Məhkəmə qərarları › İş №2(012)-3121/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3121/2021

22.04.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3121/2021 22.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı Cavabdeh qarşı mənzil tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı mənzil tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ona - gələcəyin həkiminə yardım edərək evinin ona verilməsini, onun evi banka qoyaraq təhsili üçün lazım olan pulu almağını, təhsilini davam etdirməyini və nəticədə həkim olaraq xəstələrə əlindən gələn yardım göstərəcəyini” qeyd etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, İddiaçı Cavabdeh qarşı mənzil tələbi barədə iddia ərizəsinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1, 152.1.1 və 152.1.5-ci maddələrinə əsasən Abşeron Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli 2(012)-2625/2021 saylı qərardadı ilə icraata qəbul edilməsindən imtina edilmiş və həmin iddia ərizəsi əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Eyni zamanda, qərardadda iddiaçıya iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ və yaxud, narazı olduğu halda həmin qərardaddan şikayət vermək hüququ izah olunmuşdur. Lakin İddiaçı Cavabdeh qarşı mənzil tələbi barədə iddia ərizəsi ilə təkrarən (Abşeron Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli 2(012)-2625/2021 saylı qərardadında qeyd edilmiş nöqsanları aradan qaldırılmadan) Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə qeyd etməyi lazım bilir ki, Abşeron Rayon Məhkəməsinin 31.03.2021-ci il tarixli 2(012)-2625/2021 saylı qərardadı ilə razı olmadığı halda iddiaçının həmin qərardaddan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq şikayət vermək hüququnun olmasına və yaxud, qərardadda qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrar müvafiq məhkəməyə müraciət etmək hüququnun olmasına baxmayaraq, həmin hüquqlarından istifadə etməmiş və iddia ərizəsi ilə təkrarən Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Bununla bağlı, bir daha qeyd edilir ki, iddia ərizəsindən göründüyü kimi, ərizə qeyrimüəyyən olmaqla, iddiaçı tələbini dəqiq və tam ifadə etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsi ilə tələb olunur ki, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində öz əksini tapmalıdır. Eləcə də, İddiaçı tərəfindən verilmiş iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi ilə bağlı müvafiq qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. Həmin Məcəllənin 108.3-cü maddəsinə əsasən, dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Həmin Məcəllənin 150.0.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin də, iddia ərizəsində Cavabdeh poçt ünvanı “Xırdalan şəhəri, 26. Məhəllə, ev 95” kimi qeyd edilərək, iddia ərizəsi Abşeron Rayon Məhkəməsinə ünvanlanmış olsa da, həmin ünvanın həqiqətən də cavabdehin rəsmi qeydə alındığı yer olması barədə iddia ərizəsinə heç bir sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh qarşı mənzil tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar