Məhkəmə qərarları › İş №2(012)-333/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-333/2022

20.12.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-333/2022 20.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil, Cavabdeh Əliyeva (Əhmədova) Dürnisə Firudin qızının nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Əliyeva (Əhmədova) Dürnisə Firudin qızına və Cavabdeh1 qarşı əmlakın açıq hərracdan satılması tələbinə dair iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Əliyeva (Əhmədova) Dürnisə Firudin qızına və Cavabdeh1 qarşı əmlakın açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Görədil kəndi, N.Dadaşov küçəsi, 12 saylı evin açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin paylara mütənasib olaraq mülkiyyətçilər arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 (Yeni qaydalarla: N.Dadaşov küçəsi, ev 20) ünvanında yerləşən fərdi yaşayış evi Abşeron ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışa əsasən, paylı mülkiyyət hüququ əsasında 36/40 hissəsi İddiaçı, 2/40 hissəsi X1, digər 2/40 hissəsi isə Cavabdeh1 mülkiyyətindədir. Cavabdehlərlə mülkiyyətdə olan fərdi yaşayış evindən istifadə ilə bağlı tez-tez mübahisələr olduğundan iddiaçının mülkiyyət hüququ ciddi şəkildə pozulmuş, bu səbəbdən də, paylı mülkiyyət hüququ əsasında məxsus fərdi yaşayış evinin paylara uyğun naturada bölünməsi tələbi ilə məhkəməyə müraciət edilməsi zəruriyyəti yaranmışdır. Məhkəmə tərəfindən mənzilin bölünməsinin mümkünlüyünün yoxlanılması üçün ekspertiza təyin olunmuş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/4079 saylı rəyinə əsasən, mübahisəli evin paylara uyğun naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından iddia tələbi təmin edilməmişdir. Bu səbəbdən də, hesab edir ki, mübahisəli ev qiymətləndirilməli və açıq hərracdan satılaraq pulu paylara mütənasib olaraq tərəflər arasında bölünməlidir. Mübahisə predmeti olan evin çox hissəsi iddiaçının mülkiyyətində olduğu üçün iddiaçı cavabdehlərə məhkəmədənkənar kompensasiya məbləği təklif etmiş, lakin bu təklifi heç bir nəticə verməmiş, tərəflər razılığa gələ bilmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qanunvericilikdən də göründüyü kimi, ünvan 2 ünvanında yerləşən evin 4/40 hissəsi üzərində cavabdehlərin hərəkətsizliyi nəticəsində iddiaçının sərəncam vermək hüququ məhdudlaşdırılmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, iddiaçı müstəqil şəkildə qiymətləndirmə mərkəzinə də müraciət etmiş, lakin qanunun tələbinə əsasən, ekspert rəyi məhkəməyə təqdim olunmuşdur. Mübahisə predmeti olan fərdi yaşayış evi ekspert rəyi ilə kifayət qədər yüksək qiymətləndirilmiş və bu səbəbdən də, hesab edir ki, ədalətli ekspert rəyi qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək nümayəndəsi və vəkili Vəkil izahatı ilə eyni məzmunlu izahat vermiş və mülki iş üzrə məhkəməyə daxil olmuş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3531-9/3985 saylı rəyi ilə razı olduğunu bildirmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, mülki iş üzrə məhkəməyə daxil olmuş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3531-9/3985 saylı rəyi ilə razı deyildir. Belə ki, hesab edir ki, mübahisə predmeti olan fərdi yaşayış evinin ümumi dəyəri 51500 manat təşkil etmir. Hesab edir ki, mənzilin qiymətinin dəyəri daha az məbləğ, yəni 5000 manat təşkil edir. Məhkəmə iclasında cavabdeh Əliyeva (Əhmədova) Dürnisə Firudin qızının nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, mülki iş üzrə məhkəməyə daxil olmuş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3531-9/3985 saylı rəyi ilə razı deyildir. Belə ki, hesab edir ki, ekspert rəyi ilə müəyyən edilmiş məbləğ yüksək hesablanmışdır. Mübahisə predmeti olan fərdi yaşayış evinin dəyəri 51500 manat təşkil etməli deyil. Həmçinin, qeyd edir ki, sözügedən fərdi yaşayış evi onların yeganə yaşayış yeri olmaqla uşaqları həmin evdə böyümüşdür. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilən xx.xx.2020-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Abşeron rayonu Göradil kəndi N.Dadaşov küçəsi 12 saylı evin 2/40 hissəsi X1, 2/40 hissəsi X2, 36/40 hissəsi isə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********70-10301 reyestr nömrəsi ilə qeydə alınmışdır. -Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-749/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Əliyeva (Əhmədova) Dürnisə Firudin qızına və Cavabdeh1 qarşı paylı mülkiyyətdə olan əmlakın paylara uyğun naturada bölünməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməmişdir. -İddiaçı Cavabdeh1 və Əliyeva (Əhmədova) Dürnisə Firudin qızına ünvanladığı pretenziyadan görünür ki, İddiaçı paylı mülkiyyətdə olan Abşeron rayonu Görədil kəndi N.Dadaşov küçəsi 12 saylı fərdi yaşayış evinin cavabdehlərə düşən pay hüququnun ödənilməklə satın alınması təklifini irəli sürmüş, əks təqdirdə, məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. -Əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair xx.xx.2022-ci il tarixli 01/51971 saylı arayışdan görünür ki, Abşeron rayonu Göradil kəndi N.Dadaşov küçəsi 12 saylı fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixinə olan bazar dəyəri 51000 manat müəyyən edilmiş, qiymətləndirmə zamanı daşınmaz əmlak bazarında analoji yaşayış evi sahələrinin bazar dəyəri üçün əsas olan parametrlər və bazar trendi nəzərə alınmaqla müvafiq qiymətləndirmə metodu tətbiq edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Əliyeva X3 rayonu Xırdalan şəhəri Cavabdeh1 prospekti ünvanında, Cavabdeh1 və Cavabdeh2 isə Abşeron rayonu Görədil kəndi N.Dadaşov küçəsi 12 saylı evdə qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3531-9/3985 saylı rəyindən görünür ki, tədqiq olunan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən və həmin sahədə inşa edilmiş yaşayış evinin tikililərinin ümumi sahəsinin 93.5 kv.m təşkil etdiyini nəzərə alaraq, Abşeron rayonu, Görədil kəndi N.Dadaşov küçəsi 12 saylı fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 51500 manat (93.5x551) müəyyən olunur. Beləliklə aparılmış tədqiqatla Abşeron rayonu, Görədil kəndi N.Dadaşov küçəsi 12 saylı fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 51500 manat müəyyən olunur. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, mübahisə predmeti olan Abşeron rayonu Görədil kəndi N.Dadaşov küçəsi 12 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə tərəflərə məxsus olmaqla daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilən xx.xx.2020-ci il tarixli çıxarış əsasında sözügedən fərdi yaşayış evinin 2/40 hissəsi X1, 2/40 hissəsi Cavabdeh1, 36/40 hissəsi isə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********70-10301 reyestr nömrəsi ilə qeydə alınmışdır. Paylı mülkiyyət hüququ əsasında tərəflərə məxsus olan fərdi yaşayış evindən istifadə ilə bağlı mübahisə olduğundan İddiaçı paylı mülkiyyət hüququ üzrə üstünlük hüququndan istifadə edərək mülki iş üzrə tərəflərə pretenziya məktubu göndərmiş, lakin cavabdehlər tərəfindən qanunla müəyyən edilmiş müddətdə cavab məktubu ilə cavablandırılmadığından iddiaçı paylı mülkiyyət hüququ üzrə məxsus olan fərdi yaşayış evinin açıq hərracda satılaraq paylarına mütənasib şəkildə bölünməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəlləsi adlandırılacaq): 213.1. maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 220.1. maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6. maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında göstərilir ki, nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Paylı mülkiyyət hüququ üzrə məxsus olan Abşeron rayonu Görədil kəndi N.Dadaşov küçəsi 12 saylı fərdi yaşayış evinin paylar üzrə naturada bölünməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, lakin Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-749/2021 saylı qətnaməsi ilə fərdi yaşayış evinin paylara uyğun naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından İddiaçı iddia ərizəsi təmin edilməmişdir. Plenum Qərarındakı hüquqi mövqeyə istinad edərək məhkəmə qeyd edir ki, əmlakın naturada bölünməsi mümkün olmadığından iddiaçının sonrakı mərhələ olaraq, ayrılan mülkiyyətçi kimi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən alınması hüququ yaranmış, lakin iddiaçı tərəfindən irəli sürülmüş pretenziya cavabdehlər tərəfindən cavablandırılmamışdır. Başqa sözlə, paylı mülkiyyətin mülkiyyətçiləri arasında qarşılıqlı razılıq əsasında əmlakın bölünməsi mümkün olmadığından iddiaçının əmlakın açıq hərracdan satılaraq onun payına uyğun pulun ödənilməsi tələbinə dair məhkəmə qaydasında müdafiə hüququ yaranmışdır. Məhkəmə mübahisəli fərdi yaşayış evinin bazar dəyərinə uyğun dəyərinin müəyyən edilməsi üçün mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş və məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3531- 9/3985 saylı rəyi ilə Abşeron rayonu, Görədil kəndi N.Dadaşov küçəsi 12 saylı fərdi yaşayış evinin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 51500 manat müəyyən olunmuşdur. Məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, digər sübutlarla paralel şəkildə qiymətləndirərək əsas sübut növü kimi qəbul edir və paylı mülkiyyət hüququ əsasında İddiaçı, cavabdehlər Əliyeva (Əhmədova) Dürnisə Firudin qızına və Cavabdeh1 məxsus olan fərdi yaşayış evinin bazar dəyərinin 51500 manat müəyyən edilməklə açıq hərracda satılması və paylarına uyğun şəkildə tərəflər arasında bölünməsi qənaətinə gəlir. Ona görə də iddia tələbləri əsaslı olduğundan təmin edilməli, Abşeron rayonu Görədil kəndi N.Dadaşov küçəsi 12 saylı fərdi yaşayş evi (Yeni qaydalarla: N.Dadaşov küçəsi ev 20) qiyməti 51500 manat olmaqla açıq hərracda satılmalı və İddiaçı, cavabdehlər Cavabdeh1 və Əliyeva (Əhmədova) Dürnisə Firudin qızının arasında paylarına mütənasib surətdə bölüşdürülməlidir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməli, aparılmış ekspertiza tədqiqatına görə isə 100 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən,hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən,qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən,məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə cıxarır. Şərh olunanları və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 77, 88, 149, 150 və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə,

QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Abşeron rayonu Görədil kəndi N.Dadaşov küçəsi 12 saylı fərdi yaşayış evin (Yeni qaydalarla: N.Dadaşov küçəsi ev 20) bazar dəyəri 51500 manat müəyyən edilməklə açıq hərracdan satılsın və satışdan əldə edilən pul vəsaiti İddiaçı 36/40 hissədə, Cavabdeh1 2/40 hissədə və Əliyeva (Əhmədova) Dürnisə Firudin qızının 2/40 hissədə paylarına mütənasib surətdə bölünsün. Aparılmış ekspertiza tədqiqatına görə 100 (yüz) manat pul vəsaiti cavabdehlər Cavabdeh1 və Əliyeva (Əhmədova) Dürnisə Firudin qızından müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar