Məhkəmə qərarları › İş №2(012)-33/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-33/2022

14.03.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-33/2022 14.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X2, Cavabdeh1, AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsinin mütəxəssisi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qanunsuz tikilinin sökülməsi və cavabdehlərin həmin ərazidən çıxarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vermiş olduğu Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışa əsasən onun mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsindən çıxarılmalarına və həmin torpaqda tikdikləri qeyri-qanuni tikililərin cavabdehlərin hesabına sökülərək həmin ərazidən uzaqlaşdırılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vermiş olduğu Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX serialı ******* №-li çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsi onun mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus olan torpaq sahəsini zəbt edib üzərində qeyri-qanuni tikililər tikmişlər. Qeyd edir ki, cavabdehlər ana və oğuldur. Onlar arasında mübahisə 2014-cü ildən davam edir. O, bununla bağlı daha öncə də məhkəməyə müraciət etmiş, lakin müəyyən səbəblərdən işinə məhkəmədə baxılmamışdır. Cavabdeh1 torpaq sahəsinin yanında özünəməxsus torpaq sahəsində tikinti başladan zaman o, Cavabdeh1 onun torpaq sahəsinin sərhədlərini göstərmiş və tikinti aparmamasını bildirmişdir. Cavabdeh1 də onunla razılaşmış və sərhədlərini öz aralarında müəyyən etmişdirlər. O işlədiyi üçün və hər dəfə torpaq sahəsinə gedib baxış keçirə bilmədiyinə görə cavabdehlər bundan isifadə edərək, ona məxsus torpaq sahəsini də zəbt edərək, tikinti aparmışdırlar. Hazırda tikinti işləri yekunlaşmış və ona məxsus torpaq sahəsində iki mərtəbəli ev uclatmışdırlar. Cavabdehlərə ona məxsus torpaq sahəsini zəbt etdiklərini bildirdikdə, buna məhəl qoymamış və qanunsuz əməllərini davam etdirərək, onu torpaq sahəsindən məhrum etmişdir və istifadəsini məhdudlaşdırmışdırlar. O, dəfələrlə cavabdehlərə ona məxsus ərazidən çıxmağı və qeyri-qanuni tikdikləri tikilini sökməyi tələb etmişdir. Lakin cavabdehlər müxtəlif bəhanələr gətirərək topaq sahəsindən çıxmamışlar. O, öz torpaq sahəsindən heç cür istifadə edə bilmir. Bu isə onun mülkiyyət hüquqlarının pozulması deməkdir. Həmçinin 2014-cü ildə məhkəməyə müraciət edən zaman ona məxsus torpaq sahəsinin zəbt olunmasım dəqiqləşdirmək üçün 2014-cü ildə fəaliyyətdə olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsi tərəfindən torpaq sahəsinə mütəxəsislər getmiş və həqiqətəndə ona məxsus torpaq sahəsinin kənar şəxlər tərəfindən zəbt olunduğu aşkar edilmişdir. Bundan əlavə o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2021-ci il tarixli, 10/7235 saylı rəyi ilə razı deyildir. Qeyd edilənlərə əsasən, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı X4 məhkəmə iclasında iddiaçının izahatına uyğun izahat verdi. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirdi ki, o, torpaq sahəsini Yavər adlı şəxsdən almışdır. Torpaq sahəsini o, qanuni əsaslarla almış və adına keçirtmişdir. O, torpaq sahəsində ev tikmək istəmiş, lakin iddiaçı onun iddiaçıya məxsus torpaq sahəsinə daxil olduğunu bildirmişdir. Həmin torpaq sahəsinə ekspert tərəfindən 3 dəfə baxış keçirilmişdir və deyilmişdir ki, torpaq sahəsi ona məxsusdur. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməməsini xahiş etdi. AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsinin mütəxəssisi X5 məhkəmə iclasında izahatında bildirdi ki, onlar vətəndaşlarla birlikdə mübahisə predmeti olan əraziyə getmiş və İddiaçı göstərdiyi yeri ölçmüşlər. Baxış keçirilən zaman müəyyən edilmişdir ki, iddiaçının ərazisi şərqə doğru 30 metr sürüşmüşdür. Sənədlər ilə faktiki istifadədə olan torpaq arasında uyğunsuzluq vardır. Həmçinin Cavabdeh1 torpaq sahəsində də sürüşmə aşkar edilmişdir və Cavabdeh1 torpaq sahəsi başqa şəxsin hasarındadır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Beləliklə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə, 15.05.2013-cü ildə İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə, 01.07.2019-cu ildə Cavabdeh1 adına qeydiyyata alınmışdır. İddiaçı ona məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsinin cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz olaraq zəbt edildiyini bildirmişdir. Məhkəmə mübahisə üzrə obyektiv həqiqətlərə nail olmaqdan ötrü tikinti-texniki ekspertizası keçirmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2021-ci il tarixli, 10/7235 saylı rəyindən göründüyü kimi İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Daşınmaz Əmlakını Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi idarəsi tərəfindən verilmiş, No-AA 051449 saylı, 30.04.2013-cü il tarixli, **********49 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları həmin torpaq sahəsinin naturada mövcud olan (yəni faktiki istifadəsində olan) koordinatları ilə uyğun gəlmir. Cavabdeh1 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş, ANo-374402 saylı, 01.07.2019-cu il tarixli, **********55 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları, həmin torpaq sahəsinin naturada mövcud olan(yəni faktiki istifadəsində olan) koordinatlari ilə uyğun gəlmir. Ərazidə ümumi DWG sürüşməsi olduğundan faktiki vəziyyəti təyin etmək qeyri-mümkündür və bu səbəbdən zəbt olunub-olmamasını təyin etmək tərəflərindən mümkün olmamışdır. Beləliklə məhkəmədə sübutlatın tədqiqatı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2021-ci il tarixli, 10/7235 saylı rəyində göstərilən xüsusatları təkzib edən mötəbər sübutlar müəyyən edilmədiyindən, məhkəmə İddiaçı və onun nümayəndəsi X2 izahatlarına tənqidi yanaşaraq iddianın təmin olunmasını mümkün hesab etmir. «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə iclasında isə iddiaçı tərəf öz tələbini təsdiq edə biləcək izahatdan başq hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində deyilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi- VÖEN **********; hesab AZ34CTRE********************. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vermiş olduğu Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışa əsasən onun mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsindən çıxarılmalarına və həmin torpaqda tikdikləri qeyri-qanuni tikililərin cavabdehlərin hesabına sökülərək həmin ərazidən uzaqlaşdırılmalarına dair iddiası rədd edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar