Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3249/2024 12.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil1, Cavabdeh vəkili-nümayəndəsi Vəkil2, Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri X1 və X3 iştirakı ilə, İddiaçı Cavabdeh və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, İİ qrup müharibə əlilidir. Ona əlillik statusu verildikdən sonra mənzillə təminat Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli, 569 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müvafiq əmri ilə Abşeron Rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmış, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxs kimi ona da 2019-cu ilin sentyabr ayında Abşeron rayonu, Saray qəsəbəsində üçotaqlı mənzil verilmişdir. Qeyd edir ki, X2 ailə qurduqdan sonra Cavabdeh və övladları ilə birgə yaşamaları üçün həmin evə köçmələrinə razılıq vermişdir. X2 və Cavabdeh övladları ilə orada bir müddət yaşadıqdan sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarına əsasən aralarında olan rəsmi nikah pozulmuş, lakin Cavabdeh hələ də ona məxsus həmin mənzildə yaşayır. Nikahdan əvvəl oğlu ilə birlikdə yaşadığından istifadə edən cavabdeh bunu fürsət bilib icazəsiz olaraq ona məxsus evi tərk etmir və evdən çıxmaq fikrinin olmadığını bildirir. Hesab edir ki, Cavabdeh ona məxsus olan mənzildə yaşama hüququ yoxdur. Bu səbəbdən Cavabdeh məhkəmə qaydasında ona məxsus mənzildən çıxarılmasına zərurət meydana gəlmişdir. Qeyd edir ki, xeyli müddətdir ki, cavabdeh onları sözügedən evdən çıxartmışdır. Hazırda onlar Abşeron rayonu, Masazır qəsəbəsində yaşamağa məcbur olmuşdurlar, X2 da onlarla birlikdə yaşayır və mühafizəçi işləyir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı vəkili Vəkil1 məhkəmə iclasında iddiaçının izahatına uyğun izahat verərək bildirdi ki, sözügedən mənzil xüsusi təyinatlı mənzildir. İddiaçı İİ qrup müharibə əlilidir. İddiaçı mənzil növbəsinə durmuş və Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli sərəncamına əsasən ona ev verilmişdir. Cavabdeh vaxtilə onun gəlini olmuşdur, belə ki, iddiaçının X2 ilə Cavabdeh sözügedən ev iddiaçıya verilməmişdən qabaq evlənmiş, onlar iki övladı ilə birlikdə iddiaçının icazəsi ilə həmin evə köçmüşdür. Daha sonra iddiaçının oğlu ilə cavabdeh arasındakı nikah münasibətlərinə məhkəmə qətnaməsi ilə xitam verilmiş, lakin buna baxmayaraq cavabdeh iddiaçıya verilmiş xüsusi təyinatlı mənzildə yaşamağa davam etmiş, bu hal da iddiaçının mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir. Qeyd edir ki, cavabdeh 2019-cu ildən həmin mənzildə yaşayır. Odur ki, göstərilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və izahatında bildirmişdir ki, vaxtilə İddiaçı mənzil verilmiş, onunla iddiaçının X2 isə 2018-ci ildə ailə həyatı qurmuşdur. Qeyd edir ki, o, hələ ev verilməmişdən əvvəl gəlin köçmüşdür və sözügedən ev iddiaçının ailə tərkibi nəzərə alınmaqla verilmişdir. Onun iki övladı vardır və o, hazırda övladları ilə birlikdə sözügedən mənzildə yaşayır. Anası evini satıb ona 25000 manat məbləğində pul vermiş, o da həmin pulu kafe açması üçün iddiaçının oğlu, yəni keçmiş həyat yoldaşı X5 vermişdir. Bildirir ki, iddiaçı tərəfindən ona dəymiş ziyan ödənilsə, o, mənzildən çıxacaqdır. Odur ki, göstərilən hallara əsasən o, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 izahatında cavabdehin bu mənzildən başqa yaşayış yerinin olmadığını və iki azyaşlı uşağının olduğunun bildirdi və bu səbəbdən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri X1 və X7 məhkəmə iclasında izahat verərək bildirdilər ki, İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ev 2019-cu ildə Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli sərəncamına əsasən növbəlilik qaydasında iddiaçıya verilmişdir və Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli sərəncamında iddiaçının ailə tərkibinə daxil olan şəxslər arasında iddiaçının keçmiş gəlini olan Cavabdeh adı qeyd edilməmişdir. Odur ki, onlar Cavabdeh sözügedən mənzildən çıxarılması ilə bağlı məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdilər. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 09 sentyabr 2011-ci il tarixli, 1882 saylı sərəncamından çıxarışın surətindən görünür ki, Masazır kəndində yaşayan İİ qrup Qarabağ müharibəsi əlili İddiaçı 4 (dörd) nəfər ailə üzvü (özü, həyat yoldaşı və 2 oğlu) ilə Abşeron Rayon İcra Hakimiyyətində güzəştli mənzil növbəsinə götürülmələri barədə sərəncam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müvafiq əmri ilə Abşeron Rayon İcra Hakimiyyətində xx.xx.2011-ci il tarixdə mənzil növbəsinə dayanmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaş İddiaçı Abşeron rayonu, Saray qəsəbəsində mənzil verilmiş, mənzillə təminat Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli, 569 nömrəli Sərəncamına əsasən reallaşdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, X9 küçəsi, ev 41/16, mənzil 18 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 28 avqust 2024-cü il tarixli, 3-17/2-8023/2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, Abşeron Rayon İcra Hakimiyyətində 09 sentyabr 2011-ci il tarixində dörd nəfər ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş İddiaçı yuxarıda qeyd edilən Sərəncamın icrası çərçivəsində Nazirlik tərəfindən ailə tərkibi nəzərə alınmaqla ünvan 2 ünvanında 41 nömrəli üçotaqlı mənzillə təmin olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 09 sentyabr 2011-ci il tarixli, 1882 saylı sərəncamından çıxarışa əsasən Masazır kəndində yaşayan İİ qrup Qarabağ müharibəsi əlili İddiaçı 4 (dörd) nəfər ailə üzvü (özü, həyat yoldaşı və 2 oğlu) ilə Abşeron Rayon İcra Hakimiyyətində güzəştli mənzil növbəsinə götürülmələri barədə sərəncam verilmişdir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 28 avqust 2024-cü il tarixli, 3-17/2-8023/2024 nömrəli sorğuya cavab məktubundan göründüyü kimi Abşeron Rayon İcra Hakimiyyətində 09 sentyabr 2011-ci il tarixində dörd nəfər ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş İddiaçı yuxarıda qeyd edilən Sərəncamın icrası çərçivəsində Nazirlik tərəfindən ailə tərkibi nəzərə alınmaqla ünvan 2 ünvanında 41 nömrəli üçotaqlı mənzillə təmin olunmuşdur. İddiaçı X2 ailə qurduqdan sonra Cavabdeh və övladları ilə birgə yaşamaları üçün həmin evə köçmələrinə razılıq vermiş, X2 və Cavabdeh övladları ilə orada bir müddət yaşadıqdan sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarına əsasən aralarında olan rəsmi nikah pozulmuş, lakin Cavabdeh iddiaçının mənzili üzərində mülkiyyət hüquqlarına hörmətlə yanaşmamış və evi mülkiyyətçiyə təhvil verməkdən imtina etmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı mülkiyyət hüququnun mühüm elementləri olan sahiblik və istifadə hüququndan məhrum olmuşdur. Həmçinin məhkəmədə müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan mənzilə hüququ heç bir şəkildə, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırılmayıb, onun öz mülkiyyətindən sərbəst istifadə etməsi başqa şəxslərin hüquqlarını pozmur və hüquqdan sui-istifadə deyildir. Beləliklə, işin faktiki hallarından göründüyü kimi, iddianın qanuni əsasını Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələri, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü, 98.1-ci, 98.2-ci, 108-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 152.5-ci, 157.2-ci və 157.4-cü maddələri təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada məhkəmə nəzərə alır ki, işdə olan mötəbər sübutlarla sübuta yetirilir ki, boşaldılması tələb edilən mənzilə iddiaçının hüququ heç bir şəkildə məhdudlaşdırılmamışdır, cavabdehin isə hər hansı bir hüququnun olması müəyyən edilmir. Göstərilən xüsusatlar və işin faktiki halları onu deməyə əsas verir ki, iddiaçı mülkiyyət hüququna malik olmaqla hazırki iddianı qaldırmaq üçün subyektiv hüquq və vəzifəsinin daşıyıcısıdır. Cavabdehin isə mübahisə predmeti olan daşınmaz əmlaka müdaxiləsi mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.2-ci maddəsinə əssasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 108-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələrinin əvəzsiz istifadə müqavilələri əsasında verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada və şərtlərlə həyata keçirilir. Beləliklə, işin mübahisə edilməyən faktiki hallarından göründüyü kimi ünvan 2 ünvanında 41 nömrəli üçotaqlı mənzil yalnız İddiaçı, onun həyat yoldaşı və 2 oğluna verilmiş, həmin mənzil ayrılarkən ailə üzvü kimi cavabdeh nəzərdə tutulmamış, iddiaçının ailə üzvünə daxil olan X2 ilə cavabdeh arasında bağlanmış nikah pozulduğundan, hal-hazırda cavabdeh iddiaçıların ailə üzvü və digər qohumu olmadığından və onlarla birgə təsərrüfat aparmadığından, onun mübahisə predmeti olan mənzilə sahəsindən istifadə hüququ mövcud olmadığından, cavabdehin həmin mənzildə yaşaması iddiaçının mənzil hüququnun pozulması ilə nəticələndiyindən və cavabdehin qeyd olunan mənzildə yaşaması üçün hüquqi əsaslar müəyyən edilmədiyindən məhkəmə iddianın təmin edilməsi nəticəsinə gəlir. Məhkəmə,eyni zamanda Cavabdeh məhkəmə iclasında anası evini satıb ona 25000 manat məbləğində pul verməsi, o da həmin pulu kafe açması üçün iddiaçının oğlu, yəni keçmiş həyat yoldaşı X5 verməsi barədə izahatı ilə bağlı qeyd edir ki,bu xüsusatla əlaqədar məhkəmədə hər hansı bir mötəbər sübut müəyyən edilmədiyindən,həmin izahata tənqidi yanaşılmalı,hətta həmin xüsusat sübut olunsaydı belə, bu hal hazırki iddia tələbi ilə əlaqələndirilə bilinmədiyindən,etirazın əsası kimi də qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ünvan 2 ünvanında 41 nömrəli üçotaqlı mənzildən çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3249/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3249/2024
12.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver