Məhkəmə qərarları › İş №2(012)-3361/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3361/2022

06.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3361/2022 06.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi qohumluq faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi qohumluq faktının müəyyən edilməsi barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, mərhum atası X7 ilə əmisi Maraqlı şəxs qardaş olmaları faktının, onların qohumluq münasibətləri barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi əmisi Maraqlı şəxs mülkiyyətində olan daşınmaz əmlaklardan birini ona bağışlamaq istəmiş, bu niyyət ilə bağışlama müqaviləsi bağlamaq üçün notariat ofisinə müraciət etmiş və onlardan əmisinin həqiqətən də ərizəçinin əmisi olması, yəni atasının qardaşı olmasına dair sənəd təqdim olunmasının (doğum haqqında şəhadətnamələr) zəruri olduğu bildirilmişdir. Ərizəçi atası X7 21 iyun 2011-ci il tarixdə vəfat etmişdir. Atasının və əmisinin doğum haqqında şəhadətnamələrini axtarıb tapa bilməmiş və buna görə də dövlət arxivinə müraciət etmişdir. Müraciətə cavab olaraq, Gədəbəy rayon Dövlət Arxivindən verilən 12 aprel 2022-ci il tarixli arayışlara əsasən, həmin arxivdə mühafizə olunan Gədəbəy rayon Qeydiyyat şöbəsinin Böyük Qaramurad kənd soveti üzrə 1935-1942-ci illərə dair doğum aktının qeydiyyatı kitabında ərizəçinin atası X4 və əmisi Maraqlı şəxs adına akt qeydi aşkar olunmamışdır. Atası və əmisi Gədəbəy rayonu, Böyük Qaramurad kəndində doğulmuş və sonradan köçüb Xırdalan şəhərində yaşamışlar. Mərhum atası X4 ərizəçidən başqa övladı olmamış, əmisi Maraqlı şəxs mülkiyyətində olan əmlaklardan birini qardaşının yeganə övladı kimi Ərizəçi bağışlamaq niyyətindədir. Lakin qohumluq faktını təsdiq edən müvafiq sənədlər olmadığından bağışlamanı həyata keçirmək mümkün olmamışdır. Hazırda, ərizəçinin əmisi Maraqlı şəxs həqiqətən də ərizəçinin atası X4 qardaşı və onun əmisi olmasını təsdiq edən sənədləri, yəni, onların doğum haqqında şəhadətnamələrini heç bir şəkildə əldə edə bilmədiyindən qohumluq faktının məhkəmə qaydasında müəyyən olunmasına zərurət yaranmışdır. Sözügedən qohumluq faktının müəyyən olunması əmisi ilə Ərizəçi arasında notariat qaydasında daşınmaz əmlakın bağışlanması müqaviləsinin bağlanması üçün vacib şərtdir. Mərhum atası X7 ilə əmisi Maraqlı şəxs doğma qardaş olmaları faktını şahidlər, qohum-əqrəba, eləcə də, Ərizəçi və ailə üzvlərini tanıyan hər kəs bu qohumluq faktını təsdiq edə bilər. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, müxtəlif aidiyyəti qurumlara müraciət etmiş, atasının vəfatından sonra o, əmisindən doğum haqqında şəhadətnamənin verilməsini xahiş etmiş və əmisi ona 1937-1938-ci illərdə müharibə dövründə sözügedən sənədin verilmədiyini bildirmişdir. Lakin o, bununla kifayətlənməyərək aidiyyəti qurumlara müraciət edərək araşdırma aparmış və araşdırmaları nəticəsiz qalmışdır. Son olaraq, notariat qurumuna müraciət etmiş və ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Atasının şəxsiyyət vəsiqəsi olmuşdur və həmin vəsiqə o vaxt Sovet dönəmində danışıq əldə edilməklə alınması mümkün olmuşdur. Halbuki, atasının və əmisinin doğum haqqında şəhadətnaməsi olmamışdır. Atasının və əmisinin onun qohumu olmasını təsdiq edən şahid ifadələri təqdim edə bilər, lakin hansı şəxsləri şahid qismində məhkəməyə dəvət etməsini dəqiq bilmir. Lakin bununla belə, atasının və əmisinin həqiqətən də qardaş olmasını sübuta yetirmək onun üçün də çox çətindir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin faktiki hallarını araşdırıb işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən, təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 4.1. maddəsinə əsasən, bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.1. maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli AZ-İ № 490818 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2011-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 235 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Gədəbəy Rayon İcra Hakimiyyəti Gədəbəy Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 76 saylı arxiv arayışından görünür ki, Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan Gədəbəy rayon Qeydiyyat şöbəsinin Böyük Qaramurad kənd soveti üzrə 1935-1938-ci illərə dair doğum aktının qeydiyyatı kitabında Ərizəçi mərhum atası X4 adına akt qeydi aşkar olunmamışdır. Arayışın verilməsi üçün əsas Fond № 149, siyahı № 01, saxlama vahidi № 25 olmuşdur. -Gədəbəy Rayon İcra Hakimiyyəti Gədəbəy Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 77 saylı arxiv arayışından görünür ki, Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan Gədəbəy rayon Qeydiyyat şöbəsinin Böyük Qaramurad kənd soveti üzrə 1935-1938-ci və 1939-1942-ci illərə dair doğum aktının qeydiyyatı kitabında Maraqlı şəxs adına akt qeydi aşkar olunmamışdır. Arayışın verilməsi üçün əsas Fond № 149, siyahı № 01, saxlama vahidi № 25, saxlama vahidi № 69 olmuşdur. -Bakı şəhəri 43 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 1120 saylı məktubundan görünür ki, Ərizəçi əmisi Maraqlı şəxs ilə qohumluq əlaqəsini təsdiq edən sənədin olmamasını nəzərə alaraq, bağışlama müqaviləsinin rəsmiləşdirilməsi ilə əlaqədar imtina edilmişdir. -Abşeron rayon Məhkəməsinin sorğusuna əsasən, məhkəməyə təqdim olunmuş Dövlət Notariat Arxivinin xx.xx.2022-ci il tarixli xx/xx-4294/11 saylı məktubundan görünür ki, 1935-1938-ci il və 1939-1942-ci illəri əhatə edən Maraqlı şəxs doğum akt qeydi barədə Dövlət notariat arxivinə daxil olmuş müraciətə baxılmışdır. Maraqlı şəxs doğum akt qeydi ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X2 Reyestri Xidmətinə müraciət edilməsi məqsədəmüvafiq sayılmışdır. -Abşeron rayon Məhkəməsinin sorğusuna əsasən, məhkəməyə təqdim olunmuş X2 Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli 05/2-8078/13 saylı məktubundan görünür ki, X4 doğumu barədə məlumatın istənilməsinə dair müraciətə baxılmışdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Ə.Əliyevin doğumu haqqında hər hansı məlumat aşkar olunmamışdır. Həmçinin, X2 qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin və X2 reyestri xidmətinin arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə təhvil verilir. Hazırda, vətəndaşlıq vəziyyətinə dair akt qeydləri Xidmətin arxivində 1947-ci ildən saxlanıldığından və Ə.Əliyevin doğumu qeyd edilən ildən əvvəlki dövrə təsadüf etdiyindən məsələ ilə bağlı Milli Arxiv İdarəsinə müraciət edilməsi tövsiyyə olunmuşdur. -Abşeron rayon Məhkəməsinin sorğusuna əsasən, məhkəməyə təqdim olunmuş X2 Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli 05/2-8398/13 saylı məktubundan görünür ki, Gədəbəy rayonunda doğulmuş X4 (1934-1938-ci illərə dair) doğumu barədə məlumatın istənilməsinə dair müraciətə baxılmışdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən Ə.Əliyevin doğumu haqqında məlumat aşkar edilməmişdir. Vətəndaşlıq vəziyyətinə dair akt qeydləri Xidmətin arxivində 1947-ci ildən saxlanılır. Belə ki, X2 qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinin və X2 reyestri xidmətinin arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə təhvil verilir. Göstərilənləri nəzərə alaraq, Ə.Əhmədovun doğumu haqqında sənədin əldə edilməsi üçün Milli Arxiv İdarəsinin Dövlət Arxivinə müraciət edilməsi tövsiyyə olunmuşdur. -Abşeron rayon Məhkəməsinin sorğusuna əsasən, məhkəməyə təqdim olunmuş Milli Arxiv İdarəsinin Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli DA-02039-2022 saylı məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərdə 1935-1938-ci illərə dair Gədəbəy rayonu üzrə qismən qəbul olunmuş doğum haqqında qeydiyyat kitablarında X4 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. Eyni zamanda, 1934-cü ilə dair Gədəbəy rayonu üzrə doğum haqqında qeydiyyat kitabları arxivə dövlət mühafizəsinə verilməmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi və xx.xx.1937-ci il təvəllüdlü X3 rayonu Xırdalan şəhəri Ş.Əfəndizadə küçəsi 15A saylı evdə qeydiyyatdadır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Əliyev X5 rayonu Xırdalan şəhəri Ş.Əfəndizadə küçəsi 15A saylı evdə, Maraqlı şəxs isə Abşeron rayonu Xırdalan şəhəri Ş.Əfəndizadə küçəsi 60A saylı evdə qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar və ərizəçinin izahatı əsasında müəyyən olunmuşdur ki, ərizəçi xx.xx.1937-ci il tarixdə anadan olmuş və xx.xx.2011-ci il tarixdə vəfat etmiş X4 onun atası, xx.xx.1938-ci il təvəllüdlü Maraqlı şəxs isə onun əmisi olduğunu iddia etməklə, həmin şəxslərin qardaş olmasına dair qohumluq faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, ərizəçinin əmisi Maraqlı şəxs ona məxsus olan daşınmaz əmlakı qohumu olan ərizəçiyə, yəni, qardaşı oğlu Ərizəçi bağışlamaq istəmiş, lakin aidiyyəti qurumda Ərizəçi Maraqlı şəxs ilə qohum olmasını təsdiq edən müvafiq doğum haqqında şəhadətnamələr təqdim edilmədiyindən müraciətin icrasından imtina edilmişdir. Bu səbəbdən də ərizəçi onun atası ilə əmisinin qardaş olması faktını təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmədiyindən, həmin sənədlər olduğu halda isə itirilmiş sənədi bərpa etdirmək mümkün olmadığından qohumluq faktının məhkəmə qaydasında müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə Ərizəçi qohumluq faktının müəyyən edilməsinə dair ərizəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 2-ci bəndinə əsasən, 2. Məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. 2.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. 2.3. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, ərizəçinin izahatı və Plenum Qərarının hüquqi mövqeyinə istinad edərək qeyd edir ki, qohumluq faktının müəyyən edilməsi hazırki mülki iş üzrə Ərizəçi ona əmisi Maraqlı şəxs tərəfindən daşınmaz əmlakın bağışlanmasının həyata keçirilməsi üçün zəruridir. Bu səbəbdən də, məhkəmə mülki iş materiallarına əlavə olunmuş sənədlərlə kifayətlənməyərək, X7 ilə Maraqlı şəxs qardaş olmasının müəyyən edilməsi və həmin şəxslərin doğum akt qeydi barədə məlumatın təqdim edilməsi üçün aidiyyəti qurumlara sorğu ilə müraciət etmiş və məhkəmənin sorğusu əsasında məhkəməyə təqdim olunmuş Dövlət Notariat Arxivinin xx.xx.2022-ci il tarixli xx/xx-4294/11 saylı, X2 Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli 05/2-8078/13 saylı, xx.xx.2022-ci il tarixli 05/2-8398/13 saylı, Milli Arxiv İdarəsinin Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli DA-02039-2022 saylı məktubları əsasında 1935- 1938-ci illərə dair doğum haqqında akt qeydləri kitablarında X7 haqqında heç bir məlumatın aşkarlanmadığı müəyyən olunmuşdur. Məhkəmə həmçinin, qeyd edir ki, Mülki Prosessual Məcəllənin: 76.1. maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarı”ndakı hüquqi mövqeyə görə, hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Beləliklə də, qanunun tələblərinə istinad edərək, məhkəmə qeyd edir ki, Ərizəçi X4 onun atası, Maraqlı şəxs isə onun əmisi olduğunu qeyd etsə də, sözügedən şəxslərin həqiqətən də onun atası və əmisi olduğunu sübuta yetirə bilməmiş, nəticə etibarı ilə həmin şəxslərin qardaş olması faktı məhkəmə qaydasında müəyyən edilə bilməmişdir. Belə ki, ilkin olaraq, sübutetmə vəzifəsi daşıyan ərizəçi ərizəsində göstərdiyi halları sübuta yetirməli olduğu halda, ərizəsinin əsasını təşkil edən halları təsdiq edəcək mötəbər sübutlarını, (şahid ifadələri, sənədlər və s.) məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə bununla yanaşı, qeyd edir ki, ərizəçinin şifahi vəsatəti əsasında məhkəmə aidiyyəti qurumlara sorğu ilə müraciət etmişdir ki, məhkəməyə təqdim olunmuş sorğuya cavab məktubları əsasında, ərizəçinin atası və əmisi olduğunu qeyd etdiyi X4 1935-1938-ci illərə aid doğum akt qeydi barədə məlumatın qeydə alınmadığı müəyyən olunmuşdur. Bu səbəbdən də, məhkəmə qohum olmaları faktının müəyyən edilməsi xahiş olunan şəxslərin qardaş olmasının təsdiq edəcək mötəbər sübutlar məhkəməyə təqdim olunmadığından ərizənin təmin edilməməsi qənaətinə gəlir. Beləliklə, məhkəmə ərizəçinin təqdim etdiyi sənədləri tədqiq edib, qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutub hesab edir ki, Ərizəçi qohumluq faktının müəyyən edilməsi barədə ərizəsi sübuta yetirilmədiyindən əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, ərizə təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun məbləği ərizəçinin özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

Ərizəçi qohumluq faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar