Məhkəmə qərarları › İş №2(012)-3074/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3074/2023

21.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3074/2023 21.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kamranlı Günel Ramiz qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı torpaq sahəsinin boşaldılması və evdən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı torpaq sahəsinin boşaldılması və evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin əşyaları ilə birlikdə ünvan 1 ünvanındakı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evindən çıxarılması, torpaq sahəsinin və fərdi yaşayış evinin təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin qalan hissələrdə saxlanılmaq şərtilə, cavabdehlərin mübahisəli ünvan 3 ərazisində yerləşən, ümumi sahəsi 0.031 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındakı **********912 reyestr nömrəli torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi İddiaçı məxsusdur. İddiaçının əmisi vəfat etdikdən sonra atası həmin torpaq sahəsindəki fərdi yaşayış evini əmisinin ailəsinə müvəqqəti yaşamaq üçün vermişdir. Artıq müəyyən müddətdir ki, cavabdehlər orada yaşayır. Hazırda, cavabdehlərin mübahisəli daşınmaz əmlaklardan çıxarılması zərurəti yaranmışdır. Qeyd olunan daşınmaz əmlakın müvəqqəti olaraq cavabdehlərin istifadəsinə verilməsinə baxmayaraq cavabdehlər həmin sahədən çıxmaqdan imtina etmişlər. Bu səbəbdən də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, mübahisəli torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarış əsasında onun qızı İddiaçı məxsusdur. 2019-cu ildə torpaq sahəsi və fərdi yaşayış evi alqı-satqı yolu ilə alınmışdır. Hazırda, daşınmaz əmlakların sahibinə qaytarılması zərurəti yaranmışdır. O, özü ev tikib satmaqla məşğul olmuşdur. Mübahisəli torpaq sahəsindəki fərdi yaşayış evini də o, özü inşa etmişdir. 2019-cu ildə o, inşa edilmiş evi tərk edərək rayona getmişdir. Fərdi yaşayış evini o, qardaşının ailə üzvlərinə sığınacaq kimi vermişdir. Belə ki, cavabdehlər daima kirayədə yaşamışdır. O, qardaşının xatirinə evini vermişdir. Qardaşı vəfat etdikdən sonra Cavabdeh1 evdar qadın idi, Cavabdeh2 əsgər olmuş, bacısı isə nişanlı idi. Mübahisəli fərdi yaşayış evini 2011- 2012-ci illərdə inşa etmiş, ev tam hazır vəziyyətdə olmuşdur. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə izahatı ilə eyni məzmunlu izahat verərək iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, mübahisəli torpaq sahəsini iddiaçının atası ona verərkən fərdi yaşayış evi inşa etmək təklifini irəli sürmüşdür. Ev inşa edilmiş, yaşamağa başlamışlar. Fərdi yaşayış evinin inşa edilməsində onların da payı vardır. Qaz, su, işıq sayğacının onların adına keçirilməsi təklifini irəli sürsə də məsələ uzanmış, həllini tapmamış qalmışdır. Hesab edir ki, cavabdehin hüququ pozulmamalı, inşa edilmiş evdə onun da payı vardır. Məhkəmə iclasında cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qanuni nümayəndəsi Cavabdeh2 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, iddiaçının nümayəndəsinin dedikləri ilə müəyyən qədər razıdır. Mübahisəli daşınmaz əmlak onların özünə məxsus olmuşdur. Torpaq sahəsində gecə-gündüz inşa edərək evi ərsəyə gətirmişlər, qaz, su və işıq ödənişləri onlara məxsusdur. Abşeron rayonu, Xırdalan şəhərindəki evi satıb mübahisəli daşınmaz əmlakı almışlar. Mübahisəli ev adlarına kredit götürülməklə inşa edilmişdir. Daşınmaz əmlakın onun tərəfindən inşa edilməsini sübuta yetirən bir şahidi vardır. 2011-ci ildə o, ailə üzvləri ilə fərdi yaşayış evinə köçmüş, həmin vaxt evin üst hissəsi belə hazır olmamış, evi inşa edə-edə orada yaşamışlar. Torpaq sahəsinin iddiaçıya məxsus olduğu barədə məlumatı olmuşdur. Torpaq sahəsinin iddiaçıya məxsus olması barədə məlumatı 3 il müddət olardı ki, bilmişlər, iddiaçının adına keçiriləndə etiraz etməmiş və bacı-qardaş kimi böyüdüklərindən narazılıqları olmamışdır. Mübahisəli ev 3 sot torpaq sahəsinin içində yerləşməklə ev iddiaçının atası tərəfindən inşa edilmiş, lakin onun da payı olmaqla müəyyən vəsait vermişlər. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -"xxxx" MMC tərəfindən verilmiş eskiz layihəsindən görünür ki, Abşeron rayonu, Masazır kəndi ərazisində İddiaçı məxsus fərdi yaşayış evinin layihəsi tərtib olunmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, A№ 342499 saylı plan və ölçünün surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən, ümumi sahəsi 0.031 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas xx.xx.2019-cu il tarixli, 4Ə-830 saylı daşınmaz əmlakın bağışlama müqaviləsi olmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli, **********37 saylı məktubdan görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı müraciətə baxılmış, aparılan araşdırma zamanı yeni layihələndirilmiş fərdi yaşayış evinin tikintialtı sahəsinin 35 kv.m hissəsinin sənəd üzərində mülkiyyətdə olan torpaq sahəsindən kənarda zəbt edilmiş təyinatına və hüquqi rejiminə görə dövlət mülkiyyətinə məxsus ərazidə inşa edildiyi aşkar olunmuş, bu səbəbdən də, ərizənin icrasından imtina edilmişdir. Məhkəmənin sorğusuna əsasən, məhkəməyə təqdim edilmiş 4 saylı Abşeron ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-7368/2023 saylı məktuba əlavə edilmiş sənədlərdən görünür ki: -Hədiyyə verən Nümayəndə ilə hədiyyə alan İddiaçı arasında bağlanmış xx.xx.2019cu il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, hədiyyə verən Abşeron rayonu, Masazır kəndində yerləşən, ümumi sahəsi 0.031 ha torpaq sahəsini hədiyyə alanın mülkiyyətinə vermiş, hədiyyə alan isə torpaq sahəsini xüsusi mülkiyyətinə qəbul etmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən, ümumi sahəsi 0.031 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 877 saylı reyestr kitabının, 93 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********12 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Ağsu rayonu, Növcü kəndində, Cavabdeh1 Ağsu rayonu, M.Hüseyn küçəsi, 18/6 saylı evdə, Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçü sovxozu, H.Z.Tağıyev küçəsi, dalan 3, 4 saylı evdə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Ağsu rayonu, Qaraqaşlı kəndində qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, ünvan 3ndə yerləşən, ümumi sahəsi 0.031 ha torpaq sahəsi İddiaçı bağışlama müqaviləsi əsasında sonuncunun mülkiyyətinə verilməklə bu barədə ona daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat, **********12 reyestr nömrəsi ilə qeydə alınmış çıxarış verilmişdir. Hazırda, iddiaçı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evindən cavabdehlərin çıxarılmaqla daşınmaz əmlakların ona təhvil verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq):

152. maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı iş”də qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı işi üzrə qərarı”nda isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər.1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. Məhkəmə mülkiyyət və mülkiyyət hüququ ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı nasnİ˝ hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında˝ Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, rəh˝ bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz˝. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə 13 iyun 1979-cu il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Belə ki, Mülki Məcəllənin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin: 1-ci bəndinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Göründüyü kimi, qanunvericilik mülkiyyət hüququnun yaranma anını onun dövlət reyestrində qeydiyyatı anı ilə əlaqələndirir. Burada məqsəd dövlət tərəfindən həqiqi mülkiyyətçinin hüquqlarının qorunmasının təmin edilməsi və onun öz mülkiyyətini kənar şəxslərdən müdafiəsini təşkil edə bilməsidir. Məhkəmə araşdırması zamanı eyni zamanda, müəyyən olunmuşdur ki, ünvan 3ndə yerləşən, ümumi sahəsi 0.031 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətində olmaqla mübahisəli ərazidə fərdi yaşayış evi inşa edilmişdir. Sözügedən fərdi yaşayış evinin iddiaçı tərəfindən inşa edilməsi cavabdeh tərəfindən də inkar edilməyərək məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları qanunvericiliyin tələbləri, beynəlxalq təcrübə və Plenum Qərarı ilə yanaşı qiymətləndirib belə qənaətə gəlir ki, İddiaçı mübahisə predmeti olan daşınmaz əmlaka mülkiyyət hüququ əldə etdiyindən, qanuni istifadəsində və sahibliyində olan daşınmaz əmlakdan istifadə ilə bağlı yaranmış maneələrin aradan qaldırılmasını tələb etmək hüququna malik olduğundan, iddiaçının mülkiyyət hüququ olan daşınmaz əmlaka münasibətdə hüquqları məhdudlaşdırıldığından, mülkiyyət hüququ toxunulmaz olduğundan və qanunvericiliklə məhdudlaşdırılmasına yol verilmədiyindən iddiaçının iddia tələbləri əsaslıdır, ona görə də təmin edilməlidir. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. İş materiallarından görünür ki, hazırki iş üzrə cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 birgə nikah münasibətlərindən anadan olmuş yetkinlik yaşına çatmayan-xx.xx.2013-cü il təvəllüdlü Cavabdeh4, xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh5 və xx.xx.2021-ci il təvəllüdlü Cavabdeh6 cavabdehlərin himayəsində olmaqla iddiaçıya məxsus olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində yaşayırlar. Hazırki iddia tələbi təmin edildiyindən cavabdehlərlə birlikdə azyaşlı uşaqlar da torpaq sahəsindən çıxarılmalıdır. Belə ki, istinad olunan qanunvericilik normasının tələbinə əsasən, uşaqların yaşayış yeri valideynlərinin yaşayış yeri sayılmaqla məhkəmənin yetkinlik yaşına çatmış cavabdehlərə münasibətdə gəldiyi hüquqi nəticə onların azyaşlı uşaqlarına da şamil edilməlidir. Bеləliklə, məhkəmə iş üzrə tоplаnmış sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrib, qanunun göstərilən tələblərini rəhbər tutaraq hеsаb еdir ki, iddiа ərizəsi əsаslı оlduğundаn təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ilə birlikdə onlara məxsus əşyaları da daxil olmaqla, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0.031 ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evindən çıxarılmaqla daşınmaz əmlaklar İddiaçı təhvil verilməlidir. Məhkəmə eyni zamanda, hazırki iş üzrə cavabdehlərə ünvan 3ndə yerləşən, ümumi sahəsi 0.031 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin inşası ilə bağlı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqlarının olduğunu izah edir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu məbləği iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yetkinlik yaşına çatmayan uşaqları - Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ilə birlikdə onlara məxsus əşyalarla birlikdə ünvan 3ndə yerləşən, ümumi sahəsi 0.031 ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evindən çıxarılmaqla daşınmaz əmlaklar İddiaçı təhvil verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar