Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3165/2023 27.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi Nümayəndə1, Cavabdehin vəkili-nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Yusipova (Məhərrəmova) Turanə Vladimirovnaya qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Yusipova (Məhərrəmova) Turanə Vladimirovnaya qarşı məhkəmədə iddia qaldıraraq, Abşeron rayonu, Məmmədli kəndi, Əziz Əliyev küçəsi, 18 saylı evdə yerləşən və mülkiyyət hüququ ilə İddiaçı məxsus olan 22 saylı mənzildən X3 istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Məmmədli kəndi, Əziz Əliyev küçəsində "xxxx" MTK tərəfindən inşa edilmiş 18 saylı, 5 mərtəbəli yaşayış binasının 2-ci girişinin 4-cü mərtəbəsində, ümumi sahəsi 75,27 kv.metr, yaşayış sahəsi 58,96 kv.metr olan 3 otaqlı 22 saylı mənzilin pay dəyəri payçı kimi onun tərəfindən xx.xx.2010-cu il tarixində tam ödənilmişdir. Sözügedən mənzilə dair xx.xx.2010-cu il tarixində İddiaçı adına 1451 saylı order verilmişdir. Həmin order Abşeron RİH Başçısının 30 dekabr 2010cu il tarixli 2176 saylı sərəncamına əsasən verilmişdir. X2 15 mart 2014-cü il tarixində X4 ilə nikaha daxil olmaqla ailə qurmuşdur. Oğlu Fazil ailə qurduqdan sonra, yəni 2015-ci ildə həyat yoldaşı Turanəni ona məxsus mənzilə köçürmüş və həmin ildən o, bu mənzilə qeydiyyata götürülmüşdür. Cavabdeh Turanə oğlu Fazillə bir müddət mehriban yaşasa da, sonradan münasibətləri pozulmuş və Turanə 2022-ci ilin fevral ayında mənzili tərk edib getmiş, bir daha geri qayıtmamışdır. Daha sonra Cavabdeh nikahın pozulması ilə əlaqədar olaraq iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-2300/2022 saylı qətnaməsi ilə Cavabdeh ilə X5 arasında Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən 15 mart 2014-cü ildə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 310 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. X1 məxsus mənzilə qeydiyyatı formal xarakter daşıyır. Cavabdehin bu mənzildə qeydiyyatda olması onun əmlakdan maneəsiz istifadə hüquqlarının pozulmasına səbəb olmuşdur. ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin mülkiyyətçisi o olsa belə, mənzilə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ayrıca sərəncam vermək üçün cavabdehin də razılığı tələb olunur. Bu isə onun mülkiyyətçi kimi hüquqlarını pozur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili-nümayəndəsi Nümayəndə2 iddianı qəbul etmədi və onun rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Abşeron rayon İHB-nin 1451 saylı, xx.xx.2010-cu il tarixli orderinin surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndi, Əziz Əliyev küçəsində inşa edilmiş 18 saylı, 5 mərtəbəli yaşayış binasının 2-ci girişinin 4-cü mərtəbəsində, ümumi sahəsi 75,27 kv.metr, yaşayış sahəsi 58,96 kv.metr olan 3 otaqlı 22 saylı mənzil yalnız İddiaçı verilmişdir. İşdə olan nikahın pozulması haqqında AZ-İ 450551 saylı şəhadətnamənin surətindən görünür ki, X5 ilə Cavabdeh nikahına xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Nikah pozulduqdan sonra arvada Yusipova soyadı verilmişdir. İşdə olan "xxxx" MTK-nın xx.xx.2010-cu il tarixli, M/95 saylı maliyyə arayışının surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndi, Əziz Əliyev küçəsində inşa edilmiş 18 saylı, 5 mərtəbəli yaşayış binasının 2-ci girişinin 4-cü mərtəbəsində, ümumi sahəsi 75,27 kv.metr, yaşayış sahəsi 58,96 kv.metr olan 3 otaqlı 22 saylı mənzilin pay dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir və MTK-ya borcu yoxdur. İşdə olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-2300/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə X5 arasında Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində 15 mart 2014-cü ildə bağlanmış 310 saylı nikah pozulmuşdur. İşdən görünür ki, "xxxx" MTK tərəfindən inşa edilmiş 18 saylı, 5 mərtəbəli yaşayış binasının 2-ci girişinin 4-cü mərtəbəsində, ümumi sahəsi 75,27 kv.metr, yaşayış sahəsi 58,96 kv.metr olan 3 otaqlı 22 saylı mübahisəli mənzil dəyəri tam ödənildikdən sonra İddiaçı verilmişdir. Mənzilə dair Abşeron rayon İHB tərəfindən 1451 saylı, xx.xx.2010-cu il tarixli order verilmişdir. İddiaçının oğlu ilə cavabdeh nikaha girmiş və bu nikah Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-2300/2022 saylı qətnaməsinə əsasən pozulmuş, nikahın pozulması haqqında AZ-İ 450551 saylı, xx.xx.2022-ci il tarixli şəhadətnamə verilmişdir. İddiaçı qeyd edir ki, cavabdeh mübahisəli mənzilə 2015-ci ildə köçmüş və elə həmin ildə də pasport qeydiyyatına alınmışdır. Boşanmadan öncə isə, yəni 2022-ci ilin fevral ayında bu mənzili tərk edərək getmişdir. Hazırda İddiaçı Yusipova (Məhərrəmova) Turanə Vladimirovnaya qarşı məhkəmədə iddia qaldıraraq, Abşeron rayonu, Məmmədli kəndi, Əziz Əliyev küçəsi, 18 saylı evdə yerləşən və mülkiyyət hüququ ilə İddiaçı məxsus olan 22 saylı mənzildən Yusipova (Məhərrəmova) Turanə Vladimirovnanın istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, mübahisəli mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənildiyinə görə, ona dair reyestrdən çıxarış mövcud olmasa da, o, həmin əmlakın faktiki mülkiyyətçisidir, belə ki Avropa İnsan Hüquqları Məhkəməsinin «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında hətta orderli mənzilin hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarxli Qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Qeyd edildiyi kimi, tərəflər arasında mübahisəli mənzillə bağlı münasibətlər 2015-ci ildə yarandığından məhkəmə hesab edir ki, bu mübahisə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müvafiq normaları ilə həll edilməlidir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. İş materialları ilə müəyyən olunur ki, cavabdeh mübahisəli evdən boşanmadan öncə çıxıb getmişdir, lakin hələ də orada pasport qeydiyyatındadır. İddiaçı bu əsasla hesab edir ki, cavabdehin mübahisəli evdən istifadə hüququna xitam verilməlidir. Məhkəmə hesab edir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən Yusipova (Məhərrəmova) Turanə Vladimirovnanın ən azından iddiaçının X2 ilə nikahına xitam verildiyi tarixdən, yəni xx.xx.2022-ci il tarixdən mübahisəli mənzildən istifadə hüququ mövcud deyildir. Mövcud olmayan hüquqa xitam verilməsi isə hazırda qüvvədə olan qanunvericiliyə ziddir. Yaranmış mübahisənin həll edilməsi baxımından “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı mühüm əhəmiyyətə malikdir. Həmin Qərardad qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Beləliklə, şərh olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Yusipova (Məhərrəmova) Turanə Vladimirovnaya qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Yusipova (Məhərrəmova) Turanə Vladimirovnaya qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3165/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3165/2023
27.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver