Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2993/2022 12.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ləyaqətsiz vərəsə hesab olunma və miras payından məhrum edilmə tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ləyaqətsiz vərəsə hesab olunma və miras payından məhrum edilmə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsi, mərhum anası X2 və mərhum qardaşı X4 məxsus miras əmlaklarda olan paydan məhrum edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun qardaşı X3 həyat yoldaşı olmuşdur. O, mərhum qardaşı İddiaçıla 2021-ci ilin mart ayında nikaha girmiş və qardaşı ilə birlikdə qayınanasının (yəni anası Rəfiqə Həsənovanın) yanında yaşamışdır. Cavabdehlə mərhum qardaşı birlikdə bir neçə ay yaşamışlar. Cavabdeh mərhum anasının evinə gəldikdən sonra daima anası ilə münasibətləri pis olmuş, anasından evi satmasını tələb etmişdir. Cavabdehin dedi-qodusunun təsirindən anası X5 12 noyabr 2021-ci ildə özünü asmış, qardaşı (cavabdehin həyat yoldaşı) X6 özünü 15 noyabr 2021-ci ildə Xəzər dənizində boğaraq öldürmüşdür. Həm mərhum anası, həm də mərhum qardaşı cavabdehin günahı üzündən canlarına qıymışlar. Cavabdeh bu iki mərhumdan ayrıca mənzil istəyir, anası isə buna etiraz edirdi. Hətta o, mərhum qardaşını məcbur etmişdir ki, “ananı dindirmə, ona qarşı xoş sifət göstərmə, çıxıb evdən getsin”. Həyat yoldaşının dediqodusu onu canına qıymağa vadar etmişdir. Anasının və qardaşının ölümünün səbəbkarı olan cavabdeh ləyaqətsiz vərəsə kimi tanınmalı və vərəsəlik hüququndan məhrum edilməlidir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə iddia ilə razılaşmadı və bildirdi ki, mərhumların ölümündə cavabdehin heç bir təqsiri olmamışdır. Hazırki iddia mübahisəli əmlakın miras qaydasında tək ələ keçirilməsinə hesablanmışdır. İddia əsassız olduğundan rədd olunmalıdır. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 16482 inventar nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 5-ci mkr., 7 saylı evin 21 saylı mənzili qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X1, X3 və İddiaçı mülkiyyətindədir. İşdə olan xx.xx.2011-ci il tarixli, MA ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsindəki 0,04 ha torpaq sahəsi X1 mülkiyyətindədir. İşdə olan xx.xx.2015-ci il tarixli, RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsindəki 0,03 ha torpaq sahəsi X1 mülkiyyətindədir. İşdə olan AZ-İİ 242939 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 12 noyabr 2021-ci il tarixdə asfiksiya səbəbindən ölmüşdür. İşdə olan AZ-İİ 242950 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 14 noyabr 2021-ci il tarixdə suda boğulma səbəbindən ölmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Mülki Məcəllənin 1137-ci maddəsinə görə miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1138-ci maddəsinə görə valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1139-cu maddəsinə görə ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair 13 dekabr 2011 -ci il tarixli qərarında qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin “Vərəslik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəası həmin məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək nəinki mirasqoyanın son iradəsinə, həmçinin mirasqoyana qarşı yönələn halları da ehtiva edir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Baxılan mübahisə üzrə qeyd olunan maddənin dispozisiya şərtləri – cavabdehin miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməsi, yaxud onun son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsi halları müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının bildirdikləri cavabdehi ləyaqətsiz vərəsə hesab etmək üçün əsas deyildir. İş materialları ilə mərhumlar R.H.Həsənovanın və İddiaçı məhz cavabdehin hərəkətləri nəticəsində intihar etmələri öz təsdiqini tapmır. İşdən görünür ki, Cavabdeh miras qoyanların son iradəsini həyata keçirmələrinə qəsdən maneə törətməmiş və özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərməmiş, miras qoyanların son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməmişdir. İddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunun qeyd edilən normasına əsasən hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı ləyaqətsiz vərəsə hesab olunma və miras payından məhrum edilmə barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2993/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2993/2022
12.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver