Məhkəmə qərarları › İş №2(012)-3365/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3365/2024

17.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3365/2024 17.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə Abşeron Rayon Məhkəməsinin inzibati binasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdeh 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmlaklar üzərində vərəsəlik hüququnun tanınması və ona qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi tərtib edilərkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilməmişdir. Ərizə mirasın qəbul edilməsi faktı ilə bağlıdır. Qeyd edilən işlərə isə xüsusi icraat qaydasında baxılır. Ərizədə tərəflər ərizəçi və maraqlı şəxs qismində göstərilməli olduğu halda, tərəflər iddiaçı və cavabdeh kimi göstərilmiş, ərizə xüsusi icraat qaydasında ərizə formasında verilməli olduğu halda, ərizə iddia icraatı qaydasında iddia ərizəsi formasında tərtib edilmişdir. Həmçinin iddia ərizəsində tələb konkret və aydın göstərilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir; 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir; 307.2 və 307.2.9-cu maddələrinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılması yerinin müəyyən edilməsi barədə işlərə baxır; 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin forma və məzmununa riayət edilmədiyindən İddiaçı cavabdeh 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya İzah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar