Məhkəmə qərarları › İş №2(012)-3139/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3139/2025

25.06.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3139/2025 25.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə müddətin qurtarmasına (Azərbaycan Respublikasinin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “B” bəndinə) görə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi haqqında “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildiriş sisteminə” məlumatlar daxil edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, o, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci tarixədək Cavabdehndə avtobus sürücüsü işləmişdir. Sonra özünə yeni iş yeri tapdığı üçün Cavabdeh ilə müqavilənin müddətini artırmamışdır. Cavabdeh rəhbərliyindən xahiş etmişdir ki, əmək müqaviləsinə xitam verilsin. Ona bildirmişlər ki müqavilənin müddəti artıq başa çatıb, heç bir ərizə lazım deyil və onlar özləri əmək müqaviləsinə xitam verəcəklər. Lakin bu yaxınlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildiriş sistemində görmüşdür ki əsas iş yeri Cavabdehndə avtobus sürücüsü kimi qeyd edilmişdir. Cavabdeh əməkdaşları ilə əlaqə saxlayanda bildirdilər ki “əvvəlki müdiri işdən çıxarıblar və onun gücləndirilmiş elektron imzasını ləğv ediblər, təzə müdir Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildiriş sisteminə daxil olub və dəyişə bilməz”. Cavabdeh onunla əmək müqaviləsini vaxtında ləğv etmədiklərinə görə indi onu rəsmi olaraq heç yerdə işə götürmülər. Bakı DOST Mərkəzinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər İdarəsinə və Mediasiya Təşkilatına müraciət etməsinə baxmayaraq, nəticə əldə edilməmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Cavabdeh MMC-nin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə isə heç bir məlumat verməmişlər. Məhkəmə işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli müddətli əmək müqaviləsi bağlanmışdır. Vəzifə avtobus sürücüsü, əməyin ödənilməsinin forması vaxtamuzd, əmək haqqı aylıq 270 manat qeyd edilmişdir. Müqavilə qüvvədədir. İş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə əmək münasibətləri yaranmış, əmək müqaviləsi bağlanmışdır. Bu əmək müqaviləsinə faktiki olaraq xitam verilməsinə baxmayaraq, işəgötürən Cavabdeh MMC əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişini mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil etməmişdir. Bu isə İddiaçı əmək qanunvericiliyində nəzərdə tutulmuş hüquqlarının pozulması ilə nəticələnmişdir. Əmək Məcəlləsinin 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz Həmin Məcəllənin 42.2-ci maddəsinə görə əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 45.1-ci maddəsinə görə əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 45.2-ci maddəsinə görə əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Həmin Məcəllənin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 68.2-ci maddəsinin B bəndinə görə əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 iyun 2014-cü il tarixli, 183 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar"ın 3.4cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət’’ portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Əmək Məcəlləsində, həmçinin göstərilmişdir ki, əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir (5-1.). Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır (7.2.). Əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir (12.1 h). İşdən göründüyü kimi, tərəflər arasında bağlanmış əmək müqaviləsi barədə müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində bildiriş qeydə alınmışdır. Əmək müqaviləsinə faktiki olaraq xitam verilməsinə baxmayaraq, cavabdeh elektron informasiya sistemində qeydə alınmış əmək müqaviləsinin bağlanması barədə bildirişi ləğv etməmişdir. Bu isə iddiaçının hüquqlarının məhdudlaşmasına səbəb olmuşdur. Bu səbəbdən iddia təmin edilməli, İddiaçı Cavabdeh MMC ilə mövcud olan əmək müqaviləsinə xitam verilməli və “Əmək və Məşğulluq” altsistemində əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar bildirişin daxil edilməsi hüququ X1 Xidmətinə həvalə edilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilsin. Əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə (“Əmək və Məşğulluq” altsisteminə) daxil edilməsi X1 Xidmətinə həvalə edilsin. Mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 60 manat dövlət rüsumunun əvəzi Cavabdeh MMC-dən tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar