Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3124/2023 13.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sumqayıt Rayon Şöbəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 1980-cı ilin may ayından 1988-ci ilin 01 fevral ayına qədər Qərbi Azərbaycanın Karvansaray (İcevan) rayonun Salah kənd kolxozunda tütünçü kimi zərərli sahədə fəhlə vəzifəsində işləməyi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, o, xx.xx.1964-cü il tarixdə Qərbi Azərbaycanın Karvansaray rayonu (İcevan) anadan olmuşdur. O, Qərbi Azərbaycanın Karvansaray (İcevan) rayonun Salah kənd kolxozunda tütünçü kimi zərərli sahədə çalışmışdır. Onun ümumi iş stajı 25 ildən az (17 il 6 ay 7 gün (xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1989xx.xx.1992-ci il, xx.xx.1993-xx.xx.2005-ci il və xx.xx.2006-2021-ci illər üzrə cəmi 1 ay)) təşkil edir. O, Qərbi Azərbaycanın Karvansaray (İcevan) rayonun Salah kənd kolxozunda tütünçü kimi 1980-cı ilin may ayından 1988-ci ilin 01 fevral ayına qədər tütünçü kimi işləmişdir. Hazırda əmək pensiyası ilə əlaqədar DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həmin illər üzrə iş stajının müəyyən olunmasını təsdiq edən sənəd verməlidir. DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Azərbaycan Respublikası DSMF-nun Kollegiyasının xx.xx.2007-ci il tarixli 6 saylı qərarının 2.5 bəndinə əsasən stajın məhkəmə qaydasında müəyyən olunmasını bildirir. Həm də hüquqi əhəmiyyəti olan bu faktı inzibati qaydada müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası MPM-nin 305-307-ci maddələrinə uyğun olaraq bu məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Onu da qeyd edir ki, bu faktı təsdiq edən şahidlərini də vardır. Həmin faktın təsdiqi yalnız məhkəmə qətnaməsi əsasında ola bilər. Ona görə də bu faktın müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət edir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında və etirazında bildirdi ki, hesab edir ki, 2(012)-3124/2023 nömrəli iş üzrə ərizə əsassızdır və təmin edilməməlidir. Belə ki, xx.xx.1964-cü il təvəllüdlü Ərizəçi 1980-1988-ci illərdə Ermənistan Respublikasının Karvansaray (İcevan) rayonunun “Salah kənd” kolxozunda tütünçü işlədiyini və əməkhaqqı aldığını iddia edir. Ərizəçi 09 avqust 2022-ci il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin iddiaçının sosial sığorta stajı və ya fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən müraciətin müsbət həllinin mümkün olmayacağı yazılı şəkildə bildirilmişdir. Bundan sonra Ərizəçi 1980-1988-ci illərdə Karvansaray (İcevan) rayonunun “Salah kənd” kolxozunda işləməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Əvvəllər qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların (o cümlədən, qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Hazırda məhkəmələr tərəfindən yuxarıda qeyd olunan qaydalara əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sosial sığorta stajı ən azı iki şahidin ifadələrinə əsasən və onların iddia edilən dövrdə göstərilən müəssisədə işləmələrini təsdiq edən sənədlər əsas götürülməklə müəyyən edilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən də iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə isdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi iş stajının təsdiq olunması üçün: 1. Ən azı iki nəfər şahid olmalı: 2. Şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli); 3. Ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Bu müddəa Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” qərarında da öz əksini tapmışdır (12 aprel 2019-cu il, 03 saylı Qərar). Həmin Qərarın 13.4-cü bəndinə görə, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Müddəalardan göründüyü kimi, müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Beləliklə, iş stajının məhkəmə qərarı əsasında müəyyən edilməsi o halda qanuni hesab edilməlidir ki, yuxarıda qeyd olunan şərtlər gözlənilmiş olsun. Lakin is materiallarından məlum olur ki, ərizədə şahid qismində cəlb edilmiş səxlərdən sadəcə birinin (X2) əmək kitabçası mövcuddur. Qeyd olunanlara əsasən, o, Ərizəçi ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində çıxış edən X4 ifadəsində bildirdi ki, o, 1980-1988-ci illərdə Qərbi Azərbaycanın Karvansaray (İcevan) rayonun Salah kənd kolxozunda kolxoz sədri işləmiş, əvvəl isə həmin kolxozda mühasib işləmişdir. O, 1969-cu ildən əmək fəaliyyətinə başlamışdır. Ərizəçi həqiqətən 1980-cı ilin may ayından 1988-ci ilin 01 fevral ayına qədər Qərbi Azərbaycanın Karvansaray (İcevan) rayonun Salah kənd kolxozunda tütünçü kimi zərərli sahədə fəhlə vəzifəsində işləmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X5 ifadəsində bildirdi ki, Ərizəçi onun kəndçisidir. O, 1966-cı ildən Karvansaray (İcevan) rayonun Salah kənd kolxozunda tütündə işləmişdir. Kolxoz sədri əvvəl Tapdıq müəllim olmuş, 1980-ci ildən isə X4 olmuşdur. Yeganə həqiqətən 1980-1988-ci illərdə Qərbi Azərbaycanın Karvansaray (İcevan) rayonun Salah kənd kolxozunda tütün sahəsində fəhlə olaraq işləmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X3 ifadəsində bildirdi ki, o, Qərbi Azərbaycanın Karvansaray (İcevan) rayonun Salah kənd kolxozunda tütün sahəsində 1980-1988-ci illərdə Ərizəçi ilə birlikdə işləmişdir. Onların sədri əvvəllər Tapdıq müəllim olsa da, 1980-ci ildən sonra X1 işləmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri və şahidləri dinləyib və iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, məhkəməyə aid hüquq haqqında mübahisənin olması müəyyən edilmədiyindən işə mahiyyəti üzrə baxılmalı və ərizə təmin edilməlidir. Belə ki, ərizəçinin 1980-cı ilin may ayından 1988-ci ilin 01 fevral ayına qədər Qərbi Azərbaycanın Karvansaray (İcevan) rayonun Salah kənd kolxozunda tütünçü kimi zərərli sahədə fəhlə vəzifəsində işləməsi şahid ifadələri ilə, xüsusilə də 1980-1988-ci illərdə Qərbi Azərbaycanın Karvansaray (İcevan) rayonun Salah kənd tütün kolxozunun sədri vəzifəsində işləmiş X2 ifadəsi ilə tam təsdiq olunur. Bundan başqa qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir və ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Əks halda, ərizəçi sosial təminat hüququndan məhrum ola bilər ki, bu da onun konstitusion hüquqlarının həyata keçməsinə maneədir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ bəndinə görə hər kəsin sosial təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəm fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin olunsun. Ərizəçi 1980-cı ilin may ayından 1988-ci ilin 01 fevral ayına qədər Qərbi Azərbaycanın Karvansaray (İcevan) rayonun Salah kənd kolxozunda tütünçü kimi zərərli sahədə işləməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM:ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-3124/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3124/2023
13.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver