Məhkəmə qərarları › İş №2(012)-3386/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3386/2021

29.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3386/2021 29.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X3 və Cavabdeh2 Mənal oğluna qarşı mənzildən istifadə hüquqlarının itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X3 və Cavabdeh2 Mənal oğluna qarşı mənzildən istifadə hüquqlarının itirilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər X2 və Cavabdeh2 Mənal oğlunun Abşeron rayonu Xırdalan şəhəri Q.Musabəyov küçəsi 5 saylı evin 19 saylı mənzilindən istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, X1 ilə bağladığı 12.03.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu Xırdalan şəhəri Q.Musabəyov küçəsi 5 saylı evin 19 saylı mənzilini almış və həmin mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 30.03.2020-ci il tarixli çıxarışa əsasən həmin mənzil hazırda onun mülkiyyətindədir. Cavabdehlər Cavabdeh2 Mənal oğlu və X4 ilə heç bir qohumluq əlaqələri yoxdur. Uzun müddətdir ki, həmin evdə o, ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh X4 12.03.2020-ci il tarixdə bağladığı müqavilənin 13-cü bəndinə əsasən X4 11.04.2020-ci il tarixdə həmin mənzildən qeydiyyatdan çıxmağı öz üzərinə öhdəlik kimi götürmüş, lakin üzərinə düşən öhdəliyi yerinə yetirməyərək, hələ də ona məxsus mənzildə qeydiyyatdadır. O, bir mülkiyyətçi kimi cavabdehlərin təqsiri səbəbindən mənzilindən sərbəst surətdə istifadə edə bilmir və hazırda müəyyən problemlərlə üzləşdiyi üçün cavabdehlərin istifadə hüquqlarının itirilməsi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. O, bu günə kimi ona məxsus mənzildə yad şəxslərin qeydiyyatda olduğunu bilməmiş, bu günə kimi boşu-boşuna cavabdehlərin əvəzinə də kommunal xidmət haqqı ödəmişdir. Müəyyən sənədləşmə işləri aparan zaman məlum olmuşdur ki, cavabdehlər ona məxsus mənzildə qeydiyyatdadırlar. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlər X3 və Cavabdeh2 Mənal oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının (bundan sonra Konstitusiya adlanacaq) 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: -X1 ilə alıcı İddiaçı arasında bağlanmış 12.03.2020-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə (əvvəlki ünvan) küçəsi 5 saylı evin 19 saylı mənzilini alıcıya 49000 manata satmışdır. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 13-cü bəndindən görünür ki, satıcı 11.04.2020-c il tarixədək mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30.03.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri Q.Musabəyov küçəsi 5 saylı evin 19 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 23.04.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı, X4 və Ələkbərov X7 rayonu Xırdalan şəhəri Q.Musabəyov küçəsi 5 saylı evin 19 saylı mənzilində qeydiyyatdadır. -Abşeron rayon İcra Hakimiyyəti 3 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş 14.07.2021-ci il tarixli 22 saylı arayışdan görünür ki, köhnə sakinlər X4 31.10.2011-ci il tarixdə və Cavabdeh2 Mənal oğlu 27.10.2011-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri Q.Musabəyov küçəsi 5 saylı evin 19 saylı mənzilinə qeydiyyata alınmışdır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına əsasən müəyyən edilmişdir ki, İddiaçı Abşeron rayonu Xırdalan şəhəri Q.Musabəyov küçəsi 5 saylı evin 19 saylı mənzilini alqı-satqı müqaviləsinə əsasən qanunauyğun qaydada əldə etmiş, müqavilənin nəticəsi olaraq daşınmaz əmlakın dövlət reyestrində evin əvvəlki mülkiyyətçisi olan X2 mülkiyyət hüququna xitam verilərək onun bu hüququ iddiaçıya keçmiş, lakin buna baxmayaraq qeyd olunan evdə keçmiş sakinlər X2 və Cavabdeh2 Mənal oğlunun istifadə hüququnun qalması iddiaçının mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneə törədərək onun bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Mülki Məcəllənin: 178.1. maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 157.4. maddəsinə əsasən əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir». Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Beləliklə, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları məcmu şəkildə qiymətləndirərək hesab edir ki, evin keçmiş sakinləri olan cavabdehlərin hazırda həmin evdən istifadə etməmələrinə baxmayaraq formal olaraq evdə istifadə hüquqlarının qalmaları, mülkiyyətçi dəyişdikdən sonra həmin evi tərk edərək başqa yaşayış yerinə köçmələri məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından və bu hal mülkiyyətçinin mülkiyyət hüququndan sərbəst qaydada istifadə etməsini mədudlaşdırdığından məhkəmə iddia ərizəsinin təmin edilərək cavabdehlərin iddiaçıya məxsus evə olan istifadə hüquqlarına xitam verilməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdehlər X2 və Cavabdeh2 Mənal oğlunun Abşeron rayonu Xırdalan şəhəri Q.Musabəyov küçəsi 5 saylı evin 19 saylı mənzilinə istifadə hüquqlarına xitam verilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar