Məhkəmə qərarları › İş №2(012)-3070/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3070/2022

17.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3070/2022 17.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürmə və istifadə hüquqlarının müəyyən olunması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladlarıyla birlikdə Sumqayıt şəhəri, Stansı Sumqayıt, bina-15, 5 saylı mənzilə köçürülməyi və hansı otaqlardan istifadə hüquqlarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X5 adlı övladları dünyaya gəlmişdir. Nikahları Zəngilan Rayon Məhkəməsinin 2(034)-364/2021 saylı qətnaməsi ilə pozulmuş, uşaq onun yanında saxlanmış və saxlanması üçün 175 manat aiiment kəsilmişdir. Halhazırda onun yaşamağa yeri yoxdur. Belə ki, Sumqayıt şəhəri, Stansı Sumqayıt, bina-15, 5 saylı mənzilin kirayə müqaviləsində adı olmağına baxmayaraq cavabdeh onu orada yaşamağa imkan vermir. O, əvvəl kirayədə qalmış, kirayə pulunu verməyə gücü çatmamış, ona görə də məcbur olub öz valideynlərinin yanına köçmüşdür. Valideynləri isə qardaşının ailəsi ilə yaşayır və qardaşı ailəlidir, iki övladı vardır. Bir sözlə, ev geniş olmadığı üçün ona orada yaşamaq çətindir. Lakin boşanmadan sonra cavabdeh onu və övladını orada yaşamağa imkan verməmişdir. Onların isə yaşamağa başqa yerləri yoxdur. O, övladlarıyla birlikdə həmin ünvanda yaşamaq istəyir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İşdə olan Sumqayıt “ASAN Xidmət” X7 tərəfindən verilmiş AZ-İV № 368196 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan AZ-İİİ 365211 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2010-cu il tarixdə anadan olmuşdur. X1, anası isə İddiaçıdır. İşdə olan Zəngilan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(034)-364/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası təmin edilmiş, iddiaçı X8 ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə Sumqayıt «Asan xidmət» X7ndə bağlanmış nikahın pozulması və akt qeydləri kitabındakı 2819 saylı nikah qeydinin ləğv edilməsi, xx.xx.2019-cu il təvəllüdlü X2 anası İddiaçı himayəsində saxlanılması, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü Cavabdeh oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qərara alınmışdır. İşdə olan Xüsusi təyinatlı yaşayış sahəsinin 1 saylı kirayə müqaviləsinin surətindən görünür ki, Abşeron rayonu, stansiya Sumqayıt ərazisində 15 saylı binanın 5 nömrəli 2 otaqlı mənzili müvəqqəti yaşamaq üçün Cavabdeh həyat yoldaşı Məmmədova (hazırda İsmayılova) Arzu Araz qızı ilə birlikdə istifadəsinə verilmişdir. İş materiallarında olan AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********69 saylı məktubunda qeyd edilmişdir ki, Sumqayıt şəhəri, stansiya Sumqayıt, ev 15, 5 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar etmək mümkün olmamışdır. İş materiallarında olan AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin xx.xx.2021-ci il tarixli 02/1352 nömrəli məktubundan görünür ki, Zəngilan rayonundan məcburi köçkün Cavabdeh həyat yoldaşı İddiaçı ilə birlikdə dövlət tərəfindən 01.02.219-cu il tarixdə Abşeron rayonunun ərazisində salınmış 1001 mənzilli yeni mənzili yeni yaşayış kompleksində 15 saylı binanın 5 nömrəli 2 otaqlı mənzili ilə təmin olunmuşdur. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı xx.xx.2018-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Onlara məcburi köçkün ailəsi kimi dövlət tərəfindən Abşeron rayonunu ərazisində salınmış 1001 mənzilli yeni yaşayış kompleksində iki otaqlı 5 saylı mənzil ayrılmış, İddiaçı həmin mənzilə köçüb orada yaşamışdır. Tərəflərin nikahları Zəngilan Rayon Məhkəməsinin 2(034)-364/2021 saylı qətnaməsi ilə pozulmuş və həmin vaxtdan etibarən İddiaçı mübahisəli mənzildən çıxmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 8-ci maddəsində mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları müəyyən edilərək göstərilir ki, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; mənziltikinti kooperativində üzvlük; mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Bu cür müdafiə üsulları kimi Mənzil Məcəlləsinin 9.2.1-ci maddəsində mənzil hüququnun tanınması, 9.2.2-ci maddəsində mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması müəyyən edilmişdir. Yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülməsi barədə iddialara baxılarkən, istifadə hüququnun tanınması və ya köçürülməsi tələb olunan yaşayış sahəsinin hüquqi statusu, yəni kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Çünki, mənzil fondu Məcəllədə özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsində fərqli cəhətlər vardır. Mənzilin hüquqi statusunun müəyyən olunması bir tərəfdən mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidirsə, digər tərəfdən mübahisənin həlli üçün maddi hüquq normasının düzgün seçilməsi nöqteyi-nəzərindən zəruridir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan xüsusi təyinatlı yaşayış sahəsidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 17.3.2-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondu - bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusudur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birlikdə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddirlər. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.2-ci maddəsində deyilir ki, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, mübahisəli mənzil AR Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən iddiaçı və cavabdehin birgə istifadəsinə verilmiş, mənzil cavabdeh ilə yanaşı iddiaçı tərəfindən də yaşayış sahəsi kimi istifadə olunmuşdur. İddiaçı və cavabdehlər mübahisəli evdən mənzil kimi istifadə etməkdə bərabər hüquqi əsaslara malikdirlər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının Sumqayıt şəhəri, stansiya Sumqayıt bina 15, 5 saylı mənzilə köçürülməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Konstitusiyanın 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 3-cü hissəsindən və 71-ci maddəsinin 2-ci hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericiliyin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüququdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Məhkəmənin qənaətinə görə ailə-nikah münasibətlərindən doğan bu tipli əmlak münasibətlərində başqa mövqenin tutulması düzgün olmayan president yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Bundan başqa məhkəmə iddia tələbinin təmin olunması qənaətinə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1.,59.1.,60.1., 60.2., və digər maddələrinin tələblərini də nəzərə alır. Qeyd olunan Ailə Məcəlləsinin tələblərinə görə valideynlər öz uşaqları barəsində bərabər hüququ və vəzifələrə malikdirlər. Valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. AR Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətandaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin heç kəs yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir.Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüququ və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarı ilə konstitusiya hüquq və azadlıqlarının əsasız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştiraçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüququ sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarları və s.) Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının Sumqayıt şəhəri, stansiya Sumqayıt, bina 15, 5 saylı mənzilə övladları xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X5 ilə birgə köçürülməsi hissəsində də təmin edilməlidir. Məhkəmə iddia tələbinin hansı otaqlardan istifadə hüquqlarının müəyyən olunması hissəsi ilə bağlı qeyd edir ki, tələb konkret və aydın olmadığından iddia tələbi bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı övladları-xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X5 ilə birlikdə Sumqayıt şəhəri, stansiya Sumqayıt ərazisi, 1001 mənzilli yeni yaşayış kompleksində 15 saylı binanın 5 saylı mənzilinə köçürülsün. İddia tələbi Sumqayıt şəhəri, Stansı Sumqayıt, bina-15, 5 saylı mənzilin hansı otaqlardan istifadə hüquqlarının müəyyən olunması hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar