Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3307/2021 05.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının vəkili X2, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı X1 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair mülki işə 05 avqust 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ona vurduğu zərərlə əlaqədar dəymiş 14.100 (on dörd min bir yüz) manat məbləğində olan maddi zərərin və 30 manat dövlət rüsumu məbləğinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 04 may 2017-ci il tarixdə iddiaçı X5 ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanda yerləşən “AAAF-PARK” yaşayış massivindəki 29 saylı küçədə inşa edilən 8 saylı yaşayış binasında ümumi sahəsi 65,4 kv.metr olan 2 otaqdan ibarət 62.130 manat dəyərində olan 71 saylı mənzilin 120 ay müddətinə ödəmək şərti ilə M-1646 nömrəli mənzilin alqı-satqısı haqqında müqavilə imzalanmışdır. Sözügedən mənzilin 62.130 manatının 14.100 manat hissəsini ilkin ödəniş kimi cavabdehə iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı tərəfindən üzərinə götürdüyü öhdəliklər lazımınca yerinə yetirilsə də, cavabdeh yaşayış binasının (mənzilin) vaxtında təhvil verilməsi öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də, artıq iddiaçının həmin tikintiyə, dolayısı ilə müqavilə münasibətlərinin davam etdirilməsinə marağı itmişdir. Bu səbəbdən də iddiaçı tərəfindən Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanda yerləşən “AAAF-PARK” yaşayış massivindəki 29 saylı küçədə inşa edilən 8 saylı yaşayış binasında ümumi sahəsi 65,4 kv.metr olan 2 otaqdan ibarət 62.130 manat dəyərində olan 71 saylı mənzilin geri qaytarılması ilə bağlı cavabdehə müraciət edilmiş və aralarında imzalanmış 04 may 2017ci il tarixli M-1646 nömrəli mənzilin alqı-satqısı haqqında müqavilə və sair sənədlər 22.08.2017-ci il tarixdə cavabdehə qaytarılmışdır. Mənzil qaytarılarkən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri ən yaxın müddət ərzində iddiaçı tərəfindən ödənilmiş ilkin ödənişin qaytarılacağını bildirmişlər. Lakin bütün bunlara baxmayaraq 22.08.2017-ci il tarixdən bu günə kimi cavabdeh ödənilmiş 14.100 manat pulun qaytarılmasını təmin etməmişdir. Müqavilə bağlayarkən cavabdeh təşkilat vəd versə də, binanı və mənzili qısa müddət ərzində tamamlamağı öhdəsinə götürsə də, bunun heç birini yerinə yetirməmişdir. Əgər iddiaçı cavabdehin öz öhdəliklərinə bu cür yanaşacağını, yaşayış binasını bu surətlə tikiləcəyini bilsəydi, ümumiyyətlə belə bir müqavilə bağlamazdı. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən vurulmuş 14.100 manat maddi zərər, ödənilmiş 30 manat dövlət rüsumu məbləği alınıb iddiaçıya verilməlidir. Məhkəmə baxışı zamanı iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında bağlanmış 04 may 2017-ci il tarixli M-1646 saylı müqavilənin qüvvəsinə xitam verilməklə, cavabdehdən 14.100 manat ödənilmiş pulun və 30 manat dövlət rüsumu məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəqiqləşməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçıdan geri alınmış və iddiaçıya surəti belə geri qaytarılmamış, lakin mövcudluğu cavabdeh tərəfindən qəbul və etiraf edilən 04 may 2017-ci il tarixli M-1646 saylı müqavilə şərtləri cavabdeh tərəfindən kobudcasına pozulmuşdur. Bu haqda iddiaçı cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər edərək, müqavilə onun üçün heç bir əhəmiyyət kəsb etmədiyindən ləğv olunaraq, ödənilmiş pulun qaytarılmasını xahiş etmişdir. Lakin, cavabdeh buna da heç bir əhəmiyyət verməmiş, pulun qaytarılması üçün heç bir tədbir görməmişdir. Əvvəllər iddiaçı tərəfindən qaldırılmış iddia ilə bağlı qarşılıqlı razılığa gəlmək üçün vaxt istəsələr də, cavabdeh tərəf yenə də heç bir tədbir görməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X6 iddia tələbini müdafiə edib, iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddianı qəbul etməyərək izahatında bildirdi ki, həqiqətən də iddiaçı X5 tərəfindən qeyd edilən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə onun arasında bağlanmış 04 may 2017-ci il tarixli M-1646 saylı müqavilənin əsli onlara təqdim edilmişdir. Təmsil etdiyi cavabdeh təşkilat öhdəliyin icrasından yayınmır. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan X5 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Səlim Heydərova ünvanlanmış 22.08.2017-ci il tarixli ərizənin surətindən görünür ki, N.Niftəliyeva bildirmişdir ki, 04 may 2017-ci il tarixli, M-1646 nömrəli mənzilin alqı-satqısı haqqında müqaviləyə əsasən Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-PARK” yaşayış massivindəki 29 saylı küçədə inşa edilən (inşa edilmiş), 8 saylı yaşayış binasında ümumi sahəsi 65.4 kv.metr olan, 2 otaqdan ibarət 62130 (altmış iki min yüz otuz) manat dəyərində olan 71 saylı mənzili ilkin ödəniş 14100 (on dörd min yüz) manat olmaqla yerdə qalan məbləği 120 ay müddətinə ödəmək şərti ilə müqavilə imzalamışdır. Lakin hal-hazırda planlarının dəyişməsi ilə əlaqədar olaraq aldığı 71 saylı mənzili geri qaytararaq, ümumi ödədiyi 14900 (on dörd min doqquz yüz) manatdan alqı-satqı müqaviləsinin 3.4 bəndinə əsasən 2000 (iki min) manat cərimə tutaraq yerdə qalan 12900 (on iki min doqquz yüz) manatı alqı-satqı müqaviləsinin 10.7 bəndinə uyğun olaraq mənzil satıldıqdan sonra ona qaytarılmasını xahiş etmişdir. Yuxarıda adı çəkilən müqavilənin ləğv olunması üçün müvafiq sənədləşmənin aparılmasına və cərimənin silinməsinə dair sərəncam verilməsini xahiş etmişdir. Mülki işin materiallarından olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X3 ünvanlanmış 01 mart 2019-cu il tarixli müraciətə baxılması haqqında məktubun surətindən görünür ki, X1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı 31 yanvar 2019-cu il tarixli ərizəyə baxılmışdır. Müraciətin araşdırılması ilə bağlı bildirilmişdir ki, onun mənzilin geri qaytarılmasına dair 22 avqust 2017-ci il tarixli ərizəsi qeydə alınmış və bunun əsasında mənzil satışa çıxarılmışdır. Onunla "xxxx" MMC arasında bağlanmış 04 may 2017-ci il tarixli, M-1646 saylı müqaviləyə görə alıcı müqavilədən notarial təsdiqli ərizə ilə imtina etdiyi halda (mənzili geri qaytardığı halda), alıcı tərəfindən Cəmiyyətə ödənilmiş vəsait müqavilədə nəzərdə tutulmuş cərimə və digər ödənişlər çıxıldıqdan sonra, həmin mənzilə dair üçüncü şəxslərdən müqavilə üzrə ödəniş qəbulundan sonrakı 7 günü ərzində qaytarılmalıdır. Mənzilin satışı həyata keçirildikdən sonra ödəmiş olduğu pul 7 iş günü ərzində ona qaytarılacağı bildirilmişdir. Nəzərə alınması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitam haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Mülki Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Həmin Məcəllənin 424.5-ci maddəsinə görə əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, podrat müqaviləsinin digər əmlakın mülkiyyətə verilməsi ilə bağlı əvəzli müqavilələrdən fərqi ondadır ki, podrat müqaviləsinin predmetini yəni nəticənin əldə edilməsi üçün müəyyən işin görülməsi (məsələn hazırkı vəziyyətdə nəticə mənzil olmaqla, işin görülməsi isə həmin mənzilin tikilməsidir) podratçı tərəfindən yaradılır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçı X5 ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 04 may 2017-ci il tarixli, M-1646 saylı mənzilin alqı-satqısı haqqında müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti X3 Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-PARK” yaşayış massivindəki 29 saylı küçədə inşa edilən (inşa edilmiş), 8 saylı yaşayış binasında ümumi sahəsi 65.4 kv.metr olan, 2 otaqdan ibarət 62.130 (altmış iki min yüz otuz) manat dəyərində olan 71 saylı mənzili ilkin ödəniş 14.100 (on dörd min yüz) manat olmaqla yerdə qalan məbləği 120 ay müddətinə ödəmək şərti ilə satmağı, “Alıcı” isə həmin məbləği ödəməklə mənzili almağı öz öhdəsinə götürmüşdür. Tərəflərin qarşılıqlı razılaşmasına əsasən müəyyən olunmuş mənzilin dəyəri olan 62.130 manatdan ilkin ödəniş olaraq 14.100 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Bununla da iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Lakin tərəflər arasında imzalanmış müqavilənin şərtlərinə cavabdeh tərəfindən əməl edilməyərək qeyd olunan mənzil iddiaçıya təhvil verilməmişdir. Bu səbəbdən də iddiaçı tərəfindən 22 avqust 2017-ci il tarixdə ərizə ilə müqavilənin ləğv edilməsi və ödənilmiş pulun qaytarılması barədə cavabdeh təşkilata müraciət edilmiş, tərəflər arasında bağlanmış müqavilə və həmin müqaviləyə dair sənədlər iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Lakin cavabdeh təşkilat tərəfindən bu günə kimi mənzil üçün ödənilən vəsait iddiaçıya geri qaytarılmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəflər arasında bağlanmış müqavilə və həmin müqaviləyə dair sənədlərin iddiaçı tərəfindən geri qaytarıldığını, lakin ödənilən məbləğin bu günə kimi iddiaçıya geri qaytarılmaması faktını təsdiq edərək, öhdəliyin icrasından yayınmadıqlarını qeyd etmişdir. Göründüyü kimi, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, nə müqavilə ilə nəzərdə tutulan mənzili iddiaçıya təhvil verməmiş, nə də ki mənzil üçün ödənilən məbləği iddiaçıya qaytarmamış, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də, iddiaçının həmin müqaviləyə xitam verilməsini və müqavilə üzrə ödədiyi məbləğin geri qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı X5 ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 04 may 2017-ci il tarixli, M-1646 mənzilin alqı-satqısı haqqında müqavilə ləğv edilmli və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçı X1 xeyrinə onun tərəfindən ödənilmiş olan 14.100 (on dörd min yüz min) manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eləcə də, məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödədiyi 30 manat məbləğindəki dövlət rüsumu cavabdehdən tutularaq ona ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. X5 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 04 may 2017-ci il tarixli, M-1646 mənzilin alqı-satqısı haqqında müqavilə ləğv edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən X1 xeyrinə 14.100 manat (on dörd min bir yüz) və dövlət rüsumu üçün 30 manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3307/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3307/2021
05.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver