən aparmışdır. İddiaçı xəyanət etdiyindən münasibətləri kəskin şəkildə pozulmuş və anası qızını evə aparmışdır. Hətta iddiaçı onu uşaqları ilə görüşməsinə icazə vermir. Məcburi köçkün olduğuna görə ona Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən yaşamaq üçün ev verilmişdir. Sonda cavabdeh, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin məhkəmədə verdiyi izahatlarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşdə olanSumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindənxx xxxx 2011-ci il tarixdə verilmiş AZ-İ № 678823 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında xx xxxx 2011-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə - Qasımov, arvada - Qasımova soyadları verilmişdir. İşdə olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2012-ci il tarixdə verilmiş AZ- İİ № 833875 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxx 2012-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçı yazılmışdır. İşdə olan Sumqayıt “ASAN” xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx xxxxx 2016-cı il tarixdə verilmiş AZ-İİİ № 734930 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxxx 2016-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçı yazılmışdır. İşdə olan xx xxxxxx 2019-cu il tarixli, 1 saylı Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, “kirarəyə verən” Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Abşeron rayonu, “Stansiya ünvan 2 31 saylı ünvanda yerləşən mənzili “kirayəçi” Cavabdeh sahiblik və istifadəsinə vermişdir. Həmin müqavilənin 1.2-ci bəndindən görünür ki, “kirayəçi” Cavabdeh ailə üzvləri, arvadı- İddiaçı, qızı-X3 və oğlu-X1 rayonu, “Stansiya ünvan 2 31 saylı ünvanda yerləşən mənzilə köçürülmüş və yaşayış sahəsi kimi istifadə etmişlər. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya departamenti tərəfindən verilmiş 0241 saylı köçürmə vərəqəsindən görünür ki, Cavabdeh, İddiaçı, X3 və X1 rayonu, “Stansiya ünvan 2 31 saylı ünvanda yerləşən mənzilə köçürülmüşlər. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2010-cu il tarixli, “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarına da istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşayaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi mənzilin mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə həmçinin hesab edir ki, məsələ ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququna da nəzər yetirmək lazımdır. Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə görə istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Bu səlahiyyət əsasında fiziki şəxs əşyadan istifadə etməklə öz maddi və mənəvi tələbatını ödəyir (hazırkı halda mənzildə yaşayır). Əşyadan istifadə etmək əşyaya münasibətdə şəxsin öz mənafeləri üçün hərəkət etməsini (müxtəlif ehtiyacı və tələbatı ödəmək, fayda götürmək, gəlir, artım və bəhər əldə etmək və s.), onun köməyi ilə istehsal və ya istehlak ehtiyaclarının ödənilməsini, əşyanın sosial-təsərrüfat təyinatına uyğun olaraq istismar edilməsini ifadə edir. İstifadə obyekti mənzil olduğu halda, ondan istifadə həmin mənzildə yaşamaqdan ibarətdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarına əsasən mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstisiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Qeyd edilməlidir ki, obyekti yaşayış sahəsi olan mülkiyyəti tənzimləyən hüquqi normaların düzgün tətbiqi üçün qanunvericiliyin mülki hüquq və mənzil hüququ sahələri arasında xətt keçirilməlidir. Mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mənzil hüququnun (obyekti) predmeti kimi nəzərdən keçirilməli və ailə üzvlərinin bu hüququ onlardan birinin mülkiyyətində mövcud olan yaşayış sahəsində onunla bərabər istifadə etməyi ehtiva edən kimi qiymətləndirilməlidir.” İş materiallarından və işin müəyyən edilmiş hallarından da göründüyü kimi, İddiaçı xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh və azyaşlı uşaqları ilə Abşeron rayonu, “Stansiya ünvan 2 31 saylı mənzilinə köçərək, cavabdehlə bərabər həmin mənzildən istifadə etməyə başlamışdır. Həmin dövrdə onlar arasında etibarlı ailə münasibətləri mövcud olmuşdur və birgə təsərrüfat aparmışlar. Məhkəmə həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı Abşeron rayonu, “Stansiya ünvan 2 31 saylı mənzilə köçürülməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 3-cü bəndinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Tərəflərin birgə nikahlarından anadan olmuş övladları xx xxxx 2012-ci il təvəllüdlü X3 və xx xxxxx 2016-cı il təvəllüdlü X8 hazırda anası İddiaçı ilə yaşadıqlarını nəzərə alaraq, məhkəmə onların anası ilə birlikdə mübahisəli mənzilə köçürülməsi haqda tələbini də əsaslı sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, İddiaçı azyaşlı uşaqları X3 və X8 ilə birlikdə Abşeron rayonu, “Stansiya ünvan 2 31 saylı mənzilə köçürülməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyinə görə, məhkəmə iş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutulub iddiaçıya verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı azyaşlı uşaqları xx xxxx 2012-ci il təvəllüdlü X3 və xx xxxxx 2016-cı il təvəllüdlü X8 ilə birlikdə Abşeron rayonu, “Stansiya ünvan 2 31 saylı mənzilə köçürülsünlər. İş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-2987/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2987/2020
30.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver