Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3038/2021 26.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Dostiyeva Aytac Nazim qızının katibliyi, İddiaçı və onun vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququ tanınmaqla evə köçürülmə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı istifadə hüququ tanınmaqla evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və övladları - 20 iyun 2005-ci il təvəllüdlü X4, 17 oktyabr 2011-ci il təvəllüdlü X6 və 17 oktyabr 2011-ci il təvəllüdlü X2 Abşeron rayonu, Masazır qəsəbəsi, Şəhid Zaur küçəsi, döngə 9-da yerləşən sənədsiz, özbaşına tikilmiş evə istifadə qaydalarının müəyyən edilməsi və həmin evə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zəngilan Rayon Məhkəməsinin 18 dekabr 2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarındakı nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaqların anasının, yəni iddiaçının yanında saxlanılması, 20 iyun 2005-ci il təvəllüdlü X4, 17 oktyabr 2011-ci il təvəllüdlü X6 və 17 oktyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 40 manat alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. 40 manat məbləğində aliment övladlarının tələbatını ödəmədiyi üçün iddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət etmiş və Zəngilan Rayon Məhkəməsinin 2(034)-420/2019 saylı, 12.09.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, cavabdehdən həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 480 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası adından qətnamə qət edilsə də, cavabdeh övladları üçün təyin edilmiş alimenti ödəmir və qərəzli şəkildə boyun qaçırır. İddiaçı cavabdehlə evli olduğu müddətdə Abşeron rayonu, Masazır qəsəbəsi, Şəhid Zaur küçəsi, döngə 9-da yerləşən fərdi yaşayış evini əldə etmişlər. Həmin ev inşa edilən torpaq sahəsi əvvəlcə iddiaçının atasının adına olmuş və daha sonra cavabdeh torpaq sahəsinin sənədini öz adına rəsmiləşdirmişdir. Üzərində inşa etdikləri ev sənədsizdir, yalnız bələdiyyə tərəfindən verilmiş sərəncam vardır. Cavabdehlə aralarında olan rəsmi nikah məhkəmə qaydasında ləğv edildikdən sonra iddiaçı məcbur olub, övladları ilə birlikdə həmin evdən çıxaraq, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən evdə kirayədə yaşamağa başlamışdır. Çünki cavabdeh məcburi şəkildə iddiaçını evdən qovmuşdur. Hazırda mübahisəli evdə cavabdeh təkbaşına yaşayır. İddiaçı evli olduqları müddətdə də işləyərək, evlərinin təmir işlərinə və digər xərclərə pul sərf etdiyindən onun da, həmin evdə haqqı vardır. Cavabdeh tərəfindən həmin evdən qovulmağı qanunsuzdur. Çünki həmin evdə iddiaçının böyük zəhməti olmuşdur. İddiaçı da uzun müddət cavabdehlə birlikdə həmin evdən ailə üzvü kimi istifadə edərək yaşamağa başladığından, həmin ev birgə nikah dövründə tikildiyindən, cavabdehlə birgə təsərrüfat apardığından onun mübahisəli evdən istifadə qaydaları müəyyən edilməli və o, həmin evə azyaşlı övladları ilə birlikdə köçürülməlidir. Cavabdeh isə evdən iddiaçını uzaqlaşdırmaq və özü təkbaşına yiyələnmək istəyir. Odur ki, iddiaçı öz hüququnu bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Eləcə də, məhkəmə iclasında İddiaçı suallara cavab olaraq bildirdi ki, o, Cavabdeh ilə 25 may 2005-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmiş və onların birgə nikahından 20 iyun 2005-ci il təvəllüdlü X10, 17 oktyabr 2011-ci il təvəllüdlü X13 və 17 oktyabr 2011-ci il təvəllüdlü X9 adlı övladları vardır. Mübahisəli evin yerləşdiyi torpaq sahəsi 2006-cı ildə onun atası tərəfindən alınmış və 2007-2008-ci illərdə həmin ev tikilməyə başlanılmışdır. Ev tikilməyə başlayandan onun özü işləyərək öz vəsaiti hesabına evi tikdirmişdir. Cavabdeh torpağa bələdiyyə tərəfindən verilmiş sərəncamın vaxtı qurtana yaxın gedib onlardan xəbərsiz torpağı öz adına rəsmiləşdirmişdir. 2013-cü ildə cavabdehlə rəsmi şəkildə nikahları pozulsa da, faktiki olaraq həmin evdə cavabdehlə bir yerdə yaşamağa davam etmişdirlər. 2020-ci ilin avqust ayında cavabdehin çoxsaylı təzyiqləri və təhqirləri nəticəsində evdən çıxmış və Bakı şəhəri Binəqədi rayonunda kirayə ev tutaraq uşaqları ilə birlikdə yaşamağa davam etmişdir. Cavabdeh isə bugünki gündə uşaqları ilə maraqlanmır, aliment borcunu ödəməkdən boyun qaçırır. Bütün bunların nəticəsində o, öz vəsaiti hesabına tikdirdiyi evdən qovulmuş və kirayələrdə qalmaq, işləyərək uşaqlarını dolandırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı vəkili X7 iddiaçı ilə eyni məzmunlu izahat verərək iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin Cavabdeh iş üzrə əvvəlki məhkəmə prosesində iştirak edərkən iddia tələbini qəbul etmədiyini bildirərək göstərdi ki, o, İddiaçı ilə 25 may 2005-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmiş və onların birgə nikahından 20 iyun 2005-ci il təvəllüdlü X10, 17 oktyabr 2011-ci il təvəllüdlü X13 və 17 oktyabr 2011-ci il təvəllüdlü X9 adlı övladları vardır. İddiaçının köçmək istədiyi evin olduğu torpaq sahəsini o almış, evi də özü tikdirmişdir. Ona görə də, məhkəmədən iddiaçının ona qarşı qaldırdığı iddianın əsassız hesab edilərək, rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, o, İddiaçı qonşusudur. İddiaçını 2013-cü ildən tanıyır. O, yaxın qonşu kimi İddiaçı ailəsində olan hadisələrdən xəbərdardır. Sözügedən evi iddiaçı öz halal zəhməti ilə tikdirərək gözəl təmir etdirmişdir. Hər dəfə iddiaçını görəndə evi niyə təkbaşına təmir etdirdiyini soruşanda yoldaşının onlara baxmadığını qeyd edirdi. Evin yerləşdiyi torpaq sahəsinə gəldikdə isə torpaq sahəsini iddiaçının mərhum atası sağlığında qızı, yəni iddiaçı üçün almışdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirdi ki, o, İddiaçı qonşusudur. İddiaçını 5 ildən çoxdur ki tanıyır. İddiaçının yaşadığı evi görmüş, çox səliqəli və gözəl evdir. Lakin 5-6 aydan çoxdur ki, o, iddiaçını görmür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirdi ki, o, İddiaçı qonşusudur. İddiaçını çoxdan tanıyır. O, yaxın qonşu kimi İddiaçı ailəsində olan hadisələrdən xəbərdardır. Sözügedən evi iddiaçı öz halal zəhməti ilə tikdirərək çox gözəl təmir etdirmişdir. Hər dəfə iddiaçını görəndə evi niyə təkbaşına təmir etdirdiyini soruşanda yoldaşının onlara baxmadığını qeyd edirdi. Evin yerləşdiyi torpaq sahəsinə gəldikdə isə torpaq sahəsini iddiaçının mərhum atası sağlığında qızı, yəni iddiaçı üçün almışdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirdi ki, o, iddiaçının atasının qardaşı, yəni əmisidir. İddiaçının mərhum atası fəhləlik edərək ailəsini dolandırırdı. Mərhum qardaşı iddiaçı hələ cavabdehlə nişanlı olarkən ona saxlamaq üçün pul vermişdir. Sonradan saxlamağa verdiyi pulu götürərək, iddiaçı üçün torpaq sahəsi almış, həmin torpaq sahəsini öz adına rəsmiləşdirmişdir. Evin tikilməsində mərhum qardaşı və iddiaçının özünün zəhməti böyük olmuşdur. Cavabdehin demək olar ki, həmin evin tikilməsində heç bir əziyyəti olmamışdır. İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 18 dekabr 2013-cü il tarixli 2(034)-312/2013 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbi barədə iddiası təmin edilərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 25 may 2005-ci il tarixli nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan olan 20 iyun 2005-ci il təvəllüdlü X10, 17 oktyabr 2011-ci il təvəllüdlü X13 və 17 oktyabr 2011-ci il təvəllüdlü X2 anasının yanında saxlanılması və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 40 manat alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli 2(034)-420/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddiası təmin edilərək, Zəngilan Rayon Məhkəməsinin 2(034)- 312/2013 saylı 18 dekabr 2013-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh 20 iyun 2005-ci il təvəllüdlü X4, 17 oktyabr 2011-ci il təvəllüdlü X6 və 17 oktyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 480 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması və Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.5-ci maddəsinə əsasən, mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Ona görə də məhkəmə hesab edir ki, hazırki vəziyyətdə yaranmış mübahisə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürməklə həll edilməlidir. Belə ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq hüququ, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırki işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və keçmiş əri güc tətbiq etməklə onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı etdiyi məhrumetmə (güc tətbiq etməklə evdən çıxarma) qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa, onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin «O.ROUK Birləşmiş Krallığa qarşı» işində ərizənin qəbul edilənliyi barədə qərarında və «Gillounun Birləşmiş krallığa qarşı» işi üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin özbaşına tikintiyə dair sərəncam vermək, onu satmaq hüququ, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı olmasa da, Mülki Məcəllənin 180.2-ci və 180.4-cü maddələrinin məzmununa əsasən həmin özbaşına tikilinin mövcud olduğu müddətdə orada əvvəllər məskunlaşmış şəxslərin oradan istifadə hüququ müəyyən oluna bilməz, lakin həmin vətəndaşların oraya köçürülməsinə də qadağalar qoyula bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi evə köçürülmə hissəsində əsaslı olduğundan təmin edilməli, iddiaçı övladları ilə birlikdə həmin tikiliyə köçürülməlidir. Sözügedən ev özbaşına tikili olduğundan iddia tələbi evə istifadə qaydalarının müəyyən edilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 10 manat dövlət rüsumunun 8 manat hissəsi cavabdehdən alınıb dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı övladları - 20 iyun 2005-ci il təvəllüdlü X10, 17 oktyabr 2011-ci il təvəllüdlü X13 və 17 oktyabr 2011-ci il təvəllüdlü X9 ilə birlikdə Cavabdeh yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Şəhid Zaur küçəsi, döngə 9-da yerləşən sənədsiz, özbaşına tikilmiş evə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 8 manat məbləğində dövlət rüsumuna görə pul tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3038/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3038/2021
26.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver