Məhkəmə qərarları › İş №2(012)-3216/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3216/2020

19.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3216/2020 19.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, X1, Cavabdeh iştirakları ilə, X1 Cavabdeh qarşı fərdi yaşayış evindən istifadə hüququnun tanınması və fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınmasını və həmin yaşayış evinə köçürülməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, Cavabdeh ilə 2002-ci ildə ailə həyatı qurmuş, lakin rəsmi nikaha xx.xx.2006-cı il tarixdə daxil olmuş və nikahlarının bağlanması haqqında akt qeydləri kitabında 113 nömrə ilə qeyd edilmişdir. Birgə nikahlarından xx.xx.2003-cü il təvəllüdlü Könül Mətləb qızı və xx.xx.2006-cı il təvəllüdlü X11 anadan olmuşdur. Ailə qurduqdan sonra cavabdehlə birgə nikah dövründə, yəni 2006-cı ildən etibarən başlayaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini tikməyə başlamış və 2 otaqlı ev inşa etmişlər. Bundan sonra həmin evə köçüb orada yaşamağa başlamışlar. Yəni, həmin fərdi yaşayış evini birgə nikah dövründə əldə etmiş və evin tikintisində onun böyük zəhməti olmuşdur. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasında xx xxxx 2006-cı ildə Cəbrayıl rayon VVADQ şöbəsində bağlanmış nikahları pozulmuş və uşaqların onun yanında qalması qət edilmişdir. Bununla bağlı ona nikahın pozulması haqqında xx.xx.2020-ci il tarixli şəhadətnamə verilmişdir. Cavabdehlə nikahlarının pozulmasına baxmayaraq o, həmin yaşayış evində yaşamağa davam edərək birgə təsərrüfat aparmışlar. Uşaqları da həmin ərazidə yerləşən orta məktəbdə təhsillərini davam etdirmişdir. Lakin, 2020-ci ilin may ayında o, müvəqqəti olaraq bir neçə günlük valideynlərinin yanına getmiş, geri qayıtdıqda isə cavabdeh ona həmin evdə yaşamağa imkan verməmişdir. Onun başqa yaşayış yeri olmadığı üçün həmin vaxtdan bu günə kimi valideynlərinin və digər ailə üzvlərinin də məcburi köçkün kimi məskunlaşdığı ünvan 2 ünvanında yerləşən yataqxanada yaşamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda, iddiaçı S.Zülfüqarova onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun tanınması və həmin fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında Cavabdeh iddia tələbini qəbul edərək izahatında bildirdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyət sənədi yoxdur. İddiaçı ilə rəsmi şəkildə ayrılsalar da, o, ailəsinə qarşı biganə deyildir, ailəsi və uşaqlarının mübahisələndirilən fərdi yaşayış evində yaşamalarına etiraz etmir. Bununla bağlı məhkəmə mübahisəsinə ehtiyac yoxdur. Cavabdeh və uşaqları nə zaman istəsələr gəlib həmin evdə yaşaya bilərlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2924/2018 saylı, xx xxxxxxxx 2018ci il tarixli qətnaməsindən çıxarışından görünür ki, X7 ilə Cavabdeh arasında xx xxxx 2006-cı ildə Cəbrayıl rayon VVADQ şöbəsində bağlanmış nikahları pozulmuşdur. İşdə olan Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli AZ-İ seriyalı 343129 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X7 arasında olan nikah 2020ci ilin yanvar ayının 15-ci günündə pozulmuş, X6 Zülfüqarova soyadı verilmişdir. İşdə olan Cəbrayıl rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx xxxx 2006-cı il tarixli AZ-İ seriyalı 742726 saylı 195 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X5 birgə nikahından xx xxxx 2003-cü il tarixdə Könül Mətləb qızı anadan olmuşdur. İşdə olan Cəbrayıl rayon Qeydiyyat şöbəsi təərfindən verilmiş xx xxxx 2009-cu il tarixli AZ-İİ seriyalı 230486 saylı 139 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X5 birgə nikahından xx xxxxxx 2006-cı il tarixdə X12 anadan olmuşdur. İşdə olan Cəbrayıl rayon İcra Hakimiyyəti Başçısının müavini tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 171 saylı arayışdan görünür ki, Cavabdeh 1993-cü ildən Cəbrayıl rayonundan məcburi köçkün düşmüş, hazırda Abşeron rayonu Masazır qəsəbəsində müvəqqəti məskunlaşmış və vahid aylıq müavinat alır. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2010-cu il tarixli, “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarına da istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşayaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi mənzilin mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə həmçinin hesab edir ki, məsələ ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququna da nəzər yetirmək lazımdır. Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Bu səlahiyyət əsasında fiziki şəxs əşyadan istifadə etməklə öz maddi və mənəvi tələbatını ödəyir (hazırkı halda mənzildə yaşayır). Əşyadan istifadə etmək əşyaya münasibətdə şəxsin öz mənafeləri üçün hərəkət etməsini (müxtəlif ehtiyacı və tələbatı ödəmək, fayda götürmək, gəlir, artım və bəhər əldə etmək və s.), onun köməyi ilə istehsal və ya istehlak ehtiyaclarının ödənilməsini, əşyanın sosial-təsərrüfat təyinatına uyğun olaraq istismar edilməsini ifadə edir. İstifadə obyekti mənzil olduğu halda, ondan istifadə həmin mənzildə yaşamaqdan ibarətdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarına əsasən mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstisiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Qeyd edilməlidir ki, obyekti yaşayış sahəsi olan mülkiyyəti tənzimləyən hüquqi normaların düzgün tətbiqi üçün qanunvericiliyin mülki hüquq və mənzil hüququ sahələri arasında xətt keçirilməlidir. Mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mənzil hüququnun (obyekti) predmeti kimi nəzərdən keçirilməli və ailə üzvlərinin bu hüququ onlardan birinin mülkiyyətində mövcud olan yaşayış sahəsində onunla bərabər istifadə etməyi ehtiva edən kimi qiymətləndirilməlidir.” İş materiallarından və işin müəyyən edilmiş hallarından da göründüyü kimi, iddiaçı 2006-cı ildən etibarən cavabdehlə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini tikməyə başlamış və bundan sonra həmin evə köçüb yaşamağa başlamışlar. 2018-ci il tarixdə nikahları pozulmuş və iddiaçı 2020-ci ilin may ayınadək həmin evdə yaşamışlar. Tərəflər həmin dövr ərzində birgə yaşamış və birgə təsərrüfat aparmışlar. Məhkəmə həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı X3 rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Məhkəmə iddia tələbinin fərdi yaşayış evindən istifadə hüququnun tanınması hissəsi ilə bağlı aşağıdakı hüquq və prosessual normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Əmlak hüquqları sahiblik, istifadə və sərəncam hüquqları ilə yanaşı digər - ipoteka, servitut və digər hüquqlardan ibarətdir. Həmin Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəli fərdi yaşayış evindən istifadə edilməsi ilə bağlı tərəflər arasında hüquq münasibətləri xx xxxxxxxx 2000-ci il tarixdən sonra yarandığından hazırkı mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Göründüyü kimi, qanunverici yaşayış evindən istifadə hüquqlarının yaranmasını həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə şərtləndirir. Hazırkı halda nəinki iddiaçının, cavabdehin özünün də mübahisə edilən yaşayış evinə dair hər hansı hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Daha öncə istinad olunan hüquq normasının dispozisiyasından göründüyü kimi, həmin norma yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslərin yaşayış binasından istifadə hüququnu tənzimləyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4 maddəsinə müvafiq olaraq məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, iddiaçı X3 rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İş materiallarında olan 435173 nömrəli vəsiqənin surətindən görünür ki, iddiaçı X2 rayonundan məcburi köçkündür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanununun 8.4.11-ci maddəsinə əsasən yaşayış binalarının (mənzillərin) icarə müqavilələrinin dəyişdirilməsi və ya ləğv edilməsi, vərəsəliyin qəbul edilməsi müddətinin uzadılması, əmlak üzrə həbsin götürülməsi barədə iddia ərizələrindən, qeyriəmlak xarakterli və ya qiymət qoyulmayan digər iddia ərizələrinə ödəniləcək dövlət rüsumu 30 manat məbləğində müəyyən olunmuşdur. Hazırkı halda iddia qismən təmin edildiyindən və iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan məhkəmə hesab edir ki, 30 manat məbləğində pul vəsaitinin 15 manat hissəsinin əvəzi cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 238-253 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T ET D İ: İddia qismən təmin edilsin. X3 rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh dövlət rüsumu kimi 30 (otuz) manat məbləğində pul vəsaitinin 15 (on beş) manat hissəsinin əvəzi tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar