Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3134/2023 21.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kamranlı Günel Ramiz qızının katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndələri Nümayəndə3 və Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxdığı günlər üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı uzun müddətdir ki, Cavabdeh MMCdə yük avtomobili sürücüsü kimi əmək fəaliyyətinə başlamış və xx.xx.2023-cü il tarixədək həmin MMC-də işləmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İşlədiyi müddətdə iddiaçı hər zaman normal davranışı, işə qarşı məsuliyyətli olması ilə seçilmiş, tənbeh olunmamışdır. İddiaçı sürücü olsa da, ona dəfələrlə vəzifə təlimatından kənar işlər də həvalə olunmuş, öz növbəsində işi, insanlıq naminə tapşırılan işləri heç bir təmənna güdmədən, tamamilə ödənişsiz, əvəzsiz yerinə yetirmişdir. İşdən çıxdıqdan sonra iddiaçı rəhbərliyə dəfələrlə müraciət etmiş, işdən çıxarılması səbəbi barədə məlumat verilməsini xahiş etmiş, lakin hər müraciətdə onu müxtəlif bəhanələrlə yola vermişlər. Rəhbərliyə işlədiyi müddət ərzində istifadə etmədiyi əmək məzuniyyətləri, əmək haqları və ümumilikdə, son haqq-hesabını iddiaçı tələb etmiş, lakin Cavabdeh MMC müxtəlif bəhanələrlə həmin pulu hesablamamış və ödəməmişdir. 2023-cü ilin yanvar ayından işdən çıxmaqla bağlı iddiaçıya rəsmi məlumat verilmişdir. İddiaçı Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəsmi yazılı müraciətlər etmiş, lakin müsbət cavab almadığından məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, 2016-cı ilin mart ayından Cavabdeh MMC-də çalışmışdır. Daşkəsəndə malların təhvil verilməsini həyata keçirən zaman ona zəng gəlmiş və işdən çıxarılma əmrinin verilməsi bildirilmişdir. O, həm yük avtomobilini idarə etmiş və mağazalara malları paylayırdı. Valideynləri vəfat edəndən 40-45 gün sonra o, işə çıxmış, Gəncədə yerləşən “Araz” supermarketə mal təhvil vermiş, bir qutu yağ blokda olduğundan götürülməmiş və geri qaytarılmışdır. O, özünə məxsus olan sənəddə “geri” qeydiyyatını aparsa da, cavabdehə məxsus olan sənəddə həmin qeydiyyatı aparmamış, artıq mal kimi şirkətin anbarına təhvil vermişdir. Üzərindən 10 ay keçəndən sonra şirkətin əməkdaşları həmin davranışını ona irad bildirmiş, ondan izahat tələb olunmuş, izahat yazandan sonra bir həftə işləmiş və Daşkəsəndə işləyən zaman isə ona işdən çıxarılması barədə məlumat verilmişdir. Dekabr ayının 29-da onu işdən azad etmişlər. O, səbəbini soruşduqda isə izah verilməmişdir. xx.xx.2023-cü il tarixdə isə onun əmri verilmişdir. Əmr onun ünvanına göndərilmişdir. Ona ərizə yazıb işdən çıxmaq təklif edilmiş, lakin o, ərizə yazmaqdan imtina etmişdir. Müxtəlif səbəblərdən, yəni, üzünün natəmiz olması, işə 3-5 dəqiqə gecikməsi səbəblərindən ondan izahatlar tələb olunmuşdur. Onun əmri xx.xx.2023-cü il tarixdə verilmiş, xx.xx.2023-cü il tarixdə isə əmri o, təhvil almışdır. O, Mediasiya Şurasına müraciət etmiş, ünvanı səhv saldığından müddəti ötürmüş, bu səbəbdən də, məhkəməyə müraciət etmə müddəti də uzanmışdır. Əsas səbəbi isə onun cavab gözləməsi olmuşdur. Hesab edir ki, cavabdeh onu qanunsuz işdən azad etmişdir. Belə ki, onun maşınında on minlərlə mal olmuş və həmin malları təhvil vermişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə3 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək əlavə olaraq, izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh MMC-də sürücü vəzifəsində çalışmış və çalışdığı müddət ərzində 5 dəfə kobud əmək pozuntularına yol vermişdir. Dəfələrlə şirkətin daxili intizam qaydaları pozulmuş və bu barədə müvafiq sənədləşdirmə prosedurları aparılmışdır. İyul-avqust ayında iddiaçı barəsində töhmət verilməsinə dair əmr verilmişdir. İddiaçı intizamsız işçi olduğuna görə işdən azad edilmiş və işdən azad edilən zaman son haqq-hesablar ödənilmişdir. Həmçinin, qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçı hüquqlarının pozulması ilə bağlı məhkəməyə vaxtında müraciət edə bilərdi, bu səbəbdən də, iddiaçı müddət ötürülməklə məhkəməyə müraciət etmişdir. Lakin cavabdeh qurum iddiaçının hüquqlarının müdafiəsi üçün barışıq sazişi bağlamaqla iddiaçıya yardım etməyi istisna etmir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 digər Nümayəndə3 izahatını təsdiq etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən yük avtomobili sürücüsü vəzifəsinə aylıq əmək haqqı 202 manat olmaqla işə qəbul edilmişdir. -Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 009 saylı əmrindən görünür ki, X4 yük avtomobili sürücüsü olaraq çalışan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən xəbərdarlıq verilmişdir. -Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 010 saylı əmrindən görünür ki, X4 yük avtomobili sürücüsü olaraq çalışan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. -Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 011 saylı əmrindən görünür ki, X4 yük avtomobili sürücüsü olaraq çalışan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. -Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 012 saylı əmrindən görünür ki, X4 yük avtomobili sürücüsü olaraq çalışan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. -İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin müştərilərindən olan “X8” müştərisinə aid ********** nömrəli qaimədə müştəridə qalan nüsxədə “Mech.Xoz.72.5 10x1kg Domashneye Spred” bir qutu məhsula “geri” sözü yazmış, möhür vurmuş, fakturanı Mingəçevir depoya təhvil verən nüsxəsinə diqqətsizlik edərək “geri” sözü yazmadan anbara artıq mal kimi təhvil vermişdir. 47 manat dəyərində malı idarə etdiyi yük maşınında olmasına baxmayaraq müştəriyə təhvil verməmiş və anbara artıq mal qismində geri qaytarmış, məhsulun aid olduğu uçot sənədinin müştəridə olan hissəsinə geri yazaraq möhürü ilə təsdiq etmiş, lakin şirkətə təhvil verilən hissəsinə kəsr və ya artıq kimi qeydiyyat aparmamışdır. Səhvini başa düşərək qeyd olunan halın təkrar olunmayacağına təminat vermişdir. -Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 001 KX saylı əmrindən görünür ki, Cavabdeh MMC-nin X1 Departamenti X4 Yük avtomobili sürücüsü ştatında işləyən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, xx.xx.2023-cü il tarixdən xitam verilmiş, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan iş dövrü üçün istifadə etmədiyi 3 təqvim günü əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi qərara alınmış, əmrin verilməsi üçün əsas xx.xx.2022-ci il tarixli akt və təqdimat olmuşdur. -xx.xx.2023-cü il tarixli əmək haqqı üzrə çıxarışdan görünür ki, İddiaçı hesabına 155.83 manat son haqq-hesab ödənilmişdir. -Daxili Nəzarət və İnventarizasiya şöbə müdiri R.Məmmədov, X7 müdiri (Nəqliyyat) R.Musayev və X5 K.Mirzəliyev tərəfindən imza edilməklə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh MMC-də yük avtomobili sürücüsü vəzifəsində çalışan İddiaçı vəzifə səlahiyyətlərini icra edən zaman prosedur pozuntusu etmişdir. Belə ki, İddiaçı xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin müştərilərinə mal tədarükü edən zaman “X8” müştərisinə 1 qutu “Mech.Xoz.72.5 10x1kg Domashneye Spred” 47 manat dəyərində mal idarə etdiyi yük maşınında olmasına baxmayaraq müştəriyə təhvil verməmiş və anbara artıq mal qismində geri qaytarmış, məhsulun aid olduğu uçot sənədinin müştəridə olan hissəsinə “geri” yazaraq möhürü ilə təsdiq etmiş, lakin şirkətə təhvil verilən hissəsinə “kəsr” və ya “artıq” kimi qeydiyyat aparmamışdır. -Cavabdeh MMC-nin İnsan Resursları və X2 (İdarə Heyətinin üzvü) Pərviz Qasımova həmin Cəmiyyətin Daxili Nəzarət və İnventarizasiya Şöbəsinin müdiri X3 tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli təqdimatdan görünür ki, öz vəzifə öhdəliyini pozmuş İddiaçı haqqında ciddi tədbirlərin təminata uyğun göstərişlərin verilməsi xahiş olunmuşdur. -Cavabdeh MMC-nin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, HR-5384 saylı məktubdan görünür ki, İddiaçı əmək kitabçasını təhvil almaq üçün Cəmiyyətin İnsan Resursları Şöbəsinə yaxınlaşması təklif olunmaqla, gəlib götürə bilməyəcəyi təqdirdə əmək kitabçasının hansı ünvana göndərilməsi barədə yazılı ərizə ilə müraciət etmək təklif olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh MMC ilə bağladığı xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən, yük avtomobili sürücüsü vəzifəsinə işə qəbul edilmiş, Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 001 KX saylı əmrinə əsasən isə iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işdən azad edilmişdir. Hazırda, iddiaçı həmin əmrin ləğv edilərək işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra mətndə Əmək Məcəlləsi adlanacaq): 10-cu maddəsinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. 42-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Qanunvericiliyin tələblərinə istinad edərək, məhkəmə qeyd edir ki, mülki iş materiallarına əlavə olunmuş işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı yük avtomobili sürücüsü vəzifəsinə işə qəbul edilmiş, beləliklə də, tərəflər arasında işçi-işəgötürən hüquq münasibətləri əsasında qarşılıqlı hüquq və vəzifələr yaranmışdır. Əmək Məcəlləsinin 70-ci maddəsinin İİ hissəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Qanunvericiliyin sözügedən müddəasına istinad edərək məhkəmə qeyd edir ki, əmək hüququnun mühüm təminatlarından biri işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarının məhdud siyahısının qanunvericiliklə müəyyən edilməsidir. Qanunvericilik qanuni əsaslar olmadan işçilərlə əmək müqaviləsinin ləğv edilməsini qadağan etmişdir. Qanunun tələblərindən göründüyü kimi, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsasından biri də 70-ci maddənin 2-ci hissəsinin ç bəndinə uyğun olaraq işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması hallarıdır. Əmək Məcəlləsinin: 71-ci maddəsinin İİ hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin İİİ hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Qanunvericiliyin tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə, onun əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətlərin dairəsi anlaşılır. Mülki iş materiallarına əlavə olunmuş əmək müqaviləsindən və vəzifə təlimatından da göründüyü kimi, iddiaçı yük avtomobili sürücüsü vəzifəsinə işə qəbul edilməklə əmək funksiyaları təlimatla təsdiq olunmuş və həmin təlimata əsasən, sürücü yük avtomobilini idarə etmək, yükləri təyinatı üzrə daşımaq, tapşırılan yerlərə vaxtında və zərərsiz şəkildə çatdırmaq, mağazalara və müştərilərə malları təhvil verən zaman prosesin gedişatına diqqət etmək, malları market və müştəri mal qəbuledicisi ilə birlikdə yoxlamaq, sənəd üzərində hər hansı bir qeyd yazılarsa nəzarət etmək və digər öhdəlikləri təmin etməli idi. Əmək qanunvericiliyinin tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin İİ hissəsinə əsasən, əmək müqaviləsi ləğv edilərkən işəgötürən tərəfindən işçinin əmək funsiyasının, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməsi, işçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması, işçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı bir formada ziyan dəyib-dəyməməsi halları araşdırılmalıdır. Göründüyü kimi, İddiaçı tərəfindən əmək funksiyalarının tələblərinə riayət edilməli olduğu halda ona Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 009 saylı əmri əsasında xəbərdarlıq, xx.xx.2022-ci il tarixli, 010 saylı əmri və xx.xx.2022-ci il tarixli, 011 saylı əmri əsasında töhmət, xx.xx.2022-ci il tarixli, 012 saylı əmri əsasında isə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Beləliklə də, əmək müqaviləsi üzrə mühüm əmək funksiyalarına əməl etmək öhdəliyi daşıyan iddiaçı barəsində intizam tənbeh tədbirlərinin verilməsi ilə nəticələnmişdir. Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; Qanunvericiliyin tələblərindən çıxış edərək məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarından biri də əmək vəzifələrinin kobud şəkildə pozulması çıxış edir. Göstərilən maddənin tələblərindən göründüyü kimi, əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilən halların siyahısı dəqiq şəkildə müəyyən edilmişdir. Qanunvericilik, eyni zamanda, işçi və işəgötürən arasında bağlanmış əmək müqaviləsinə əsasən, işçi tərəfindən əməyin mühafizəsi qaydalarına riayət edilməsi, həmçinin, Əmək Məcəlləsinin 10-cu maddəsinin c) bəndinə əsasən, əməyin təhlükəsizliyi normalarına əməl etməyin işçinin əmək müqaviləsi üzrə əsas vəzifələrindən biri hesab olunmasını müəyyən etmişdir. Mülki iş materiallarına əlavə olunmuş təqdimat və aktdan müəyyən olunduğu kimi, iddiaçı vəzifə səlahiyyəti çərçivəsində məhsulu aidiyyəti şirkətə təhvil verməli olduğu halda, təhvil verməmiş və bu barədə özünə məxsus olan sənəddə qeydini aparmasına baxmayaraq, şirkətə məxsus olan sənəddə qeydiyyat aparmayaraq anbara təhvil vermişdir ki, bununla da, iddiaçının davranışları Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, əmək müqaviləsi üzrə öhdəliklərinin kobud şəkildə pozulması ilə nəticələnmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı İddiaçı əmək funksiyalarının icrasını kobud şəkildə icra etməsi nəticə etibarı ilə iddiaçı barəsində töhmət və sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbeh tədbirlərinin verilməsi ilə nəticələnmiş və bu hal iddiaçının əmək funskiyalarını kobud şəkildə icra etməsini təsdiq etmişdir. Qanunvericiliyin tələblərindən və mülki iş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Lakin bununla belə, qanunvericilik işəgötürənin üzərinə əmək müqaviləsinə xitam verilməzdən əvvəl işçidən yazılı izahat alınması öhdəliyini qoymuşdur. Yazılı izahat əsasında iddiaçının əmək müqaviləsi üzrə öhdəliklərini icra etməli olduğu halda vəzifə səlahiyyətlərinə etinasız yanaşması öz təsdiqini tapmışdır. Məhkəmə iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilən zaman iddia müddətinin ötürülüb-ötürülməməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1. maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 377.1. maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Əmək Məcəlləsinin 296-cı maddəsinin İİ hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Mülki iş materiallarından və iddiaçının izahatından da göründüyü kimi, əmək müqaviləsinə xitam verilməsi barədə qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 001KX saylı əmrin xx.xx.2023-cü il tarixdə iddiaçıya rəsmi şəkildə təhvil verilməsi onun izahatı əsasında da öz təsdiqini tapmışdır. Göründüyü kimi, iddiaçıya onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi bəlli olmuşdur. Başqa sözlə, əmrin qanunsuz olaraq qəbul edildiyini mübahisələndirən iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyini bildiyi, bilavasitə hüququnun pozulduğunu bildiyi halda məhkəməyə qanunla müəyyən edilmiş müddətdə müraciət etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı qanunla müəyyən olunmuş 1 (bir) aylıq müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də, iddia ərizəsi müddət ötürülməklə verildiyindən təmin edilməməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə hesab edir ki, iddia tələbi əsassız olduğundan və ona görə də Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 001KX saylı əmrinin ləğv edilməsinə heç bir əsas olmadığından iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 14.2 maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1 maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-3134/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3134/2023
21.07.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver