Məhkəmə qərarları › İş №2(012)-3115/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3115/2025

11.07.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3115/2025 11.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 313-K nömrəli, xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, onun Cavabdeh MMC-nin Nəqliyyat şöbəsinin sürücüsü (yük avtomobili) vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma dövrü üçün ona əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, təxminən 2022-ci ilin yayından xx.xx.2024-cü il tarixinə kimi Cavabdeh MMC-nin Nəqliyyat şöbəsində sürücü vəzifəsində işləmiş və **-AC-*** dövlət qeydiyyat nömrəli, “Hyundai H72” markalı yük avtomobilini idarə etmişdir. İşlədiyi müddət ərzində hər hansı intizam pozuntusuna yol verməmiş, vəzifəsi üzrə üzərinə düşən öhdəliklərini tam icra etmişdir. Təxminən 2024-cü ilin sentyabr ayının əvvəllərində qarajda məsul vəzifə tutan Rüstəm Məmmədov onu yanına çağıraraq onun idarə etdiyi maşının satışa çıxarıldığını və həmin maşın satıldıqdan sonra yeni maşının alınaraq onun istifadəsinə veriləcəyini demişdir. Bundan sonra təxminən 20 gün işə gedib gəlməsinə baxmayaraq, maşının hələ də qarajda olduğunu görmüşdür. Daha sonra Rüstəm Məmmədov ona “başına çarə qıl, get özünə başqa iş tap” demişdir. O da Rüstəm Məmmədovdan 3 aylıq əmək haqqı məbləğində kompensasiya verilməsini tələb etmiş, Rüstəm Məmmədov isə qanunda belə normanın nəzərdə tutulmadığını, lakin rəhbərliklə maraqlanıb ona bildirəcəyini demişdir. 2 gün sonra Rüstəm Məmmədov ona daha işə gəlməməsini bildirmiş, o da daha ofisə getməmişdir. 1 həftə sonra ofisə getdikdə ona işdən çıxarıldığı bildirilmiş, kimin onu işdən çıxartdığını soruşduqda katibə işləyən Aysel xanım işdən çıxarılma səbəbini bilmədiyini, Rüstəm Məmmədovun sözü ilə onun işdən çıxarıldığını bildirmişdir. O, Rüstəm Məmmədov ilə danışmaq üçün qaraja getdikdə Rüstəm Məmmədov onu təhqir edərək oradan getməsini bildirmiş, o, şikayət edəcəyini bildirdikdə isə Rüstəm Məmmədov “kimə istəyirsən, get şikayət et” demişdir. Ofisə qayıtdıqda əmək kitabçasını və işdən çıxarılması bardə əmri ona vermişdirlər. Əmri oxuduqda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarıldığını bilmişdir. O, həmin vaxt bu maddənin mahiyyətini başa düşməmişdir. 1 gün sonra Rüstəm Məmmədov ilə danışdıqda ona 3 övladının olduğunu və banka kredit ödədiyini bildirərək işdən çıxarılma əsasının dəyişdirilməsini xahiş etmişdir. X11 bu maddənin gələcəkdə işə düzəlməsində hər hansı problem yaratmayacağını ona demişdir. Daha sonra tanışlardan maraqlandıqda bu maddə ilə işdən çıxarılmasının gələcəkdə işə düzələcəyi zaman onun üçün problem yaradacağını bildirmişdir. Onlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinə, Əmək Məcəlləsinin 294-cü maddəsinə və “Mediasiya haqqında” Qanunun 28-ci maddəsinə uyğun olaraq mediasiya prosesindən keçmiş, lakin qarşı tərəf işə bərpa, əmrin ləğvi tələbinə dair mübahisə üzrə 07 noyabr 2024-cü il tarixdə keçirilən X1 iştirak etmədiyi üçün iclas baş tutmamışdır. Qeyd olunanlardan dolayı o, Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan əvvəl də mülki iş Abşeron Rayon Məhkəməsinin icraatında olmuşdur. Məhkəmə baxış iclası zamanı cavabdehin nümayəndəsi onun işə bərpa olunacağını bildirmişdir və bununla bağlı məhkəmə iclasının videoaudio yazısına dair qeydlərdə də məlumat vardır. O da cavabdehin nümayəndəsinə inanaraq məhkəmə iclasında mülki işin baxılmamış saxlanılaraq iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair ərizə yazmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-833/2025 saylı qərardadı ilə mülki iş baxılmamış saxlanılmışdır. Cavabdehin nümayəndəsi ona Novruz bayramından sonra işə çağırılacağını bildirmiş, lakin bayramdan sonra onunla əlaqə saxlanılmadığından o, özü şirkətə getmiş, ancaq Əlövsət adlı şirkətin əməkdaşı onun işə bərpa edilməyəcəyini bildirmişdir. Həmin şəxsin “Whatsapp” proqramı ilə ona göndərdiyi səs yazıları da mövcuddur. Beləliklə, qarşı tərəf onu aldatmış, özlərinin haqsız olduğunu bildiklərindən onun işə bərpa olunacağına dair yalan vəd verərək mülki işə baxılmamasına dair ərizə yazmasına nail olmuşdurlar. Bu səbəbdən o, yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin cavabdeh şirkətin nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək, iş yükünün çoxluğu səbəbindən məhkəmə iclasının onların nümayəndələrinin iştirakı olmadan keçirilməsinə etiraz etmədiklərini bildirmişdir. İş materiallarında olan işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış 08 dekabr 2022-ci il tarixli, xxxxxxx000300 nömrəli əmək müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-nin Direktor, Nəqliyyat şöbəsinə sürücü vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş 08 dekabr 2022-ci il tarixli, 201-K nömrəli əmrin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 08 dekabr 2022-ci il tarixindən etibarən 2 ay sınaq müddəti müəyyən edilməklə Cavabdeh MMC-nin Direktor, Nəqliyyat şöbəsinə sürücü vəzifəsinə işə qəbul edilməsi və aylıq əmək haqqısının onunla bağlanmış 08 dekabr 2022-ci il tarixli əmək müqaviləsinə uyğun olaraq ödənilməsi əmr edilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş 01 avqust 2024-cü il tarixli, 252- K nömrəli əmrin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh MMC-nin Nəqliyyat şöbəsinin sürücüsü (yük avtomobili) İddiaçı və Anbar bölməsinin anbardarı X3 xx.xx.2024-cü il tarixində öz aralarında mübahisə etdiklərinə və müəssisədaxili intizam qaydalarını pozduqlarına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2-ci maddəsinin “a” bəndinə əsasən töhmət elan edilməsi əmr edilmişdir. İş materiallarında olan “İşçinin iş yerində olmaması haqqında” 14 sentyabr 2024-cü il tarixli, 01 nömrəli; 16 sentyabr 2024-cü il tarixli, 02 nömrəli; 17 sentyabr 2024-cü il tarixli, 03 nömrəli və 18 sentyabr 2024-cü il tarixli, 04 nömrəli aktların müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh MMC-nin Nəqliyyat şöbəsinin sürücüsü (yük avtomobili) İddiaçı 14 sentyabr 2024-cü il tarixdən 18 sentyabr 2024-cü il tarixədək heç bir üzrlü səbəb olmadan heç bir məlumat vermədən əmək funksiyalarının icrası üçün iş yerinə gəlməmiş, işçi ilə mobil telefon vasitəsilə əlaqə yaradılmış, amma işçi telefon zənglərinə cavab verməmiş və bu faktı Cavabdeh MMC-nin Nəqliyyat şöbəsinin rəis müavini X4, Logistika şöbəsinin Logistika mütəxəssisi X8, İnsan Resursları, Ümumi və Hüquqi təminat şöbəsinin hüquqşünası X5, İnsan Resursları bölməsinin aparıcı mütəxəssisi X6 öz imzaları ilə təsdiq etmişdirlər. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş 18 sentyabr 2024-cü il tarixli, 313-K nömrəli əmrin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh MMC-nin Nəqliyyat şöbəsinin sürücüsü (yük avtomobili) İddiaçı ilə bağlanmış 08 dekabr 2022-ci il tarixli, xxxxxxx000300 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilməsi əmr edilmişdir. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış 08 dekabr 2022-ci il tarixli, xxxxxxx000300 nömrəli əmək müqaviləsinə 18 sentyabr 2024-cü il tarixli, 313-K nömrəli əmr əsasında xitam verilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “İşçinin iş yerində olmaması haqqında” 14 sentyabr 2024-cü il tarixli, 01 nömrəli; 16 sentyabr 2024-cü il tarixli, 02 nömrəli; 17 sentyabr 2024-cü il tarixli, 03 nömrəli və 18 sentyabr 2024-cü il tarixli, 04 nömrəli aktların müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 14 sentyabr 2024-cü il tarixdən 18 sentyabr 2024-cü il tarixədək heç bir üzrlü səbəb olmadan heç bir məlumat vermədən əmək funksiyalarının icrası üçün iş yerinə gəlmədiyi müəyyən edilmiş, bu faktı Cavabdeh MMC-nin Nəqliyyat şöbəsinin rəis müavini X4, Logistika şöbəsinin Logistika mütəxəssisi X8, İnsan Resursları, Ümumi və Hüquqi təminat şöbəsinin hüquqşünası X5, İnsan Resursları bölməsinin aparıcı mütəxəssisi X6 öz imzaları ilə təsdiq etmiş və Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən həmin fakta əsaslanaraq İddiaçı ilə bağlanmış 08 dekabr 2022-ci il tarixli, xxxxxxx000300 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə 18 sentyabr 2024-cü il tarixli, 313-K nömrəli əmr imzalanmışdır. İddiaçı işdən çıxarılma ilə bağlı əmrin qanunsuz verilməsini iddia etsə də lakin məhkəmədə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmiş, əksinə olaraq cavabdeh tərəfin təqdim etdiyi sübutlarla iddiaçının işdən çıxarılması barədə əmrin qanuna müvafiq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-nin 313-K nömrəli, xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, onun Cavabdeh MMC-nin Nəqliyyat şöbəsinin sürücüsü (yük avtomobili) vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma dövrü üçün ona əmək haqqının ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar