Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-32/2023 13.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı elektrik xətlərinin götürülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı elektrik xətlərinin götürülməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC tərəfindən çəkilmiş yüksək gərginlikli elektrik xətlərinin İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 468 kv.m torpaq sahəsindən cavabdehin hesabına götürülməsi, həmin yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonasından kənarda quraşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Məmmədli Bələdiyyəsindən verilmiş xx.xx.2009-cu il tarixli 46 nömrəli hərrac şəhadətnaməsi və xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsi əsasında Abşeron rayonu, Məmmədli kəndində yerləşən 468 kv.m torpaq sahəsini İddiaçı almış, bundan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışla həmin torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Torpaq sahəsi iddiaçının mülkiyyətinə keçdikdən sonra iddiaçı oraya daş tökərək morzləmə işləri aparmış, ev inşa etdirməkdən ötrü betondan yüksək səviyyədə evin özülü qoyulmuşdur. Sonradan həmin torpaq sahəsinə getdikdə iddiaçı torpaq sahəsi üzərindən "xxxx" ASC tərəfindən yüksək gərginlikli elektrik xətlərinin çəkildiyini görmüşdür. Həmin elektrik xətlərinin orada olması tikinti və s. işlərin aparılması üçün çox təhlükəlidir. Bununla əlaqədar olaraq Abşeron rayon Məmmədli Bələdiyyəsinə sorğu ilə müraciət edilərək "xxxx" ASC-yə həmin ərazidə hər hansı bir torpaq sahəsinin ayrılıb-ayrılmaması, əgər ayrılıbsa hansı əsaslarla, hansı tarixdə ayrılması barədə məlumat verilməsi xahiş olunmuş, cavab olaraq təqdim edilmiş məktubla 2004-cü ildə Bələdiyyə qərarı ilə "xxxx" ASC-yə 5.15 ha torpaq sahəsinin ayrıldığı, ayrılmış torpaq sahəsinin JN-716 saylı dövlət aktı ilə rəsmiləşdirildiyi bildirilmişdir. Bundan sonra yenidən Abşeron rayon Məmmədli Bələdiyyəsinə sorğu ilə müraciət edilərək İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən Zabrat dairəsindən Məmmədli tərəfə getdikdə yolun sağ tərəfində olan 468 kv.m torpaq sahəsinin "xxxx" ASC-yə ayrılmış 5.15 ha torpaq sahəsinə aidiyyəti olub-olmaması, torpaq sahəsinin daxilində və ya hüdudlarından kənarda yerləşibyerləşməməsi barədə məlumat verilməsi xahiş olunmuş, sorğuya cavab olaraq iddiaçının mülkiyyətində olan 468 kv.m torpaq sahəsinin "xxxx" ASC-yə ayrılmış 5.15 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmədiyi bildirilmişdir. İddiaçı torpaq sahəsi aldıqda və orada işlər görülən zaman "xxxx" ASC tərəfindən yüksək gərginlikli elektrik xətləri quraşdırılmamışdır. Odur ki, torpaq sahəsinin üzərindəki "xxxx" ASC-yə məxsus olan elektrik xətlərinin götürülməsi ilə bağlı məhkəməyə müraciət edilməsi zəruriyyəti yaranmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, mülki iş üzrə məhkəməyə daxil olmuş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5403 saylı rəyi ilə razıdır. Ekspert rəyindən də göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən elektrik xətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsindən keçir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, 2004-cü ildə Bələdiyyə qərarı ilə cavabdehə yarımstansiya tikilməsi üçün torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi dövlət aktı ilə rəsmiləşdirilmişdir. Bundan sonra, cavabdeh "xxxx" ASC tərəfindən ona ayrılmış torpaq sahələrinin aidiyyəti qurumlar tərəfindən vətəndaşlara satılması aşkar olmuşdur. Bununla əlaqədar cavabdeh tərəfindən aidiyyəti qurumlara müraciət olunmuş, torpaq sahələrinin vətəndaşlara satılmasının qarşısının alınması xahiş olunmuş, həmçinin, tikiləcək yarımstansiya və ona daxil olan və çıxan elektrik xətlərinin müvafiq layihəsinin aidiyyəti dövlət qurumları ilə razılaşdırılması xahiş olunmuşdur. Lakin İcra Hakimiyyəti Nazirlər Kabinetinə məktub ünvanlayaraq bildirmişdir ki, cavabdehə ayrılmış torpaq sahələri ilə vətəndaşlara satılmış torpaq sahələri üst-üstə düşdükdə vətəndaşlara başqa torpaq sahələri verilmişdir. Lakin bununla bağlı hər hansı bir tədbir görülməmişdir. Bu səbəbdən də, hesab edir ki, cavabdeh kimi "xxxx" ASC-nin hər hansı bir təqsiri yoxdur. Ərazidə ilk növbədə yarımstansiyalar tikilməklə sonradan xətlər çəkilmiş, 2005-ci ildə başlanmış, 2013-cü ildə isə istismara verilmişdir. Konkret olaraq hansı ərazilərin kimlərə məxsus olması barədə cavabdehin məlumatı olmamışdır. İlk məlumat ondan ibarət olmuşdur ki, bəzi torpaq sahələri hasara alınmışdır. Bir neçə vətəndaşa qarşı X3 Şəbəkəsi tərəfindən iddia qaldırılmışdır. Yarımstansiyanı istismara "xxxx" ASC deyil, müvafiq dövlət qurumları istismara qəbul edirdi. İstismara qəbul edilən zaman Fövqəladə Hallar Nazirliyinin, daşınmaz əmlakın dövlət reyestr xidmətinin nümayəndələri də iştirak etmişdir. İstismara qəbul aktı məhkəməyə təqdim olunmasa da, texniki pasportdan göründüyü kimi, istismara qəbul olunmuşdur. Yarımstansiya kifayət qədər yüksək təhlükə mənbəyidir, onun cavabdeh "xxxx" ASC tərəfindən istismara qəbul edilməsi mümkün deyildir. Həmçinin, iddiaçı mülkiyyət hüququ olan torpaq sahəsinə sahiblik etmiş olsaydı, aparılan tədbirlər barəsində məlumatlı olmuş olardı. Eyni zamanda, qeyd edir ki, istismara qəbul aktı sənədi texniki pasportun alınma tarixinə təxminən, 2015-2016-cı illərə təsadüf edir. Üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə və Abşeron rayonu Məmmədli Bələdiyyəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, üçüncü şəxslər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, mülki iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Abşeron Rayon Məmmədli Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 saylı "xxxx" ASC “Bakı-İİİ” yarımstansiyasının tikintisi üçün tələb olunan torpaq sahəsinin seçilib ayrılması barədə” Qərarından görünür ki, 220 kv-luq “Bakı-İİİ” yarımstansiyasının tikintisi üçün cəmi 5.15 ha, o cümlədən örüş-5.15 ha torpaq sahəsi alqı-satqı qaydasında ayrılmışdır. -Torpağa mülkiyyət hüququna dair Kod: 30800108 saylı JN-716 saylı dövlət aktından görünür ki, "xxxx" ASC-yə Abşeron Rayon Məmmədli Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 saylı qərarı ilə satılmış 5.15 ha torpaq sahəsi “Bakı-İİİ” yarımstansiyasının tikintisi üçün ayrılmışdır. -Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli şəhadətnamənin surətindən görünür ki, İddiaçı Abşeron rayonu Məmmədli bələdiyyəsinin mülkiyyətində olan 468 kv.m torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı X6 hərrac və müsabiqə komissiyası tərəfindən xx.xx.2009-cu il tarixdə keçirilmiş açıq hərracın qalibi olmaqla 850 manata torpaq sahəsini almışdır. xx.xx.2009-cu il tarixli 46 nömrə ilə qeydiyyata alınaraq hərracın qalibinə torpaq sahəsi təhvil verilmişdir. -Torpaqların alqı-satqısına dair müqavilənin surətindən görünür ki, İddiaçı Abşeron rayonu Məmmədli bələdiyyəsinin mülkiyyətində olan 0.0468 ha torpaq sahəsini hərrac komissiyasının xx.xx.2009-cu il tarixdə keçirilmiş açıq hərracın və müsabiqənin qalibi olmaqla xx.xx.2009-cu il tarixli 46 nömrə ilə qeydiyyata alınmış ********* saylı şəhadətnaməyə əsasən qalib olmuş, bunun müqabilində Abşeron rayonu "xxxx" ASC-nin **********0001 saylı hesabına 850 manat haqq ödəmişdir. Müqavilə bələdiyyənin nümayəndəsi X1 və İddiaçı iştirakı ilə xx.xx.2009-cu il tarixdə imza və möhürlə təsdiq edilmişdir. -4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli AA № 019815 saylı plan və ölçünün surətindən görünür ki, Abşeron rayonu Məmmədli kəndində yerləşən 0.0468 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas Abşeron rayonu Məmmədli bələdiyyəsi ilə bağlanmış alqı-satqı müqaviləsi, hərrac şəhadətnaməsi, Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış olmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2009-cu il tarixli MA seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Məmmədli kəndində yerləşən 0.0468 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 98 saylı reyestr kitabının 55 saylı vərəqində **********6 qeydiyyat nömrəsi, **********32 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -4 saylı Abşeron ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli **********88- 12101 reyestr nömrəli, 1729 inventar nömrəli texniki pasportun surətindən görünür ki, Abşeron rayonu Məmmədli kəndində yerləşən Zabrat-Pirşağı yolunun sağ hissəsi "xxxx" ASC “X3 Şəbəkəsi” MMC-nin mülkiyyətinə verilmişdir. -"xxxx" ASC-nin Azərbaycan Respublikasının Baş Nazirinə ünvanladığı xx.xx.2018-ci il tarixli xx/xx/1322 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2005-ci il tarixli, 635 nömrəli Sərəncamı ilə qəbul edilmiş “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”na uyğun olaraq “Şimal elektrik stansiyasında istehsal ediləcək elektrik enerjisinin ötürülməsi üçün “Zabrat 220 Kv-luq yarımstansiyasının tikintisi üçün Abşeron rayonu, Məmmədli bələdiyyəsinin 12 avqust 2004-cü il tarixli 14 nömrəli qərarı ilə kəndin örüş sahəsindən 5.15 ha torpaq sahəsi ayrılmışdır və 21 oktyabr 2004-cü il tarixdə torpaq sahəsinə dair JN-716 nömrəli dövlət aktı alınmışdır. Yarımstansiyanın tikintisi üçün büdcədən vəsaitlərin ayrılması mərhələləri üzrə yarımstansiya tikilmiş və torpağın xx.xx.2015-ci il tarixdə yerdə vəziyyətinə görə 0.06 ha az torpaq sahəsi olmaqla, faktiki 5.0921.3 ha torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən "xxxx" MMC-nin adına texniki pasport verilmişdir. "xxxx" ASC-yə torpaq sahəsinin örüş sahəsindən ayrılmasına baxmayaraq, sonradan həmin ərazidəki torpaq sahəsinin təyinatı perspektiv inkişaf üçün yararlı torpaq kateqoriyasına dəyişdirilmiş və Məmmədli bələdiyyəsi tərəfindən fərdi yaşayış evlərinin tikintisi üçün vətəndaşlara satılmışdır. "xxxx" ASC yarımstansiyanın perimetrində fərdi yaşayış evlərinin tikintisi üçün vətəndaşlara torpaq sahələrinin ayrılmasının Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli Qərarına əsasən, qanunsuz olması barədə dəfələrlə aidiyyəti dövlət qurumlarına müraciətlər etmiş və ərazinin zəbt olunmasının qarşısını almaq üçün torpaq sahəsinin koordinatları dövlət aktı əsasında müəyyən edilərək yarımstansiyanın ərazisi hasara alınmışdır. Yarımstansiya tikilərək 30 mart 2013-cü il tarixdə istismara verilmişdir. Yarımstansiyanın perimetrində torpaq sahələri ayrılmış vətəndaşlara dövlət reyestri xidməti tərəfindən çıxarışlar verilmişdir. Bu vətəndaşlardan 12 nəfərinə ayrılmış torpaq sahələri çıxarış əsasında yarımstansiyanın torpaq sahəsi ilə üst-üstə düşür və bir çox digər evlər də yarımstansiyaya daxil olan və çıxan yüksək gərginlikli elektrik verilişi xətlərinin mühafizə zonasına düşür. Vətəndaşlar yarımstansiyanın torpaq sahəsi ilə üstüstə düşən torpaq sahələrinin boşaldılması, torpaq sahələrinin əvvəlki vəziyyətinə geri qaytarılması və vurulmuş ziyanın ödənilməsi tələbi ilə məhkəmələrə müraciət edirlər. Məhkəmələrdə yarımstansiyanın tikintisi üçün torpaq sahəsinin "xxxx" ASC-yə 2004-cü ildə kəndin örüş sahəsindən ayrılması, vətəndaşlara isə sonradan istinad nöqtəsi düzgün seçilmədən torpaqların ayrılması bildirilərək hüquqi müdafiənin təşkili təmin edilir, lakin vətəndaşlarda mülkiyyət əsasında onlara ayrılmış torpaq sahələrinə dair reyestrdən çıxarışlar mövcuddur. Bu da məhkəmənin müxtəlif nəticəli qərarlar qəbul etməsi ilə nəticələnir və hazırda, ərazinin boşaldılması barədə icraya yönəldilmiş məhkəmənin qanuni qüvvəyə minmiş qərarları mövcuddur. Yuxarıda göstərilənləri nəzərə çatdıraraq, 220 Kv-luq Zabrat yarımstansiyasının perimetrində torpaq sahələri yarımstansiyanın yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşən vətəndaşların torpaq sahələrinin Abşeron Rayon İcra Hakimiyyəti və Məmmədli bələdiyyəsi tərəfindən əvəzləşdirilməsinin aparılması, satın alınması və ya kompensasiyaların ödənilməsi məsələsinin həll edilməsi üçün tədbirlər görülməsi xahiş olunmuşdur. -Abşeron Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikası Baş Nazirinə ünvanladığı xx.xx.2018-ci il tarixli X/694 saylı məktubdan görünür ki, 220 Kv-İuq Zabrat yarımstansiyasının perimetrində torpaq sahələri yarımstansiyanın yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşən vətəndaşların həyətyanı torpaq sahələri Bələdiyyə mülkiyyətində olan digər torpaq sahələri ilə əvəz olunmuşdur. -Abşeron rayonu Məmmədli Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 127 saylı məktubdan görünür ki, Abşeron rayonu Məmmədli Bələdiyyəsi tərəfindən 2004-cü ildə Bələdiyyə qərarı ilə "xxxx" ASC-yə 5.15 ha torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsi JN-716 saylı dövlət aktı ilə rəsmiləşdirilmişdir. -Abşeron rayonu Məmmədli Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 226 saylı məktubdan görünür ki, Abşeron rayonu Məmmədli Bələdiyyəsinin ərazisində İddiaçı mülkiyyətində olan 468 kv.m torpaq sahəsi "xxxx" ASC-yə ayrılmış 5.15 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5403 saylı rəyindən görünür ki, qərardadın birinci sualı üzrə: baxış zamanı əldə olunmuş və mülki iş materiallarında olan məlumatlara əsasən, İddiaçı adına daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2009-cu il tarixdə 55 nömrə ilə qeydiyyata alınmış Abşeron rayonu Məmmədli kəndində yerləşən 0.0468 ha torpaq sahəsinin ölçüsünün yerində (naturada) üst-üstə düşdüyü müəyyən olunmuşdur. Rəydən daha sonra görünür ki, qərardadın ikinci sualı üzrə: baxış zamanı əldə olunmuş və mülki iş materiallarında olan məlumatlara əsasən, İddiaçı məxsus 0.0468 ha torpaq sahəsinin bütövlükdə "xxxx" ASC tərəfindən çəkilmiş 220 Kv-luq elektrik xətlərinin mühafizə zonasına düşdüyü müəyyən olunmuşdur. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Məmmədov X5 rayonu Ərəb Qubalı ərazi dairəsi Ərəb Qubalı kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Abşeron rayonu Məmmədli kəndində yerləşən 0.0468 ha torpaq sahəsi İddiaçı tərəfindən hərrac komissiyasının təşkil etdiyi müsabiqə əsasında xx.xx.2009-cu il tarixdə alınmış və Abşeron rayonu Məmmədli Bələdiyyəsi ilə iddiaçı arasında torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanmışdır. Sözügedən torpaq sahəsinə dair iddiaçının xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2009-cu il tarixli MA seriyalı ******* saylı çıxarış əsasında, 98 saylı reyestr kitabının 55 saylı vərəqində **********6 qeydiyyat nömrəsi, **********32 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Hazırda, iddiaçı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsində cavabdeh tərəfindən yüksək gərginlikli elektrik xətlərinin keçirildiyini və bu halın onun mülkiyyət hüququnu məhdudlaşdırdığını iddia edərək həmin elektrik xətlərinin cavabdeh tərəfindən götürülməsini, həmçinin, mühafizə zonasından kənarda quraşdırılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİİ bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 49-cu maddəsinin İ hissəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 56-cı maddənin İİ hissəsinə əsasən, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 86-cı maddənin V hissəsinə əsasən, torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqları mülkiyyətçilərin və ya onların vəkil etdiyi şəxslərin, yaxud orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə alınıb satıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 146-cı maddəsinə əsasən, daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər.
152. maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, mülki iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı Abşeron rayonu Məmmədli kəndində yerləşən ümumi sahəsi 0.0468 ha torpaq sahəsini Abşeron rayonu Məmmədli Bələdiyyəsi ilə bağladığı xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsi əsasında hərrac müsabiqəsinin qalibi kimi almış, xx.xx.2009-cu il tarixli MA seriyalı ******* saylı çıxarış əsasında isə iddiaçının torpaq sahəsinə dair mülkiyyət hüququ daşınmaz əmlakın rəsmi dövlət reyestrində qeydə alınmışdır. Eyni zamanda, cavabdeh "xxxx" ASCyə Abşeron rayonu Məmmədli bələdiyyəsi tərəfindən yarımstansiyanın inşa edilməsi üçün 5.15 ha torpaq sahəsinin xx.xx.2004-cü il tarixli 04 saylı qərar əsasında ayrılmasına və cavabdehin həmin torpaq sahəsinə münasibətdə hüquqlarının Kod: 30800108 saylı JN- 716 seriyalı dövlət aktı əsasında qeydə alınmasına baxmayaraq 4 saylı Abşeron ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli **********88-12101 reyestr nömrəli, 1729 inventar nömrəli texniki pasporta əsasən, Abşeron rayonu Məmmədli kəndində yerləşən Zabrat-Pirşağı yolunun sağ hissəsi "xxxx" ASC “X3 Şəbəkəsi” MMC-nin mülkiyyətinə verilmişdir. Məhkəmə tərəflərin torpaq sahələrinə münasibətdə hüquqlarının yaranmasının xronoloji ardıcıllığına diqqəti yönəldərək qeyd edir ki, iddiaçının xüsusi mülkiyyət hüququ 2009-cu ildə qeydə alınmış, cavabdehə isə torpaq sahəsinin 2004-cü ildə ayrılmasına baxmayaraq, mülkiyyət hüququ 2015-ci ildə qeydə alınmışdır. Başqa sözlə, cavabdeh 2015-ci ildə torpaq sahəsinə münasibətdə hüquqları qeydə alınarkən mübahisələndirilən torpaq sahəsinin xüsusi mülkiyyətdə olmasına diqqət yetirməmiş və yaxud diqqət yetirdiyi halda, iddiaçının xüsusi mülkiyyət hüquqlarının pozulmasına səbəb olan davranışlara yol vermişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili istismara qəbul aktı sənədinin texniki pasportun alınma tarixinə təsadüf etdiyini qeyd etsə də, həmin sənədi məhkəməyə təqdim etməmiş, eyni zamanda, cavabdeh quruma ayrılmış torpaq sahəsinin naturada faktiki olaraq üst-üstə düşməsini sübuta yetirən sənədlər məhkəməyə təqdim edilməmişdir. Mühafizə zonaları “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 103 nömrəli Qərarına, o cümlədən “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizə Qaydaları”nın 5-ci bəndinə əsasən müəyyən edilir. Belə ki, həmin Qərara əsasən, mühafizə zonası - elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəkilində minimal məsafələrdir. Bu Qaydaların məqsədi gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin qorunmasını təmin etməkdən, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan ibarətdir və elektrik ötürücü xətlərinin, birləşdirici və paylaşdırıcı qurğuların layihələşdirilməsində, quraşdırılmasında, istismarında tətbiqi məcburidir. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun: 5-ci bəndinə əsasən, enerjinin istehsalı, ötürülməsi və paylanması ilə əlaqədar fəaliyyət növləri qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla xüsusi icazə əsasında həyata keçirilir. 6-cı bəndinə əsasən, elektrik enerjisi istehsal edən, ötürən və paylayan yüksək gərginlikli qurğular qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla əvvəlcədən xüsusi icazə olmadan tikilə və işlədilə bilməz. 9-cu bəndinə əsasən, müəyyən rayon (ərazi) hüdudunda elektrik və istilik enerjisi qurğusunun tikintisi, istismarı və enerji təchizatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir və ya bir neçə hüquqi və fiziki şəxslərə verilən xüsusi icazə əsasında həyata keçirilir. Mülki iş üzrə iddiaçıya məxsus torpaq sahəsinin naturada faktiki üst-üstə düşübdüşməməsini müəyyən etmək, eyni zamanda, torpaq sahəsinin yüksək gərginlikli elektrik xətlərinin keçdiyi mühafizə zonasına düşməsini müəyyən etmək üçün məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5403 saylı rəyi ilə iddiaçıya məxsus torpaq sahəsinin ölçüsünün yerində (naturada) üst-üstə düşdüyü, eyni zamanda, həmin torpaq sahəsinin bütövlükdə "xxxx" ASC tərəfindən çəkilmiş 220 Kv-luq elektrik xətlərinin mühafizə zonasına düşdüyü müəyyən olunmuşdur. Məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, digər sübutlarla paralel şəkildə qiymətləndirib əsas sübut növü kimi qəbul edərək nəzərə alır və iddiaçıya məxsus torpaq sahəsinin 2009-cu ildə rəsmi dövlət reyestrində qeydə alındığı halda cavabdeh tərəfindən həmin torpaq sahəsinin yerləşdiyi ərazidə yüksək gərginlikli elektrik xətlərinin çəkilməsi qənaətinə gəlir. Ona görə də iddia tələbləri əsaslı olduğundan təmin edilməli, "xxxx" ASC tərəfindən çəkilmiş yüksək gərginlikli elektrik xətləri İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 468 kv.m torpaq sahəsindən cavabdehin hesabına götürülməli, həmin yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonasından kənarda quraşdırılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. “Ədаlət mühаkiməsinin həyаtа keçirilməsi zаmаnı İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrının Müdаfiəsi Hаqqındа Аvrоpа Kоnvensiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı üzrə Аvrоpа Məhkəməsi presedentlərinin tətbiqi hаqqındа” Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun 30 mаrt 2006-cı il tаrixli Qərаrındа göstərilir ki, Аzərbаycаn Respublikаsı İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Аvrоpа Kоnvensiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа etmiş dövlət kimi 2002-ci il аprel аyının 15-dən Kоnvensiyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələləri üzrə İnsаn hüquqlаrı üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Respublikаsı Kоnvensiyаnı rаtifikаsiyа etdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvensiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin etməlidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvensiyаsının 46-cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvensiyаnı rаtifikаsiyа etmiş dövlətlər üçün məcburidir. İnsan hüquqlarının və X2 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarının 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməli, ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat pul vəsaiti isə cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananları və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 77, 88, 149, 150 və 216- 236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə,
QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. "xxxx" ASC tərəfindən çəkilmiş yüksək gərginlikli elektrik xətləri İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 468 kv.m torpaq sahəsindən cavabdehin hesabına götürülməklə həmin yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonasından kənarda quraşdırılması vəzifəsi cavabdehə həvalə edilsin. Aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov