Məhkəmə qərarları › İş №2(012)-3079/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3079/2024

01.07.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3079/2024 01.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X1, Cavabdeh MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı "əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə 01 iyul 2024-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu Cavabdeh MMC şirkətinə işə bərpa etməklə xx.xx.2024-cü il tarixli, İR-125/24 saylı işdən azad olunması barədə olan əmrin ləğv edilməsi və məcburi işdən azad olunması ilə əlaqədar əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, rəsmi nikahda olduğu həyat yoldaşı X5 və 2 azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Türkan qəsəbəsində yaşayır və xx.xx.2024-cü il tarixdən Cavabdeh MMC-nin laboratoriyasında kəsim vəzifəsinə işə qəbul olmuşdur. İşlədiyi müddət ərzində əmək qanunvericiliyinin tələblərinə əməl etməklə hər hansı bir intizam məsuliyyətinə cəlb olunmamışdır, əksinə rəhbərlik tərəfindən işini diqqət və layiqincə yerinə yetirdiyi üçün daima təşəkkürlər almışdır. Təxminən 5-6 aydan çoxdur ki, onunla laboratoriya istehsal şöbəsində işləyən kəsim operatoru Xalidə adlı xanım tərəfindən mütəmadi olaraq təhqir və təzyiqlərə məruz qaldığı üçün laboratoriyanın rəhbəri Çingiz müəllimə müraciət etmiş, söhbət əsnasında ona Xalidə xanımın çox vaxt işə sərxoş halda gələrək heç bir səbəb olmadan onu təhqir edib işdən qovduracağını dediyini bildirmişdir. Çingiz müəllim isə bu dediklərinə əhəmiyyət verməyərək, əksinə hədə ilə işləmək istəmədiyi halda çıxıb gedə biləcəyini bildirdi. Sonuncu dəfə laboratoriya rəhbəri Çingiz müəllim ilə xx.xx.2024-cü ildə söhbəti olmuşdur. xx.xx.2024-cü il tarixdə o, işdə olarkən laboratoriya rəhbəri onu yanına çağırıb 2-3 ədəd yazılmış kağıza imza etdirdikdən sonra ona bu gündən işdən azad olduğunu söyləmişdir. O isə laboratoriya rəhbərinə işdən çıxmaq istəmədiyini və onu işdən çıxara bilməyəcəklərini bildirdim. Belə ki, o, əmək qanunvericiliyinin tələblərini pozmamış, işə vaxtıvaxtında gəlməklə ona tapşırılan işi vicdanla yerinə yetirmişdir. Onun himayəsində 2 azyaşlı uşağı vardır. Onun əsassız şəkildə işdən azad olması ailəsinin maddi vəziyyətinin pisləşməsinə səbəb olacaqdır. Laboratoriya rəhbəri isə bu dediklərinə əhəmiyyət verməyərək ona kadrlar şöbəsindən əmək kitabçasını götürməli olduğunu bildirdi. O, əmək kitabçasını götürüb evə gəlmiş, evdə həyat yoldaşı əmək kitabçasını oxuyarkən ona guya öz xahişi ilə işdən azad olunduğu bəlli olmuşdur. Qeyd edir ki, bu yazılanlar həqiqətə uyğun deyildir. Belə ki, onun savadsızlığından istifadə edərək ona təqdim edilmiş kağızlara imza etdirməklə onu işdən azad etmişdirlər. Ona qarşı edilən bu haqsızlıqlara görə o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Abşeron- Xızı regional şöbəsinə və Ombudsmana müraciət etmiş, qeyd olunan qurumlarda ona telefonla məhkəməyə müraciət etməli olduğunu bildirmişdirlər. Odur ki, o, Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatına müraciət etmiş, mediasiya təşkilatında işlədiyi Cavabdeh MMC-nin nümayəndəsi iştirak etmişdir. Lakin işə bərpa təmin olunmadığı üçün ona mediasiya təşkilatı tərəfindən arayış verilmişdir. O, ona qarşı edilən bu haqsızlığa görə məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin A bəndinə əsasən tərəflərin birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Onun nə belə bir təşəbbüsü olmuş, nə də ki işdən çıxmaq istəmişdir, əksinə rəhbərliyə təhqir və təzyiqlərə məruz qaldığını bildirməklə tədbir görülməsini xahiş etmişdir. Laboratoriya rəhbəri tədbir görmək əvəzinə saxta sənədləşdirmə aparmaqla onu işdən çıxarmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Müəssisə rəhbərliyi qeyd olunan bu maddənin tələblərini pozmaqla onu 1 gün ərzində işdən azad etmişdir. Əfsuslar olsun kiCavabdeh MMC-nin rəhbərliyi onun layiqli operator olmasını, təşkilat tərəfindən dəfələrlə təşəkkümamələrə layiq görülməsini, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə almayaraq şəxsi ambisiyaya görə saxta sənədləşdirmə aparmaqla onu işdən azad etmişdir. O, bu haqsızlığa dözməyərək məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X6 iddiaçı N. Nəhmətovanın izahatına uyğun izahat verərək bildirdi ki, İddiaçı iş yerinin dəyişdirilməsi ilə bağlı cavabdeh şirkətin laboratoriya müdiri Çingiz müəllimə yazılı qaydada müraciət etmiş, lakin bunun bir nəticəsi olmamışdır. Belə ki, İddiaçı iş yoldaşı X9 30 dekabr 2023-cü il tarixdə iddiaçıya sataşmış və onu təhqir etmiş, iddiaçı isə huşunu itirmişdir. iddiaçı işdən çıxması barədə ərizəni imzalamışdır, lakin bu zaman iddiaçı təzyiq altında olmuşdur. İddiaçı Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən işdən çıxarılmışdır. Qeyd edir ki, İddiaçı əmək haqqı 485 manat təşkil edirdi. İddiaçı xx.xx.2024-cü il tarixdə laboratoriya müdiri Çingiz müəllimin ona hədə-qorxu gəlməsi barədə təşkilat rəhbərliyinə bildirmiş, lakin heç bir araşdırma aparmadan qərar vermişdirlər. Bildirir ki, iddiaçının azyaşlı uşaqları vardır və banka olan kredit borcunu ödəməlidir. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X10 etirazında və izahatında bildirdi ki, İddiaçı 12 aprel 2022-ci il tarixdən Cavabdeh MMC-də laboratoriya kəsim operatoru vəzifəsində işləmiş, işlədiyi dövrdə intizam məsuliyyətinə cəlb edilməmiş, təltif olunmamış, barəsində hər hansı təşəkkürnamə verilməmişdir. İddiaçı ilə 12 aprel 2022-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, iddiaçı əmək müqaviləsinin məhz müddətli olması ilə razılaşaraq, ona imza atmışdır. 12 aprel 2023-cü il tarixdə əmək müqaviləsinin müddəti tərəflərin razılığı ilə yenidən bir il müddətinə uzadılmışdır. İddiaçının qanunsuz işdən çıxarılması barədə iddiası, iddia ərizəsində göstərilən hallar tamamilə əsassızdır və iddiaçı istinad etdiyi halların mövcudluğunu və doğruluğunu sübut etməlidir. Belə ki, iddiaçı N. Nəhmətova könüllü şəkildə 04 mart 2024-cü il tarixdə İnsan resursları şöbəsinə yazılı (əlyazma) ərizə ilə müraciət edərək ərizəsində göstərilən tarixdən işdən azad edilməsini xahiş etmişdir. İddiaçı işdən çıxmasının səbəbi olaraq laboratoriya istehsalı şöbəsində kəsim operatoru vəzifəsində işləyən Xalidə Əliyeva tərəfindən təhqir və təzyiqlərə məruz qaldığını, ona qarşı haqsızlıq edildiyini, sağlamlığını itirdiyini və tabeliyində işlədiyi laboratoriya istehsalı üzrə qrup rəhbəri Çingiz Balazadəyə şikayət etsə də ona məhəl qoyulmadığını bildirmişdir. Cəmiyyətin İnsan resursları üzrə meneceri iddiaçının təqdim etdiyi ərizəni alsa da hazırda emosional davrandığını, ani qəzəblə sonradan peşman ola biləcəyi qərarlar verməməli olduğunu, şikayət etdiyi məsələnin araşdırılacağını bildirərək iddiaçıya yenidən düşünmək üçün vaxt vermişdir. N. Nəhmətova 2 gün sonra, yəni 06 mart 2024-cü il tarixdə cəmiyyətin İnsan resursları üzrə menecerinə yenidən müraciət edərək Xalidə Əliyeva barəsində bir tədbir görülmədiyini, onun hələ də işinin başında olduğunu bildirərək işdən çıxmaqda qəti qərar verdiyini bildirmişdir. Belə olan halda işəgötürən iddiaçıya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinin tələblərini xatırlatmış, N. Nəhmətovanın işdən çıxmaq barədə yazılı ərizəsində göstərdiyi tarixdən bir təqvim ayı sonra əmək müqaviləsinin ləğv edilə biləcəyini, həmin bir ay müddətində işinə davam etməli olduğunu, cavabdehin də bu müddət ərzində onun yerinə işçi axtarıb tapmalı olduğunu aydın şəkildə izah etmişdir. N. Nəhmətova işə gəlmək istəmədiyini, Xalidə Əliyevanı işdə gördükcə əsəblərinin pozulduğunu, xəbərdarlıq müddətini gözləmədən ərizəsində yazılan gündə işdən azad olmaq istədiyini, haqsızlıq olan yerdə bir saat belə qalmaq istəmədiyini, əks halda səhhətinin pisləşəcəyini və başına gələcək hadisələrə görə müəssisənin cavabdeh olacağını bildirmişdir. Beləliklə, iddiaçının əmək funksiyalarının müvəqqəti əvəzetmə qaydasında digər operatorlar tərəfindən çevik yerinə yetirilə bilmə imkanları və yuxarıda qeyd olunan səbəblərdən iddiaçının xahişi nəzərə alınaraq, işəgötürənin razılığı ilə N. Nəhmətovanın əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin «a» yarımbəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) öz xahişi ilə ərizəsində göstərilən gün, yəni xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Qeyd olunmalıdır ki, iddiaçının əmək müqaviləsinin ləğvi və işdən çıxış sənədləşməsinin müvafiq qanunvericiliyə və cəmiyyətin daxili prosedur və normativ qaydalarına uyğun aparılması məqsədilə, iddiaçının təqdim etdiyi əlyazma ərizədən əlavə, cəmiyyətin İnsan resursları üzrə meneceri tərəfindən kargüzarlıq qaydalarına uyğun, standart şablon ərizə forması redaktə edilərək iddiaçıya təsdiq etməsi üçün verilmiş, iddiaçı N. Nəhmətova ərizə ilə tanış olub onu könüllü şəkildə imzalamışdır. Şübhələrə əsas verməmək üçün bildirirlər ki, kompüter vasitəsilə əlavə ərizənin çap olunmasına zərurət N. Nəhmətovanın əlyazma ərizəsində fikrin dağınıq ifadə olunması, işdən çıxma iradəsi ilə yanaşı şikayət motivlərinin olması, ərizədə qeyd olunmuş hər iki tarixdə 04 mart 2024-cü ilin “xx.xx.2024” əvəzinə ay və günün yerlərinin dəyişik yazılaraq “xx.xx.2024” qeyd olunması səbəbindən yaranmışdır. İşdən azad olunma barədə işəgötürənə müraciətin aprel ayında deyil, məhz mart ayında olması faktı iddiaçının mediasiya təşkilatına və digər aidiyyəti qurumlara müraciət vaxtlarını əks etdirən məktub və sənədlərlə təsdiq olunur. Əlavə olaraq bildirirlər ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin 06 mart 2024-cü il tarixli, İR-125/24 saylı əmri ilə tanış edilmiş və əmrin surəti ona təqdim olunmuşdur. İddiaçı qeyd olunmuş əmrin surətini aldığını öz imzası ilə təsdiq etmişdir. Eyni gündə iddiaçının əmək kitabçası ona təhvil verilmiş və Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq son haqq-hesab ödənilmişdir. N. Nəhmətova işdən ayrıldıqdan sonra fikrini dəyişərək yenidən işə götürülməsi barədə işəgötürənə hər hansı yazılı və ya şifahi qaydada müraciət etməmişdir. N. Nəhmətovanın işə bərpa olunmaq istəyi və qanunsuz işdən çıxarılması barədə iddiaları cavabdehə ilk dəfə 19 mart 2024-cü il tarixdə cəmiyyətə daxil olan mediasiya təklifi vasitəsilə məlum olmuşdur. Qeyd edir ki, cavabdeh iddiaçının məzuniyyət hüquqlarını və işdən icazə tələblərini həmişə təmin etmiş, hətta iddiaçıya işdən çıxma barədə ilkin müraciətindən sonra işdən bir qədər uzaqlaşıb istirahət etmək, səhhətinin qeydinə qalmaq məqsədilə 04.03 – xx.xx.2024-cü il tarixlərinə 2 günlük icazə verilmişdir. Məlumat üçün bildirirlər ki, Cavabdeh MMC, ölkənin sosial-iqtisadi həyatında xüsusi əhəmiyyətə malik kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən iri investisiya və idarəetmə şirkətlərindən olan “X24” Məhdud Məsuliyyətli Cəmiyyətinin törəmə təsərrüfat müəssisələrindən biridir. Cəmiyyətin əsas fəaliyyət istiqamətini laborator şəraitdə sağlam bitki yetişdirilməsi, ting və calaqaltı istehsalı təşkil edir. Cəmiyyət bu günə qədər adı hər hansı əmək qanunvericiliyi pozuntusunda hallanmayan, aidiyyəti sənaye və bazar seqmentində, habelə yerləşdiyi Türkan qəsəbəsində normal işgüzar nüfuza malik, əhalini stabil işlə təmin edən şirkətlərdən biridir. Qeyd edilməlidir ki, iddiaçı N. Nəhmətovanın həyat yoldaşı X7 da cəmiyyətin təsisçisi “X24” MMC-nin bir digər törəmə təsərrüfat cəmiyyəti olan "xxxx" MMC-də 2022-ci ildən əmək fəaliyyətini həyata keçirir və aktiv əmək müqaviləsi mövcuddur. Göründüyü kimi, bir ailədən iki nəfəri işlə təmin edən şirkətlər qrupunun mövqeyini əks etdirən cavabdehin iddiaçıya qarşı hər hansı qərəzli münasibəti olmamış, ayrı-seçkiliyə yol verməmiş və iddiaçını işdən çıxarmaq niyyəti olmamışdır. Cavabdehin öz təşəbbüsü ilə N. Nəhmətovanı işdən çıxarmaq niyyəti olsa idi, bunu iddia olunduğu kimi əmək qanunvericiliyini pozmaqla xx.xx.2024-cü il tarixdə deyil, bir ay səbr edərək 12 aprel 2024-cü il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin bitməsi ilə bağlı xitam verməklə edə bilərdi. İddiaçının iddia ərizəsində irəli sürdüyü və həqiqəti əks etdirməyən mülahizələri işin halları ilə uyğunsuzluq təşkil edir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehin onun savadsızlığından istifadə edərək sənədlərə imza etdirməklə qanunsuz işdən çıxarıldığını iddia edir. N. Nəhmətova cəmiyyətin İnsan resursları şöbəsinə təqdim etdiyi yazılı ərizəsi əsasında öz təşəbbüsü ilə işdən azad olunmuşdur və bunu təsdiq edən sənədlər iş materiallarına əlavə olunmuşdur. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçının oxuma və yazma bacarıqları mövcuddur, özünü savadsız qələmə verməsi işəgötürən qarşısında köməksiz və aciz olduğu görüntüsü yaratmaqla özünə haqq qazandırmaq məqsədi daşıyır. İddiaçının işdən ayrıldıqdan sonra qərarını dəyişib geri qayıtmaq üçün işəgötürənə müraciət etmək əvəzinə, iddia müddətini ötürmədən mediasiya təşkilatına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə və Ombudsmana müraciət etməsi onun savadsız olduğuna dəlalət etmir. Bu bir daha təsdiq edir ki, iddiaçı öz hüquqları barədə kifayət qədər məlumatlıdır, işdən azad olunması üçün yanında aparılan sənədləşmə işlərindən xəbərdar olmuş, ona təqdim olunmuş (yuxarıda izahı verilmiş) əlavə ərizə formasını şüurlu şəkildə oxuyub dərk edərək könüllü imzalamış, müvafiq əmrlə tanış olub surətini götürmüşdür. İddiaçı iddia ərizəsində laboratoriya istehsalı şöbəsində bir yerdə işlədiyi kəsim operatoru vəzifəsində işləyən Xalidə Əliyevanın işə sərxoş halda gələrək heç bir səbəb olmadan onu təhqir etdiyini bildirmişdir. Bununla bağlı qeyd edirlər ki, iddiaçının əmək funksiyalarını yerinə yetirdiyi iş yeri laboratoriya binasıdır, hansı ki, yüksək səviyyəli steril mühitin və sanitar-gigiyenik normaların təmin olunması məqsədilə laboratoriya istehsalı otaqlarına girişçıxışlarda işçilər daha həssas fiziki yoxlamalardan keçməli olur. İddiaçının mütəmadi ünsiyyətdə olduğu əsas iş kollektivi qadın işçilərdən ibarətdir. Ərizədə adı çəkilən Xalidə Əliyeva intizamlı, məsuliyyətli, xoşünsiyyət işçi kimi xarakterizə olunur, barəsində intizam tənbehi tətbiq edilməmiş, sərxoşluq vəziyyəti aşkarlanmamışdır. İddiaçının iş yoldaşı Xalidə Əliyevanın işə sərxoş halda gəlməsi iddiaları tamamilə əsassızdır və sübuta yetirilməsi tələb olunur. Bundan əlavə qeyd edilməlidir ki, N. Nəhmətova son 6 ay ərzində eyni iş otağında birlikdə işlədiyi digər işçilərlə mülayim münasibətdə olmamış, dəfələrlə söz-söhbət, işçilər arasında ədavət və intriqa yaratmaqla qeyri-sağlam iş mühitinin formalaşmasına şərait yaratmış, əmək intizamının normal ahəngini pozmuş, əmək kollektivinin narazılığına səbəb olmuşdur. Xüsusilə iddia ərizəsində adı çəkilən Xalidə Əliyeva ilə şəxsi münasibətlər zəminində yola getməmiş, aralarında qarşılıqlı söz-söhbət, ədavət olmuşdur. Hətta mövcud vəziyyətin aradan qaldırılması, söz-söhbətin səngiməsi məqsədilə, istehsal rəhbəri tərəfindən iddiaçı cari ilin yanvar ayından etibarən öz razılığı ilə kəsim məntəqəsindən yuma məntəqəsinə keçirilmiş, sağlam iş mühiti qismən bərpa edilmişdir. Qeyd edilənlərin təsdiqi olaraq, iddiaçının bir yerdə işlədiyi əməkdaşların buna dair yazılı izahatları ərizənin qoşmasında təqdim olunur. Bütün bunlara baxmayaraq, cəmiyyətin N. Nəhmətovanı işdən çıxarmaq niyyəti olmamış, iş kollektivi arasında mümkün narazılıq və nizamsızlığın alternativ yollarla aradan qaldırılmasına üstünlük verilmişdir. İddiaçının işdən ayrılmaq barədə xx.xx.2024-cü il tarixli ilk ərizəsi alındıqdan sonra ərizədə qeyd olunmuş iş yerində təzyiq və haqsızlıq iddialarının araşdırılması məqsədilə, cəmiyyətin İnsan resursları şöbəsi tərəfindən işçi qaydasında operativ araşdırılma aparılmış, laboratoriya istehsalı şöbəsinin əməkdaşları və qrup rəhbəri Çingiz Balazadə dinlənilmiş, N. Nəhmətova ilə sıx ünsiyyətdə olan işçilərdən yazılı izahatlar alınmışdır. Aparılan araşdırma şifahi dinləmələr və yazılı izahatlara əsaslanaraq iddia olunan təzyiq faktının öz təsdiqini tapmadığı nəticəsinə gəlmişdir. İşin hallarından görünür ki, iddiaçı əmək funksiyalarını yerinə yetirərkən işəgötürənə məlum olmayan səbəblərdən iş yoldaşı ilə arasında yaranmış şəxsi ədavəti və emosiyalarını cilovlaya bilməmiş, həmin münasibətlər zəminində baş verənlərdən işəgötürəni təqsirli bilmiş, ədavət apardığı şəxsə qarşı subyektiv fikrinin iş kollektivi və işəgötürən tərəfindən dəstəklənmədiyini gördükdə isə haqsızlığa məruz qaldığını sanaraq işdən ayrılmaq qərarına gəlmişdir. Hesab edirlər ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək əvəzinə işin halları barədə yanlış mülahizələr yürütmüşdür ki, bu da məhkəmə tərəfindən qəbul edilməməli və nəzərə alınmamalıdır. İddiaçının xx.xx.2024-cü il tarixli, İR-125/24 saylı işdən azad olunması barədə əmrin ləğv edilməsini, əvvəl tutduğu vəzifəyə bərpa edilməsini, habelə buraxılmış iş vaxtına görə əmək haqqının ödənilməsini məhkəmədən tələb etməsi heç bir hüquqi əsaslara söykənmir və təmin edilməməlidir. Bildirirlər ki, iddiaçının cəmiyyətə qarşı haqsız iddiası, onun barəsində işgüzar nüfuzunu ləkələyəcək və həqiqətə uyğun olmayan məlumatlar səsləndirməsi, əmək münasibətlərində işin normal ahənginə uyğun olmayan tərzdə qeyri-adekvat davranışları və qərarını tez-tez dəyişməsi cavabdehin iddiaçı N. Nəhmətovaya qarşı işgüzar etimadını sarsıtmışdır və qeyd olunan səbəblərdən iddiaçının könüllü şəkildə işə bərpa olunmasına işəgötürən tərəfindən razılıq verilmir. Məlumat üçün bildirirlər ki, N. Nəhmətovanın əmək hüquqlarının pozulması barədə mülahizələrinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə ünvanladığı müraciətlə bağlı X14 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-5/2-18856/2024 nömrəli məktubuna cəmiyyətdə baxılmışdır və lazımi məlumatlar qeyd edilməklə, eləcə də zəruri sənədlər əlavə edilməklə xx.xx.2024-cü il tarixli GAİ 31/24 nömrəli məktubla cavab verilmişdir. Odur ki, o, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəməyə şahid qismində cəlb edilmiş X11 məhkəmədə ifadəsində bildirdi ki, onunla İddiaçı 1 ildən artıq müddət ərzində ayrı otaqlarda işləmişdirlər. Onlar yeməkxanada namaz qılarkən görüşürdülər. Bildiyi qədəri ilə iddiaçı ilə iş yoldaşı X9 arasında söz-söhbət yaranmış, bu səbəbdən iddiaçını onun yanına köçürmüşdürlər. İddiaçı işdən çıxmazdan əvvəl bu barədə laboratoriya müdiri Çingiz müəllim ilə danışmışdır. Məhkəməyə şahid qismində cəlb edilmiş X9 məhkəmədə ifadəsində bildirdi ki, o, Cavabdeh MMC-də kəsim operatoru işləyir və İddiaçı təxminən 3 ildir ki, tanıyır. Onlar vaxtilə eyni otaqda işləmiş və eyni vaxtda işə gəlib-getmişdirlər. İddiaçının dediklərinin əksinə, onlar arasında mübahisə olmamışdır. Belə ki, onların otaq rəhbəri iddiaçıya məhsula spirti çox vurması ilə bağlı göstəriş vermiş, iddiaçı isə bunu eşidən kimi əsəbləşmişdir. O, iddiaçıya rəhbərin dediyinə əməl etməli olduqlarını, bunun onları maraqlandırmadığını bildirmiş, lakin iddiaçı cavabında onu təhqir etmişdir. O da iddiaçıya lazımi cavabı verdikdən sonra onlar arasında olan məsələ qapanmış, daha sonra iddiaçı öz istəyi ilə iş yerini şirkətin yuma məntəqəsinə dəyişdirmişdir. Məhkəməyə şahid qismində cəlb edilmiş X8 məhkəmədə ifadəsində bildirdi ki, o, 2019-cu ildən Cavabdeh MMC-də işləyir. İddiaçı ondan sonra şirkətdə işləməyə başlamışdır. Onlar bir kabində iki nəfərdən ibarət tərkibdə işləmişdirlər. İddiaçı ilə iş yoldaşları X9 mübahisə edirdilər. Bu səbəbdən Çingiz müəllim iddiaçını işləməsi üçün şirkətin yuma məntəqəsinə göndərmişdir. Ancaq Çingiz müəllim iddiaçıya işdən ərizə yazıb çıxması barədə heç bir təsir göstərməmişdir. Məhkəməyə şahid qismində cəlb edilmiş X13 məhkəmədə ifadəsində bildirdi ki, o, 2019-cu il tarixdən Cavabdeh MMC-də işləyir. Onunla İddiaçı arasında yaxşı münasibətlər olmuşdur. O, iddiaçının zorla ərizə yazaraq işdən çıxması ilə bağlı eşitməmişdir. İddiaçı ona bir dəfə işləmək istəmədiyini bildirmiş, o isə iddiaçıya X3 yanında işləməsini bağlı tövsiyyə vermişdir. Məhkəməyə şahid qismində cəlb edilmiş X12 məhkəmədə ifadəsində bildirdi ki, o, 06 dekabr 2021-ci il tarixdən Cavabdeh MMC-də işləyir. Onun İddiaçı ilə arasında mübahisə olmamışdır. İş yoldaşları ona iddiaçının öz istəyi ilə işdən çıxmaq istədiyini bildirmişdirlər. İddiaçının təzyiq altında işdən azad olunması barədə ərizə yazmasından onun məlumatı yoxdur. İş materiallarında olan 12 aprel 2022-ci il tarixli, 137 saylı əmək müqaviləsindən görünür ki, işçi İddiaçı ilə işəgötürən Cavabdeh MMC arasında 12 aprel 2022-ci il tarixdən 12 aprel 2023-cü il tarixədək müddətli əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan İddiaçı xx.xx.2024-cü il tarixli işdən çıxma barədə ərizəsindən görünür ki, o, Cavabdeh MMC-nin Baş əməliyyat inzibatçısı X4 ərizə ilə müraciət edərək 06 mart 2024-cü il tarixindən Cavabdeh MMC-də laboratoriya kəsim operatoru vəzifəsindən öz xahişinə əsasən azad edilməsini və onunla bağlanmış 12 aprel 2022-ci il tarixli, 137 saylı əmək müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2024-cü il tarixli, İR-125/24 saylı əmrin surətindən görünür ki, “Laboratoriya istehsalatı” bölməsində “Laboratoriya kəsim operatoru” vəzifəsində işləyən İddiaçı Hüseynəli qızı ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 68.2. “a” – tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilməsi, işçinin xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi və işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı 06 mart 2024-cü il tarixdə işdən azad edilməsi barədə ərizə yazmış, Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, İR-125/24 saylı əmri ilə ərizəni yazdığı tarixdə, yəni xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsaslanmaqla işdən çıxarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsaslanaraq hesab edir ki, Cavabdeh MMC Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsaslanmaqla iddiaçı barəsində işdən azad edilmə əmri imzalmaqla əmək müqaviləsinin ləğv edilməsi əsaslarını pozmuşdur. Belə ki,işçi tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qaydası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsi ilə tənzimləndiyi halda, cavabdeh təşkilat Cavabdeh MMC Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsaslanmaqla iddiaçı barəsində işdən azad edilmə əmri imzalmaqla əmək müqaviləsinin ləğv edilməsi əsaslarını pozmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Lakin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndində göstərilən hallardan hər hansı birinin,həmçinin qanunvericilikdə nəzərdə tutulmuş digər əsaların olmadığı halda İddiaçı 06 mart 2024-cü il tarixdə işdən azad edilməsi barədə ərizə verdiyi gün əmr imzlamaqla Cavabdeh MMC Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinin tələbinin də pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Hazırki işdən müəyyən olunur ki, iddiaçı işəgötürənə öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi barədə 06 mart 2024-cü il tarixdə ərizə yazsa da işçinin Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsində təsbit olunmuş ərizəsini geri götürmək,yaxud verdiyi ərizənin etibarsız sayılması barədə müraciət etmək hüququ pozulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-nin “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2024-cü il tarixli, İR-125/24 saylı əmri ləğv edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Cavabdeh MMC-də işə bərpa edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 294-cü maddəsində qeyd olunur ki, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Əmək müqaviləsində fərdi əmək mübahisələrinin bu Məcəllə ilə müəyyən edilmiş həlli qaydalarından fərqli olan, tərəflərin hüquq bərabərliyi prinsipini və bu Məcəllə ilə nəzərdə tutulmuş əmək, sosial və iqtisadi hüquqlarını pozmayan qaydalar nəzərdə tutula bilər.Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl "Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-nin “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2024-cü il tarixli, İR- 125/24 saylı əmri ləğv edilsin. İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Cavabdeh MMC-də işə bərpa edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar