Məhkəmə qərarları › İş №2(012)-343/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-343/2022

20.05.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-343/2022 20.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, iddiaçıların vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Komitəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 cəlb edilməklə) qarşı müqavilələrin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı müqavilələrin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında 2011-ci ildə bağlanmış icarə müqaviləsinin, həmin icarə müqaviləsi əsasında icarəyə verilmiş əmlakın xx.xx.2011-ci il tarixli, 3872 nömrəli alqı-satqı müqaviləsinin, onun əsasında özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin 2976 nömrəli alqı-satqı müqaviləsinin, eyni zamanda Cavabdeh2 adına verilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH ******* nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışın etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar 1992-ci ildən məlum Qarabağ hadisələri zamanı mənfur ermənilər Füzuli rayonunu işğal etdikdən sonra ailə üzvləri ilə birlikdə məcburi köçkun düşərək 1998-ci ildən Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsində yerləşən Hövsan hərbi sovxozunun rəhbərliyinin icazəsi əsasında (İddiaçı2 həmin sovxozda işləyirdi) binasında məskunlaşmışlar və hazırda da orada yaşayırlar. Həmin vaxtdan da sovxoz rəhbərliyinin icazəsi əsasında onlar həmin binanı (qeyri-yaşayış sahəsini) külli miqdarda vəsait qoyaraq əsaslı təmir etmiş (hətta bünövrə tökdürərək), yaşayış təyinatlı edərək orada yaşamağa başlamışlar. 23 ilə yaxın müddətdə heç vaxt və heç kim onları bu barədə narahat etməmişdir. Bu müddət ərzində həmin evin torpaq sahəsində 20 ədəd ağac da əkib becərmişlər. Lakin bu ilin əvvəllərində hazırki iş üzrə üçüncü şəxs X2 Rayon Məhkəməsində iddia qaldıraraq həmin evi qeyri-yaşayış binası kimi göstərmiş, onların qeyri-qanuni sahibliyindən geri alınması və ailə üzvlərinin onlarla birlikdə həmin sahədən çıxarılmalarını tələb etmişdir. Halbuki həmin qeyri-yaşayış sahəsi artıq mövcud deyildir. Həmin mülki işə məhkəmədə baxılarkən onlara məlum olmuşdur ki, məskunlaşdıqları Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsində yerləşən həmin qeyri-yaşayış sahəsi ƏMDK tərəfindən 2011-ci ildə (iddiaçılar ailə üzvləri ilə birlikdə yaşadıqları halda) Cavabdeh2 guya icarəyə verilmiş və qısa müddətdən sonra Komitə tərəfindən xx.xx.2011-ci il tarixdə satılmışdır. Bundan sonra Cavabdeh2 da həmin əmlakı X1. 1998-ci ildə onlar sovxoz rəhbərliyi tərəfindən həmin ünvanda yerləşdirilmişlər. Bu zaman əmlak tamamilə boş və yaşamağa tamamilə yararsız idi. Onlar həmin evi öz vəsaitləri hesabına tam təmir edərək, yaşayış üçün yararlı vəziyyətə salaraq, tam təmir edərək həmin evdə məskunlaşmışlar. Həmin zaman onlara deyilmişdir ki, “narahat olmayın bura boşdur, əmlak barədə sənədləşdirmə aparılmayacaq. Sənədləşmə aparılsa da, birinci sizə təklif ediləcək, almasanız, onda sizin razılığınızla başqa şəxslərə satıla bilər”. İş materiallarından aydın görünür ki, Cavabdeh2 ilə ƏMDK arasında 2011-ci ildə bağlanmış icarə müqaviləsi, həmin icarə müqaviləsi əsasında xx.xx.2011-ci il tarixli 3872 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi və onun əsasında özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin 2976 nömrəli alqı-satqı müqaviləsi, eyni zamanda Cavabdeh2 adına ƏMDK yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli, qeydiyyat tarixi xx.xx.2011-ci il olan çıxarış qanunsuz yolla əldə edilmişdir. Buna görə də iddia təmin edilməli, həmin sənədlər etibarsız hesab olunmalıdır. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2, həmçinin onların vəkili Vəkil iddia ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmədi və onun rədd edilməsini xahiş etdi. O bildirdi ki, mübahisəli əmlakla bağlı bütün əməliyyatlar qanuna uyğun şəkildə aparılmışdır və onların etibarsızlığı üçün heç bir əsas yoxdur. Digər cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş, gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 2183 saylı, 18 fevral 2011-ci il tarixli icarə müqaviləsindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən xidmət təyinatlı, 1 mərtəbəli, 83,8 kv.metrlik qeyri-yaşayış sahəsi 6 ay müddətinə ƏMDK tərəfindən Cavabdeh2 icarəyə verilmişdir. İcarə haqqı 603,36 manat müəyyən edilmişdir. Hüquq subyekti kimi Cavabdeh2, balans saxlayıcısı və ya mülkiyyətçi kimi İstesalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi göstərilmişdir. X9 arayış vermişdir ki, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin rəhbərliyi, balansında olan, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 15290,9 kv.m. torpaq sahəsində yerləşən 83,8 kv.m. sahəyə malik, 14450,7 kv.m. torpaq sahəsində yerləşən 20,2 kv.m. sahəyə malik və 13831,9 kv.m. torpaq sahəsində yerləşən 52 kv.m. sahəyə malik qeyri-yaşayış binalarının səmərəli istifadə olunmasına, icarəyə verilməsinə və özəlləşdirilməsinə etiraz etmir. - İcarəyə verilmiş əmlakın 3872 saylı xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən xidmət təyinatlı, 1 mərtəbəli, 83,8 kv.metrlik qeyri-yaşayış sahəsi 6285 manat müqabilində ƏMDK tərəfindən Cavabdeh2 satılmışdır. Müqavilənin 1.3-cü bəndinə əsasən əmlakın satış qiymətinin 100%-i ödənildikdən sonra onun üzərində alıcının mülkiyyət hüququ yaranır. - MA ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində 0,0118 ha torpaq sahəsində yerləşən anbar təyinatlı, 1 mərtəbəli, 83,8 kv.metrlik qeyri-yaşayış sahəsi xx.xx.2011-ci il tarixdən Cavabdeh2 mülkiyyətindədir. - Abşeron Rayon Məhkəməsinin 2(012)-696/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ilk iddia təmin edilmiş, X3 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsində yerləşən 83.8 kv.m sahəsi olan qeyriyaşayış binasının İddiaçı1 qeyri-qanuni sahibliyindən geri alınması, İddiaçı1 və ailə üzvlərinin həmin qeyri-yaşayış sahəsindən çıxarılmaları qət edilmiş, qarşılıqlı iddia təmin edilməmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2421/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qətnaməsi qismən - ilkin iddia tələbinin ailə üzvlərinin çıxarılması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək ilk iddia tələbi ailə üzvlərinin çıxarılması hissəsində rədd edilmiş, ilk və qarşılıqlı iddia tələbləri qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. - AA 375950 saylı, xx.xx.2016-cı il tarixli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Rzalı X7 rayonundan məcburi köçkün kimi Sumqayıt şəhərində müvəqqəti məskunlaşmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli daşınmaz əmlak dövlət mülkiyyətində olmaqla İstesalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olmuşdur. Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 2183 saylı, 18 fevral 2011-ci il tarixli icarə müqaviləsinə əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən xidmət təyinatlı, 1 mərtəbəli, 83,8 kv.metrlik qeyri-yaşayış sahəsi 6 ay müddətinə ƏMDK tərəfindən Cavabdeh2 icarəyə verilmiş, bu zaman icarə haqqı 603,36 manat müəyyən edilmişdir. Balans saxlayıcı olaraq İstesalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi Komitəyə arayış vermişdir ki, Mərkəzin rəhbərliyi, balansında olan, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 15290,9 kv.metr torpaq sahəsində yerləşən 83,8 kv.metr sahəyə malik, 14450,7 kv.metr torpaq sahəsində yerləşən 20,2 kv.metr sahəyə malik və 13831,9 kv.metr torpaq sahəsində yerləşən 52 kv.metr sahəyə malik qeyri-yaşayış binalarının səmərəli istifadə olunmasına, icarəyə verilməsinə və özəlləşdirilməsinə etiraz etmir. Bundan sonra icarəyə verilmiş əmlakın 3872 saylı xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mübahisəli qeyri-yaşayış sahəsi 6285 manat müqabilində ƏMDK tərəfindən Cavabdeh2 satılmışdır. Müqavilənin 1.3-cü bəndinə əsasən əmlakın satış qiymətinin 100%-i ödənildikdən sonra onun üzərində alıcının mülkiyyət hüququ yaranır. Daha sonra isə MA ******* saylı reyestrdən çıxarışla əmlakın mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdən Cavabdeh2 adına qeydə alnmışdır. Hazırda iddiaçılar müvafiq tələblə məhkəməyə müraciət etmişlər. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 325.1-ci maddəsinə əsasən başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. Qeyd edilən maddələrin birbaşa tələbindən görünür ki, əqdin etibarlılığı tərəf və ya tərəflərin iradə ifadəsindən asılıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsi ilə müəyyən edilir ki, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə prosesi gedişində iddiaçılar mübahisələndirilən müqavilələrin, habelə onlar əsasında verilmiş hüquqmüəyyənedici sənədin etibarsızlığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişlər. Buna görə iddia tələbi haqlı sayıla bilməz. Onların əsas dəlili bundan ibarətdir ki, mübahisəli əmlak icarəyə verilərkən və özgəninkiləşdirilərkən yüklü olmuşdur. Belə ki, iddiaçılar 1998-ci ildən məcburi köçkün kimi orada məskunlaşmışlar, buna görə də həmin əmlakın özgəninkiləşdirilməsi zamanı üstünlük hüququna malikdirlər. Əvvəla, məhkəmə qeyd edir ki, mübahisəli əmlak qeyri-yaşayış təyinatlıdır və qüvvədə olan qanunvericiliyə görə iddiaçıların orada yaşamaları belə, həmin əmlakın təyinatının dəyişdirilməsi üçün əsas hesab edilmir. Digər tərəfdən, iş materialları ilə təsdiq edilir ki, İddiaçı1 məcburi köçkün kimi Sumqayıt şəhərində müvəqqəti məskunlaşmışdır. Bu hallara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçıların mübahisəli əmlakda heç bir əsas olmadan yaşamaları və hazırda bu əsasla mübahisəli əmlaka dair qanuni əməliyyatların etibarsızlığını iddia etmələri hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir, bu isə qanunla qadağandır. Belə ki, Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır. “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 629 saylı Sərəncamına əsasən Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyəvermə səlahiyyəti (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hal, habelə sənaye, yaxud texnologiya parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri, binalar və qeyri-yaşayış sahələri istisna olmaqla), dövlət əmlakının sərəncamçısına – Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmişdir. Bu Fərman imzalandığı günə qədər daşınmaz dövlət əmlakının icarəyə verilməsinə dair bağlanmış icarə müqavilələrində icarəyəverənlərin hüquqi varisi Əmlak Məsələləri Dövlət Komitəsi hesab olunmuş, səhmlərinin tamamilə və ya nəzarət zərfinin dövlət mülkiyyətində saxlanılması barədə qərar qəbul olunmuş səhmdar cəmiyyətlərinə məxsus daşınar əmlakın və Dövlət mülkiyyətində olan digər əmlakın icarəyə və istifadəyə verilməsi yalnız Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı ilə həyata keçirilmiş, müəyyən edilmişdir ki, dövlət büdcəsindən maliyyələşdirilən müəssisə və təşkilatlarda daşınmaz əmlakın icarəyə verilməsindən alınan haqqın 100 faizi, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hal istisna olmaqla, kommersiya prinsipləri əsasında fəaliyyət göstərən müəssisə və təşkilatlarda isə 50 faizi dövlət büdcəsinə köçürülür, qalan hissəsi onların sərəncamında qalır. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hal istisna olmaqla, səhmlərinin tamamilə və ya nəzarət zərfinin dövlət mülkiyyətində saxlanılması barədə qərar qəbul olunmuş səhmdar cəmiyyətlərinə məxsus daşınmaz əmlakın icarəyə verilməsi ƏMDK tərəfindən həyata keçirilir və həmin əmlakın icarəyə verilməsindən alınan icarə haqqının nizamnamə kapitalındakı dövlətin payına mütənasib hissəsi dövlət büdcəsinə köçürülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə iddiaçıların mübahisəli müqavilələrin və çıxarışın etibarsız hesab edilməsi tələbinin dəlillərini mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirir və hesab edir ki, onlar iddia tələbinin qanuni və əsaslı hesab edilməsinə səbəb deyildir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələblərini əsassız sayır və onun təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Komitəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 cəlb edilməklə) qarşı icarə, alqısatqı müqavilələrinin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar