Məhkəmə qərarları › İş №2(012)-3290/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3290/2020

14.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3290/2020 14.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Kazımov Elçin Məmməd oğlunun sədrliyi ilə, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən fərdi yaşayış evindən yaşayış-istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 131.3 kv.metr, yaşayış sahəsi 82.2 kv.metr olan fərdi yaşayış ev xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş Seriya RX, ******* saylı Çıxarışa əsasən Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən ümumi sahəsi 131.3 kv.metr olan fərdi yaşayış evi xx.xx.2017-ci il tarixdən tam payda onun mülkiyyətindədir. Cavabdeh oğlu Orxan Bayramovun keçmiş həyat yoldaşıdır. Cavabdeh xx xxxxx 2018-ci il tarixdən evi tərk edərək öz valideynlərinin yanına köçmüşdür. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən oğlu Orxan Bayramov ilə Cavabdeh arasında xx xxxxx 2016-cı il tarixdə bağlanmış nikah qeydi ləğv edilmişdir. Artıq 2 ildir ki, cavabdeh həmin mənzildə yaşamır. Lakin, formal olaraq mənzilin pasport qeydiyyatında qalır və bu faktı qonşuları da təsdiq edə bilər. Cavabdehin həmin mənzilə yaşayış-istifadə hüququ itirilmiş hesab edilməlidir. Çünki, cavabdehin həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır və bu isə, öz növbəsində onun mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir. O, cavabdehə görə adambaşı hesaba alınan kommunal xidmət haqları ödəməli olur. Qeyd olunanlara əsasən, Cavabdeh Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən fərdi yaşayış evindən yaşayış-istifadə hüququnun itirilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, işə Cavabdeh iştirakı olmadan baxılıb qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan prosessual hüquq normasını və iddiaçının rəyini nəzərə alaraq, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinlərək və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş Seriya RX, ******* saylı Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən ümumi sahəsi 131.3 kv.metr olan fərdi yaşayış evi xx xxxxxx 2017-ci il tarixdən İddiaçı adına qeydə alınmışdır. İşdə olan Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat X2 rəisi tərəfindən təsdiq edilmiş və qonşular tərəfindən imzalanmış xx xxxxxx 2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh xx xxxxx 2018-ci il tarixdən İddiaçı məxsus fərdi yaşayış evində yaşamır. İşdə olan Abşeron Rayon Məhkəməsinin 2(012)-3170/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 ilə Cavabdeh arasında xx xxxxx 2016-cı il tarixdə 5 saylı ASAN Xidmət mərkəzi qeydiyyat şöbəsində qeydə alınmış nikahlarının pozulması qət edilmişdir. İşdə olan AZE ********* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşıdır və Abşeron rayonu, Ceyranbatan qəsəbəsində qeydiyyatdadır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur, Konstitusiyanın 29-cu maddəsinin İİİ və İV hissələrinə görə isə, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” Protokolunun (Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Yuxarıda qeyd olunan Konstitusiya normalarından irəli gələn və onu inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1-ci maddəsindən görünür ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi, fərdi yaşayış iddiaçının xüsusi mülkiyyətində olduğu üçün cavabdehin həmin mənzildə qeydiyyatda qalması onun mənzildən istifadə hüquqlarının davam etməsinə gətirib çıxarmaqla, iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Eyni zamanda bu qeydiyyat formal xarakter daşıyır və fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Bu baxımdan iddia təmin edilməli və Cavabdeh Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən fərdi yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyinə görə məhkəmə, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pul vəsaitinin əvəzinin cavabdehdən tutulub iddiaçıya ödənilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən fərdi yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar