Məhkəmə qərarları › İş №2(012)-3180/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3180/2020

17.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3180/2020 17.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların azyaşlı övladları Salmanov Ömər Rəsul oğlunun Abşeron rayonu, Xırdalan şəhəri, Xətai küçəsində yerləşən 7 saylı fərdi yaşayış evindən istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 izahatında bildirdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, Xətai küçəsində yerləşən 7 saylı mənzilə dair qeydiyyat vəsiqəsi onun adınadır və ev 1989-cu ildən etibarən onun özəl mülkiyyətindədir. Cavabdeh2 evə 2012-ci ildə qeydiyyata düşmüşdür. Cavabdehlər onun qohumlarıdır. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ailə həyatı quran zaman ona məxsus mənzili müvəqqəti yaşamaları üçün icazə vermiş və qeydiyyata salmışdır. Çünki Cavabdeh1 oğlu 3-cü qrup əlildir və iş qabiliyyəti zəifdir. O, cavabdehin yeni ailə həyatı qurduğuna görə müvəqqəti olaraq onun evində yaşamasını qərara almışdır. Lakin hal-hazırda cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda olması səbəbindən mənzilindən sərbəst surətdə istifadə edə bilmədiyi və müəyyən problemlərlə üzləşdiyi üçün cavabdehlərin istifadə hüququnun itirilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirdi ki, X2 onun bibisidir. Abşeron rayonu, Xırdalan şəhəri, Xətai küçəsində yerləşən 7 saylı fərdi yaşayış evinə 2012-ci ildən qeydiyyata düşmüşlər. O, Cavabdeh2 ilə 2012-ci ilin avqust ayında ailə həyatı qurmuş və sözügedən evə köçmüşlər. Bundan əvvəl babasının evində qeydiyyatda olmuşdur. Məhkəmə iclasında Cavabdeh2 izahatında bildirdi ki, o, 2012-ci ildən Abşeron rayonu, Xırdalan şəhəri, Xətai küçəsində yerləşən 7 saylı fərdi yaşayış evinə gəlin gəlmiş və Cavabdeh1 ilə nikahlarından 1 övladları dünyaya gəlmişdir. 7 il həmin evdə yaşamışdır. O, atasına məxsus 56 kv.m olan evdə yaşayır. 2 ildir ki, evdən çıxmışdır. Yoldaşı Cavabdeh1 ona şiddət göstərmiş, onu dəfələrlə döymüşdür. Əgər onun Abşeron rayonu, Xırdalan şəhəri, Xətai küçəsində yerləşən 7 saylı fərdi yaşayış evə yaşayış hüququ varsa, hüququnun bərpa olunmasını istəyir. İş materiallarında olan 14033 reyestr nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Xətai küçəsində yerləşən 1 otaqlı, yaşayış sahəsi 51,3 kv.m, köməkçi sahəsi 45,6 kv.m olan 7 saylı fərdi yaşayış evi Abşeron rayon XDC İcraiyyə Komitəsinin 08/08 №-li, xx xxxxxx 1988-ci il tarixli qərarı əsasında X3 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Asan-Sumqayıt tərəfindən verilən xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Xətai küçəsində yerləşən 7 saylı fərdi yaşayış evində X4 ilə birlikdə Cavabdeh2, Cavabdeh1, Salmanov Hicran Salman oğlu, X5 da qeydiyyatdadırlar. Məhkəmə iddiaçını və cavabdehləri dinləyib, işin materiallarını araşdırıb və toplanmış bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki,X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların azyaşlı övladları Salmanov Ömər Rəsul oğlunun Abşeron rayonu, Xırdalan şəhəri, Xətai küçəsində yerləşən 7 saylı fərdi yaşayış evindən istifadə hüquqlarının itirilməsi tələbi barədə iddiası rədd edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 16 dekabr tarixli Qərarında göstərmişdir ki, istifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda, əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarı ilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə baxışında sübutların tədqiqatı zamanı müəyyən olunur ki, mübahisəli fərdi yaşayış evi 1989-cu ildən X1 xüsusi mülkiyyətindədir,həmiçinin iddiaçının və cavabdehlərin izahatından görünür ki, cavabdehlər fərdi yaşayış evinə 2012-ci il tarixdən qeydiyyata düşmüş və tərəflər arasında mənzildən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri barədə yazılı razılaşma mövcud deyildir. Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 2020-ci il 24 sentyabr tarixli Qərarında göstərmişdir ki, Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Lakin,yuxarıda qeyd olunan hüquq normalarından göründüyü kimi cavabdehlərin mübahisəli fərdi yaşayış evinə istifadə hüquqları yaranmadığından məhkəmə iddianın təmin olunmasını mümkün hesab etmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların azyaşlı övladları Salmanov Ömər Rəsul oğlunun Abşeron rayonu, Xırdalan şəhəri, Xətai küçəsində yerləşən 7 saylı fərdi yaşayış evinə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar